XXI əsrdə 1 milyard insanı məhv
edəcək bəla
(“Gələcək naminə siqaretə YOX deyək!” məqalələr
silsiləsindən 1-ci yazı)
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Dünyada hər 10 ölüm halından biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir! Dəhşətli rəqəmlərdir, əziz oxucu, elə deyilmi?
Tək bir fakt bu dəhşətin mənzərəsini ortaya qoya bilir: Birinci Dünya Müharibəsində 4 il müddətində 10 milyon adam ölüb, amma tütün istifadəsindən 4 il ərzində 21,6 milyon insanını itirib bəşəriyyət! Sizcə, siqaret doğrudan da müasir dünyamızda kütləvi qırğın silahı deyilmi?
Hər il 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Bu il tütün beş milyondan artıq insanı – ümumi götürdükdə vərəm, HİV-AİDS və malyariya xəstəliklərindən dünyasını dəyişənlərin cəmindən daha çox insanı məhv edəcək. Dəhşətli rəqəmlərdir, elə deyilmi?
2000-ci ildə inkişaf etmiş ölkələrdə 35 yaşla 70 yaş arasında vəfat edən kişilərin 30%-nin ölümünə səbəb məhz siqaret olub! Ciddi düşünməyə dəyər, elə deyilmi?
Dünyada siqaret çəkməsi üzündən hər 6 saniyədə bir insan dünyasını dəyişir! Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünya insanının 1,1 milyarddan çoxu siqaret çəkir! Tütün səbəbindən baş verən ölümlər nadir hallarda KİV-in manşetinə çevrilə bilsə də, bu, siqaretin hər 6 saniyədə bir can aldığı reallığını dəyişmir!
Mütəxəssislər hesablayır ki, əgər təcili tədbirlər görülməsə, siqaret 2030-cu ilədək hər il təxminən 8 milyon insanı öldürəcək! 2030-cu ilədək tütündən istifadə ilə bağlı ölüm hallarının 80 faizindən çoxu inkişaf edən ölkələrin payına düşəcək. Və tütün məhsulları XXI əsrdə 1 milyard insanın ölümünə bais olacaq!
Tütün yeganə leqal istehlak məhsuludur ki, təyinatı üzrə ondan istifadə edənlərin təxminən yarısını öldürür. Bəli, tütün onun istifadəçisi olan hər iki nəfərdən birini öldürür! Bu gün yaşayan 1 milyarddan çox siqaret çəkənlərin təxminən 500 milyonu tütün səbəbindən öləcək!
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir: “ Tütün yeganə istehlak məhsuludur ki, onun təsirinə düşən hər kəsə zərər gətirə bilər. Buna baxmayaraq, tütündən istifadə bütün dünyada geniş yayılıb, bu da aşağı qiymətlər, satışın təcavüzkarcasına və istənilən yerdə stimullaşdırılması, onunla bağlı təhlükələr barədə məlumatın olmaması və onun istehlakına qarşı yönəldilən qeyri-ardıcıl dövlət siyasətindən asılıdır.
Bəlkə də heç düşünməmisiniz ki, tütün dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamalarında birmənalı şəkildə öz əksini tapır.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Marqaret Çen deyir: “Tam qarşısı alına bilən bu EPİDEMİYANIN geri dönməsi, bu gün dünyanın hər bir ölkəsində ictimai səhiyyənin və siyasi rəhbərliyin ən mühüm prioriteti olmalıdır.
Narahatlığı və təhlükəni daha da artıran isə tütün məhsullarından istifadə edənlərin (Azərbaycanda da) getdikcə daha da artmasıdır. Artıq SOS siqnalını çalmaq zamanıdır!!! Nəzərə almalıyıq ki, tütündən istifadə o qədər çox və müxtəlif üsullarla məhv edə bilir ki, dünyada əsas səkkiz ölüm səbəbinin altısına dair risk faktorunu təşkil edir. ÜST-nın baş direktoru Dr. Marqaret Çenin vurğuladığı kimi bir əsrdə bir milyard kişi, qadın və uşaqlara təhlükə yaradan qlobal tütün epidemiyası probleminin həlli bizim əlimizdədir. Bu dağıdıcı epidemiyanı dayandırmaq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir.
Bu gün dünyanın bəzi bölgələrində artıq siqaretlə ciddi mübarizəyə başlanılıb, siqaret əleyhinə böyük kampaniyalar həyata keçirilir. Amma əslində bu gün siqaretə qarşı müharibə aparmaq zamanıdır! Mən Sizi siqaretə qarşı müharibəyə çağırıram! Giriş hissəsində təqdim etdiyim bir çox faktlar və təhlükələr gecikdiyimiz hər bir anın əslində nə qədər qiymətli olduğunu sübut edir!
Məncə, mütəxəssislərin hesablamaları, rəqəmlər və faktlar bizi BU KÜTLƏVİ QIRĞIN SİLAHINA, BU DƏHŞƏTLİ EPİDEMİYAYA qarşı əl-ələ verərək birgə müharibəyə başlamağa kifayət edə bilər.
Killer!
Nə üçün tütün məhsulları, siqaret sağlamlığa bu qədər böyük düşmən və zərərdir? Bunun üçün öncə siqaret adlandırdığımız bu bəlanın tərkibinə nəzər salmağımız çox vacibdir. Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş yarpaqlarından hazırlanır. Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir.
Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon-oksid və xərçəng yarada bilən maddələrdir. Məsələn, siqaretin tərkibində olan nikotin zəhərli bir maddə olaraq sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir! (sianid maddəsi hüceyrələrin qandan oksigeni çəkməsini blokadaya alır və bədənə oksigenin ötürülməsini əngəlləyir. Nəticədə bədəndə oksigen çatışmazlığı yaranır). Nikotinin 2-3 damcısı insan üçün ölümcül dozadır ki, bu da təxminən 20-25 siqaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutunu dayanmadan çəkən insan ölə də bilər.
Siqaret və çəkilməsi nəzərdə tutulan digər tütün məmulatları onu çəkənin ilk qullabından vərdiş yaradan nikotini beyinə tez çatdırır, təxminən şprisin istifadəsi ilə aparılan vena daxili inyeksiya intensivliyi ilə... Siqaretləri “nikotini çatdıran cihaz” adlandırırlar. Lakin tütünün çəkilməsindən yaranan effekt yalnız bir neçə dəqiqə davam etdiyinə görə tütün çəkənlər yenidən çəkməyənədək, absinent sindromu keçirirlər ki, bu da çox təhlükəlidir. O üzdən xüsusilə siqaret çəkməyənlər diqqətli olmalıdır. Nəzərə alın ki, əlinizə aldığınız bir ədəd siqaret sonra sizin həyatınızın bəlasına çevriləcək!
Tütünün və tütün tüstüsünün tərkibində 4000-ə qədər kimyəvi birləşmə 60-dan çoxu hüceyrənin genetik strukturuna ziyan verir və bədxassəli şişin-xərçəngin yaranmasına səbəb olur.
Tütün, siqaret ürək-damar, xərçəng və 25-dən artıq digər xəstəliklərin yaranmasının və ya gedişatının ağırlaşmasının əsas səbəbkarı hesab edilir!
ÜST məlumatlarına görə, tütündən istifadə edənlərin böyük əksəriyyəti onun riskləri barədə bilmirlər. Tütünlə bağlı təhlükələrin inandırıcı dəlillərinə baxmayaraq, bütün dünyada az sayda siqaret çəkən şəxslər səhhətləri üçün yaranan riski tam başa düşür. Ola bilər ki, insanlar, ümumiyyətlə, tütünün zərərli olduğunu anlayırlar, lakin siqareti də “yol verilən pis vərdiş kimi” qəbul edirlər.
Tütünün fövqəladə asılılıq yaratmaq bacarığı və səhhət üçün törətdiyi təhlükələrin tam spektri ictimaiyyətə lazımi dərəcədə izah edilmir. Bunun nəticəsində insanlar hesab edirlər ki, səhhətləri ilə bağlı problem yaranmamışdan əvvəl tütündən istifadəni azalda və ya siqareti ata bilərlər. Əslində isə siqaret çəkənlərin əksəriyyəti tütündən istifadəni azalda bilməyəcək, onların demək olar ki, yarısı tütünlə bağlı xəstəliklərdən öləcək.
İnsanların əksəriyyəti bilmir ki, tütündən hətta minimum istifadə təhlükə yaradır. Tütündən istifadə edənlərin çoxu tütünlə bağlı yaranan ağ ciyərlərin xərçəngindən başqa xəstəlik demək olar ki, tanımırlar. Bilmirlər ki, siqaret çəkmək həmçinin ürək xəstəliklərinə, insult və bir çox digər xəstəliklərə, o cümlədən xərçəngin bir çox növlərinə səbəb olur.
Siqaret çəkənlərin 10 %-i xərçəngdən ölür! Gündə iki qutu siqaret çəkənlərin isə 15-20 %-i bu xəstəliyin qurbanı olur!
Siqaret çəkənlərdə tez-tez tənginəfəslik yaranır, çünki onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün aludəçiləri ildən-ilə özlərini halsız, yorğun hiss edirlər və tez-tez soyuqdəymədən əziyyət çəkirlər. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretdir.
Siqaret ağciyərləri məhv edir!
Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Unutmayın ki, 90% hallarda ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı məhz tütündür.
Siqaret çəkmək xərçəng xəstəliyinin digər formalarının yaranmasına da səbəb ola bilir.
Tütünün istənilən formada çəkilməsi ölümlə nəticələnən insultlar və ürək tutmalarının da əhəmiyyətli risk faktorudur.
Siqaret çəkmək daha çox ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur:
Ağ ciyər xərçəngi
– 90% hallarda
Xroniki bronxit, emfizema – 75%
hallarda
Ürəyin işemiyası
– 25% hallarda
Siqaret tənəffüs
orqanları xəstəliklərinin – xroniki ağciyər xəstəliklərinin,
sətəlcəmin əsas faktorlarından biridir. Xroniki
bronxit tütündən istifadə edənlərdə istifadə
etməyənlərə nisbətən 5-7 dəfə
çoxdur! Siqaret çəkmək insanı
öskürdür və bəlğəm əmələ gətirir,
xroniki bronxitə səbəb olur.
Müntəzəm siqaret
çəkən insanların təxminən 25 faizi bu səbəbdən
vaxtından tez həyatla vidalaşmalı olur. Əksər
siqaret çəkən insanların həyatı 10, 20 və
ya 30 ilədək qısalır!
Siqaret çəkən
insanda ürək-damar xəstəliklərinin inkişaf
ehtimalı yüksəlir. Siqaret çəkənin ürəyi
çəkməyənlərə nisbətən daha tez zəifləyir.
Uzun illər tütün çəkmək qan damarlarında
daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi
ilə nəticələnir. Son nəticə aterosklerozun əmələ
gəlməsinin tezləşməsidir. Bu, ürəkdə
infarkt, beyində isə insulta səbəb olur.
Damarların daralması və
qan dövranının ləngiməsi səbəbindən
30-40 yaşlı kişilərdə cinsi zəiflik və
impotensiyanın inkişafı riski yaranır. Siqaret çəkən
kişilərdə cinsi orqanlarının qan
damarlarının daralmasına görə impotensiyanın
(cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə
nisbətən 2 dəfə çoxdur.
Siqaret həzm sisteminə
öldürücü zərbə vurur. İştaha pozulur, həzm
prosesi çətinləşir, dişlər saralır.
Siqaret çəkənlərin
çoxu qastrit və ya mədə xorasından əziyyət
çəkir. Aktiv siqaret çəkənlərdə
ağız boşluğunun, dodağın, mədənin və
onikibarmaq bağırsağın xərçənginin və
xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir.
Nikotin sürətli ürək
döyüntülərinə, qusma, baş gicəllənməsi
kimi halların meydana gəlməsinə də səbəb
olur.
Siqaret çəkənin
hafizəsi zəifləyir, əhval-ruhiyyəsi pozulur,
yuxusuzluq, dərisində qırışlar əmələ gəlir.
Tütündən istifadə edənlər arasında miokard
infarktı halları istifadə etməyənlərdən 4-5
dəfə çoxdur! Əgər siqaret çəkənin
qanında xolesterinin miqdarı və ya təzyiqi yüksəkdirsə,
ürək tutma halları 8 dəfə çoxalır.
Tütün çəkənlərin
xarici görünüşü də dəyişilir. Dişlərin
və dırnaqların saralması, saçların
tökülməsi, eləcə də üzdə, bədəndə
qırışların əmələ gəlməsi
halları müşahidə olunur.
Çox səhv bir
yanaşma var: Bəzən insanlar siqaret çəkməklə
bədən çəkisinə nəzarət etməyin
mümkün olduğunu düşünürlər. Siqaretdən
imtina çəkini yalnız 3 kq-dək artıra bilir.
Düzgün pəhriz və fiziki məşqlər siqaretdən
imtina etdikdə bədən çəkisinə nəzarət
etməyə imkan verir.
Qadın və siqaret!
Siqaretin qadınlara verdiyi
ziyan isə təkcə onların özləri ilə
yekunlaşmır, həm də genefondu məhv edir.
Mütəxəssislərin
araşdırmalarına görə, güclü siqaret çəkənlərin
üzündə qırışlar çəkməyən
yaşıdlarından beş dəfə çoxdur. Belə
ki, tütündə olan zəhərli maddələr üzdəki
nazik qan damarlarını zədələyir və bu,
vaxtından qabaq qocalmaya, dərinin təravətini itirməsinə
gətirib çıxarır!
Tütün həmçinin
gələcəkdə qızların ana olmama riskini
artırır!!!
Təkcə əlinizdə
siqaretlə kənardan necə göründüyünüzü
və sizdən gələn pis siqaret qoxusunu
düşünün!
Siqaretdən gələn
“xeyir”– xəstəlik!
... Siqaret əvvəllər
insanı narahat etmədiyi üçün müəyyən
dövrədək bir çoxları tütünün
sağlamlığa mənfi təsir etmədiyini
düşünür. Lakin zaman keçdikcə bu
yanlış fikrin yerini səhhətdə yaranmış
problemlərdən can qurtarmaqla bağlı düşüncələr
tutur. Bax onda, yandırılmış ilk siqaret
xatırlanır, bu pis vərdişə aludə olma ilə
peşmançılıqlar başlayır.
Sizcə, siqareti tərgitmək
üçün onun hansısa fəsadını gözləməkmi
lazımdır?
Bu fəsadların çoxu
isə üzə çıxmır, birbaşa
öldürür, düşünməyə vaxt
tanımır.
Dünyada tək bircə
mütəxəssis belə tapa bilməzsiniz ki, siqaretin
yalnız bir müsbət təsirini söyləsin. Heç
olmasa təsəlli üçün! Bunu unutmayın...
P.S. Yazıda Ümumdünya
Səhiyyə Təşkilatının və Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə
və İslahatlar Mərkəzinin məlumat və
hesabatlarından istifadə olunub.
Qənirə PAŞAYEVA,
millət vəkili
525-ci qəzet.- 2010.- 11 fevral.- S.4.