Yunus Oğuzun “Təhmasib şah” kitabı ictimaiyyətə
təqdim edilib
Dünən Azərbaycanda Atatürk Mərkəzində yazıçı Yunus Oğuzun “Təhmasib şah” kitabının təqdimatı olub. Tədbiri giriş sözü ilə açan Mərkəzin rəhbəri, professor, millət vəkili Nizami Cəfərov bu kitabın indiyə qədər tarixşünaslığımızda o qədər də dərindən öyrənilməyən bir dövrə həsr olunduğunu bildirib: “Bu əsərin ən üstün cəhətlərindən biri odur ki, burada mürəkkəb, tarixi təfəkkürdən xeyli dərəcədə kənarda qalmış, amma Səfəvilər tarixinin həm də çox maraqlı bir dövründəki proseslərin, Azərbaycanın taleyinin necə olmasının, hansı səbəblərə görə Azərbaycan Səfəvilər dövlətinin İran dövlətinə çevrilməsinin izahı verilir. Bu dövrün ən görkəmli hökmdarı Təhmasib şahdır”. Millət vəkili çıxışında mövzunun miqyası ilə bağlı olaraq əsərin bir neçə istiqamətinin mövcudluğunu qeyd edib: “Onların içərisində ən mühüm məsələ Azərbaycanın bütövlüyünü təmin etmək məsələsidir. Əsərdə başqa mühüm bir məsələ də türk dünyasının arasında olan siyasi ziddiyyətlərin ortaya qoyulmasıdır”. Professorun fikrincə, əsərdə tarixi romanlarımız üçün nümunə ola biləcək məqamlardan biri də siyasi-ideoloji, mənəviyyat məsələlərinə, ölkənin hansı ruhda idarə olunmasına diqqət yetirilməsidir.
“Təhmasib şah”ı müasir əsər kimi dəyərləndirən N.Cəfərov burada baş verən hadisələrin çağdaş dövrümüz üçün daha aktual olduğunu deyib.
Filologiya elmləri doktoru, professor Şamil Vəliyev əsərdə tarixə müraciət tərzinin diqqət çəkdiyini, onun fərdi ictimai-tarixi marağının sosial-fəlsəfi keyfiyyət kəsb edərək xalqın möhtəşəm obrazının yaranmasına səbəb olduğunu vurğulayıb. Kitabın həm də ön söz müəlliflərindən biri olan Ş.Vəliyev əsərin bədii məziyyətlərindən bəhs edib: “Təhmasib şah” romanının səhifələri arasında zəngin tarixi məlumatların, hadisə və şəxslərin olması onun müəllifinin yalnız “filoloji fantaziyalar”a deyil, daha çox sənəd, fakt, arxiv materiallarına əsaslandığını təsdiqləyir”. Ş.Vəliyev bunu yazıçının bədii düşüncəni real tarixi faktlara tabe tutmasıyla yox, əksinə, tarixi həqiqətlərdən müasir bədii-estetik qənaət hasil etmək, irs və varis arasında sosial-fəlsəfi mühakimə kodlarının bərpasına cəhd göstərmək bəsirəti ilə əlaqələndirib.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli həmkarının təqdim olunan əsərinin çox oxunaqlı olduğunu qeyd edərək, indiki romanların klassik üslubdan fərqli şəkildə qələmə alındığını bildirib: “İndi xarakterik qəhrəmanları situativ qəhrəmanlar əvəzləyib. Bu baxımdan “Təhmasib şah”ın da oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanıram”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Y.Oğuzun tarixi janrda bir sıra dəyərli əsərlər qələmə aldığını vurğulayıb: “Tarixi məhz bu şəkildə – bədii dillə oxuculara çatdırmaq lazımdır. Xronoloji, statistik şəkildə tarixi materialı oxucu heç vaxt qəbul etmir və oxumur. Tarixi yalnız bu şəkildə sevdirmək olar”.
Professor Qulu Məhərrəmli tariximizi qələmə almağın şərəfli iş olduğunu çıxışında önə çəkib və bu baxımdan Y.Oğuzuun tarixi janrda yazmasını yüksək qiymətləndirib: “Tarixiliyin və bədiiliyin vəhdəti həmişə maraq doğurur”.
Tədqiqatçı-publisist Bəxtiyar Tuncay Y.Oğuzun bu əsərlə tarixi baxımdan Azərbaycan dövlətçiliyinin yoluna işıq saldığını qeyd edib.
Yazıçı, millət vəkili Aqil Abbas tarixi əsərlərin qələmə alınmasının əhəmiyyətindən danışaraq, keçmişimizi gənclərə çatdırmaq baxımından bunun böyük əhəmiyyət kəsb etdiyini deyib: “Sabahı qurmaq üçün keçmişimizi bilməli, ata-babamızı tanımalıyıq. Mənim fikrimcə, geniş oxucu kütləsinə tarix məhz bu cür – bədii şəkildə çatdırılmalıdır”.
Professor Musa Qasımlı və başqaları çıxışlarında Y.Oğuzun tarixə təkcə bədii aspektdən deyil, həm də tənqidi nəzərlə yanaşdığını, bu əsərlərdə yazıçının həm də öz vətəndaşlıq mövqeyini ortaya qoyduğunu önə çəkiblər.
Qeyd edək ki, sözügedən kitab Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Olaylar” qəzetinin həyata keçirdiyi “Azərbaycançılığın, diaspora quruculuğu işinin təbliği, KİV-lə diaspora arasında əlaqələrin möhkəmləndirilməsi” layihəsi çərçivəsində işıq üzü görüb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 12 fevral.- S.7.