Bəxtiyar Vahabzadə: “Qurban olum bu istiqlalımın hər gününə!...”

 

BÖYÜK ŞAİRLƏ 15 İL ƏVVƏLİN UNUDULMAZ BİR SÖHBƏTİ

 

1990-cı illərdən üzü bəri müxtəlif aktual məsələlərlə bağlı Bəxtiyar müəllimdən dəfələrlə radio üçün müsahibələr almışdım. Təbiidir ki, bu müsahibələrin hər biri mənim üçün böyük dəyərə malikdir. Amma yaddaşıma daha möhkəm həkk olunan, həmçinin özümün səslər arxivimdə ən əziz bir xatirə kimi qoruyub saxladığım – 1995-ci ilin avqustunda ondan aldığım müsahibədir. O zaman Azərbaycan prezidenti Heydər Əliyev ilk dəfə olaraq üç şairi – Məmməd Arazı, Xəlil Rza Ulutürkü və Bəxtiyar Vahabzadəni “İstiqlal“ ordeni ilə təltif etmişdi. Söhbətimizə körpü salan da elə bu hadisə idi. Bundan əvvəl dəfələrlə çoxsaylı mükafatlar almasına baxmayaraq, bu mükafat onun ürəyinə çox yatmışdı. Özü də bunu aydınca etiraf etdi. Dedi: “Biz üçümüz də istiqlal şairi olmuşuq. Əsərlərimizdə istiqlalımızı tərənnüm etmişik. Özü də indi yox . 20-30 il bundan əvvəl də biz millətimizin istiqlalı üçün əlimizdən gələni əsirgəməmişik. Bu yolda bizim başımıza nələr gəldiyini də millət çox gözəl bilir. 1962-ci ildə məni bir millətçi şair kimi universitetdən çıxartdılar. Eləcə də Xəlil Rzanın başına çox müsibətlər gəldi. Ona görə də bu “İstiqlal” ordenini biz daha halal mükafat hesab edirik. Çünki bunu məhz öz mübarizəmizlə qazanmışıq. Macar şairi Şandor Petefinin gözəl bir sözü var. Deyir, mən heç zaman iddia eləmərəm ki, böyük şairəm, qüdrətli şairəm. Amma bir şeylə fəxr edərəm. Mən millətimin yaxşı döyüşçüsü olmuşam. Ona görə də mən öləndən sonra mənim məzarımın üzərinə bir tüfəng qoyun. Çünki mən mübariz olmuşam. Əlbəttə, Şandor Petefi doğrudan da milləti üçün böyük işlər görən bir şairdir. Həm də böyük mübarizdir. Biz o səviyyədə olmasaq da, mən də yaxşı şairəm, böyük şairəm, qüdrətli şairəm sözünü demərəm. Onu gələcək deyəcək ki, doğrudanmı mən o ada layiqəm, ya yox. Amma bir şeyə inanıram. Mən yaxşı istiqlalçı olmuşam. Buna çox sevinirəm. Ona görə bu “İstiqlal” ordeninə görə çox şadam.

O zaman Bəxtiyar müəllimin 70 yaşı təzə tamam olmuşdu. Məhz bunun üçün də söhbətin axarını bu illərdə qazanılanlara doğru yönəltdik. Cavabı belə oldu:

– Təkcə Azərbaycan dilində 70-dən çox kitabım çıxıb. Əsərlərim onlarla dilə tərcümə olunub. Eyni zamanda dramaturgiya, publisistika sahəsində çalışmışam. Keçdiyim yaradıcılıq yoluna baxıram. Sual doğur ki, özümdən razıyammı? Bunun cavabında deyə bildiyim odur ki, heç zaman özümdən razı olmamışam. Heç zaman. Hələ 30 il bundan əvvəl də demişəm ki,

 

“Bizim sənət dünyamızın

qırıq telli sazıyam,

Bircə ondan razıyam ki,

özümdən narazıyam.

 

Bu gün də özümdən narazıyam. Həmişə demişəm ki, mən çox iş görə bilərdim. Görünür, həyatın elə qayğıları, elə situasiyaları var ki, adam eləmək istədiklərinin hamısını eləyə bilmir. Eləyə bildiklərim üçün millətimin təşəkkürünü almışam. Eləyə bilmədiklərim üçün millətimdən üzr istəyirəm. Xalqımdan üzr istəyirəm.

– Bu gün poeziyamızda görmək istədikləriniz və görə bilmədikləriniz...

– Onda gərək birinci özümdən başlayım. Son illərdə ki, müharibə şəraitində yaşadıq, bu dövrdə mən bədii yaradıcılıqdan bir qədər geri qaldım. Həm də yalnız mən yox. Ədəbiyyatımız bütövlükdə axsadı. Elə bir tutarlı əsər yaranmadı. Bunun da günahı bizdə deyil. Düzdür, müəyyən qədər bizdə də günah var. Amma obyektiv götürsək, müharibə şəraitində, o prosesdə sənətkar özünü itirir. Milləti ilə yaşayan, milləti ilə nəfəs alan bir şair, millətinin həm maddi, həm mənəvi baxımdan bu güzəranını, xüsusilə cəbhədəki məğlubiyyətləri görəndə özünü itirir. Niyə belə oldu, bilmirəm. Mən bu sualın cavabını axtarıram. Axı mənim millətim buna layiq deyildi. Tarixən də götürsək, yaxın keçmişi də götürsək, biz düşdüyümüz vəziyyətə layiq deyildik. Amma biz düşünüb, vərəvurd edib bunun səbəbini axtarmalıyıq. Proses dövründə bu səbəbləri axtarmaq asan olmur. Bilirsiz, bir gözəl binanın gözəlliyini onun önündə dayanıb görmək olmaz. Yaxud o binanın qüsurlarını yaxından görmək mümkün deyil. Gərək gedib o binanın fasadına 100 metr kənardan baxasan. Biz də bir neçə il sonra bu hadisələrə kənardan baxıb səbəblərini öyrənə biləcəyik. Amma indi bir qədər çətindir. Bədii əsər hər şeydən əvvəl fikirdir. Yəni sən nə demək istəyirsən millətinə? Mən bu gün millətimə nə demək istəyirəm? Mən millətimin qüsurlarını görürəm. Öz qüsurlarımı da. Axı mən də bu millətin övladıyam. Bunların özünə də gərək kənardan baxasan. Əlbəttə ki, müharibə mövzusunda böyük əsərlər yaranacağına mənim şübhəm yoxdur. Amma indi çətindir. Qəfil dəyən zərbənin ağrısını adam sonra hiss eləyir. Yəqin ki, biz də müəyyən vaxtdan sonra bunun səbəblərini araşdıracağıq. Heç mümkün deyil ki, böyük sənət əsərləri yaranmasın. Müharibə dövründə şeir bir az ümumiləşdirmədir. Publisistika əsasdır. Bu janrda mən sənət yoldaşlarımının çox maraqlı yazılarını oxuyuram. Əlbəttə, bu publisistik yazılar getdikcə sənət əsərinə çevriləcək. Müharibə dövrünün tələbi publisistikadır – dərhal cavab vermək.

– Bəxtiyar müəllim siz istiqlal uğrunda mübarizənin öndərlərindən sayılırsız. Bu mübarizənin də son nöqtəsi yeni bir cəmiyyətin qurulması deməkdir. Biz artıq onun ilk pillələrindəyik. Bu cəmiyyət hələ tam bir şəkildə qurulmayıb. Amma biz bunu qurmaq niyyətindəyik. Azad, demokrati, müstəqil bir cəmiyyət. Tez-tez belə bir ifadə işlədirik ki, keçid dövrünü yaşayırıq. Siz bir vətəndaş şair kimi bu keçid dövrünün arxada qalması üçün nə kimi tədbirlərin görülməsini vacib sayırsız?

– Bu çox qəliz sualdır. Bir az ictimai-siyasi xarakter kəsb edir. Şübhəsiz, bir sistemdən başqa bir sistemə keçməyin ağrısı olacaq. Bu çox ağrılı prosesdir. Biz sosializmdən kapitalizmə keçirik. Allah eləsin ki, tez keçək. Mən bilirəm ki, bir binanı uçurub, onun üstündə yeni bir bina ucaltmaq çox çətin bir məsələdir. Amma binanı da tam uçurmamışıq. Deyirik uçurduq, amma indinin özündə də hələ sosializmin damğası kürəyimizdədir. Hələ qanunlarımız o qanunlardır. Hələ mən kapitalizmin əlamətlərini görmürəm. Ancaq küçədə, bazarda alverçilər görürəm. Əvvəllər o alverçiləri tutardılar, həbs edərdilər, amma indi onlar istədikləri kimi alırlar, istədikləri kimi satırlar və bu, günah hesab olunmur. Bu hələ kapitalizm deyil. Kapitalizmin əsas cəhəti istehsaldır. Güclü istehsal. Bizim sosializm dövründə olan istehsalımızın heç on faizi qalmayıb. Hamısını uçurduq. Yenisini qururuq. Allah eləsin, bunu tez quraq. İndi üç ildi biz müstəqil dövlətik. Amma bu üç yaşlı uşaqdan bu gün nə gözləmək olar? Bu üç yaşındakı uşağın əlindən tutub, onun əhatəsində olan mühiti ona izah etməliyik. Ona görə də mənim bu gün qurulan müstəqil, demokratik bir dövlətdən çox şey ummağa ixtiyarım yoxdur. Üç yaşlı uşaqdan nə ummaq olarsa, bu dövlətdən də onu ummaq olar. Bu uşağa gərək yerimək öyrədək, ayaq üstə dayanmaq öyrədək, sonra ondan nəsə tələb edək. Amma hər kəs bunu dərk edə bilmir. Tez-tez belə söhbətlər eşidirəm: “Qardaş sosializmə nə olmuşdu? Yaxşıca dolanırdıq da. Ətin kiloqramını 2 manata alırdıq. Kibritin bir qutusunu 1 qəpiyə alırdıq. Hər şeyimiz var idi. Amma indi heç nəyimiz yoxdur...” Düzdür, o vaxt mədəmiz tox idi. Amma insan yalnız mədəsiləmi yaşayır? Qurban olum mən bu istiqlalımın hər bir gününə. Axı bu istiqlaldı! Bu çox böyük bir nemətdir və biz bu nemətə nail olmuşuq. Mən çox təəssüf edirəm ki, bunun mənası hələ tam dərk olunmur. Millətin əsas qismi yalnız mədəsi ilə düşünür. “Mənim mədəm boşdursa, mənim maaşım güzəranıma çatmırsa, deməli, bu lazım deyilmiş”. Əgər bir neçə il biz buna dözsək, mən əminəm ki, öz xeyrimizi-şərimizi özümüz bilsək, öz sərvətimizin sahibi olsaq, onda gəl gör Azərbaycan bir beş ildən sonra necə qüdrətli bir dövlət olacaq. Potensial gücümüz çoxdur. Sərvətimiz çoxdur. Biz başqaları kimi daş satmırıq. Bizim neftimiz var, pambığımız var, üzümümüz var, tütünümüz var. Kifayət qədərdir bu nemətlər. Bu gün hamımız eyni vəziyyətdəyik. Yəni aldığımız maaş, demək olar ki, bizim yavan çörəyimizə çatır. Eləcə də mənim aldığım təqaüd. Mən qohum-qardaşıma, məsələnin mahiyyətini bilməyənlərə deyirəm ki, qoy bundan da pis olsun, neyləmək olar, dözmək lazımdır. Ancaq ümidimiz olsun. Bilək ki, müstəqilliyimiz davam edəcək. Mən ömrümdə heç vaxt Amerikaya getməmişdim. Keçən il getdim Amerikaya. Çatan kimi mənim birinci vəzifəm nə oldu? BMT-nin iqamətgahına getdim. Orda bayrağımı tapdım. 180 dövlətin içində mənim də bayrağım dalğalanırdı. Dedim, Xudaya, sənə min şükür, ölmədim, bu günü gördüm. Bu günü gördüm ki, mənim dövlətim var –müstəqil dövlətim. Bu çox böyük səadətdir. Böyük səadətdir. Təəssüf ki, bunu hamı anlaya bilmir. Bax, bunu bildirməyə çalışmalıyıq. Millətimiz bilməlidir ki, müstəqillik böyük nemətdir. Bir millət üçün azadlığı, istiqlalı birinci şərtdir.

1995-ci ilin avqustunda, 70 yaşının tamamında almışdım ondan bu müsahibəni. Taleyin yazısına bax, 15 ildən sonra, vəfatının ildönümündə oxuculara təqdim olunur. Görünür, nahaq deməyiblər ki, heç nə unudulmur, heç nə yaddan çıxmır.

Keçən il fevralın 13-də onun ölüm xəbəri hamı kimi məni də sarsıtdı. Özü də bərk sarsıtdı. Vida mərasimində də iştirak etdim. O gün o mərasimdə mənə elə gəldi ki, heç əcəl də sevinmir, özünü qalib saya bilmir. Çünki öldürə bilməmişdi. Bir çox diridən sanki daha diriydi Şair. Son görüşə gələnləri də elə bil özü qarşılayıb, özü yola salırdı. Şeirlərini həmişəki kimi elə canlı, elə yanğıyla oxuyurdu ki, ziyarətə gələnlərin göz yaşları yanaqlarında donurdu. İnsafən, onun şeirlərini heç kim, heç bir aktyor özü kimi oxuya bilmirdi. Çünki bu səs Bəxtiyar dünyasından qopan bir səs idi. Bu səsə şair Bəxtiyarın ürək yanğısı hopmuşdu.

 

Bir qələm əsrlik hicran yaratdı

Bir xalqı yarıya böldü qılınclar.

Öz sivri ucuyla bu lələk qələm

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı, amma dəmbədəm

Kəsdilər səsini Azərbaycanın

 

O gün – fevralın 13- də son görüşə gələnlər əllərində tər çiçəklərlə gəlmişdilər. Şair Bəxtiyar da sanki hər birinə özünün şeir çələngini ərməğan edib yola saldı. Bəxtiyar müəllimin “Dayan, zaman“ adlı bir şeiri var. Deyir: “Dayan, zaman, dayan, hicrana olmasın aman!” Zamanı saxlamaq tarix boyu heç bir bəşər övladına nəsib olmadığı kimi ona da nəsib olmadı. Bu şeiri bəlkə də ovqatının elə bir vaxtında yazıb ki, qəlbində fırtınalar, qasırğalar coşub. Dözə bilməyib. “Dayan, zaman, dayan”, – deyib. Sonra özü də bunun mümkünsüzlüyünü dərk edib. Düşünüb ki, zaman necə dayana bilər, “Axı dünya fırlanır“...

 

Vaxtın dəyirmanında daş əridi, qum oldu,

Tarixə atdığımız qayıtdı, lüzum oldu,

Dünənin həqiqəti bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı dünya fırlanır.

 

Həyatın axarına bu məntiqlə yanaşsaq, şair Bəxtiyarla yenidən görüşümüz labüddür. Bu fırlanan dünyada o bizə sarı gələcək, yoxsa biz ona doğru gedəcəyik? Bu sualın cavabı, əlbəttə ki, birmənalıdır. Yaşanan hər an, hər gün bizi daha çox ona doğru aparır. Ruhu şad olsun!

 

 

Zərxanım ƏHMƏDLİ

 

525-ci qəzet.- 2010.- 13 fevral.- S.14.