Milli Kitab Mükafatının təsisçisindən
müəlliflərə “1 may sürprizi”
NİGAR KÖÇƏRLİ ƏDƏBİ MÜHİTDƏ BÖYÜK MARAQ DOĞURAN EKSPERTLƏR ŞURASININ TƏRKİBİNİN QALİBLƏR ELAN OLUNDUĞU GÜN AÇIQLANACAĞINI DEYİR
Milli Kitab Mükafatının Ekpertlər Şurasının “uzun siyahı”dan onluğu seçməsinə nə az-nə çox, düz yarım ay vaxt kifayət etdi. Qışın nəfəs donduran oğlan çağında yetərincə isti “Əli və Nino” kafesində açıqlanan siyahı kiminin canına üşütmə saldı, kiminin də, soyuğa baxmayaraq, qanını qaynatdı. Obyektiv və ya subyektivliyinə baxmayaraq, KİTAB adına ortaya atılan bütün təşəbbüslərin alqışlanmalı olduğu bir vaxtda bəlkə də “Ekspertlər Şurasında kimlər olub?” sualı bir qədər yerinə düşməyə bilər. Amma nəzərə alsaq ki, sözügedən şura artıq öz işini yekunlaşdırıb və onun üzvlərinin adlarının cəmiyyətə açıqlanması sonrakı nəticələrə heç bir təsir göstərməyəcək, üstəgəl, bunu açıq desələr də, deməsələr də, nəinki iyirmiliyə düşən və sonradan tam yarısı kənarda qalan yazarlar, həmçinin müsabiqəyə qatılan hər bir yazıçı onların yaradıcılığını qiymətləndirənlərin kimlər olduğunu bilmək istəyir, onda bu sualımız sadəcə jurnalist marağı ilə əlaqələndirilməz. Fikrimcə, müsabiqəyə əsər təqdim edən 265 yazarın hamısı olmasa da, yəqin çox böyük əksəriyyəti onların əsərlərini ilkin seleksiya mərhələsindən keçirənlərin kim olduğunu bilmək arzusundadır və buna haqqı çatdığını düşünür.
Onluqdan kənarda qalan bəzi yazıçılarımızla kiçik bir jurnalist sorğusu aparıb söhbətin gedişindən anladıq ki, müsabiqədə iştirak edənlər seçilən əsərlərin hansı kriteriyalarla müəyyənləşdirilməsini, iyirmi əsər haqqında yazılı rəyin nədən ibarət olmasını bilmək istəyir.
Seyran Səxavət əsərinin onluğa düşməməsini gözlənilməz qarşılayıb və sualımızı bir qədər ironik cavablandırdı: “Bu mükafata qədər mən bilmirdim ki, əslində milli deyiləmmiş. Onluqdan sonra bunu bildim. Ekspertlər Şurasının tərkibi, əlbəttə ki, cəmiyyətə açıqlanmalıdır. Bunun daha proses bitəndən sonra da gizli saxlanılması düzgün deyil. Bəyəm gizli saxlamaqla obyektivliyi təmin eləmək olar? Bilinməlidir ki, bu əsərləri kim seçib. Ekpertlər Şurası neçə nəfərdir ki, belə qısa müddətdə 260-dan artıq əsəri oxuyub qurtardı? İndi belə hiss eləyirəm ki, müsabiqə başlayandan bunlar mükafatı kimə verəcəklərini müəyyənləşdiriblər. İstərdim ki, onluqda Həmid Herisçi, Mövlud Süleymanlı yer alsın. Özümün yer tutmayacağımı bilirdim. Əsərimi də elə-belə göndərmişdim. Dedim ki, bu bəlli olmayan ekspertləri də bir dişimizə vuraq, görək nə olur? Ekspretlər Şurasının gizli saxlanması nəsə bir az birtəhər görünür”.
Xalq yazıçısı Mövlud Süleymanlı da Ekspertlər Şurasının tərkibinin açıqlanmasını istəyir: “Adları açıqlasınlar ki, əsərlərə rəy verənlərin, qiymətləndirənlərin kimliyini bilək. Hər halda ilkin seçimi kimlərin apardığı maraqlıdır. Onluğa düşməməyimin mənim üçün elə bir fərqi yoxdur. Mən öz sözümün çəkisini, dəyərini bilirəm. Sadəcə Milli Kitab Mükafatı ilk təşəbbüs olduğuna görə, orada iştirak etmək istədim. Təki yaxşı əsərlər yazılsın və mükafatlandırılsın”.
Taleh Şahsuvarlı əvvəlcə Ekspertlər Şurasının açıqlanmasını arzulayıb: “Hər halda əsərimi kimlərin qiymətləndirdiyini bilmək istəyərdim. Bəlkə də əvvəldən açıqlanmayıbsa, elə indi də bilinməməsi yaxşıdır. Ancaq ekspertlər öz vəzifələrini bitiribsə, açıqlana bilər. Şübhəsiz ki, onların əvvəl müəyyənləşdirdikləri iyirmilik siyahı haqqında yazılı rəyləri var. Əgər yazılı rəyi yoxdursa, bu, çox pisdir. Heç olmasa, onların iyirmilikdəki əsərlər haqqında olan rəyləri cəmiyyətə açıqlansın. Həmkarlarımı təbrik edirəm. Onluğa seçilməsəm də, müsabiqəni sonuna qədər dəstəkləyirəm. Təsisçiyə təşəkkür edirəm ki, belə gözəl bir müsabiqə ənənəsinin əsasını qoydu”. T.Şahsuvarlının fikrincə, bu siyahı daha az gündəmdə olan, ancaq ədəbiyyatda kifayət qədər peşəkar sayılan insanları cəmiyyətə bir daha təqdim eləmək məqsədilə seçilib: “Sanki burada gizli bir marketinq marağı hiss olunur. O nöqteyi-nəzərdən də bu meyarı dəstəkləyirəm və yaxşı ənənə hesab edirəm. Amma Mövlud Süleymanlının, Seyran Səxavətin, Məqsəd Nurun, İlqar Fəhminin, mənim və başqalarının onluqdan kənarda qalması onların əsərlərinin daha zəif, seçilənlərin daha yaxşı olması anlamına gəlmir. Onluqda əsərimin olmaması məni qətiyyən ruhdan salmadı, gələcəkdə də belə mükafatlara əsər göndərəcəyəm. Belə müsabiqələr yazıçıya daha artıq stimul verir, daha geniş rəqabət imkanları və oxucu bazarı açır. Bu müsabiqədən çox faydalandım”.
Həmid Herisçi əsərini mükafat üçün yazmadığını bildirib: “Bizim iştirakımız bu müsabiqəyə dəstək verib. Olmamağımız da təsir edir. Bizim münasibətimiz cəmiyyət üçün maraqlıdır. Mənim üçün fərqi yoxdur ki, Ekspertlər Şurasında kimlər var, əsərləri kimlər dəyərləndirib. Mən yazıçıyam, əsas işim də yazmaqdır. Özüm onluqda olmasam da, başqalarının uğurlarına sevinmək istərdim. Sevindiricidir ki, Azərbaycanda kitab müsabiqəsi keçirilir”.
Məqsəd Nur onluğa seçilən həmkarlarını təbrik etməklə bərabər, Ekspertlər Şurasının tərkibinin açıqlanmasını istəyir: “Onluq nə çox zəif, nə çox güclüdür, normal siyahıdır. Hər birinə yaradıcılıq uğurları arzulayıram. Bu müsabiqə ədəbiyyatı, kitabı təbliğ edir. Ona görə də bu mükafatın ətrafında mənfi ajiotajın yaradılmasını istəmirəm. Çünki bu iş ölkəmizin ədəbi prosesi, ədəbiyyatımızın inkişafı üçün önəmlidir. Əsas odur ki, yazarlar iştirakıyla bu müsabiqəni daha da urvatlı eləsinlər. Ancaq bütün hallarda Ekpertlər Şurasının açıqlanması, əgər müsabiqənin təsisçisi lazım bilsə, nəinki şuranın, həm də təqdim olunan 265 əsərin adının da cəmiyyətə bildirilməsi pis olmazdı”.
Ədəbiyyatın sosial önəmini artırmaq məqsədilə yaradılan, obyektivliyi və xoş niyyəti ilə cəmiyyətdə hər kəsin rəğbətini qazanan Milli Kitab Mükafatının əsas siması hesab olunan təsisçi Nigar Köçərlinin də məsələ ilə bağlı fikrini bilmək istədik. “Cəmiyyətin və müsabiqədə iştirak edən yazarların mükafata olan marağı, onun obyektiv keçirilməsinə bəslədikləri inamı nəzərə alaraq Ekspertlər Şurasının adları açıqlanacaqmı” sualını buna cavab verəcək yeganə səlahiyyətliyə – təsisçiyə ünvanladıq. N.Köçərli qəzetimizə eksklüziv olaraq verdiyi məlumatda bildirdi ki, onluqdan seçiləcək ilk üç qalib elan edilən zaman, yəni mayın 1-də Ekspertlər Şurasının tərkibi də açıqlanacaq: “Açığı, bunu hələ demək istəmirdim. Sürpriz kimi mayın 1-nə saxlayırdıq. Amma bir halda ki, bunu bilməkdə həm iştirakçı yazıçılar, həm də cəmiyyət maraqlıdır, indidən deyim ki, qaliblər açıqlanan gün Ekspertlər Şurasının adını da cəmiyyətə elan edəcəyik”.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 13 fevral.- S.22.