Qiymətli elmi və elmi-publisistik əsər
Azərbaycan Respublikası
müstəqilliyini bərpa edəndən sonra Ümummilli
lider Heydər Əliyevin əsasını qoyduğu və
Prezident cənab İlham Əliyevin bu gün uğurla davam
etdirdiyi iqtisadi islahatlar nəticəsində ölkəmiz
bütün sahələrdə sürətlə inkişaf
etməkdədir. İqtisadi inkişaf templərinin göstəricilərinə
görə dünyada Azərbaycan lider dövlətlər
sırasındadır. İqtisadi imkanların artması,
dövlətin uğurlu daxili və xarici siyasət kursu,
sosial, təhsil, mədəniyyət, idman və digər sahələrdə
də yeni yüksək nailiyyətlərin əldə edilməsini,
ölkənin bu istiqamətlərdə dünyanın
tanınmış mərkəzinə çevrilməsini təmin
etmişdir. Azərbaycan bu gün sivil ölkə və
dünyəvi dövlət kimi qlobal problemlərin həllində
də fəallıq nümayiş etdirməklə, müxtəlif
konvensiyaların iştirakçısıdır və
çoxtərəfli beynəlxalq sazişlər çərçivəsində
bir sıra sahələrdə, o cümlədən ətraf
mühitin mühafizəsi və təbii ehtiyatlardan davamlı
inkişaf naminə səmərəli istifadə edilməsi
sahəsində uğurlu fəaliyyət göstərir.
Məhz dövlət
başçısının ölkədə
iqtisadiyyatın, sosial həyatın, elmin, təhsilin, mədəniyyətin,
idmanın inkişafına göstərdiyi qayğının
və yaratdığı şəraitin nəticəsi olaraq
2008-ci ilin sonu – 2009-cu ilin əvvəlində ekologiya və təbii
elmlər sahələrinin inkişafı yolunda, eyni zamanda
ölkənin dünyaya inteqrasiya olunması istiqamətində
daha bir uğurlu addım atıldı. Azərbaycanın və
ümumiyyətlə, regionun tarixində ilk dəfə olaraq
bizim ölkədən Antarktidaya ekspedisiya təşkil edildi və
Cənub Qütbünə xizək yürüşü həyata
keçirildi. Azərbaycanın bayrağı, Ulu Öndər
Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin
barelyefləri Vinson dağ silsiləsinin 5140 m
hündürlüyü olan Qərbi Antarktidanın ən
yüksək zirvəsində və Cənub Qütbündə
ucaldıldı. Ekspedisiya zamanı çoxsaylı
müşahidələr aparılmış, olduqca əhəmiyyətli
məlumatlar və qiymətli nümunələr
toplanmışdır. Bu tarixi hadisəyə həsr
olunmuş kitablar ekspedisiyaya hazırlıq və onun təşkili,
ekspedisiya dövrü, gedişi və alınan nəticələri
özündə əks etdirir. Publisistika və fundamental elmi əsərlərin
xüsusiyyətlərini özündə birləşdirən
bu yeni janr və unikal nəşr üç kitab şəklində
oxuculara təqdim edilmişdir: I kitab “Antarktida gündəliyi”
(müəllif Hüseyn Bağırov), II kitab “Antarktida iqlimi.
Qlobal təsirlər” (müəlliflər H.Bağırov, R.Mahmudov)
və III kitab “Hondvananın donmuş parçası” (müəlliflər
H.Bağırov, V.Babazadə və Ə.Kərimov). Qeyd edilməlidir
ki, Azərbaycan – Antarktida ekspedisiyası olduqca çətin və
mürəkkəb təbii şəraitdə həyata
keçirilmişdir. Bu nailiyyətin əldə edilməsində
ölkənin Hava və Ekstremal İdman Növləri
Federasiyasının, onun Prezidenti və şərh edilən
kitabların müəllifi H. Bağırovun xidmətləri
olduqca əhəmiyyətli olmuşdur. Yalnız ekstremal şəraitdə
çalışmaq qabiliyyətinə malik, eyni zamanda dərin
elmi biliklərin daşıyıcısı olan şəxslər,
yüksək vətənpərvərlik və qlobal problemlərin
həlli üçün sosial məsuliyyət
daşıyıcıları ekspedisiyanın müvəffəqiyyətini,
onun nəticələrinin yüksək elmi səviyyədə
ümumiləşdirilməsini və təqdim edilməsini təmin
edə bilərdilər.
Birinci kitab “Antarktida gündəliyi”
adlanır. Elmi məlumatlarla zəngin olan bu kitab təbiətşünaslıq
və qlobal miqyasda antarktidaşünaslıq üçün
daşıdığı əhəmiyyəti ilə
yanaşı, eyni zamanda bir çox xüsusiyyətlərinə
görə unikal və olduqca önəmlidir. Kitab ilk növbədə
ekstremal şəraitdə ekspedisiya təşkil edənlər
üçün bir sıra çox önəmli tövsiyələr
mənbəyidir və eyni zamanda böyük tərbiyəvi əhəmiyyətə
də malik olan əsərdir. Kitabda göstərilir ki,
ekspedisiyalara hazırlıq onların məqsədlərini,
keçirilmə şəraitinin bütün xüsusiyyətlərini,
elmi təcrübələrin və müşahidələrin
bütün mərhələlərini və onların
aparılma ardıcıllıqlarını nəzərə
almaqla planlaşdırılmalıdır. Nəzərdə
tutulan işləri yüksək səmərə ilə həyata
keçirmək və məqsədlərə nail olmaq
üçün ekspedisiya avadanlıqlarının,
cihazların və köməkçi vasitələrin
seçilməsinə də çox ciddi diqqət yetirilməlidir.
Planlaşdırma mərhələlərində
buraxılmış səhvlər, diqqətsizlik adi şəraitdə
təkcə tədqiqatın aparılmasına və alınan
nəticəyə mənfi təsir göstərirsə,
ekstremal şəraitdə buraxılan bu səhvlər tədqiqatçıların
həyatı və sağlamlığı üçün
ciddi təhlükəyə çevrilə bilər. Bunu
öz təcrübəsində müşahidə etmiş
müəllif, kitabda ümumi məsləhətlərlə
yanaşı, hansı avadanlıq və vəsaitin təyinatından
asılı olaraq ekstremal şəraitdə daha etibarlı
olduğundan da bəhs edir. Bu səbəbdən qeyd edilən
kitab adi və ekstremal şəraitdə ekspedisiya aparmaq
üçün şəxsən sınaqdan
keçirilmiş tövsiyə və ya təlimatlar toplusu
kimi də dəyərləndirilə bilər.
Ekstremal şəraitdə
ekspedisiyanın aparılması üçün cihaz,
avadanlıq və köməkçi vasitələrin
düzgün seçilməsinin çox əhəmiyyətli
olmaqla bərabər, insanların fərdi xüsusiyyətləri
də ekspedisiyanın uğuru üçün önəmli
faktordur. “Antarktida gündəliyi” kitabında Azərbaycan-Antarktida
ekspedisiyasının timsalında qeyd olunur ki, ekstremal şərait
insanlarda bir sıra xüsusiyyətlərin olmasını və
onların daha da güclənməsini, bəzi hallarda isə
formalaşmasını tələb edir. Müəllif bu
xüsusiyyətlərə ilk növbədə səbr (nə
qədər lazımdırsa, o qədər səbrlə
gözləməlisən), intizam (intizamın xırdaca
pozulması işin gedişinə mənfi təsir göstərməklə,
ekspedisiya iştirakçılarının həyatı və
sağlamlığı üçün təhlükə
yaradır) və dözüm (çətin şəraitə
dözüb, inamla qoyulan məqsədlərə doğru getməlisən)
kimi keyfiyyətləri aid edir. Ancaq bu xüsusiyyətlərə
malik olan insanlar ekstremal şəraitdə çalışa və
müvəffəqiyyətə nail ola bilərlər. Qeyd edilməlidir
ki, göstərilən keyfiyyətlər ekstremal olmayan şəraitdə
də müvəffəqiyyət qazanmaq üçün
vacibdir. Bu da onu göstərir ki, Azərbaycan – Antarktida ekspedisiyasına
həsr olunmuş kitablar eyni zamanda böyük tərbiyəvi
əhəmiyyətə də malikdir. Kitabın gənclər
arasında yayılması və təbliği yeni nəslin
formalaşması üçün böyük əhəmiyyət
daşıyır. Düşünürəm ki, kitabın bəzi
hissələrinin orta və ali məktəblər
üçün hazırlanan dərsliklərə və dərs
vəsaitlərinə daxil edilməsi gənclərin layiqli vətəndaş
və hər hansı bir sahədə peşəkar kimi
formalaşması üçün önəmli ola bilər.
“Antarktida gündəliyi” həmçinin
vətənpərvərlik hisslərinin formalaşması
üçün də böyük əhəmiyyət daşıyır
və ölkə, xalq haqqında təsəvvürlərin
yaradılmasında bir nümunə kimi çıxış
edə bilər. Bu baxımdan Vinson zirvəsində və Cənub
Qütbündə Azərbaycan bayrağının, Ulu Öndər
Heydər Əliyev və Prezident İlham Əliyevin barelyeflərinin
ucaldılmasını təsvir edən yazılar gənc nəsil
və ümumilikdə bütün Azərbaycanlılara vətənpərvərlik
hisslərinin aşılanmasına yönəlmişdir.
Ölkə və millətin
imici üçün ekspedisiya zamanı digər qitələrdə
baş vermiş hadisələr və keçirilən
görüşlər də olduqca əhəmiyyətlidir.
Kitabda göstərilir ki, hazırlıq mərhələsində
Azərbaycan ekspedisiyanın üzvləri müxtəlif millətlərin
nümayəndələri ilə görüşmüşlər.
Yer Kürəsinin Cənubi Amerika və Antarktida kimi ucqar yerlərində
Azərbaycanın aylı-ulduzlu bayrağı oradakı
insanlara tamamilə inanılmaz gəlirdi. Kitabın “Marsdan gəlmiş
azərbaycanlılar” bölməsində bu hadisələr
oxuculara çox maraqlı şəkildə və incə
yumorla təqdim edilmişdir.
Şərh edilən,
üç kitabdan ibarət olan və Antarktida
ekspedisiyasının nəticələrinə həsr
olunmuş elmi-publisistik silsilə yazılar bir çox yeni
elmi tədqiqatların mənbəyi ola bilər. Bu olduqca əhəmiyyətlidir.
Çünki bir tərəfdən Antarktida dünyada iqlimin
formalaşmasına təsir göstərir. Digər tərəfdən
bu materikdə iqlimin dəyişməsi fonunda baş verən
proseslərin monitorinqi, meteoroloji göstəricilərin
materikin müxtəlif yerlərində müşahidəsi
vacib məlumatların toplanılmasına və zənginləşməsinə
xidmət edir.
Nəhayət, Antarktida
mineral ehtiyatları ilə də böyük əhəmiyyət
kəsb edir. Materik dəmir filizi, daş kömür, mis,
nikel, molibden, digər faydalı qazıntılar ilə zəngindir.
Elmi axtarışlar nəticəsində müəyyən
edilmişdir ki, Antarktidanın şelf hissəsində neft və
qaz yataqları mövcuddur. Bir sözlə, bu materikin tədqiqi
bir çox cəhətdən maraqlıdır.
Ekspedisiyanın işi, onun topladığı geoloji və
bioloji nümunələr, aparılmış tədqiqatlar və
onların təhlili elm üçün çox qiymətli məlumatların
toplanılmasını təmin etmişdir. Aparılan
meteoroloji müşahidələr iqlim dəyişməsi ilə
əlaqədar problemlərin həlli üçün
böyük əhəmiyyət daşıyır.
Azərbaycan hər zaman
müxtəlif xarici tədqiqatçıların diqqət mərkəzində
olmuşdur. Azərbaycan alimləri də müxtəlif
ölkələrə səyahət edərək, həmin
yerlərin coğrafiya, etnoqrafiya və digər sahələri
barədə məlumatlar toplayıblar. Bunlardan biri və daha
çox tanınmışı Zeynalabdin Şirvanidir. O bir
sıra ölkələrə səyahət etmiş və
öz müşahidələri əsasında “Səyahətlər
bağçası” və “Səyahətlər bağları”
əsərlərini yazmışdır. XIV əsrin məşhur
coğrafiyaşünası Əbdürrəşid Bakuvi də
öz əsərində dünyanın bir çox ölkələri,
onların təbiəti, təbii ehtiyatları, əhalisi,
iqtisadiyyatı, adət-ənənələri haqqında
geniş məlumat vermişdir. Müasir dövrdə də
müxtəlif səyahət və ekspedisiyalar həyata
keçirilir, onların nəticələri təhlil edilir və
əsərlər yazılır. Lakin ilk Azərbaycan–Antarktida
ekspedisiyası qarşıya qoyduğu məqsədlər və
keçirildiyi şəraitə görə unikaldır. Bu
ekspedisiya və onun nəticələri əsasında
yazılan və şərh edilən kitablar isə bənzərsizdir.
Belə ki, onlar Azərbaycan elmində və elmi publisistikada
yeni bir səhifə açmışdır. Kitablar
böyük maraq doğurduğu üçün tirajın az
olmasını nəzərə alaraq, onların təkrar
çap olunmasını məqsədəuyğun hesab edirəm.
Qeyd edim ki, əsər və onun yaradıcı heyəti
müxtəlif milli və beynəlxalq mükafatlara təqdim
olunmağa layiqdirlər.
Sonda onu da qeyd etmək istərdim
ki, çap olunan kitabların böyük hissəsi şəhər
və rayon, eyni zamanda ali və orta məktəb
kitabxanalarına paylanılması üçün Təhsil,
Mədəniyyət və Turizm Nazirliklərinə hədiyyə
edilmişdir.
Urxan ƏLƏKBƏROV,
akademik,
YUNESKO-nun “MaB”
(İnsan və Biosfer) Azərbaycan
Milli Komitəsinin sədri
525-ci qəzet.- 2010.- 11 fevral.- S.6.