Bakıda klassik türkmən şairi Molla Nəfəsin kitabı nəşr olunub
“Min bir mahnı” nəşriyyatı “TÜRKSOY Kitabxanası”
seriyasından klassik türkmən şairi Molla Nəfəsin “Bu məkana gəlmişəm”
kitabını çap
edib. Nəşriyyatdan verilən məlumata
görə, şairin
anadan olmasının
200 illiyi ilə əlaqədar işıq
üzü görən
kitabda Molla Nəfəsin əsərlərindən
nümunələr toplanıb.
Kitab 31 mart-4 aprel
2009-cu ildə İstanbulda
TÜRKSOY tərəfindən keçirilən “Türk dilləri arasında uyğunlaşdırma çalışmalarının
bugünkü durumu və problemlər” mövzusunda Beynəlxalq simpoziumun tövsiyələrinə,
yekun bəyannaməsinə
uyğun olaraq nəşr edilib.
Annaqurban Aşırovun
tərtib etdiyi kitabı türkməncədən
çevirən filologiya
elmləri doktoru, türkoloq Ramiz Əsgər topluya “Böyük türkmən
şairi Molla Nəfəs” sərlövhəli
geniş ön söz yazıb, şairi Azərbaycan oxucularına ətraflı
tanıdıb: “ XIX əsr
türkmən poeziyası
tarixinə parlaq istedad sahibi kimi daxil olan
Molla Nəfəs türkmən ədəbiyyatının
görkəmli nümayəndələri
Əndəlib, Azadi, Məxdimqulu, Məğribi,
Kəminə, Talibi, Katibi, Seyidi, Zəlili ilə bir sırada dayanır. Onun bir-birindən gözəl
gəraylı, qoşma
və müxəmməsləri,
ictimai-siyasi şeirləri,
dastanları onillilərdən
bəri türkmən
xalqının zövqünü
oxşayır, gənc
nəsli milli ruhda tərbiyə edir”.
Ön sözdə
qeyd olunub ki, türkmən xalqı öz böyük oğlunun 200 illik yubileyinə ciddi hazırlaşır:
“Türkmənistan Elmlər
Akademiyası Marı vilayətinin icra hakimiyyəti ilə birgə aprelin 7-dən
10-dək Marı şəhərində
“Molla Nəfəs və XIX əsrdə türkmənlərin həyatı”
mövzusunda beynəlxalq
elmi konfrans keçirəcək. Tədbirdə şairin həyatı və dövrü, onun lirikası, “Zöhrə-Tahir” dastanı,
Molla Nəfəsin poetik şəxsiyyəti,
sənətkarın ədəbi
irsi və xalq yaradıcılığı
kimi mövzular müzakirə ediləcək”.
Qeyd edək ki, bu
nəşr Molla Nəfəsin Azərbaycanda
çap olunan ilk kitabıdır.
SARA
525 ci qəzet.- 2010.- 11 fevral.- S.7.