Azərbaycan dilçiliyində Kamal Abdulla fenomeni
On bir il bundan əvvəl Kamal müəllimin məşhur “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı kitabı (Bakı, 1999) yenicə çapdan çıxmışdı. Həmişəki kimi, üstünü yazaraq mənə bağışladığı həmin kitabla tanış olandan sonra növbəti görüşdə ona dedim ki, Siz Azərbaycan dilçiliyində bir fenomensiniz. Söz də vermişdim ki, mən bu fenomenliyi necə başa düşdüyümü mətbuatda yazıb çap etdirəcəyəm. Lakin illər ötdü, Kamal Abdulla bu illərdə daha çox bədii yaradıcılıqla məşğul olmağa başladı. Rektor oldu, AMEA-nın müxbir üzvü seçildi, böyük Beynəlxalq simpozium və konfransların təşkilatçısı və ilhamvericisi oldu. Təkcə dünyanın yüz dahisinin əsərlərinin orijinaldan dilimizə tərcümə edilib çap olunması ilə bağlı fəaliyyəti son dərəcə səmərəli qiymətləndirilə bilər. Onun sorağı dünyanın o başından gəlir, əsərləri alman, rus, fransız, ispan, polyak və s. dillərinə tərcümə olunur, o artıq dünyada tanınmış Azərbaycan yazıçısı, dramaturqu və ədəbiyyatşünası, bir sözlə bizim fəxr edə biləcəyimiz dünya səviyyəli bir alimə çevrilir. Bəli, o daha çox ədəbiyyatçı kimi, ya da nadir hallarda teleekranlarda dilimizlə bağlı çıxışları ilə yaddaşıma həkk olunmağa başladı. Arabir onun rəhbərlik etdiyi ali məktəbdə fəaliyyət göstərən doktorluq müdafiə şurasının iclaslarında opponent kimi iştirak edərkən və elə bir vaxtlar o şuranın üzvü olarkən çıxışlarına qulaq asırdım. Dilçi kimi güclü potensiala malik olduğunu bildiyimdən gözləyirdim ki, yeni əsərlə meydana çıxsın. Bu özünü çox gözlətmədi. Budur, bu yaxınlarda çapdan çıxmış “Dilçiliyə səyahət” kitabının üstünü adəti üzrə yazaraq mənə verdi. Əlimə yaxşı fürsət keçmişdi. Bir dəfə dediyim sözü təsdiqləmək lazım gəldi. Kitabı götürüb birnəfəsə oxudum. Düzü heyranlığımı gizlədə bilmirdim. Əvvəla kitabın yazılış janrı və üslubu adamı valeh edir. Müəllif Zalxa və Əhməd kimi bir-birini sevən gənclərin vasitəsilə dilşiliyin dolanbac yollarına gəmi ilə səyahətə çıxır və hər bir dilçilik problemini bir adaya bənzədərək onun açmasını verir. Kitabın üzqabığında aşağıda yazılıb ki, bu kitab dilçi olmayanlar üçün dilçilikdir. Axırda da müəllif yazır ki, onu “Hamı üçün dilçilik” adlandırmaq istəyirmiş. Kitabla yaxından tanışlıq göstərir ki, hər üç ad bu kitaba yaraşır. İndi mən öncə Kamal Abdullanın fenomenliyini şərh edim, sonra burada haqqında danışdığımız kitabın üzərinə qayıdarıq.
Kamal Abdullanın fenomenliyi ondadır ki, o, möhkəm özül üzərində dayanan mühakimələr yürütmək və müşahidə elədiyi hadisələri, faktları öz analitik təfəkkürünün süzgəcindən keçirib onları dərindən təhlil etmək, onlardan ümumi nəzəri nəticələr çıxartmağı yüksək dərəcədə bacarır.
Kamal müəllimin intensiv mütaliəsi ona müasir dilçiliyin ən aktual problemlərinə dair fikirlər yürütməyə imkan və zəmin yaradır. Azərbaycan dilinin sintaksisi sahəsində irəli sürdüyü müddəalar bu gün də aktuallığını qoruyub saxlamaqdadır.
Kamal müəllim cümlənin aktual üzvlənməsi və mətn dilçiliyi sahəsində orijinal fikirlər söyləyən ilk alimlərimizdən biridir. Onun mətnin quruluşu və tərkibi ilə bağlı verdiyi ümumiləşmələr bu sahənin Azərbaycanda onun adı ilə bağlılığını şübhə altına qoymur.
Kamal müəllimin xarici və rus dilçiliyini dərindən tənqidi təhlil edərək öyrənməsi ona imkan verir ki, çağdaş nəzəri dilçiliyin ön sıralarında addımlasın.
Nəhayət, Kamal müəllimin fenomenal yaddaşı, obrazlı ifadə vasitələrindən bacarıqla istifadə etməsi hər yerdə ona baş ucalığı gətirir.
Təzə kitabı isə Kamal müəllimin yaradıcılıq zirvəsində durmasından xəbər verir. Müəllif Zalxa və Əhməd sevgisinin işığında dilçiliyin mühüm problemlərini elə çözələyir ki, oxucu böyük həvəslə onların ardınca gedir, bir tərəfdən Kamal Abdullanın ustalıqla şərh elədiyi dil və dilçilik mətləblərilə yaxından tanış olur, digər tərəfdən isə intizar içində hadisələrin gedişini izləyir ki, onların sevgisinin aqibəti necə olacaq. Özü də saysız-hesabsız haşiyələr və bənzətmələrlə, avtoritetlərə yerindəcə müraciətlə. Balaca bir kitabda daha kimlərin adları çəkilmir, kimlərdən sitat gətirilmir. Qədim yunan filosoflarından tutmuş, ünlü şair və yazıçılaradək, dilçiliyin şah damarını təşkil edən məktəb və nümayəndələrədək: Platon, Kaşqari, V.fon Humboldt, F.de Sössür və s. və i.a. Kitabın “Giriş əvəzi” bölməsində oxucuya aydın olur, bu kitab sadəcə dil və dilçilik haqqında hekayələr deyil, o daha çox fəlsəfi, linqvistik və psixoloji biliklərin sintezidir, o dilin mübhəm sirlərinin açılmasını qarşısına məqsəd qoyub. Elə “eyni çaya iki dəfə girmək olmaz” fəlsəfi söyləminə müəllifin verdiyi ilk şərh dediyimizi bir daha sübut edir. Yəni dil insanın əbədi sərvətidir, hər zaman insan homo sapiens olaraq həyatını dildə keçirir və dilə köklənir:uğuru da, sevinci də, kədəri də, uğursuzluğu da dildə olur.
Artıq birinci fəsildə öz gənc bələdçilərinə aydın olur ki, Kamal müəllim böyük alimlərin yanında olub. O hələ Moskva mühitini xatırlatmır. Əsas odur ki, Zalxa Əhmədlə yaxından tanış olmaqla bərabər, dilin mahiyyəti, tipləri, habelə bu nəsnələr haqqında uzun əsrlərdən bəri keçib formalaşmış bir elmin-dilçiliyin xüsusi tədqiqat üsullarına bələd olsunlar. F.Bekondan sitat gətirərək metodu “qaranlıq yolda fənər” adlandırır. Haşiyələr fəsillərin bəzəyidir. Mətnin içində deyə bilmədiyini müəllif haşiyələrdə açıqlayır. Deməli, dilin əmələ gəlməsindən tutmuş onun təfəkkürlə əlaqəsi, reallaşması formaları, habelə dillərin qohumluğu (V.Counzdan gətirdiyi nümunə-s.30) və bir-birinə qarşılıqlı təsiri, dilin keçmişi və bu günü, böyük türk oğlu M.Kaşğarinin dünyada ilk ensiklopedik lüğətin müəllifi olmasını Kamal müəllim necə də şövq və heyranlıqla izah edir!
Kamal müəllim kitabında görkəmli şəxsiyətlərə, filosoflar, dilçilərə, yazıçı və şairlərə gen-bol yer ayırır, bəzən onlardan kiçik bir nümunə verməklə dilçilik problemini çözələməyə müyəssər olur.
İkinci fəsildə söhbət dilin ən kiçik elementlərdən – səslərdə reallaşan fonemlərindən, bu fonemlərin rəngarəng birləşməsindən sonsuz cümlələri yarada bilməsini C.Londonun əsərindəki efemerə-birgünlük ömrü olan kəpnəklərə istinadən səsin ötəri, ani olmasını, amma eyni zamanda bu səslərdə reallaşan fonemlərin sonu məlum olmayan cümlələrin maddi qabığını təşkil etdiyini məharətlə açıb göstərir. Doğrudan da, möcüzədir ki, cəmi 12 fərqləndirici əlamət minlərlə sözün və cümlənin maddi tərəfini yaradır. O eyni zamanda saitlərin assonansını və samitlərin alliterasiysını xüsusi şövqlə izah edir. Kamal müəllim bu fəsildə səs simvolizmini də unutmur, səs oxşarlığı və semantik səviyyədəki izomorfizmlə dillərin qohumluğunu açıb göstərməyə xidmət edir. Dilçiliyin böyük nailiyəti kimi tarixi-müqayisəli və gənc qrammatiklərin dillərin genetik qohumluğu ilə bağlı fikirlərini Zalxa və Əhmədin gələcək qohumluğu və ümumilikdə şəcərə üçün bir istiqamətləndirici rolunu oynaya biləcəyini gizlətmir. Dilçiliyin yaranmasında son dərəcə mühüm rol oynamış və hələ də mübahisəli olan adlandırma problemi kitabın 3-cü fəslinin məzmunu təşkil edir. Burada Dədə Qorqudun advermə ənənəsi, ulu dil məsələsilə bağlı söylədiyi fikirlər (A.Şleyxerin “At və qoyunlar” təmsili ilə ulu german dilini bərpa etməsi cəhdi uğursuz oldu, çünki o yalnız sadəcə cəhd idi-F.V.) maraqla qarşılanır. Dillərin qohumluq dərəcəsini əks etdirən cədvəllər, dil tiplərinin (analitik, sintetik, inkorporativ) və morfoloji bölgü (flektiv, aqlütinativ və kök dillər) prinsipləri kitabda dolğun şərh olunub. Məlumdur ki, dilçilik elmi inkişafdadır və buna görə də istənilən bölgü elmdə axırıncı söz deyil. Bu gün dünyada 6300 dil mövcuddur, o dillərin çoxu mövcud bölgü çərçivəsinə sığmır.
Ötən əsrin ortalarında böyük rus dilçisi L.Şerba sintaksislə semantikanın sıx əlaqəsini göstərmək üçün süni cümlə düzəldib tələbələrinə başa salırdı ki, linqvistik struktur semantik açılış üçün vacibdir, ancaq hər qrammatik cəhətdən düzgün qurulmuş struktur hər zaman mənalı olmur. Nümunə kimi belə cümlə düzəltmişdi: //Qlokaə kuzdra şteka udlanula bokra i kudrəçit bokrenka//. Cümlə qrammatik struktur kimi normaldır,ancaq heç bir məna bildirmir. Burada yalnız /i/ bağlayıcısı rus sözüdür. Sonralar rus mənşəli N. Xomski ingilis dilində //Green ideas sleep furiously// (Yaşıl ideyalar vəhşicəsinə yatırlar) kimi cümlələrlə ideyanı təkrar etdi. Həmin bu beşinci fəsildə Kamal müəllim dil vahidləri və onlar arasındakı münasibətləri əsas götürən məktəbləri və onarın nümayəndələrinin fikrlərini təhlil edir (Yelmslev, F.de Sösür və s.). Bundan başqa sistem-struktur münasibətlərindən söz açaraq F.de Sösürün məşhur şahmat oyunu ilə müqayisəsini yada salır və sonra göstərir k, dilçilik elə oyunlarla doludur. Şahmatla müqayisə o mənada uğurlu sayıla bilər ki, onda yaranan hər ankı oyun vəziyyəti dilin konkret tarixi kəsimini, yəni müəyyən zamanda səviyyəsini tam əks etdirir. Ancaq fiqurlarla dil işarələrini eyniləşdirərkən isveçrəli ustad səhvə yol verirdi, çünki dil işarələrinin təbiəti yalnız və yalnız səslər ola bilər.
Dedik ki, Kamal müəllim
orijinal üsul seçib. Platon kimi, Laybnis kimi o da dialoqlardan
istifadə edərək öz niyyətinə çatmaq istəyir.
Onlar kimi, Kamal müəllim də bəzi fikirləri
Zalxanın və Əhmədin dililə deyir, hərçənd
ki, bunların müəllifinin özü olması heç
bir mübahisə doğurmur. Deməli, Markes, Folkner , Borxes ,
Füzuli, S.Vurğun və s-dən misal verməklə dilin
bütün oynaqlığını açıb göstərən
müəllif altıncı fəsildə psixodilçilik
üçün son dərəcə maraqlı mətləblərə
toxunur və dolayısı ilə Sepir-Uorf fərziyəsini qəbul
edir və deyir ki, dillər zəngin və qeyri zənginliyinə
görə bir-birilərindən fərqlənir.
Dilin yaranması ilə
bağlı mübahisələr və müzakirələr
tarixən mövcud olub, bu gün də vaxtaşırı
gündəmə gəlir. Bu zaman hansı xalqın və
dilin daha qədim olmasını sübut etmək
üçün hər cür vasitələrə əl
atılır. Misir padşahının da, dini mənbələrin
də, əmək, səs təqlidi və nida nəzəriyyəsi
kimi digər nəzəriyyələrin də mövcud olmaq
haqqı var. Ancaq onlardan hansının daha doğru olduğunu
sübut etmək çətindir, əslində heç
mümkün də deyil. Kamal müəllim də bu məsələyə
ayrıca fəsil ayırıb. Ancaq sonda öz mövqeyini
açıqlamağı da yaddan çıxartmayıb. Onun
fikrincə, dilin yaranmasının özülündə
bütün fərziyyə və fikirlər içərisində
sübuta ehtiyac olmayanı məhz “İlahi nəzəriyyədir”(s.171).
Son dövrlərin tədqiqatları birmənalı şəkildə
sübut edirlər ki, dil anadangəlmədir. Düzdür bunu
Kartezian dilçiliyi də irəli sürmüşdü və
nəzəriyyəni belə adlandırmışdı: innate
idea. Deməli, dilin yaranması və hansı dilin birinci
olması ilə bağlı fikir və mülahizələr
zaman-zaman dövriyyəyə buraxılır, sonra bu fikirlər
səngiyir, gündəmə daha vacib məsələlər
çıxarılır. Elə Kandilakın dövründəki
kimi, F.de Sössürün zamanındakı kimi. Birinci dilin
yaranması ilə bağlı fikirlərin müzakirəsinə
veto qoymuşdu, ikinci isə diaxron tədqiqatları əhəmiyyətsiz
hesab edərək, dilin mahiyyətini açmağa daha
böyük önəm verdiyini xüsusi qeyd edirdi. Hesab edirəm
ki, bu cür kitablarda dilin yaranması haqqında müzakirənin
aparılması məntiqi görünür, xüsusilə nəzərə
alsaq ki, müəllifin səfər müşayiətçiləri
bir-birinin kimliyini və keçmişini israrla öyrənmək
istəyirlər. Burada da Kamal Abdulla o biri fəsillərdə
olduğu kimi qədim tarixi məxəzlərdən (Herodot,
Platon, İncildəki Banilistan əhvalatı, müqəddəs
Quran) ta dövrümüzə qədər (Y.Herder, Engels, Marr
və s.) bu problemlə bağlı deyilmiş fikirlərə
söykənərək öz qəti fikrini
açıqlayır.
Kitabın
axırıncı, səkkizinci fəslində Kamal müəllim
üçün doğma olan problemlərə meydan verilir. Bu
da aktual üzvlənmə məsələsidir. Zalxanın /Əhməd
sabah Bakıya qatarla yola düşəcək// məlumatından
çıxış edərək fəsildə cümlənin
söz düzümü, intonasiya qəlibi və alt və
üst qatdakı mənalarını məharətlə
çözələyən müəllif Okkam
ülgücündən istifadə edərək cümlədəki
yeni və köhnəni qarşılaşdırır və
göstərir ki, danışan yuxarıdakı söz
düzümünü elə belə öz istədiyinə rəğmən
seçməyib, Buna həmin danışıq məqamından
öncəki presuppozisiya səbəb olub. Qrammatik struktur isə
həmin presuppozisiyanın əsiri olaraq reallaşıb.
Cümlədə birinci yerə çıxarılan element
danışana məlum olandır: /Əhməd/, /sabah/,
/Bakıya/, ancaq bunlardan fərqli olaraq Zalxa üçün Əhmədin
yola düşməsi, həm də qatarla yola düşməsi
son dərəcə vacib informasiyadır, çünki qız
bunu heç istəməzdi. Hər nə olursa olsun, Kamal
müəllim bu fəsildə öz ampluasındadır və
materialın çözülməsində məharətini
nümayiş etdirə bilir. Sonda müəllif Azərbaycan
dilçiliyinin 50-ci illəri üçün səciyyəvi
olan linqvistik paradiqmini verir, müəllimlərini böyük
məmnuniyyət hissilə sacayağı kimi təqdim edir.
Ancaq etiraf edək ki, növbəti səyahətdə, əgər
beləsi olacaqsa, bu paradiqma tamam başqa cür olacaq və
olmalıdır.
Kitabda son dərəcə zəngin
irsdən istifadə olunub. Buradakı dilçi və alimlərin
siyahısını tərtib etsək, böyük bir
biblioqrafik göstərici ortaya çıxar. Kitabda həm də
böyük linqvistik aparat mövcuddur. İşlədilən
söz və terminlərin özləri də maraqlı
olduğu qədər dəqiq və yerində işlənir:
sistem və struktur, əlaqə və münasibələr
birliyi və ya toru, sinxron, informasiya, entropiya, funksiya, küy,
kanal, alt və üst qatlar və s. və i.a. Kitabın sonunda
da maraqlı terminlər sadalanır: paralinqvistika, linqvopoetika,
riyazi dilçilik. İstərdik ki, yeni səyahətlər qələmə
alınsın, onlarda bu dəfə öz ifadəsini tapmayan
konsepsiyalar (İ.A.Boduen de Kurtene, onun ikili üzvlənmə nəzəriyyəsi,
fonem, morfem, sıfır morfem, alternasiya nəzəriyyəsi,
E.Koseriu və üçlü üzvlənmə nəzəriyyəsi)
və terminlər açılıb göstərilsin
(redundantlıq, relevantlıq, izomorfizm, sinkretizm, neytrallaşma
və və i.a.) özünə yer alsın.
Bütövlükdə biz
Kamal qardaşımızı bu möhtəşəm layihəni
uğurla həyata keçirdiyi, kitab rəfimizə çox dəyərli
bir kitab yazıb bəxş etdiyi üçün ürəkdən
təbrik edir və ona yeni-yeni yaradıcılıq
uğurları diləyirəm.
Fəxrəddin Veysəlli,
Alman Germanistləri Birliyinin
və Beynəlxal Fonetika
Elmləri
Cəmiyyətinin üzvü, akad.Y.Məmmədəliyev
mükafatının laureatı f.e.d., prof.
525-ci qəzet.- 2010.- 13 fevral.- S.24.