Alma oğrusu ilə görüşmək istəyi

 

 (esse)

 

4 ildən çoxdur ki, insomniyadan (yuxusuzluq xəstəliyi) əziyyət çəkirəm. Yenə hər zamankı adətim, gözlərimi yumub saymağa başlayıram: 1, 2, 3, 4... yox, belə olmayacaq. Yerimin içində o tərəf- bu tərəfə çevrilirəm. Əvvəlcə beynimdəki düşüncə aparatını söküb kənara qoymaq lazımdır. Heç olmasa, beşcə dəqiqəlik. Özümdən xilas olmaq istəyirəm. Sonra saatın çevrəsində əqrəblərin qovhaqovuna düşüb, 5 dəqiqəmi itirirəm. Sonra yenə beynimin qatlarına düşüncələr damaraq, rahatlıq vermir. İçimdə bir adam ölür. Fəryadını, hıçqırtısını, ürəyimə süzülən göz yaşlarını hiss edirəm. Səs qulaqlarımda cingildəyir. Bu gecə yatmayıb qisasını alacağam. Təki sən ağlama... Bax, yarama duz səpmişəm. Ağlama. Bu gecə mütləq o divdən sənin qisasını alacağam. “Ağlama, bəsdi!” – deyə bilmirəm...

Bircə sənin səsini kəsə bilsəm... Bilirsən, bu gün qəzet köşkünün qarşısında çoxlu adama rast gəldim... Sevinirsən... Elə mən əvvəl belə sevinmişdim. Sonra biləndə ki, o adamlar siqaret almağa gəliblər... bəlkə o adamlar qəzetlərdəki problemlərdən qurtulmaq üçün köşklərdən qəzet yox, siqaret alırdılar?.. Bəlkə susasan? Axı mənim düşünməyimə imkan vermirsən! Gəl bir az dərdləşək... Deyirlər, dərdi bölüşdükcə azalar. Bəsdir ağladın. Hərdən mənə elə gəlir ki, bizim yaşantılarımız Tanrı tərəfindən proqnozlaşdırılıb. Hətta qədər məğlub olsaq, uğur qazansaq, fərqli həyat tərzi yaşasaq belə həyatımız Tanrının cızdığı sərhədlərdən o tərəfə keçə bilməz. Demək, sən belə düşünürsən, eləmi? Səncə, buna lüzum var? Məncə, o sərhədləri aşanlar kəşf olunmamış insanlardır, yaxud bizim arzu etdiyimiz... O sərhədləri aşanlar cəsarətlilər, qul kimi yaşamağa etiraz edə bilənlərdir... Səncə? Susursan. Təki ağlama. Bilirsən, hərdən ağlımdan o sərhədləri aşmaq keçir. Heç kəsin etmədiyini eləmək. Yer adlı planetdə özünə yer tapa bilmədiyini görüb yaşadığın şablon həyata STOP deyib, inqilab etmək... Gülürsən. Bilirəm, absurd səslənir. Acizik... Amma təslim olmuram, təslim olmaq sondur.

Hərdən mənə elə gəlir ki, biz uğurlar, mükafatlar üçün tələsirik. Amma unuduruq ki, qədər tələssək , sonda mükafatımız ölümdür. Sənə elə gəlmirmi ki, insanlar zirvələri fəth edib artıq, zirvəyə yol axtarmaq lazım deyil. Düşün, adətən bizdən aşağı səviyyədə olan insana yuxarıdan aşağı baxırıq. İnkar etmə, belədir. Hər kəsin özünəməxsus fəth etdiyi, ayaqlarını yerə basdığı zirvə nöqtəsi var. Təsəvvür et, zəlzələ baş verərkən torpaqda dərin çatlar yaranaraq, torpaqda ayrılmalar baş verir sən uçurum kimi ayrılmış torpağın kənarındasan. Bayaq özünü torpaqda ayaq üstə durmuş kimi hiss etdiyin anda indi hündür bir uçurumun kənarındasan... Fəth etdiyimiz, lakin fərqində olmadığımız zirvələr bax o uçurumlardan başlayır... Həyatında bir titrəyişin, silkələnmənin olması yetər ki, özünün necə bir zirvədə olduğunu görə biləsən... Səsin yaxşı kəsilib. Bəlkə razılaşmırsan dediklərimlə, “ məntiqsiz danışırdeyib ironiya da edirsən... Amma inan mənə, hər bir insan özlüyündə dahidir, sadəcə o anları tutub hiss etmək lazımdır. Hər bir insanın heç kəsdə olmayan, onu ətrafdakılardan fərqləndirən mütləq bir dahilik simptomu olur. Ona yoluxmaq lazımdır...

Səhər açılacaq. Yenə absurd fikirlərin burulğanında boğuluram. Görürsən, bu div gəlib çıxmaq bilmədi...

 

 

Yeganə CANSAİL

 

5250-ci qəzet.- 2010.- 13 fevral.- S.22.