Qeyri-adi yaddaş sahibi ilə
görüşdən adi qeydlər
Bir həftənin söhbətidir.
Lap dəqiqi, keçən şənbə, yəni
fevralın 6-sı saat 12:03-də sakit və kimsəsiz Sahil
parkında, əyninə qar geyinmiş ağaclara baxa-baxa Milli
Kitabxanaya sarı gedirəm. Heç nə vecimə deyil –
işıq yox, qaz yox, Bakı qardan iflic olub, yollar
bağlı, qəzetlər nəşr olunmayıb və bu qəbildən
başqa şeylər... Parkın ortasında bir dəstə sərçənin
civildəşə-civildəşə nəyisə
dartışdırdığını görürəm. Qar
rəngli iki bulka tikəsinin üstündə noxud başlı
boz canlıların əməlli-başlı
qırğını düşüb. Onun işidir. Məndən
beş ağac qabaqda – Türkiyə səfirliyinin tuşuyla
gedən qırmızıpaltolu qızı deyirəm. Nəzərlərimi
təkrar boz ikiayaqlılara dikirəm. Vay-vay, bulka tikəsinin
bir qarışlığında sərçə cəsədi
görünür... Afaq Məsudun, anası sərçələrə
qoşulub gedən qəhrəmanını xatırlayıb,
başımı qaldırıram. Qırmızı paltolu
xanım işıqforun yaşıl işığında
yolu keçib uzaqlaşır.
On addım sonra
kitabxananın qar tutmuş pillələrini qalxıb, dostlarla
görüşürəm. Qılman, Zərdüşt, Qismət,
Vüsal, bir də Anardı, büzüşüblər.
– Yəni gələcək?
– soruşuram.
– Qağam söz verib,
mütləq! – Anar boğazının yoğun yerilə dillənir.
Zərdüştün
qoltuğundakı bir yığın qəzeti görəndə
təəccüblənirəm. Səbəbi Rəşad Məcidlə
görüşəndə məlum olur. Sən demə, həmin
gün “525”dən başqa heç bir qəzet nəşr
olunmayıb. Əla, həmişə iş başında,
dostlar!..
Kitabxananın
qarşısında dayanan “
– Gəldi.
Zəlimxan Yaqub qapıdan girər-girməz
gülümsəyib, zarafatından qalmır:
– Bu qarda da qoymurlar evimizdə
oturaq.
Düz deyir də!
Rəşad Məcidin
başına yığışan oğlanları bir-bir
öpüb, “harda oturacağıq?“ soruşur. Suala cavab verməli
olan adam özü gəlir. Kərim Tahirovu deyirəm, Milli
Kitabxananın direktoru. Hamını isti, isti olduğu qədər
də rahat otağına dəvət edir. Çox deyilik,
qardan qorxmayıb yola çıxan gənc ədiblərin
sayı 20 nəfəri keçməz.
Gənc Ədiblər Məktəbinin
üzvləri ilə görüşündən məmnun
olduğunu deyən şair gəncliyin ünvanına bol-bol
alqış eləyib, razılığını bildirdi.
Sağ olsun. Öncə Milli Kitabxananın tərifini göylərə
qaldırıb, belə dedi: “Bu kitabxana mənim
üçün Kəbə evi qədər əziz, müqəddəsdir”.
Zəlimxan müəllim Kitabxanaçılıq fakültəsini
bitirdiyindən tələbə vaxtı gününün
çoxunu burda keçirərmiş. Adını
böyük sevgiylə andığı Qəhrəman
Süleymanzadənin direktor olduğu vaxtları
xatırlayıb onunla bağlı xatirəsini paylaşdı.
Qonağımızın öz diliylə desək, od
parçası olan gənc Zəlimxan Qəhrəman müəllimin
ürəyinə yaman yatır və günlərin bir
günü onu otağına çağırıb, uzun bir
siyahı verir ki, istəyirəm, iki il müddətində bu
siyahıdakı bütün əsərləri oxuyasan. O vaxt Zəlimxan
Yaqub ikinci kursda oxuyurmuş və hesaba görə,
dördüncü kursda bu siyahı üzrə imtahan verməliymiş.
Bu işin axırının nə ilə
qurtardığını bilmirəm, amma siyahıda adı
olan müəlliflərin kimliyi ilə maraqlandıqda məlum
oldu ki, Homer,Tolstoy, Flober və Dostoyevski birincilər
sırasında olub.
Otuz il əvvəl olan hadisələri
Zəlimxan müəllim elə həvəs və maraqla
danışırdı, cürbəcür adlar və əhvalatlar
üzündən mənim yaddaşım, nə qədər
qeydlər aparsam da, əməlli-başlı
qarışıb. Yeri gəlmişkən, yaddaşı ilə
bağlı özünəməxsus tərzdə
açıqlama verdi: “Hamı mənim yaddaşımdan
danışır. Amma bir dəfə soruşmayıblar ki,
buna necə nail olursan. Heç kim bilmir ki, mən bunun
üçün nə əziyyətlər çəkirəm.
Bəzən gecə səhərə qədər
yaddaşımı təzələməklə məşğul
oluram. Bədənin tərbiyəsi olduğu kimi
yaddaşın da tərbiyəsi olmalıdır”.
Fikrim var ki, Zəlimxan müəllimdən
eşitdiyim əhvalatlardan bir-ikisini yazım. Amma əvvəlcə
bir-bir gözümüzün içinə baxıb ürək
yanğısı ilə danışdığı və iki
armudu çay hesabına başa gələn “Kitabxana, yoxsa
çayxana?” mövzusu haqqında bir-iki cümlə...
Qonağımızın bizdən ötrü keçirdiyi
narahatlığı səmimi qəbul edib, məsləhətləri
qarşılığında minnətdarlıq hissilə
bildirim ki, bizlərdən nigaran qalma, şair. Gerçəkdən,
əlimizə düşəni dar-düdük zirzəmilərdə
arağa verib QEYBƏTİYYAT ilə məşğul olmaq mərəzindən
uzağıq. Ən yaxşısı yazmaq və oxumaqdır.
Kitabxanaya getməsək də olar, təki oxumaq ehtirası
olsun...
İndi bir-iki əhvalat
yazmaq olar: 1980-ci ildə Zəlimxan müəllimin
“Könlümün səsi” adlı ilk kitabı nəşr
olunur. Amma buna qədər xeyli əzab-əziyyətə
qatlaşmaq məcburiyyətində qalır. Deyir, gecəm-gündüzüm
yox idi, özümü oda-közə vurub
yaradıcılıq gecələri, poeziya günləri
keçirirdim. Sözdə hamı od parçası desə də,
kitabımın əlyazması bir bəhanə ilə nəşriyyatdan
geri qaytarılanda hər kəs yaxasını kənara
çəkirdi.
Dərdini Süleyman Rəhimova
deyəndə bircə zənglə hər şey düzəlir
və kitabın nəşr olunduğu gün qonorarından
min manatını Süleyman müəllimə şirinlik gətirir.
Əlbəttə, Süleyman Rəhimov pulu götürür,
amma... rəfdə kitabların arasından əlinə
keçən iki min manatı cavan dostuna verib deyir:
– Al, bu da mənim sənə
əmi payım.
Belə kişilər olub,
ilahi...
Yeri gəlmişkən, Zəlimxan
Yaqub nadir oxuculardandır ki, “Şamo”nu birnəfəsə
oxuyub.
Bu əhvalatı artıq
üçüncü dəfədir qulağım alır.
Birinci dəfə kimdən eşitdiyimi xatırlamıram.
İkinci və üçüncünü şəxsən
özü danışıb. Amma bir iş var ki, xəbər
tutsaydı, yəqin, yazılmağına razı olmazdı. Hətta
danışıb qurtarandan sonra “burda mətbuat yoxdur, ona
görə söylədim” deyəndə dalağım
sancdı ki, vay-vay, bir səhifəlik reportajsayağı
yazı olacağından xəbəri yoxuymuş. Amma yox, bu əhvalatı
ad yerinə nöqtələrlə yazmaqdan özümü
saxlaya bilmirəm.
Bir dəfə Səməd
Vurğun, Süleyman Rüstəm və dövrün başqa
tanınmışları qızğın ədəbiyyat
söhbətləri edirmişlər. Məclisin şirin
vaxtında ..... qapını açıb içəri girir və
dərdli-dərdli deyir :
– Bazarda kələmin qiyməti
yenə bahalaşdı.
Bundan sonra ədəbiyyat
haqqında danışmağa hal qalar? Amma demək istədiyim
bu deyil. Davamını oxuyun.
Süleyman Rüstəm Səməd
Vurğuna şikayət edir ki, .... özünü yaman pis
aparır. Burda nə danışırıqsa, iki gün sonra
səsi yuxarıdan gəlir. Özü də
ağzımızdan nə çıxıbsa,
hamısını bittə-bittə çatdırır. Səməd
Vurğun bir deyir, .... boynuna almır, iki deyir, haray-həşir
salır ki, mənim xəbərim yoxdur. Bir gün yenə
üçlükdə gecə yarıya qədər
yeyib-içiblər və hökumətin əleyhinə o ki
var danışıblar. İki gün sonra Səmədlə
Süleymanı Mərkəzi Komitəyə
çağırıb danışdıqlarını cümləbəcümlə
onların üzünə deyiblər. “Kommunizmə xəyanət-filan”
da öz yerində. Səhəri Səməd Vurğun ....
möhkəm təpinir ki, bu nə kişilik, nə
yoldaşlıqdı, nə danışırıqsa,
hamısını yuxarı çatdırırsan. ....
yazıq-yazıq dillənir:
– Ayə Səməd, bə
nə eləyim? Burdan aparmasam, ordan gətirə bilmirəm
axı.
Belə də kişilər
olub...
Əhvalatlara başım
qarışdı, dostlardan danışa bilmədim. Əslində
əhvalat çoxdur. Əli Fəhmi, Abbas Zamanov, Cəfər
Xəndan, Hüseyn Saraclı, Aşıq Əmrah haqqında
yazılası bolluca xatirələr var. Qalsın başqa
vaxta və deyim ki, görüşdə dostlarımız xeyli
şeir oxudular. İstəyirsiniz, adlarını da yazım:
Aytən Təhmasib, Elnarə Şəms, Qismət, Vüsal
Nuru, Zərdüşt, Anar Amin, Elvin Bakiroğlu və Kəramət
Böyükçöl. Qılman İmanlının Zəlimxan
müəllimə həsr etdiyi şeiri üç cümlədən
sonra oxuyacaqsınız.
Görüşün sonunda
qonağımız yeni nəşr olunan kitabını
avtoqrafla bizə hədiyyə etdi. Əlbəttə, şair
kitab qonaqlığı verər...
Bu da Qılmanın
şeiri:
Tarix sinəsinə
yazılıb qalan,
Ən böyük bilgidi Zəlimxan
Yaqub.
Sındırıb tilsimi
daş ürəklərdə,
Daşlaşıb bərkidi
Zəlimxan Yaqub.
Gəzir dil-dodaqda nəğmələr
kimi.
Toxunub ürəyə ilmələr
kimi,
Nizami, Füzuli, Ələsgər
kimi,
İlahi vergidi Zəlimxan
Yaqub.
Hey qurub yaradır öz aləmində.
Düzdür düz
adamın düz aləmində,
Sənət
dünyasında, söz aləmində
Bir canlı sərgidi Zəlimxan
Yaqub.
Ləngəri tərpədir
uca bir dağı,
Söhbətdi həmdəmi,
sazdı qonağı,
Sar ayaq basmayan tərlan
oylağı,
Qartal məsgənidi ZəlimxanYaqub.
Çıxdı
pişvazına göylər yeddi qat,
Bəylər ənam
verdi,Koroğlu qırat,
Cana nəfəs verən,
ruha da qanad,
“Misri”di, “Cəngi”di Zəlimxan
Yaqub.
Qılmanam, eylədim elləri
soraq,
Dedilər, tək odur
sönməyən ocaq.
Oxu sətir-sətir, aç
varaq-varaq,
Hazır bir dərgidi Zəlimxan
Yaqub.
P.S. Zəlimxan Yaqubun dəqiqliyinə
yüz faiz əmin olduğum üçmərhələli qəribə
ədəbiyyat düsturu haqqında yuxarıda yazmağı
unutdum:
1) İstehza edib, ruhdan salmaq
istəyirlər. 2 ) Paxıllıq edib, çamur atırlar.
3) Baş əyib, səcdə edirlər.
Cavid ZEYNALLI
525-ci qəzet.- 2010.- 13 fevral.- S.26.