Teatr –mənəvi kamilliyə aparan yol

 

“TEATR BÜTÜN XALQIN TƏRBİYƏSİNƏ KÖMƏK EDİR”

 

M.F.Axundov

 

Teatr insan duyğularının, arzularının bədii formada gerçəkləşdiyi bir məkandır. Bu gün sənət barədə müxtəlif təəssüratlar olsa da, bütün hallarda teatra zəruri, qaçılmaz ehtiyac var.

Gerçəkliyin bədii inikasını dramatik hərəkətlərlə, səhnə quruluşu, aktyorların səhnədəki danışıq, hərəkət, mimika və reaksiyası ilə verən, incəsənətin mürəkkəb, son dərəcə təsirli və ən maraqlı növlərindən olan bu sənət növü bir çox üstünlüyə malikdir. Sintetik sənət növü kimi teatrda dram, musiqi, rəqs, rəssamlıq və s birləşir, tamaşaçı aktyorların söz və hərəkətilə nağıl etdikləri, göstərdikləri hadisələrin bir növ şahidi, iştirakçısı olur. Nəticə etibarilə salonda olan yüzlərlə adama güclü ideya və bədii təsir göstərilir. Qüvvətli yazılmış və qüvvətli oynanılmış səhnə əsəri tamaşaçını dərindən düşündürür, həyəcanlandırır, onun dünyagörüşünə, şüuruna elə təsir göstərir ki, bu, uzun zaman yaddan çıxmır, silinməz izlər buraxır.

Bu gün zaman da, insanlar da, onları düşündürən problemlər də dəyişib. Hələ həyat təcrübəsi az olan gənclərimiz teatrdan təkcə estetik zövq deyil, həm də yüksək əxlaqi qayələr, dərin hisslər və düşüncələr almalı, bilik və mədəni səviyyəsini yüksəltməli, bir sözlə teatrdan, tamaşadan daha zəngin təəssüratla ayrılmalıdırlar. Hər bir tamaşa, hər bir səhnə əsəri tamaşaçıda müəyyən hisslər buraxmalıdır.

Qafqaz Universitetinin haqqında söhbət açacağım özfəaliyyət teatrı istər repertuar seçimi, istərsə də müasir həyatla əlaqə baxımından çağdaş tələblərə cavab verə biləcək tamaşalar hazırlayır. Repertuarda tarixi və əlamətdar günlərə həsr olunmuş tematik səhnə əsərləri ilə bir sırada klassik və tarixi mövzulara da üstünlük verilir. Kollektivə uğur gətirən tamaşalar içərisində İ. Əfəndiyevin “Xurşidbani Natəvan” tarixi dramını xüsusi qeyd etmək lazımdır. “Xurşidbanu Natəvan” konkret tarixi və ədəbi şəxsiyyətləri canlandıran dramdır. Burada tarixi mövzuya müasirlik mövqeyindən yanaşılmış, xalqın yüksək ideallarının ifadəçisi səviyyəsinə qaldırılmış qəhrəman tipinə müraciət olunmuşdur. İllər keçsə də Natəvanın şəxsi, ictimai taleyi, ibrətli həyat və fəaliyyəti diqqəti cəlb edir. Xurşidbanu Natəvanın şəxsi nümunəsi bəşəri arzularla, təmiz və pak hisslərlə yaşayan gənclərin mənəvi dünyasını zənginləşdirir. Onlar bir daha Vətən sevgisinin, xalq məhəbbətinin bütün istək və duyğulardan yüksəkdə dayandığının şahidi olur.

Universitetdə ənənəvi olaraq hər il bu faciənin ildönümünə həsr olunmuş tədbirlərdə dram dərnəyinin kollektivi maraqlı tamaşalarla çıxış edir. Faciənin 16-cı ildönümü münasibətilə Ə. Səmədlinin “Qanlı bənövşə” pyesi səhnələşdirildi və ilk dəfə Qafqaz Universitetinin dram dərnəyinin ifasında nümayiş etdirildi. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən öldürülən uşaqların xatirəsinə həsr edilmiş pyesin əsasında hazırlanan eyniadlı tamaşa dövrün tələbinə uyğun bədii məziyyətləri ilə diqqəti xüsusilə cəlb etdi. Körpə uşaqlara, qocalara və qadınlara, günahsız və silahsız insanlara qarşı törədilən Xocalı qətliamı dünya tarixində ən dəhşətli, ən qanlı faciə idi. Tamaşa bu faciəni törədən ermənilərin və onların havadarları olan rusların bir daha dünyaya vəhşiliklərini nümayiş etdirdi.

Dramaturq tarixin daha dərin qatlarına işıq salaraq “Böyük Ermənistan” ideyasının liderləri ilə yanaşı, erməni məktəblisinin də bu ideya ilə zəhərləndirilərək düşmən mövqeyini tənqid atəşinə tutur. Dünənədək öz həmkəndlisi Zəriflə birlikdə məktəbə gedən Kristina indi Qarabağ torpaqlarının yiyəsi kimi danışır, hətta “erməni tarixçilərindən” sitat gətirərək öz iddialarını sübuta yetirmək istəyir. Müəllif bu yerdə Zərifin dili ilə “yatmış” tarixçilərimizi oyatmağa çalışır. Pyes qəhrəmanın faciəsi ilə bitsə də gəncləri bugünki tarixdən ibrət almağa səsləyir.

Tamaşa növbəti dəfə Muzey Mərkəzində İstiqlal muzeyinin 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirdə nümayiş etdirildi. Tədbir iştirakçılarından Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Hacıyevanın anası Rəfiqə xanım tamaşanın tərbiyəvi əhəmiyyətini xüsusilə qeyd etdi. Gənc sərhədçilər də azərbaycanlılara qarşı yönəldilmiş faciə qurbanlarının xatirəsini heç zaman unutmayacaqlarına, vətən torpağının namusunu və qeyrətini hər an qorumağa hazır olduqlarına and içdilər. Tamaşanın bədii- estetik dəyəri onda idi ki, pyesin mayasında qələbəyə böyük inam vardı. O, gəncləri vətəni sevməyə, onun azadlığı uğrunda mübarizə aparmağa çağırır, düşmənə qarşı barışmazlıq, əyilməzlik kimi keyfiyyətləri tərbiyə edir.

Ötən il Qafqaz Universitetində və Batamdar qəsəbə mədəniyyət evində nümayiş etdirilən A.Səfərlinin “Sən kimə güllə atacaqsan” pyesi əsasında hazırlanan eyniadlı tamaşa gənc nəsli soy kökü üstə tərbiyə etmək üçün ən kəsərli vasitə rolunu oynaya bildi.

Tamaşada adi bir kənd müəlliminin dili ilə azərbaycanlılar və ermənilər xarakterizə edilir. Müasir tamaşaçı bu müqayisənin sadə fonunda cılız bir tayfanın mənfurluğunu görür, böyük bir millətin faciəsinin köklərini axtarır. Hadisələrin sonrakı inkişafında anladılır ki, ermənilər Azərbaycana qarşı məkrli siyasətlərini çox halda bizim biganəliyimiz, səhlənkarlığımız, soyuqqanlığımız və sadəlövhlüyümüz nəticəsində həyata keçiriblər. Tamaşaçı faciəni seyr etməklə kifayətlənmir, o həm də nəticə çıxarır, ibrət götürür.

Hazırda kollektiv Xocalı faciəsinin ildönümü münasibətilə təqdim olunacaq C.Məmmədquluzadənin “Kamança” pyesi üzərində işləyir.

Müasir tamaşaçı, xüsusilə də gənclər müasir mövzulara, müasirlərimizin qaynar həyatını əks etdirən tamaşalara xüsusi maraq bəsləyirlər. Bu isə təbiidir. Onlar belə tamaşalarda, belə obrazlarda özünü görür, düşündürücü suallara, həyat və işlərilə, münasibətlərilə bağlı olan problemlərə cavab tapırlar. Dram kollektivinin repertuarında sosial və maarifləndirmə problemlərinə həsr olunmuş mövzular xüsusi yer tutur. F.Karrintinin “Təhsil haqqını geri qaytarın”, A.Mehdiyevin “Başlanğıc” pyesləri əsasında müasir quruluşda səhnə həllini tapan tamaşalar dərin məzmunu, hissiyyatı və şüura böyük təsirilə seçilir. Əsərin ideya-əxlaqi tərəfi səhnə dramatizminin əyləndirmə kimi sənətkarlıq xüsusiyyətlərinə bağlanaraq tamaşa daha emosional və maraqlı formada təqdim olundu.

Cəmiyyətin mənəvi həyatında teatrın rolu şərəfli və məsuliyyətlidir. Müasirlərimizin mənəvi simasının formalaşması mövzusu teatr sənətində mühüm yer tutur. Ən ağır, ən çətin vaxtlarda da biz mənəvi zənginliyimizi qorumağı gənclərə təlqin etməliyik. Bu gün bəzi çətinliklərin açarını yalnız iqtisadi amillərdə axtarmaq birtərəfli olar. Cəmiyyət hayatının müxtəlif sahələrində inkişafa nail olmaq istəyiriksə, mənəvi sahəyə xüsusi fikir verməliyik. Burada teatrın rolu danılmazdır. Nə qədər yeni texnologiyalar icad edilsə də, canlı ünsiyyəti əvəz edə bilməz. Təkcə oyun deyil, tamaşaçını inandırmaq, ona səninlə eyni anda bütün duyğularını, qəlb acısını və həyacanını hiss etdirmək kimi incə məqamlar məhz teatra məxsusdur. Teatr mədəni zövqün, fikrin, fantaziyanın, təfəkkürün formalaşmasında mühüm rol oynayır.

Tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirən Qafqaz Universitetinin rəhbərliyi və pedoqoji kollektivi teatr sənətinin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Özfəaliyyət kollektivlərinin çıxışlarının professional səhnələrdə nümayişi üçün geniş imkanlar yaradır. Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi ötən il Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirildi və böyük uğur qazandı. Tamaşa 2009-cu ilin aprel ayında İstanbul şəhəri Fateh Universitetində keçirilən Türkdilli dövlətlərin universitetlərinin teatr festivalına dəvət aldı və müvəffəqiyyət qazandı.

Teatr incəsənəti universitetdə təhsil alan hər bir gəncin zəruri mənəvi tələbatına çevrilib. Onlar müxtəlif dillərdə hazırlanan tamaşalarla da çıxışlar edirlər. Bir neçə il öncə universitetin tələbələri V.Şeksprin “Kral Lir” əsərini Azərbaycan Dölət Akademik Milli Dram Teatrının, ötən il isə Jane Austenin “Pride and Prejudice” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı Dövlət Rus Dram Teatrının səhnəsində nümayiş etdirdilər. Hər iki tamaşa ingilis dilində təqdim olunmuşdu.

İnsanı səciyyələndirən başlıca cəhət onun məsləki, inamı, mənəvi gücüdür. Qafqaz Universitetində təhsil milli ideologiyanın tərkib hissəsinə çevrilib. Gənclərin ədalət və düzgünlük, himanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçılık, cəsarət və şücaət, mərdlik, təmizlık, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsində, onlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına- Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyinin təbliğ edilməsində universitetin dram dərnəyinin rolu danılmazdır. Özfəaliyyət kollektivinin böyük zəhmət hesabına ərsəyə gətirdikləri tamaşalar, əlamətdar və tarixi günlərə həsr edilmiş ən kiçik səhnələr belə müasir dövrümüzdə mənəvi-əxlaqı normaların bütün səviyyələrdə qorunmasını təbliğ edən, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir.

 

 

Zəminə AXUNDOVA,

sənətşünaslıq namizədi

 

525 ci qəzet.- 2010.- 12 fevral.- S.6.