Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

 

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumata görə, anım mərasimi Şəki şəhər İcra Hakimiyyəti Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub. Mərasimdə B.Vahabzadənin yaxınları, Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov, xalq şairi Zəlimxan Yaqub, baş nazirin müavini Abid Şərifov, Milli Məclisin üzvü Əli Məsimli, Şəki ziyalıları iştirak ediblər. B.Vahabzadənin həyat yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verilib. Şairinin şeirləri oxunub, sözlərinə bəstələnən mahnılar səslənib. Daha sonra qonaqlar xalq şairi B.Vahabzadənin adını əbədiləşdirmək məqsədi ilə Şəki şəhərində salınmış parkın parkın ərazisində qoyulmuş büstün açılış mərasimində iştirak ediblər.

 

 

525 ci qəzet.- 2010.- 11 fevral.- S.7.