“Kərəm kimi” Ankarada və Amsterdamda

 

Xəbər verildiyi kimi, Anarın Nazım Hikmətə həsr olunmuş “Kərəm kimi” kitabı Türkiyədə nəşr edilib. 2009-cu il Kasım ayının (noyabrın) 2-də Ankarada Konqreslər və Sərgilər Mərkəzində müəllifin iştirakıyla kitabın təqdimat mərasimi keçirilib. Kitab Türkiyə ictimaiyyətində böyük maraq doğurub. Anar bir neçə telekanala və mətbuata bununla bağlı müsahibələr verib.

Qəzetlərdə və dərgilərdə kitab haqqında yazılar dərc olunub. Təqdimat ərəfəsində “Tanımadığımız Nazım Hikmət” başlığını birinci səhifədə manşetə çıxaran “Hürriyət” (1 noyabr) qəzetində çap edilmiş yazıda deyilir:

“Həyatdaykən Nazımla tanışma və görüşmə imkanı bulan görkəmli ədəbiyyat adamlarından Anar özünün şahidi olduğu və ya eşitdiyi faktlarla zəngin “Kərəm kimi” kitabını təqdim edir”.

Qəzetin 6-cı səhifəsində “Tanımadığınız Nazım Hikmətlə tanışmaya dəvətlisiniz” başlıqlı daha geniş yazıda kitabın təqdimatı haqqında elan verilir: “Məşhur yazar Anar həm kitabı haqqında bilgi verəcək, həm də sorğuları cavablandıracaq”. Sonra yazıda kitabdan parçalar verilir. “Hürriyət” qəzetinin 5 noyabr sayında da “Nazımın Moskvada verdiyi şıklıq dərsi” başlığı ilə iri yazı dərc olunub.

“Anar Nazım Hikmət ilə görüşmüşdür, onunla bağlı xatirələrini, böyük şairlə əlaqədar olan və bu günə qədər çox da bilinməyən hadisələri “Kərəm kimi” kitabında qələmə almışdır. Nazım Hikmətin “Günəşi içənlərin türküsü” adlı kitabı 1929-cu ildə Bakıda nəşr olunduğu kimi, Anarın bizim bilmədiyimiz Nazım Hikməti anladan kitabı da ilk dəfə Ankarada basıldı. Kitabın nəşrini təmin edən qurum də diqqəti çəkir: Avrasiya Yazarlar Birliyi milliyyətçi-mühafizəkar mövqeyə sahib olan önəmli bir ədəbiyyat təşkilatıdır. Bu kitabın nəşrini Türkiyədə milliyyətçi-mühafizəkar bir ədəbiyyat qrupunun Nazımdan ilk rəsmi üzrü olaraq da qiymətləndirmək mümkündür. Anarla Avrasiya Yazarlar Birliyinin Genel Mərkəzində gündüz saatlarında bir araya gəlib Nazım Hikmət kitabı haqqında söhbət etmək imkanı buldum. Söylədikləri arasında mənə görə ən diqqətçəkəni Nazım Hikmətin Türkiyədə Kommunizmin rəmzi qəbul edildiyi halda, Azərbaycanda Türklüyün simvolu olaraq böyük sevgiylə qarşılanmasıdır. Anarın bu toplantılar sırasında Nazım Hikmətin tez-tez “Mən türkəm, siz də türksünüz, millətimiz, dilimiz bir” – deyə vurğuladığına özünün şahid olduğunu söyləməsi özəlliklə diqqəti çəkir. “Kərəm kimi” adlı kitab Nazım Hikmətin Sovetlərdəki macəralarına və şəxsiyyətinə işıq salır”.

Daha sonra kitabdan parçalar verilir. “Ankara” qəzetində (9 noyabr) Özgür Özcanın yazısında deyilir: “Azərbaycanın yaşayan ən böyük hekayəçilərindən Anarın Nazım Hikməti anlatdığı “Kərəm kimi” bir təqdimatda qonaqlara və mətbuata tanıdıldı. Çıxış edən Anar dedi: “İki Nazım var: Biri öz ölkəsində bəzi insanlar tərəfindən kommunist olaraq görünən, digəri Azərbaycan üçün türk olan Nazım. O, hər şeydən öncə Azərbaycanda “türk” sözü yasaq edildiyi zaman Türk olduğunu söyləmə cəsarət göstərmiş birisidir”. Kitabsevərlərin müəllif imzası almaq üçün bir-biriylə yarışdıqları “Kərəm kimi” kitabı Azərbaycandan öncə Türkiyədə çap olundu, Türkiyədə kitabsevərlərlə buluşdu”.

“Türk ədəbiyyatı” dərgisinin 2009-cu il dekabr sayında “Kərəm kimi” kitabı haqqında “Bir başqa gözlə Nazım Hikmət” başlıqlı geniş resenziya dərc olunub. Yazıda deyilir: “Stalin dövründə Türk cümhuriyyətlərində “Türk” kəlməsinin işlənməsi, Türkiyə ilə hər hansı bir şəkildə əlaqə qurmaq, Türk dilinin və tarixinin ortaq qaynaqlarını araşdırmaq qəti surətdə yasaqlanmışdı.

Fəqət Nazım Hikmət doğrudan da cəsurdu: Bakıda ən yüksək kürsülərdən “Mən türkəm, siz də türksünüz. Dilimiz bir, ənənələrimiz bir, millətimiz qardaşdır” – deməkdən çəkinmirdi. Anar Nazımın bu cəsur çıxışlarından söz edərkən “Azərbaycan xalqı və azəri aydınları onu sırf bu anlamda qavrayır, qarşılayır və bağrına basırdı – deyir. – Rəsul Rzanın Nazım sevgisini də, onun üçün yazdığı şeirləri də sadəcə bu baxımdan dəyərləndirmək lazımdır”.

Daha sonra yazıda deyilir:”Türkiyədə adının belə yasaqlandığı illərdə Nazıma Azərbaycan sahib çıxdı. Əsərləri Türkiyə türkcəsiylə əkiz qardaş olan Azərbaycan Türkcəsində nəşr olunur, pyesləri səhnələrdə oynanırdı. Nazım Hikmətə onu yaxından tanımış Azərbaycanlı bir yazarın gözüylə yenidən baxmaq istəyənlər üçün bu, əvəzsiz bir kitabdır”.

Başqa bir dərgidə – “Bizim eyvan”da Aygül Türk Kozanın “Azərbaycanın mənəvi sərvəti – Anar” adlı böyük məqaləsi dərc edilib.

“Gerçək həyat” qəzetində ( 25 noyabr 2009) Anarla geniş müsahibə verilib. Müsahibəyə giriş sözündə Bekir Fuad yazır: “Ünlü şair Nazım Hikmət üzərinə “sol” və “sağ” kəsimi tərs köşəyə yatıracaq (çətin vəziyyətə salacaq) bir kitab yayınlandı. Anarla Nazım Hikmət mərkəzli bir söyləşi yapdıq.

– Nazım Hikməti çocuqluğunuzdan tanımısınız. Kitabın yazılışı bu xatirələrəmi dayanır?

– Atam Rəsul Rzanın yaxın arkadaşıydı, Bakıya hər gəlişində evimizin qonağı olardı. Biz də Moskvaya yolumuz düşəndə evinə gedərdik. Söhbətlərini, şeirlərini dinlədim. Atama, anama söylədikləriylə tanış oldum. Kitabı yazmadan öncə Nazım haqqında yazılan hər şeyi oxudum. Onun yazdıqlarını da təkrar başdan oxudum.

– Türkiyədə iki Nazım Hikmət var, biri şair,o biri kommunist. O sizin gözünüzdə nasıl bir yerdə durur?

– Doğrudur, Nazım Hikmət həm “Moskva ajanı”, “vətən xaini”, həm də yurtsevər və qəhrəman olaraq görülən bir isimdir. Fəqət Azərbaycan və digər türk toplulukları üçün o, Türkiyənin rəmzi idi.

– Azərbaycanda ona marağın səbəbi nə?

– Azərbaycanda hər kəs böyük türk şairi kimi görür onu. Türk dilinin simvoluydu bizim üçün. “Siz türk deyilsiniz, Azərisiniz” derlərdi bizə. Nazım isə: “Mən türkəm, siz də türksünüz, qardaşıq biz” – deyirdi. Azərbaycanda və digər türk bölgələrində o illərdə türk ruhunu Nazım qədər yüksəldən olmayıb.

– Özü türkmüydü ki, türk ruhunu yüksəldən bir isim olsun Nazım Hikmət?

– Türk deyildi, bəs kimdi? Belə sual olarmı? Nazımın türklüyünü şübhə altına alanlar onun ulu babalarından birinin polyak olduğunu ortaya atırlar. Əcəba, belə olan surətdə anası rum, ya erməni olan bir çox Osmanlı sultanları kim idi? Unutmayaq ki, türk dilinin ən böyük şairlərindən biri haqqında danışırıq. Əsərləriylə əsl türk olduğunu göstərən Nazım şəcərəsi etibarilə də paşalar nəslindən idi. Bir neçə babası paşaydı. Düşmənləri ulu babalarından birinin polyak olmasına görə şairi günahkar kimi suçlayırlar, hətta soyadını Borjenski deyə yazanlar belə var. Ana tərəfdən ulu babası Konstantin Borjenski Polşalı bir zadəgan idi, islamı qəbul etmiş və Türkiyə uğrunda əlində silah savaşmışdı. Bəzi Nazım əleyhdarları onun yəhudi olduğunu iddia edirlər və buna görə Nazımı da yəhudi sayırlar. Hətta birisi “yəhudi şəhəri Salonikdə doğulan yəhudi Nazım Hikmət” deyə yazanda o zamanlar Osmanlı sərhədləri içində olan bu yunan şəhərində Mustafa Kamalın da doğulduğunu unudur. Boylə antisemit fikirlərə qarşı Nazım da üzüntüylə “yazıq ki, qanımda yəhudi qanı yoxdur” – deyirdi – “olsaydı bundan çox məmnun olardım”. Gerçəkdən də yəhudilər öz böyük soydaşlarının qədr-qiymətini yaxşı bilir, onları başqa xalqlara “bağışlamağa” cəhd etmirlər.

– Kitabınız şair haqqında hansı fikirləri dəyişdirəcək?

– İnsanların fikirlərini dəyişdirmək kimi bir məqsədim yoxdur. Zatən fikirləri yıxmaq illər alır. Amma mən istəyirəm ki, Nazımı sevməyənlər də bütün gerçəkləri bilsinlər. Hərə öz fikrində qala bilər, amma Nazımın bilmədikləri tərəflərini də öyrənsinlər. Məsələn, onun Azərbaycana həsr olunmuş məqalələrini Türkiyədə kimsə bilmir.Türkiyədə bəzi sağçılar kommunist şair Nazım Hikmət haqqında kitab yazdığım üçün mənə darılacaqlar, solçular da Nazım Hikmətin xəyal qırıqlığını qələmə aldığımdan heç xoşlanmayacaqlar. Olsun! Mən, sadəcə, bildiklərimi, şahidi olduqlarımı insanlara çatdırmaq üçün vicdan borcumu yerinə yetirirəm, sadəcə, həqiqəti yazıram. Məqsədim sağ ilə solu qarşı-qarşıya gətirmək deyil.

– Nəydi Nazımın ən böyük faciəsi?

– Ən başda kommunistlər onu qəbul etmirdi. “Stalini Günəş adlandırmaq düzgün deyil” – demişdi onun sağlığında. Nazımı sosialist ideallarına bağlayan şey Moskvada marksist-kommunist təhsilindən öncə Anadoluda gördüyü yoxsulluq, səfalət mənzərələri idi. 20-ci illərdə Anadolu köylərində insanların ağır həyat şəraitini gördükdən sonra Moskvaya bir qurtuluş tapınağı kimi gəlir. Qəlbində inqilabi ruh alovlanırdı. O illər Sovetlər üçün romantik bir dövr idi. Amma 50-ci illərdə gəlib gördüyü ölkə tamam başqa bir məmləkət idi. Ona görə də xəyal qırıqlığı yaşadı. “Həyatımın ən böyük xətası Sovetlərə gəlməyimdir” – deyirdi. Gənclik xəyallarının tarmar olmasına üzülürdü.

– Amma kommunistlikdən heç vaz keçmədi...

– Əlbəttə, o, Stalin və Xruşşov dövründə böyük xəyal qırıqlığı yaşadı. Amma buna rəğmən dünyanın heç bir ölkəsində insanlara səadət gətirməmiş xəyali bir ideologiya olan kommunizmə inancına da sonuna qədər sadiq qaldı.

– Bu necə ola bilər?

– Hər halda kommunizmə sadiq qaldığına hər kəsi, bəlkə də ilk öncə özü özünü inandırmağa çalışırdı.

– Sizcə, ən böyük özəlliyi nədədir?

– Ən böyük həqiqəti – sənətidir. Sənətində də yanlış fikirlər, səhvlər, aldanışlar, bir zaman boş-boşuna inandığı dönəmlər var. Amma bütün bunların dışında Nazımın böyük şairliyi durur ki, bu da hər şeydən üstündür. Şairliyi sağın və solun üstündədir. Həsrət və məmləkət şeirləriylə Nazım böyük bir şairdir. O, tək sənətiylə deyil, ruhuyla da bir üsyançı idi. Böyük fitri istedadıyla da,çılğın təbiətiylə də üsyançı idi. Təpədən-dırnağa şair olduğu üçün ilk üsyanı də ədəbi üsyandı – bütləri yıxmaq üsyanı. İkinci üsyanı milli qürurun üsyanıydı. Batı imperializminə qarşı üsyan. Atatürkün amalına çox yaxın olan bir şairin üsyanı.

– Mustafa Kamala münasibəti necəydi?

– Çox sayğılı. Öz dilindən eşitdiyim bir əhvalatı sizə danışım. Atatürk bəzən axşamlar verdiyi ziyafətlərə şairləri də çağırarmış. Belə məclislərin birində söz gənc şair Nazımdan düşəndə Qazi onu məclisə çağırmaq üçün adam göndərir. Nazımı yuxudan oyadıb dəvət edəndə o, “Mən Dəniz qızı Eftaliya deyiləm ki, gecənin bu saatında məclisə çağrılım” – deyir.

Bu cavab paşanın da xoşuna gəlib. “Əsl şair belə məğrur olar” – deyib.

– Dinlə əlaqələri barədə nə söyləyə bilərsiniz?

– Gəncliyində, bilirsiniz, Mövlana üçün şeirlər yazıb. İxtiyar yaşlarında Rumıniyada ikən bir türkə “Bu gün Qədr gecəsidir, məni cameyə apar” deyibmiş. Orta yaşlarında, kommunist kimi, əlbəttə, ateist idi, amma ömrünün son çağında Allahı inkar düşüncəsi ona hakim deyildi, zənnindəyəm.

– Hansı türk şairlərindən söz açırdı?

– Yunis İmrəni çox sevirdi. Mən ilk dəfə Yunisin “Mən Yunusi-biçarəyəm, Başdan-ayağə yarəyəm” – misralarını Nazımın dilindən eşitmişəm.

– Azərilər Türk ədəbiyyatından kimləri daha çox tanıyır?

– Başda, əlbəttə, Nazımı, Yunis İmrədən Yəhya Kamala, Nəcib Fazilə qədər hamısına böyük sayğımız var. Əhməd Haşımı da sevirik, Nəcib Fazili ilk dəfə azəri türkcəsinə atam Rəsul Rza çevirdi: “Otel odalarında” şeirini. Bu şeir mənə də böyük təsir göstərib və onun misralarını “Otel otağı” adlı romanıma epiqraf qoymuşam.

– Türk coğrafiyası üçün ortaq bir dil mümkün ola bilərmi?

– Ortaq dil bir röyadır. Hər kəs öz dilini yaşadacaq, inkişaf etdirəcək, dilimizi itirməyəcəyik. Amma Türkiyə türkcəsi Türk dünyasının ortaq ünsiyyət, əlaqə dili olmalıdır. Çünki Türkiyə əsrlər boyu müstəqilliyini qoruyub saxlaya bilmiş yeganə türk ölkəsidir, bu baxımdan, dili də daha gəlişmiş, daha çox insanın danışdığı bir dildir. Hər bir türk xalqı öz ana dilini unutmamaqla bərabər, Türkiyə türkcəsindən bir ünsiyyət, əlaqə dili kimi istifadə edə bilər. Məsələn, bir qazax bir azərbaycanlıyla nədən Türkiyə türkcəsində danışmasın?

– Azərbaycanda Ənvər paşa tanınırmı, sevilirmi?

– Əskilərdə çox populyar olub,hətta adına mahnılar da qoşulub. Sovet dönəmində unutdurublar Ənvər paşanı da, Nuri paşanı da, Xəlil paşanı da. Nuri paşa Azərbaycanı işğaldan qurtarmış qəhrəmandır. Ona böyük sayğımız var. Türkiyədə bir yazar “Ənvər paşa Napoleon olmaq istəyirdi” – deyə yazmışdır. Mənim fikrimcə, Ənvər Paşanı Napoleona yox, Çe Gevaraya bənzətmək olar. Romantik və üsyançı, amalları yolunda həyatını belə fəda etmiş insandır...

– İndi bəzən Mustafa Kamal geri planda qalır, Ənvər paşa yüksəlir...

– Tarixdə belə şeylər olur. İfrat təbliğatdan bezən insanlar kiminsə bütləşməsindən usanırlar, başqa birisinə tapınırlar. Çe Gevaranı Ənvər Paşaya oxşatdımsa, Fidel Kastronu da müəyyən anlamda Mustafa Kamalla müqayisə etmək olar.

– Türkiyəni necə görürsünüz?

– Bura mənim ikinci vətənimdir. Burada qohumlarım Azərbaycandakından çoxdur. Türkiyədəki bütün olaylar bizi yaxından ilgiləndirir. İndi Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi ortaya atılıb, buna, təbii ki, üzülürük. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş bir dövlətlə, necə ola bilər ki, sərhədlər qeydsiz-şərtsiz açılsın? Amma Türkiyənin sayın Başbakanı Bakıda, bizim Milli Məclisdə dedi ki, Qarabağ sorunu çözülmədən sərhədlər açılmayacaq. Sayın Ərdoğanın öz sözünün sahibi olduğunu düşünürəm. Bizdə bir atalar sözü var: qonşuya arxayın olan, şamsız qalar. Amma mən deyirəm ki, Türkiyə bizimçün qonşu deyil, qardaşdır. Qardaşa güvənməyə, arxalanmaya bilmərik.

“Kardeş kalemler” dərgisinin dekabr sayında da Ömer Kiçikmehmetoğlunun Anarla və şair Əli Akbaşla geniş müsahibəsi dərc edilib. Başqa müsahibələrdə verilən suallar və onlara cavablar təkrar olunduğuna görə bu müsahibədən yalnız bir neçə parçanı diqqətə çatdırırıq:

ÖMER KİÇİKMEHMETOĞLU: Kitabınız “Benqu yayınları”nda çıxdı. Yayınevi Türk dünyasıyla əlaqəli kitablar çap edir. Avrasiya Yazarlar Birliyi çatısı altında çalışmalarını davam etdirir, Birliyin yayın orqanı, aylıq Avrasiya ədəbiyyat dərgisi “Kardeş Kalemler” var. Birlik və yayınlarımız üçün nələr söyləmək istərsiniz?

ANAR: Ən xoş, ən gözəl sözlər söyləmək istəyirəm. Dostum, qardaşım Avrasiya Yazarlar Birliyi Başqanı Yakub bəyə dedim ki, Cəlil Məmmədquluzadənin kitabı Türkiyədə yayınlanmayıb. O bu kitabı çap etdirdi. Dostum Əli Akbaşın redaktorluğu ilə çıxan “Kardeş kalemler” dərgisində hər zaman Azərbaycan yazarlarına, şairlərinə yer verilir. Mənim haqqımda da yazılar çıxır. Tək Azərbaycanın deyil, bütün Türk dünyasının sənətkarlarına yer verilir. Avrasiya Yazarlar Birliyinə və “Kardeş kalemler” dərgisinə ən xoş diləklərimi çatdırıram.

ƏLİ AKBAŞ: Biz sağ-sol qovğası içində Nazımın estetik dəyərini və dilini unutduq. Bu dil görüşü haqqında Anar bəyin düşüncəsini almaq istərəm. Dil vətən kimi bir şeydir. Nazımın dilini görməmək ağılsızlıq olar.

ANAR: Əli bəy, sizə bir şey söyləyim. Nazımı sevməyən insanlar Türkiyədə var, bunları bilirsiz. Ağılsız insanlar deyillər, mənim onlara da sayğım var. Onlar deyirlər ki, biz Türkiyəni sevirik, bu məmləkətin övladlarıyıq. Buna inanıram. Türk dilini sevirik deyirlər,buna da inanıram. Amma türk dilindən Nazımın şeirini çıxarıb atsan, türk şeirində nə qədər böyük bir boşluq meydana gələr, bunu düşünürlərmi? Nazımsız türk ədəbiyyatını, türk dilini təsəvvür etmək mümkünmü?

Əli AKBAŞ: Budur, ideoloji, siyasi qovğalar insanların gözünü kor edir. Sağımız Nazım Hikməti, solumuz da Nəcib Fazili görməmək durumuna düşür.

ANAR: Türk ədəbiyyatının içərisində önəmli bir yerə sahib olan və özündən sonra gələn şairlərə təsir edən bu adamları ədəbiyyatdan çıxarmaq mümkünmü? Nazımın ideoloji şeirləri onun bütün irsinin yüzdə yeddisi, səkkizi, ən çoxu, yüzdə onudur. Qalan şeirləri məmləkət, həsrət, eşq, dünya haqqında şeirlərdir.

ALİ AKBAŞ: Bizim milliyyətçi çevrələr təfəkkür, estetik dəyərlərdən ziyadə, çox işin romantizminə aludədirlər. Azərbaycan şerini çox sevirlər, çünki hecayladır, Anadolu şeirinə bənzəyir. Nəsrdən daha çox xəbərsizdirlər. Bu məsələlərdə sizin tövsiyələrinizə ehtiyacımız var.

ANAR: Çox istərdim ki, bizim İsa Hüseynov kimi yazıçımızın əsərlərini Türkiyədə nəşr edəsiniz. Onun romanları var: “Tütək səsi” , “Saz”, “Teleqram”. İkinci Dünya Savaşı illərində Azərbaycan köyünün həyatını ondan daha gözəl təsvir edən əsərlər yoxdur. Bunların Türkiyədə tanınması çox yaxşı olar.

“Kardeş kalemler” dərgisinin elə həmin sayında professor Cəmil Həsənlinin “Anara dair son bahar düşüncələri” adlı böyük yazısı çap edilib.

Anarın Türkiyə qəzetlərinə verdiyi müsahibələrdən biri də “Zaman” qəzetində “Nazımı həsrətimizi ovutmaq üçün sevdik” başlığıyla dərc olunub:

“Azərbaycan ədəbiyyatının ustadlarından Anar Nazım Hikmət haqqında qələmə aldığı “Kərəm kimi” adlı kitabında bilinənlərdən fərqli bir Nazım portreti çəkir. Atası Rəsul Rzayla yaxın dost olan Nazım Hikmətin Sovetlərdəki həyatını yaxşı bilən, şairin tez-tez qonaq olduğu evlərində onu yaxından izləmək fürsəti bulan Anar faktlarla zəngin olan kitabında Nazım Hikmətin azərilər üçün ifadə etdiyi anlamı ortaya qoyur. İmdat Afşarın Türkiyə türkcəsinə uyğunlaşdırdığı kitabı Avrasiya Yazarlar Birliyinin “Benqu yayınevi” nəşr edib.

– Oxucu kitabda Nazıma dair fərqli nələr bulacaq?

– Nazımın Türkiyədə bilinməyən məqalələri var. Azərbaycan haqqında yazdığı məqalələri. Bunlardan üçünü atam haqqında yazıb. Mən bu məqalələri də kitabda verirəm. Azərbaycan şairlərinin Nazıma ithaf etdiyi çoxlu şeirlər var, bunları da kitaba əlavə etdim. Nazımın mənə ən çox təsir edən, şeirləri qədər böyük olan şəxsiyyəti, Sovetlərdəki həyatı kitabda öz əksini tapıb.

– Nazımın ideoloji tərəfi Türkiyədə mübahisələr doğurur. Buna necə baxırsınız?

– Nazım kapitalizmin alternativi olaraq Sovetləri görürdü. Bu heyranlığı 1920-ci illərin Sovet Birliyindən qaynaqlanırdı, çünki o illər Sovetlər üçün romantik zamanlar idi. Nazımın inqilabçılığına, daha doğrusu üsyankarlığına, kapitalizmə qarşı olmasına sayğı duyuram. Amma bu siyasi mövqeyindən başqa Nazımın şairliyi var... Həsrət və məmləkət şeirləriylə böyükdür Nazım Hikmət.

– Evinizdə qonaq olan Nazım sizlərlə nələri paylaşırdı?

– Atamla çox yaxındı, ona “buranın hürriyətindənsə, Türkiyənin zindanlarında qalmağa razı olardım” – deyibmiş. Bizim ailəni yaxından tanıdıqca, əslində ailə ənənəsinə qarşı olduğunu söyləyən Nazım: “Amma sizi gördükdə isti bir ailədə, doğma bir yuvada yaşamaq istərdim” – söyləyirdi. Ən çox Türkiyə həsrətli şeirlərini oxuyardı bizdə.

– Azərbaycanda Nazıma baxış necədir?

– Azərbaycanda Nazımı yüzdə doxsan faiz sevirlər. Hər kəs böyük türk şairi olaraq görür onu. Nazıma çox böyük maraq və sevgi var bizdə. Ancaq son illərdə ideoloji baxışlarla gündəmə gələn iradlar da səsləndi onun ünvanına. Bunlar Türkiyədəki bəzi münasibətlərin təsirindəndir.

– Kitabınız Nazım haqqında hansı fikirləri dəyişdirəcək?

– İnsanların fikrini dəyişdirmək kimi bir məqsədim yoxdur. Kitabı oxuyanların şair haqqında daha geniş təsəvvürə malik olacaqlarını düşünürəm.

– Nazım Hikmətin Türk vətəndaşlığına qəbulu ilə bağlı nə düşünürsünüz?

– Azərbaycan Yazıçılar Birliyi olaraq, bu məsələ barədə hörmətli Başbakan Rəcəb Tayyib Ərdoğana müraciət etmişdik. Təbii ki, bunu bizim müraciətimizə görə etmədilər. Amma heç vaxt Nazımın taleyinə, xatirəsinə biganə qalmadığımıza görə bu qərardan çox məmnun olduq. Bu, Nazımın haqqıdır, haqqının verilməsidir. Mən Nazıma vətəndaşlığının qaytarılmasına görə sayın Ərdoğana təşəkkür məktubu yazdım. Bu məktubum “Kərəm kimi” kitabımda da dərc edilib”.

Türkiyə mətbuatında əsasən rəğbətlə qarşılansa da, “Kərəm kimi” kitabının əleyhinə də yazı dərc edilib. “Radikal” kültür-sənət qəzetinin 2009-cu il 12 noyabr sayında Nəcmiyyə Alpayın “Nazımı kəndilərinə mal edənlər” yazısında kitabın nəşrinə solçuluq mövqeyindən etiraz bildirilir.

Yazıda deyilir: “Türk cümhuriyyətləriylə ilişgi qurmaq ya da gəlişdirmək istəyən “Türk-İslam mədəniyyəti” müdafiəçiləri özlərini Nazım heyranı elan etməkdən çəkinmirlər. Deyəsən, bunu ilk edən Alparslan Türkeşdi. İndi də öylə görünür ki, Azərbaycanlı yazar Anar “Kərəm kimi” adlı kitabıyla eyni məqsədə qoşulmuşdur. Kitabın girişində deyilir ki, Soyuq savaş bitəndən sonra Nazım Türkiyə türk aydınları ilə, digər Türk toplulukları arasında sağlam körpü, bir anlayış vasitəsi olmaqla önəmli bir xidmət göstərməyə davam etməktədir”.

“Türkiyə türk aydınları” nə deməkdir? Türkiyə aydınlarından fərqi nədir? Bu sualın cavabını düşünmək zəhmətinə qatılanlar vurğulardakı irqçiliyi açıqa görəcəklər. Nazım etnik gerçəkliyi görüb qəbul edən, amma etnikçi olmayan, doğulub-böyüdüyü Türkiyəni, türkcəni və onun daşıdığı dəyərlərə sahib olan və onu təmsil edən, amma o dəyərləri digər dillərin və kültürlərin dəyərlərindən üstün, ya da aşağı görməyən bir sağlam yazardır. Onu heç kimsə bir “Türk-İslam mədəniyyəti” çəmbərinə çəkə bilməz. Bəs bu kitabın yazarı Anar nə deyir?

Anara görə, Nazım 1950-lərdə Sovetlərə getdiyində “bu ölkənin qabaqcıl, özgür düşüncəli aydınları, onu zindandan qurtulan bir məhbus kimi deyil, Dəmirpərdə dışından gələn, hürr dünyanın bir elçisi kimi qarşılayaraq qəbul etmişlər. Nazım! Hürr dünyanın elçisi! Anar bu dediyi ilə Nazımı tamamilə inkar edir. “Hürr dünya” sözü tarixi baxımdan Batı kapitalizminin özünə verdiyi addır və Nazımın ömürbillah, nəinki elçisi olduğu, daima qarşısında durduğu bir dünyadır o. Burada məsələ Nazımın, başda yoldaşları olmaq üzrə, ən anlışılmayan yanıdır əslində, məncə. Nazım Sovetləri tənqid edirdi, amma “hürr dünya” elçiliyi duyğusuyla deyil, marksist fəlsəfəsinin təməl qanunları əsasında. Anarın yazdıqları Nazımın yazdıqlarına daban-dabana ziddir.

Anar Türkiyədə Erməni qardaşlarımızdan üzr diləmək kampaniyasını heysiyyətsiz adlandırır və bu onun kitabının qara ləkəsidir.

Nazım türkcənin böyük yazarlarından biridir və internasionalistdir, dünya xalqlarının bərabərliyinin və qardaşlığının tərəfdarıdır. Anarın, bəlli ki, belə tərəfləri yox. O, yalnız bir “sovet bürokrasisini” tanıyır, bir də “Hürr dünyanı”. Bu zehniyyətdə yalnız olduğunu söyləyəcək deyiləm, əlbəttə...”

2010-cu il fevralın 3-də Hollandiyanın Amsterdam şəhərində də Anarın “Kərəm kimi” kitabının təqdimatı olub. “Palet” Konqreslər Mərkəzində keçirilən tədbir Hollandiyadakı Türk Evi və bu ölkədəki Türk Yazarlar Birliyi tərəfindən təşkil edilib. Anarın da iştirak etdiyi görüşdə Türk Araşdırmalar Mərkəzinin başqanı Veyis Güngör, Türk yazarlar Birliyinin başqanı Sadıq Yəmni, kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran İmdat Afşar çıxış ediblər. Kitabının naşirlərinə, tərcüməçisinə və bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Anar toplaşanların çoxsaylı suallarına cavab verib. Tədbir Hollandiya, Almaniya və Makedoniya mətbuatında da işıqlandırılıb.

 

 

“525” ANAR

 

 525-ci qəzet.- 2010.- 13 fevral.- S.20-21.