Milli Kitab Mükafatının “Qısa
siyahı”sı açıqlandı
Ötən gün “Əli və Nino” kafesində Milli Kitab Mükafatının
(MKM) “Qısa siyahı”sı
açıqlanıb. Tədbirdə çıxış edən
mükafatın təsisçisi,
“Əli və Nino” Kitab Evinin rəhbəri
Nigar Köçərli
Ekspertlər Şurasının
rəyini açıqlayıb
və onluğa düşən nasirlərin
adlarını elan edib. “Qısa siyahı”da adları yanvarın 26-da ictimaiyyətə
açıqlanan 20 müəllifdən
10-u – Əlabbas Bağırov
“Qiyamçı”, Nəriman
Əbdülrəhmanlı “Yalqız”, Eyvaz Əlləzoğlu “Odunçu
geri qayıdır”, Elxan Qaraqan “A” romanı, Samid Əliyev “Sem şaqov v napravlenii zakata” povesti, Şərif Ağayar “Kərpickəsən kişinin
dastanı” hekayəsi,
Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlu isə hekayələr toplusu ilə yer alıb.
Onluğa daxil olan əsərlər kitab şəklində nəşr
edilərək kitabxanalara
pulsuz paylanacaq. Təsisçi çıxışında
bildirib ki, onluqda yer alan
əsərlər qiymətləndirilmək
üçün Çingiz
Abdullayev, Rüstəm
İbrahimbəyov, Vaqif
Səmədoğlu, Elçin
Şıxlı, Rəşad
Məcid, Afaq Məsud, Nərgiz Cəlilova, Hamlet İsaxanlı,
Rəbiyyət Aslanova,
Ramiz Fətəliyev, Balaş Qasımov və Elnur Baimovun
təmsil olunduğu Münsiflər Heyətinə
təqdim ediləcək.
N.Köçərlinin sözlərinə
görə onluqdan seçiləcək qaliblərin
adları may ayında
elan ediləcək və təntənəli mükafatlandırılma mərasimi
təşkil olunacaq. Xatırladaq ki, müsabiqəyə ümumilikdə 265 əsər
təqdim olunmuşdu.
Layihənin baş sponsoru
“Azercell Telekom” MMC, rəsmi sponsorları “Azersun Holdinq” və “Qarant Sığorta” şirkətləridir.
Mədəniyyət və Turizm
Nazirliyi, Gənclər
və İdman Nazirliyi layihəyə dəstək verirlər.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 11 fevral.- S.7.