“... Bir də gördüm ədəbiyyatdayam”
AYSEL ƏLİZADƏ: “İMZAMI
KİMSƏYƏ SATAŞMADAN, HEÇ KİMİN BOSTANINA
DAŞ ATMADAN TANITDIM”
Lent.az-ın “Cümlə axşamı” layihəsində
Taleh Şahsuvarlı gənc yazıçı Aysel Əlizadəni
sorğu-suala tutur
– Hara belə?
– Məzəli sualdır. Lap
Mirişin salam-sağoluna oxşadı. O da harasa tələsir,
hardansa gəlib, harasa gedir. Axırda məlum olur ki, elə də
ciddi yerə gedib eləmir. Yaxından gəlirəm. Uzağa
getmək istəyirəm. Amma uzaqlar da elə maraqlı deyil.
Magellan dünya səyahətinə çıxdı. Fırlanıb
əvvəlki yerinə qayıtdı. Amma bu, yeni kəşf
oldu. Əsas haradan gəlib, hara getməyimiz deyil, kəşf
edə bilməkdir.
– Diktorlar həmişə kəşf
olunur, məncə...
– Hə, televiziyada işə
diktorluqdan başlamışam. İlk canlı şounun
aparıcısı olmuşam. Azərbaycanda ilk dəfə
aparıcı müxtəlif qiyafələrdə, dinamik, sərbəst,
efirə çıxırdı. Tamaşaçılarla
sual-cavab edirdik. Mənimlə efirə çıxan zənci
oğlan da marağa səbəb olmuşdu. Qara oğlanla
ağ qız irqlər arası dostluğun
simvolikasıydı. Biz hər gün yenilik edirdik. Şou insanları
rahatlatmaq üçündür. Estetik zövqlərin
artması, cəmiyyətin əyləncə haqda təsəvvürünün
formalaşması üçündür. Əsl şouya
baxarkən tamaşaçı ekran önündə vaxt
itirdiyini deyil, həqiqətən dincəldiyini hiss etməlidir.
– Azərbaycanda şou da var?
– Əlbəttə, indiki
şitliklərdən danışmıram. Biz istedadlı
adamları axtarır, efirə çıxarırdıq.
Müğənnilər bizim verilişə əməlli
hazırlaşırdılar, yeni mahnılar
yazdırırdılar. Gəlib gic-gic şeylər oxumurdular. Əməlli
üslub yaratmışdıq. Efirdə arvad söhbətləri
etmirdik. Hər yaşda, hər işdə
tamaşaçımız vardı. Gəncləri tapıb
çəkirdim. Peşəkar insanlar haqda filmlər
hazırlayırdıq. Elə yaradıcı gənclər var
ki, onlar ilk dəfə bizim lahiyəmizdə ictimaiyyətə
təqdim edilib. Tok-şou da aparmışam, ayrı layihələrim
də olub. Müəllif verilişləri o vaxta qədər
portret formatında idi. Bizim verilişlər qəhrəmanı
yerdə də otuzdururdu, dağa-daşa da
çıxarırdı.
– Üzdən sonra imza
tanıtmaq asandır, amma məşhurluğun arxasında həmişə
gizlənmək olmur...
– Əgər imzam
tanınmasaydı, yazmayacaqdım. İmzam çox tez
tanındı. Özü də kimsəyə sataşmadan,
heç kimin bostanına daş atmadan tanıtdım. Cəmiyyətdən
mövzu çıxarıb işləmək asan deyil.
Mövzunu tum kimi çırtlamalısan. Sətiraltı
yazdıqların qana işləməlidir. Həm də hiss
olunmadan... Kimisə axmaq yerinə qoymaq, kiməsə “axmaq” deməkdən
qat-qat çətindir.
– Yazanda “mən” deyə
bilirsiniz?
– Yadımdadır, o gün
yazınızda Əlif Şəfəqi misal gətirmişdiniz.
Əlif deyirdi ki, yazar “mən” deməyi bacaran adamdır.
Razıyam. Özümü tərifləyərdim. Amma o qədər
özünü dahi elan edən var ki, maraqlı olmayacaq.
Ayrı forma tapana qədər “mən” deməyim qalsın. Həm
də gərək bir neçə kitabım-zadım
çıxsın ki, söhbətə ucadan başlayım.
– Ədəbiyyata ona görə
səs-küysüz gəldiniz?
– Ağına-bozuna baxmadan
yazmağa başladım, bir də gördüm ədəbiyyatdayam.
Doğru sözümdür. Kimsə deyə bilməz ki, Aysel ədəbiyyata
böyük-böyük iddialarla, nə bilim hay-həşirlə
gəlib. İnanın ki, mən ədəbiyyata gəlməmişəm,
həmişə ədəbiyyat mənə sarı gəlib. Ədəbiyyat
mənim həyatımda həmişə olub. Anam şairədir,
dayım yazıçı. Ailəmizdə hamı ədəbiyyat
oxuyur. Gözümü açandan evimizdə zəngin
kitabxana görmüşəm. Balaca qızcığaz idim.
Anam “Səfilləri” və “Dahi”ni qarşıma qoyub dedi ki,
“indi oxu, böyüyəndə bir də oxuyarsan”.
– Kitab oxumaq
yaxşıdır, yoxsa nağıl dinləmək?
– Nənə uşağıyam,
nənəmin yanında böyümüşəm. Nənəm
fizik idi. Alim idi. Amma elə bil ədəbiyyatçıydı.
O qədər şeir, nağıl, roman bilirdi ki... hardan
soruşsan, ordan deyərdi. Onu itirəndən elə bilirəm
istedadımın hansısa hissəsi qeybə çəkilib.
Mənə çox ruh verirdi. Elə hey mənimçün
yazmağa mövzu axtarırdı. Bir dəfə pəncərədən
bayıra baxırdı. Tələsik məni
çağırdı. Gəl, gəl bax. Görürsən,
bu cavan oğlan süpürgə satır yanındakı
xarici maşındakı yaşıdları da şit-şit
zarafatlaşır. Bu təzaddan yaz. Bizim vaxtımızda belə
şeylər yox idi. Mən çənəmi onun
başına söykəyib dedim: “uşaq vaxtı “Səfillər”i
oxuyandan sonra bildim ki, belə şeylər var”. Nənəmim
qaşları aşağı düşdü, təəssüfləndi,
mənə yazığı gəldi...
– Mövzuları necə,
özünüz tapırsınız, yoxsa onlar da Sizi
tapır?
– Çox şeylərdən
yazıram. Fəlsəfədən məişətə qədər.
Ölkədən, dünyadan, adamlardan, əməllərdən...
Çap olunana kimi o qədər cızma-qara edirdim ki, ev
doluydu kağız-kuğuzla. ABA-da bir baş redaktorumuz
vardı, adını deməyəcəm, israr etməyin, imkan
vermirdi ki, özümüzdən əlavə nəsə
söz deyək. Redaktorun yazdığını əzbərləmək
mənimçün zülm idi. Bir dəfə ssenari
üstündə bərk sözümüz düşdü.
Yazığı bezdirdim. Axırda kitablarını çəkməcədən
çıxarıb dedi ki, ay uşaq, bax, mən
yazıçıyam, gör nə qədər kitabım
çıxıb, mənimlə öcəşmə. Bilmirəm
ağlıma haradan gəldi, ona cavab verdim ki, mən sizdən
böyük yazıçı olacam. Yazmaq ehtiyacım həmişə
olub. Ancaq onda yazar olmaq fikrində deyildim, düzü.
Öz-özünə belə oldu.
– “El içində”
proqramımda “biz gəlirik” dediniz. Yol uzanmır ki?
– Gəliş nə gəliş...
Məncə, gələndə gərək xəbərdar edəsən
camaatı. Qəfildən gələrsən, ürəyi-zadı
gedən olar. Dedim axı, nə gəlibsə özü gəlib.
Sonra da gördüm ki, elə biz də gəlmişik.
– İki əsər –
övlad və kitab. Hansı tez dil açır?
– İnsanlığın nə
olduğunu bilənlər üçün ən böyük əsər
övladdır. Qadın üçün övlad lap önəmlidir.
Kişidə bir az başqa cürdür. Kişilər
süni mayalanmaya donorluq edirlər. Övladın harada, necə
doğulub-böyüməsi eyinlərinə olmaya bilər.
Ancaq heç bir qadın bilməzə-görməzə
donorluq etməz. İstisnalar bəlkə də var.
Qızım mənimçün möcüzə oldu. Naturaca
yalqız adamam. Çoxluğun içində də təkəm.
Birdən birə kiminçünsə
yaşadığımı anladım, təklik
öz-özünə keçib getdi.
– Adı nədir?
– Hələ
düşünürük... Qızımı məndən
soruşanda sevinirəm. Qəribə gəlir bəzən. Xəstəxanada
onun ağlamasını ilk dəfə eşidəndə elə
güldüm ki, həkimlər də mənə qoşuldular.
İnsanın yaranışı qarşısında hər
şey kiçilir.
– Bəs kitab
çoxaltmadı Sizi?
– Kitab “525-ci qəzet”in mənə
hədiyyəsidir.
– Doğrudan da, beş
qadın yazar layihəsi maraqlı ideyadır.
– Məncə də çox
maraqlıdır. Bizim ədəbi mühitimizdə yenilikdir,
ciddi hadisədir. Bu cür maraqlı layihələr ədəbiyyat
uğrunadır. 21-ci əsr ideyalar, hoqqabazlıqlar əsridir,
əndrəbadiliklər dövrüdür. Yenilik nə qədər
pis olsa, yenə yaxşıdır. Bu layihə hər iki halda
yaxşıdır. Həm yazarlar uğurla seçilib, həm
də təqdimat “krutoy”dur. Özümüzü təriflədim
axır ki...
– Bəs, Aqşinin təzə
romanını tərifləmək fikrin yoxdur?
– Nə deyim... Mənim
romanım deyil, doğrusu. Süjet yox, ideya yox, xətt yox. Həddən
artıq sözlə yüklənib. Həddən artıq bəzənmiş
gəlindir sanki... Təsvir çoxdur. Yazarın
üç-dörd ilə yazdığını oxucu iki
günə oxumaq istəyir. Ona görə də
yazıları artıq sözlərlə, ifadələrlə
yükləyəndə oxucu zora düşür. Belə bir təsəvvür
yaranır ki, müəllif günlərcə oturub romanı
ona görə yazıb ki, baxın, mən necə gözəl
cümlələr qura bilirəm göstərisi yapsın.
Ard-arda təsvirlər yazını
ağırlaşdırır. Gözəl ona görə
gözəldir ki, azdır, seçilir. “Göləqarğısancan”da
isə bir cümləni həzm etməmiş başqası gəlir.
Ümumiyyətlə, oxucu kimi böyük fikirlərin sadə
cümlələrlə ifadə olunmasının tərəfdarıyam,
sadə fikirlərin böyük-böyük cümlələrlə
yazılmasının deyil. Hər halda, yazara uğurlar
arzulayaram...
– “Ora”- yəni hara?
– Bütün hekayələrin
hansısa bir vacib obrazı olur. “Ora”nın obrazı insan deyil,
ucqar kənddir. Dərinə getsək, bir məmləkətdir.
Adama həmişə elə gəlir ki,
yaşadığı yerdə rahatlıq tapmırsa, mütləq
harasa uzaqlara – ora gedib toxdayacaq. Həmişə “ora” arzusu ilə
yaşayırıq. Şəhərdən yorulanlar macal tapan
kimi rayona, kəndə üz tuturlar. Hekayədə şəhərdən
bezən bir xarakter var. Burda şəhərli obraz yox, xarakter
kimi göstərilib. Ancaq o, kənddə də özünə
yer tapmır. Kəndin yoxsul, ağır həyatını
görüb dəhşətə gəlir. GÜNAZ TV-nin
aparıcısı Turac xanım hekayəylə bağlı
çox maraqlı bir sual verdi mənə. Hekayənin qəhrəmanı
özü rahatsızdır, yoxsa məmləkət
qüsurludur? İki səbəb də var yəqin ki. Digər
hekayələrin də motivizasiyası təxminən bu
cürdür. “Heyvancığazlar”ı çıxmaqla. Onun
tematikası daha qlobaldır. Hesab edirəm ki, yazıların
dili sadə və oxunaqlıdır.
– Onda gəlin “ora”dan yox,
qarşıdan danışaq: planda nə var?
– Şeirlər kitabı
hazırlayırıq. Mədəniyyət Nazirliyinin dəstəyi
ilə on iki kitab çap olunacaq. Biri də bizim. Bir neçə
aya çıxar yəqin. Bir də dediyim kimi publisistik
yazıları kitab halına salmaq istəyirəm.
LENT.AZ
525-ci qəzet.- 2010.- 13 fevral.- S.25.