Azərbaycan təhsili ötən
ildə: uğurlar və perspektivlər
“Ötən il Prezidentin
Ehtiyat Fondundan qəza vəziyyətindəki məktəblərin
bərpası üçün 16 milyon, texniki peşə məktəblərinin
inkişafı üçün 2 milyon, məktəbəqədər
təhsilin inkişafı üçün 2 milyon, Tibb
Universitetinin klinikasının tikintisinin tamamlanması
üçün 3 milyon manat vəsait ayrılıb. Son
5 ildə təhsil işçilərinin əməkhaqqısı
5 dəfə, tələbələrin təqaüdü 10 dəfə
artıb. Hazırda dövlət bir ali məktəb tələbəsinin
təhsilinə 2102 manat xərc çəkir”. Bunu ötən
ilin yekunlarını dəyərləndirərkən təhsil
naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə,
təhsil işçilərinin orta aylıq əməkhaqqı
ilbəil artaraq 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 268,5
manata yüksəlib. Dövlət büdcəsinin tərkibində
ötən il təhsilə ayrılan faktiki xərclər
1.097 milyard manat olduğu halda, bu il büdcədən təhsilə
1,2 milyard manat ayrılıb. İnvestisiyalarin həcmi 2008-ci ildə 220 milyon manat,
ötən ildə 57 milyon manat təşkil edib. Bu il
üçün investisiya xərcləri 47,7 milyon manat müəyyənləşdirilib.
Ötən ilin ən vacib hadisəsi uzun illərdən bəri
müzakirə olunan “Təhsil haqqında” qanunun qəbulu olub.
Qanunun icra mexanizmləri ilə bağlı Təhsil Nazirliyi
35 sənəd hazırlayaraq Nazirlər Kabinetinə təqdim
edib. Artıq bu sənədlərdən 6-sı təsdiqlənib.
SON 2 İLDƏ İLK DƏFƏ OLARAQ ÖLKƏ
ÜZRƏ 28 YENİ UŞAQ BAĞÇASI
TİKİLİB
M.Mərdanov deyir ki, bugünədək
31 məktəbəqədər təhsil müəssisəsi əsaslı
təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı
şəhərində bağçalara cəlb olunan
uşaqların sayı 6 min nəfər artıb, təhsilin
bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötüb. Son 20 ildə ilk dəfə olaraq uşaq
bağçaları üçün müasir tələblər
səviyyəsində 137 adda təlim vəsaitləri
hazırlanaraq müəssisələrə gəndərilib.
Hazırda ölkədə ümumilikdə 1604 uşaq
bağcası fəaliyyət göstərir. Bu
bağçalarda 103617 uşaq tərbiyə olunur. Məktəbəqədər
təhsil müəssisəsi olmayan yaşayış məntəqələrində
yeni müəssisələrin inşası ilə
bağlı isə Nazirlik tərəfindən İnvestisiya
proqramı hazırlanıb.
BUGÜNƏDƏK ÖLKƏDƏ 450 MİN ŞAGİRD YERLİK
2000-DƏK YENİ MƏKTƏB İNŞA OLUNUB
Nazirin dediyinə görə,
məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri
olub. Fondun təşəbbüsü ilə 300-ə yaxın
yeni məktəb, uşaq bağçası, uşaq evi,
internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı
təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz
edilib. Yeni ümumtəhsil məktəblərinin tikintisi, əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi
nəticəsində ümumilikdə ölkə üzrə
1050000 şagirdin təlim şəraiti
yaxşılaşdırılıb. Məktəb tikintisi sahəsində
həyata keçirilən proqramlar sayəsində ikinövbəli
məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə
təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə
enib. Bugünədək ölkədə 450-dən çox məktəb
əsaslı təmir edilib. 708 ümumtəhsil məktəbi
və 10 rayon təhsil şöbəsi müasir
avadanlıqlarla təchiz olunub. Bakıda 301, ümumilikdə
ölkə üzrə 600 məktəbin istilik sistemi təmir
edilib.
İLK DƏFƏ OLARAQ YENİ KURİKULUM TƏTBİQ
EDİLƏN SİNİFLƏR ÜÇÜN DƏRSLİK
KOMPLEKTLƏRİ HAZIRLANIB
2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin 1-ci siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanıb, bu proses 2009-10-cu tədris ilində 1-ci və
2-ci sinifləri əhatə edib. M.Mərdanov vurğulayıb
ki, yeni kurikulumların tətbiqi ilə əlaqədar 1-ci
siniflərlə işləyən 9 minədək müəllim
xüsusi proqram əsasında öyrədici təlim
kurslarından keçib, nümunəvi tədris materialları
ilə təmin edilib. Ölkənin 14 rayonunda 1-ci siniflərdə
fənn kurikulumlarının tətbiqi vəziyyətinin
monitorinqi aparılıb. Nazirlik tərəfindən 2010-11-ci tədris
ilində 3-cü siniflərdə yeni kurikulumların tətbiqi
üzrə hazırlıq işlərinin aparılması və
5-6-cı siniflər üzrə fənn kurikulumlarının
hazırlanıb tətbiq olunması nəzərdə tutulub.
2009-10-cu tədris ilində Milli kurikuluma müvafiq olaraq
paytaxtın 3 pilot məktəbində həndəsə və
cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə
başlanıb. British Council ilə Bakı şəhərinin
7 pilot məktəbində xüsusi tədris planı və
proqramı əsasında ingilis dilinin intensiv tədrisi layihəsi
davam etdirilir. Bu layihənin tətbiq edildiyi məktəblərin
pilot siniflərdə işləyən 100-dək müəllimi
Böyük Britaniyadan dəvət olunan beynəlxalq məsləhətçinin
iştirakı ilə xüsusi treninqlərdən keçib.
M.Mərdanovun sözlərinə əsasən, bugünədək
milli-mənəvi dəyərlər əsasında müasir tələblərə
uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik
çap edilib. Məktəb kitabxanaları uşaq
ensiklopediyaları, Azərbaycan və xarici ölkə
yazıçılarının əsərləri ilə təmin
edilib. Heydər Əliyev Fondunun köməkliyi ilə
ayrı-ayrı fənlər üzrə 140 adda 1.4 milyon
nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə
verilib. Bununla yanaşı orta məktəblərə 19 adda
351 min nüsxə dərslik də paylanıb. 2009-10-cu tədris
ili üçün 87 adda 4256600 dərslik və müəllimlər
üçün vəsait nəşr olunub və məktəblərə
göndərilib. Ötən il Gürcüstanın təlimi
Azərbaycan dilində olan məktəblərinə 43 adda
40270 nüsxə dərslik, Heydər Əliyev Fondu və Təhsil
Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində
hazırlanan 80 adda 125 komplekt tədris plakatı göndərilib.
MDB ölkələrində, habelə Almaniya, Polşa, Kanada,
Böyük Britaniya, ABŞ-dakı Azərbaycan dilində olan
bazargünü məktəblərinə də tədris vəsaitləri
göndərilib. 2010-11-ci tədris ilində 111 adda dərsliklərin
və müəllim üçün vəsaitlərin
çapı nəzərdə tutulub: “Dünya təcrübəsinə
uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirməni əhatə edən yeni
qiymətləndirmə sistemi tətbiq edilmişdir. Təhsil
tariximizdə ilk dəfə olaraq 2008-2009-cu dərs ilində
respublikanın bütün ümumtəhsil məktəbləri
və peşə liseylərində orta təhsil kursu üzrə
buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada keçirilmişdir. Nəticədə mərkəzləşləşdirilmiş
buraxılış imtahanlarında əla qiymətlər
almış məzunların 51 faizi 2009-cu ildə ali məktəblərə
qəbul imtahanlarında 500-700 bal toplamışdır. Cari dərs
ilində ümumtəhsil məktəblərinin XI sinifləri
ilə yanaşı, IX siniflərdə də
buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada keçiriləcək”.
2009-cu ilin may ayında
ölkənin 52 rayon və şəhərinin 216 məktəbində
11822 şagird əhatə olunmaqla, ana dili və riyaziyyat fənləri
üzrə Milli qiymətləndirmənin tədqiqat mərhələsi
keçirilib. Tədqiqat ərəfəsində aparılan sorğularda
216 məktəb direktoru, 616 ana dili və riyaziyyat müəllimi,
1009 valideyn iştirak edib. Beynəlxalq qiymətləndirmə
sahəsində də tədbirlər görülmüş,
ötən ilin aprel-may aylarında ölkənin 162 məktəbinin
15 yaşlı 4716 şagirdi əhatə olunmaqla PISA – 2009-un əsas
mərhələsi keçirilib. TIMSS-2011 və PIRLS-2011
proqramlarının həyata keçirilməsi
üçün hazırlıq işləri
yekunlaşdırılıb.
KADR TƏMİNATI SAHƏSİNDƏ 2005-2009-CU İLLƏRİ
ƏHATƏ EDƏN PROQRAM BAŞA ÇATDIRILIB
M.Mərdanov deyir ki, bu il 1308 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ucqar kənd məktəblərinə göndərilib. Ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanılıb. Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə müəllimlərin sayı 173 mindən 170 minə enib. Nazirin fikrincə, hazırda bölgələrdə kadr çatışmamazlığı problemi deyil, müəllimin artıqlığı problemi mövcuddur. Bu il ölkənin orta məktəblərində pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması və yeni təkliflərin hazırlanması planlaşdırılır. Həmçinin hazırda işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi planlaşdırılır.
46 DÖVLƏT UŞAQ MÜƏSSİSƏSİNDƏ
10054 NƏFƏR TƏRBİYƏ ALIR
Bu uşaqların 3960 nəfəri müəssisədə gecələyir, 6094 nəfəri isə müəssisədə yalnız təhsil alır, gecəni isə ailəsi ilə birlikdə keçirir. Ötən il “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət proqramı” çərçivəsində dövlət-uşaq müəssisələrin transformasiyası üzrə baş plan hazırlanıb. Plana əsasən 9 ümumtəhsil internat məktəbi ümumtəhsil məktəblərinə çevrilib və dövlət uşaq müəssisələrinin sayı 55-dən 46-ya enib. Sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin və sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası, təhsilə cəlb edilməsinin təşkili məqsədilə Bərdə, Suraxanı, Əzizbəyov və Sabunçu rayonlarında günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Mərkəzlərin binaları əsaslı təmir edilib, inkişafetdirici təlim materialları, reabilitasiya yönümlü avadanlıqlarla təmin edilib.
BU İL 4000 ŞAGİRDƏ
PULSUZ NOUTBUK VERİLƏCƏK
2008-09-cu tədris ilində IX və XI sinfi bitirən şagirdlərə verilən şəhadətnamə və attestatların seriyaları və nömrələri TİMS məlumat bazasına daxil edilib. Nazir bildirib ki, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulub, onların yüksək sürətli internetə çıxışı təmin edilib, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnib. Cari ildə 25000 nəfər ali və orta təhsil müəssisələrinin pedaqoji, 4000 nəfər inzibati-idarəetmə və 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi, daha 500 məktəbin yüksək sürətli internetə qoşulması nəzərdə tutulub, Bakı şəhərinin 20 məktəbində “Elektron məktəb” pilot layihəsi davam etdirilib, həmin məktəblərə 336 netbuk və CİSCO şəbəkə avadanlığı verilib. Ölkə üzrə təhsil müəssisələri 300 yeni NEXSUS markalı personal kompüter, 200 noutbuk və 200 LCD proyektorla təchiz olunub. Mingəçevir, Şəki, Masallı, Qazax, Sabirabad rayon ümumtəhsil məktəbləri 226 dəst kompüterlə təchiz edilib. Məktəblərə verilən kompüterlər üçün 32 min lisenziyalı proqram təminatı alınıb. “Xalq kompüteri” layihəsi çərçivəsində 5000 müəllim kompüterlə təmin olunub. 2009-10 tədris ili üçün TİMS elektron məlumat bazasının yeniləşdirilməsi, IX və XI sinfi bitirəcək şagirdlərə veriləcək şəhadətnamə və attestatların seriyaları və nömrələrinin TİMS məlumat bazasına daxil edilməsi planlaşdırılır. Məktəbəqədər, orta ixtisas, ali təhsil pillələri və təhsil şöbələri üzrə TİMS bazasının yaradılması, TİMS serverinin Vahid Təhsil Şəbəkəsinə qoşulması və “Təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində internet şəbəkəsində birləşdirilən 500 məktəbdən məlumatların on-line rejimində toplanılması nəzərdə tutulub. Bu il ərzində həmçinin İntel şirkəti tərəfindən 1000, nazirlik tərəfindən isə 3000 olmaqla ümumilikdə 4 000 şagirdə noutbuk veriləcək.
ÖTƏN İL 3 PEŞƏ TƏHSİLİ
MÜƏSSİSƏSİ ƏSASLI TƏMİR OLUNUB
Hazırda ölkədə 108 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 25 200 şagird təhsil alır. M.Mərdanovun söylədiyinə görə, 2009-10-cu dərs ilində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinə 90 şagird qəbul edilib və turizm, otelçilik peşələri üzrə kadr hazırlığına başlanıb. Texniki peşə təhsilini əhatə edən məlumat bazası və www.vet.edu.gov.az saytı yaradılıb. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və UNESCO-nun birgə həyata keçirdiyi “Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi” çərçivəsində “otel nəzarətçisi” və “kompüter üzrə operator” ixtisasları üzrə kurikulumların ilkin variantı hazırlanıb. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 7 adda dərslik hazırlanıb. Bütün peşələr üzrə 32 adda 1222 dəst müasir tələblər səviyyəsində yeni əyani vəsaitlər çap olunub müəssisələrə çatdırılıb. Bu il Dövlət Proqramı çərçivəsində İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi, müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi işinin davam etdirilməsi, Turizm, İKT, inşaat və nəqliyyat sahələri üzrə müəyyən edilən ixtisaslar üzrə standartların hazırlanması planlaşdırılır. Bununla yanaşı yeni ixtisas klassifikatorunun, məzunların bacarıqlarının əmək bazarının tələblərinə müvafiq qiymətləndirilməsi məqsədilə yeni qiymətləndirmə mexanizminin hazırlanması nəzərdə tutulub.
ÖLKƏDƏ 61 ORTA
İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏSİ FƏALİYYƏT
GÖSTƏRİR
Bu müəssisələrdən 57 dövlət 4-ü özəl orta ixtisas təhsili müəssisələridir. Ümumilikdə bu müəssisələrdə 52765 şagird təhsil alır. Müəllimlərin sayı isə 7165-dir. Nazir qeyd edib ki, ötən il Mingəçevir və Gəncə Tibb məktəbləri, Lənkəran Dövlət Humanitar Kolleci, Ağcabədi Pedaqoji və Dövlət Dəniz Balıq Sənayesi Texnikumları akkreditə olunub. Orta ixtisas təhsili müəssisələri tələbələrinin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin əhatə dairəsi genişləndirilib. “Azərbaycanda ali və orta ixtisas musiqi təhsilinin İnkişaf Proqramı”nın layihəsi hazırlanıb və təsdiq üçün hökumətə təqdim edilib. “Təhsil haqqında” Qanuna uyğun olaraq orta ixtisas təhsili ilə bağlı hüquqi-normativ sənədlər hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Bu il orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi, təhsildə fasiləsizliyi təmin etmək üçün orta ixtisas təhsilinin digər təhsil pillələri və səviyyələri ilə qarşılıqlı fəaliyyəti üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin istehsalatın müvafiq sahələrində kifayət qədər təcrübəsi olan mütəxəssislərin orta ixtisas məktəblərinə cəlb edilməsi, bütün orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin tətbiq edilməsi planlaşdırılır.
Hazırda ölkədə 37 dövlət və 16 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Dövlət təhsil müəssisələrində ümumilikdə 117934, özəl ali məktəblərdə 21260 tələbə təhsil alır. Dövlət müəssisələrində 12813, özəl məktəblərdə isə 2120 müəllim çalışır. Ötən il akademik borcların ləğv edilməsinə şərait yaradılması məqsədilə ölkədə
İLK DƏFƏ OLARAQ 8 ALİ MƏKTƏBDƏ
YAY SEMESTRİ TƏŞKİL EDİLİB
M.Mərdanov əlavə edib ki, ötən il ali təhsilin bakalavr səviyyəsi ixtisaslarının siyahısı hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Əvvəlki siyahıdakı 515 ixtisas əvəzinə təsdiq olunan yeni siyahıda ixtisas qrupları üzrə 149 ixtisas saxlanılıb. Ali məktəblərin reytinqini müəyyənləşdirən mexanizmin tətbiqi, ali təhsil müəssisələrinin akkreditasiya qaydalarının təkmilləşdirilməsi, “Təhsil haqqında” Qanunun tələblərinə uyğun olaraq ali məktəblərin fəaliyyətini tənzimləyən yeni normativ-hüquqi sənədlərin hazırlanması nəzərdə tutulub. Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturunun təsdiq edilməsi, buna müvafiq olaraq ixtisaslaşmalar üzrə yeni nəsl dövlət təhsil standartlarının hazırlanması, ali məktəblərdə təlim prosesinin tədris-metodiki təminatı işinin təkmilləşdirilməsinin davam etdirilməsi həyata keçirilməsi nəzərdə tutulan işlərdəndir. Eyni zamanda Boloniya Bəyannaməsinin tələblərini təmin edən yeni tədris-metodik vəsaitlərin hazırlanması, ali təhsil müəssisələrində qiymətləndirmə mərkəzlərinin yaradılması planlaşdırılıb.
TƏHSİL SAHƏSİNDƏ
AYRI-AYRI ÖLKƏLƏRLƏ İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ
ÇƏRÇİVƏSİNDƏ 8 SAZİŞ VƏ PROTOKOL
İMZALANIB
Nazir deyib ki, ötən il Azərbaycanın ABŞ, Suriya, İran, İsrail, İordaniya, Malayziya, Cənubi Koreya, Belarus, Almaniya, Litva kimi ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənib. İranla iqtisadi, ticarət, humanitar sahələrdə əməkdaşlıq üzrə memorandum, İsrail, Kabardin-balkar Respublikası arasında mədəniyyət, təhsil, elm sahəsində əməkdaşlıq haqqında saziş, Təhsil Nazirliyi və ABŞ-ın Beynəlxalq Təhsil İnstitutu arasında İnzibati Xidmət Müqaviləsi, Suriyanın Ali Təhsil Nazirliyi arasında ali, ümumi təhsil sahəsində əməkdaşlıq sazişi, İordaniya Haşimilər Krallığının Tərbiyə və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Bu il beynəlxalq təşkilatlarla təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi prosesi davam etdiriləcək. Avropa İttifaqı, Avropa Şurası, UNESCO, İSESCO, BMT kimi nüfuzlu beynəlxalq təşkilatlarla birgə layihələrin, Avropa İttifaqının Twinning, TAİEX və Siqma alətləri çərçivəsində layihələrin, Erasmus-Mundus Proqramı çərçivəsində layihələrin həyata keçirilməsi, xarici ölkələr, beynəlxalq təşkilatlarla təhsil sahəsində imzalanmış saziş, protokolların səmərəli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Ötən il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 23 ölkəsinə təhsil almağa göndərilənlərin sayı 498-ə çatdırılıb. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların 23 faizi tibb, 20 faizi iqtisadiyyat, 14 faizi isə texniki və mühəndislik elmləri təşkil edib. Bu il Proqram çərçivəsində seçilən ali təhsil müəssisələrinin və müvafiq ixtisasların siyahısının yeniləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması planlaşdırılır.
2009-cu İLDƏ ALİ MƏKTƏB
ALİMLƏRİNİN İXTİRALARINA 69 PATENT AYRILIB
Nazirin dediyinə görə, ali məktəb əməkdaşları tərəfindən 2009-cu ildə 33 doktorluq, 145 namizədlik dissertasiyası müdafiə olunub. Ali məktəblərdə çalışan alimlər tərəfindən 323 monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda proqram və metodik ədəbiyyat dərc etdirilib.
İl ərzində
xarici jurnallarda alimlərin 1736 məqaləsi, beynəlxalq
konfransların materiallarında 1279 məruzə tezisi nəşr
olunub. Bununla yanaşı ötən il ali məktəblərdə
yeni elmi-tədqiqat müəssisələri, o cümlədən,
İqtisad Universitetində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat
İnstitutu, Bakı Dövlət Universitetində “Jurnalistika”,
Turizm Universitetində “Nanostrukturların fizikası və
texnikası” elmi – tədqiqat laboratoriyası və
“Maşınşünaslıq” Elmi-Tədqiqat Mərkəzi
yaradılıb. Aspirantların və gənc tədqiqatçıların
XIII Respublika elmi konfransı, “Ən yaxşı tələbə
elmi-tədqiqat işi” müsabiqəsi, ali məktəb tələbələrinin
XIV Respublika fənn olimpiadası, doktorantların və gənc
tədqiqatçıların XIV Respublika elmi konfransı
keçirilib. Bu il isə ali məktəblərdə fəaliyyət
göstərən elmi-tədqiqat müəssisələrində
aparılan elmi-tədqiqat işlərinin və
mövzuların monitorinqinin aparılması, texnoparkların
yaradılmasına dair əsasnamənin, təkliflərin
hazırlanması, elmi tədqiqat institutlarında, istehsalatda
ali məktəblərin bazalarının yaradılması,
elmi və elimi-pedaqoji kadr hazırlığı
ixtisaslarının beynəlxalq təşkilatların qəbul
etdiyi elmi ixtisas siyahılarına
uyğunlaşdırılması barədə təkliflərin
hazırlanması, ali məktəblərdə elektron
kitabxanaların təşkili, universitetlərdə fəaliyyət
göstərən elmi-tədqiqat institutları, elmi kitabxanalar
üçün müasir standartlara cavab verən binaların
tikilməsi ilə əlaqədar təkliflərin
hazırlanması planlaşdırılır.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 1 fevral.- S.6.