Xoş xəbərlər yetirən
insan
(Unudulmaz Fəxrəddin Cavadov
haqqında bir neçə söz)
Fəxrəddin Cavadovun
oğlu, gənc diplomat Gülmirzənin (Fəxrəddin ona
atasının adını qoymuşdu) xahişi ilə bu
kiçik yazını yazmaq üçün mizin arxasına
keçərkən, artıq 8 illik bir keçmişdə
qalmış 2002-ci il avqust ayının 10-nu xatırladım,
həmin günü ki, günorta saat 2 radələrində mənim
cib telefonum zəng çaldı və Fəxrəddin mənə
dünyanın gözəl xəbərlərindən birini
çatdırdı:
– Gözünüz aydın olsun! Oğlan nəvəniz oldu!
Məsələ burasında idi ki, mənim ortancıl qızım Humay ilk dəfə ana olmağa hazırlaşırdı və sağlıq-salamatlıqla bağlı həmişə bir problem ortaya çıxanda, olduğu kimi, bu dəfə də Fəxrəddinə müraciət etmişdim, Humay onun xüsusi diqqəti və qayğısı altında Neftçilər xəstəxanasında yatırdı.
Beləliklə, bu balaca insan dünyaya gəldi və ona İlyas Əfəndiyevin adını qoyduq.
Əlbəttə, təsadüfi deyildi ki, mən, yuxarıda dediyim kimi, sağlıq-salamatlıqla bağlı bir məsələ olanda, o saat Fəxrəddinə müraciət edirdim. Onunla qarşılıqlı hörmətə və mehribanlığa söykənən münasibətimiz var idi, ən əsası isə Fəxrəddin etibarlı bir insan olduğu kimi, etibarlı da həkim idi, çox səriştəli və işgüzar tibb təşkilatçısı idi və onun bu xüsusiyyətlərinə mən yaxşı bələd idim.
Dəqiq ilini xatırlamasam da, Fəxrəddinlə tanışlığımız 1970-ci illərin ortalarından başlayırdı və burası yaxşı yadımdadır ki, o vaxt bizi görkəmli stomotoloqumuz Kamran Aslanov tanış etmişdi: ikimiz də diş ağrısına görə Kamranın yanına, onun təzəcə Baş həkim təyin olunduğu 4 nömrəli stomotoloji poliklinikaya getmişdik. Fəxrəddinlə Kamran yaxın dost idilər, mən isə Kamranla indi dinozavrlar dövrü kimi bir uzaqlıqda qalmış 1950-ci il sentyabrın 1-də 7 nömrəli məktəbin birinci sinifində bir partanın arxasında oturmuşduq...
Həmin 70-ci illərin ortalarında Fəxrəddin gənc, yaraşıqlı, sir-sifətindən, hərəkətlərindən sağlamlıq yağan bir oğlan idi və orasını da deməliyəm ki, o, elə gənc yaşlarından etibarən təmkinli, bilərəkdən, yəni süni surətdə yox, təbii olaraq özünü ağır tutan bir insan idi, canlı-enerjili, maraqlı, məlumatlı həmsöhbət idi.
Sonralar hərdən görüşəndə:
– Fəxrəddin,- deyirdim,- bizi diş ağrısı dostlaşdırıb!..
Həmin ilk tanışlıqdan sonra Fəxrəddinlə aramızda səmimi bir ünsiyyət yaranmışdı və mən deyə bilmərəm ki, biz tez-tez görüşürdük, zəngləşirdik, amma əsası bu idi ki, nə vaxt görüşürdüksə, hansı bir toyda-yasda rastlaşırdıqsa, bu görüşün, bu rastlaşmanın açıq-aşkar xoş bir aurası yaranırdı.
Bir dəfə spontan bir məclis qurmağımız da xoş bir xatirə kimi yadıma düşür: dişim ağrıdığı üçün, həmişə olduğu kimi, yenə Kamranın yanına getmişdim və yenə də Fəxrəddin ora gəlmişdi. Gözəl və qayğıkeş bir mütəxəssis, çox yüngül əli olan stomotoloq-həkim Sabir Əsgərov (sonralar o da səhər-səhər stadionda qaçarkən qəflətən və vaxtsız vəfat etdi...) mənim dişimə əncam çəkəndən sonra soruşdum:
– Görəsən, daha ağrımayacaq ki?
Bütün bü müalicə prosesinə nəzarət edən Kamran:
– Gedək, yoxlayaq!- dedi və məni, Fəxrəddini, Sabiri nahara dəvət etdi.
O zaman Şıx tərəfdə, dənizin kənarında təzə bir kababxana açılmışdı və Kamran balıq yemək üçün bizi ora apardı. Əgər səhv etmirəmsə, onda ilk dəfə idi ki, Fəxrəddinlə süfrə arxasında otururduq və o ilk xudmani məclisdə Fəxrəddinin mədəniyyəti, səliqəsi, istiqanlığı, söz-söhbətinin duzu indiyə qədər mənim xatirimdədir. Orası da yaxşı yadımdadır ki, bərk külək qopmuşdu və məclisi bitirəndən sonra biz üzü küləyə tərəf, güclə gedib maşınlara mindik.
Bu sətirləri yazıram və birdən-birə mənə elə gəlir ki, xeyli sonralar qəflətən elə o cür sərt də bir külək əsib, Fəxrəddini bizim bu fani dünyamızdan Haqq dünyasına apardı...
1980-ci illərdə Fəxrəddini Azərbaycan KP MK-da işə dəvət etdilər və bu o vaxtlar idi ki, MK başqa sovet respublikalarında olduğu kimi, bizdə də hakimi-mütləq idi.
Mən az insanlar tanımıram ki, sadə, mehriban məxluqlar idi, amma elə ki, yüksək vəzifəyə getdilər, tamam dəyişib başqa adam oldular və belə bir tragikomik metamarfoza əslində onları bir şəxsiyyət kimi yox etdi. Ancaq orası da var ki, həyatda hər cəhətin, hər xüsusiyyətin əks bir tərəf-müqabili də olur – hər bir ağın qarası da var – və Fəxrəddin də MK-da işləyəndə, elə bil, daha artıq sadə, mehriban və xeyirhax olmuşdu.
Mənim Ucar rayonunun Boyat kəndində Sədi Əzizov adlı bir traktorçu dostum var idi, onunla 1976-cı ilin oktyabrında Moskvadan Bakıya gələndə qatarda tanış olmuşduq: mən, gənc yazıçı, düz bir il əvvəl Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdim, Moskvada SSRİ Yazıçılar İttifaqının tənqid problemlərinə həsr olunmuş plenumunda iştirak edib, geri qayıdırdım, Sədi kişi isə öz halal zəhməti ilə həyətyanı sahəsində becərdiyi narı yığıb, aparıb Barnaulda satmışdı, Moskvaya gəlmiş, başqa vaqonlara bilet olmadığı üçün, SV vaqonuna bilet almış və gözəl bir təsadüf nəticəsində mənimlə kupe qonşusu olmuşdu. Ona görə “gözəl bir təsadüf” yazıram ki, həmin kupe qonşuluğundan sonra, bu sadə və müdrük zəhmət adamı ilə düz 32 il – Sədi kişi 2008-ci ildə vəfat edənə qədər – dostluq etdik, bu şəxsi dostluq ailəvi dostluğa çevrilmişdi və Sədi kişi bizim evin məhrəm qonağı idi.
Mən ona görə rəhmətlik Sədi kişini xatırladım ki, 80-ci illərdə o, ilk dəfə ürəyindən şikayət etdi və mən Fəxrəddinə telefon açdım. O zaman, ondan sonralar da Fəxrəddin mənim xahişimlə Sədi kişinin müayinəsi və müalicəsi ilə bağlı çox zəhmət çəkdi, Sədinin də elə o müalicələrin sayəsində ömrü uzandı.
Sədi kişi deyirdi:
– Müəllim (mənə belə müraciət edirdi), məni böyük adam kimi müalicə edirlər!..
Sədi kişini Fəxrəddinin diqqəti və qayğısı “böyük adam” etmişdi.
Və mənim tanış-bilişin, yazıçıların səhhəti ilə bağlı Fəxrəddindən bu cür xahişlərim az olmayıb...
Bir kiçik epizod da
yadıma düşür.
Mənim bibim oğlu,
ömrünün əlli ilini vicdanla orta məktəbdə
riyaziyyat müəllimliyinə həsr etmiş Oqtay Hacıyev
xəstələnmişdi və Neftçilər xəstəxanasında
yatırdı. Fəxrəddinə telefonla zəng etdim ki,
görüm, vəziyyət necədir?
Fəxrəddin:
– Mən birinci dəfədir
ki, belə xəstəylə rastlaşıram...- dedi.
Doğrusu, nigaran qaldım və:
– Nədir ki?- soruşdum.
Fəxrəddin gülə-gülə:
– Bu Oqtay müəllim əvvəlcə
dərmanların, iynələrin təlimatını oxuyur,
sonra özü həkimlərə deyir ki, iynəni necə
vursunlar, dərmanı haçan versinlər!..- dedi.
Məni də gülmək
tutdu, çünki Fəxrəddin Oqtay müəllim
üçün xasiyyəti üçün səciyyəvi
ola biləcək cəhəti dəqiq deyirdi...
İş belə gətirdi
ki, mən 1993-cü il sentyabrın 1-də Baş nazirin müavini
vəzifəsinə təyin olundum, Fəxrəddin isə Səhiyyə
nazirinin birinci müavini vəzifəsində
çalışırdı, sonra bir müddət nazir vəzifəsini
icra etdi və 1996-cı ilə qədər birgə işlədiyimiz
o dövrdə mən Fəxrəddini daha yaxından
tanıdım, onun bacarığı, işgüzarlığı,
vəzifəsi ilə bağlı məsuliyyət hissi daima
onunla bir yerdə olurdu.
O illərdə, demək olar
ki, bütün sahələrdəki kimi, səhiyyə sahəsi
də çox ciddi çətinliklər içində idi,
tibbi təchizat qıtlığından tutmuş qayda-qanun
baxımından hərc-mərcliyə qədər böyük
problemlər yaranmışdı və müsəqilliyimizin o
illərində Azərbaycan səhiyyəsinin dirçəlməsində,
reformaların aparılmasında, tibbi xidmət
baxımından keyfiyyət göstəricilərinin yüksəlməsində,
yeni tibbi texnalogiyaların respublikamıza gətirilməsində,
əlaqədar beynəlxalq institutlarla münasibətlərin
qurulmasında, ümumiyyətlə, səhiyyə sahəsində
beynəlxalq inteqrasiya prosesində Fəxrəddin Cavadovun əməyi,
enerjisi, təşəbbüskarlığı az rol
oynamadı.
O zaman ən ciddi problemlərdən
biri qaçqınlara, Qarabağ uğrunda döyüşlərdə
yaralananlara, müharibə əlillərinə və
ümumiyyətlə, əlillərə tibbi xidmətin təşkil
edilməsi, onların dərmanla təchiz olunması ilə
bağlı idi və bu işdə Fəxrəddin həqiqi
bir fədakarlıqla çalışırdı. O,
Qarabağ döyüşlərinin ən ağır
vaxtlarında Respublika Hərbi Tibb Qərargahının rəisi
idi və cəbhə xəttində səyyar xəstəxanaların
yaradılması biləvasitə onun nəzarəti və
göstərişi ilə həyata keçirilirdi.
Fəxrəddin o illərdə
humanitar yardımla əlaqədar yaradılımış
komissiyaların sədri və üzvü kimi də çox
iş görürdü və bəzən onunla birlikdə gecənin
yarısına kimi mənim iş otağımda oturub, ortaya
çıxan təcili məsələlərin həlli ilə
məşğul olurduq, mən Fəxrəddinin
qaldırdığı məsələlərlə
bağlı xarici ölkələrin müvafiq qurumları ilə
biləvasitə əlaqə yaratmağa
çalışırdım. Orasını da deməyi
özümə borc bilirəm ki, belə təcili məqamlarda
çox zaman mən Türkiyəyə, Baş nazirinin birinci
müavini Murad Qarayalçına telefon açırdım və
o da əlindən gələni əsirgəmirdi.
İndi, aradan bu qədər
illər keçdikdən sonra o gərgin vaxtlar yada
düşdükcə, elə bil, Fəxrəddinin o
zamankı fəaliyyəti daha artıq bir vüsətlə
görünür və mən qətiyyən şübhə
etmirəm ki, illər keçdikdən sonra, o vüsət daha
da miqyaslı görünəcək, çünki söhbət
bərpa olunmuş müstəqilliyimizin tarixinin
yarandığı günlərdən gedir.
Elə həmin günlərdə
də ölkəmizdə bütün postsovet məkanında
ilk dəfə olaraq Fövqəladə Hallar Üzrə Tibb Mərkəzi
yaradıldı və bu işdə Fəxrəddinin
böyük əməyi oldu.
Sonralar Fəxrəddin
Neftçilər xəstəxanasının Baş həkim vəzifəsində
işlədi və qısa bir müddət ərzində həmin
xəstəxananı respublikamızın aparıcı tibb
müəssisələrindən birinə çevirdi, orada
Elmi Şura yaratdı.
Azərbaycanda ürək,
böyrək, qaraciyər transplantasiyası sahəsinin və
süni ürək qurğusunun tətbiq edilməsi prosesinin
inkişafında da tibb təşkilatçısı (və
vətəndaş!) kimi Fəxrəddin ciddi və effektli xidmətlər
göstərdi. O özü səliqəli-səhmanlı bir
adam olduğu kimi, işlədiyi yerdə də xüsusi səliqə-səhman,
qayda-qanun yaratmağı bacarırdı.
Bir neçə il bundan əvvəl
mən günorta fasiləsi zamanı əvvəlcədən
vədələşməyərək, Neftçilər xəstəxanasında
yatan bir dostumu yoluxmağa getmişdim və kordologiya
şöbəsində növbətçi həkim məni xəstə
yatan palataya buraxmadı:
– Elçin müəllim, xəstələri
ancaq axşam saat 17-dən 20-yə qədər yoluxmaq olar!
Doğrusu, bu mənim o qədər
xoşuma gəldi ki, heç kimə, o cümlədən Fəxrəddinin
özünə də bir söz demədən geri
qayıtdım...
... Sonuncu dəfə onunla
Zuğulbada görüşdüm, qudası və dostu Etibar
Qazıbəyovla bir yerdə idilər, üçümüz
də süfrə arxasında oturub xeyli söhbət etdik,
mehriban və istiqanlı bir ünsiyyətdə olduq və əlbəttə,
onda kimin ağlına gələrdi ki, bu mənim Fəxrəddinlə
son görüşümdür?..
Bir müddətdən sonra
Türkiyəyə getdim və o inanılmaz xəbər də
elə orada mənə yetişdi: Fəxrəddin Cavadov vəfat
edib.
Bu qəfil, tamam gözlənilməz
xəbər məni də, ailəmi də sarsıtdı və
uzun müddət onun sağlam, gülərüz sifəti
gözlərimin qabağından getmədi.
Onun ürəyinin xəstə
olmasından mənim xəbərim yox idi, bunu sonralar bildim.
Bakıda Kamran dərin və
kədərli bir təəssüflə:
– Özünə fikir vermirdi...-
dedi.
Mən də, “amma
başqalarını sağaldırdı”- fikirləşdim...
Mən bu yazını 2002-ci
il avqust ayının 10-u ilə başladım.
İndi isə 2005-ci il avqust
ayının 10-nu xatırlayıram.
Həmin gün balaca
İlyasın 3 yaşı tamam olurdu və
axşamçağı biz ailəlikcə gözəl bir məclis
qurub, sidq-ürəkdən bu tarixi qeyd edirdik. Humay ikinci dəfə
ana olmağa hazırlaşırdı və məclis
başlayandan bir az sonra özünü nəsə narahat hiss
etməyə başladı. Mən fikirləşdim ki,
ayaqüstü də olsa, qoy, Humay gedib Neftçilərdə
həkim müayinəsindən keçsin, sonra yenə məclisə
qayıdar və telefonla Fəxrəddinin nömrəsini
yığdım, nədənsə zəng
çatmırdı, nəhayət onun telefonuna
düşdüm, məlum oldu ki, xəstəxanada yox, hardasa,
başqa yerdədi, amma:
– Mütləq Neftçilərə
getsin!- dedi, Humaygil də maşına minib xəstəxanaya
getdilər.
Bir az gözlədik, Humaygil
gəlib çıxmadı və mən narahat olmağa
başladım. Humaygilin telefonları da cavab vermirdi. Tərs
kimi, Fəxrəddinin də telefonuna düşə bilmirdim.
Bir müddət də
keçdi. Humaygildən xəbər yox idi. Fəxrəddinin də
telefonuna eləcə düşə bilmirdim. Qərara gəldik
ki, xəstəxanaya gedək və elə bu dəm telefonum zəng
çaldı.
Fəxrəddin idi:
– Gözünüz aydın
olsun! Qız nəvəniz dünyaya gəldi!..
Beləliklə, indi 5
yaşının içində olan Banu Çiçək
qardaşı İlyasla eyni gündə – avqustun 10-da
dünyaya gəldi.
Elə bil, Fəxrəddinin
səsi də, şəxsiyyəti də yalnız xoş xəbərlər
vermək üçün yaranmışdı...
ELÇİN,
Xalq yazıçısı
525-ci qəzet.- 2010.- 13 fevral.- S.19.