Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
Hörmətli oxucular, bu məqalədə
Təhsil Nazirliyinin Amerika Birləşmiş Ştatları təşkilatları
ilə təhsil sahəsində həyata keçirilən birgə
layihə və proqramlar barədə fikirlərimi davam etdirəcəyəm.
Dünyaya Baxış (World
Vision) beynəlxalq humanitar təşkilatı. Təşkilat
1994-cü ildən Azərbaycanda fəaliyyətə
başlamışdır. İlk dövrlərdə onun fəaliyyəti
“Ümumdünya Ərzaq Proqramı” çərçivəsində
məcburi köçkünlərə ərzaq yardımı
layihəsi ilə bağlı olmuşdur. Ərzaq
yardımları respublikanın 32 rayonunda məskunlaşmış
təqribən 200 min məcburi köçkün uşaqlara
paylanmışdır.
Bundan əlavə, Dünyaya
Baxış təşkilatının maliyyə dəstəyi
ilə ölkədə 30-a yaxın təhsil və tibb müəssisəsi
inşa və ya təmir edilmişdir. Buna misal olaraq Bakı,
Mingeçevir, Goranboy, Agcabədi və digər yerlərdə
tkilmiş və avadanlıqlarla təmin edilmiş orta məktəb
və uşaq bağçaları binalarını göstərmək
olar.
2004-2005-ci tədris ilindən
başlayaraq Dünyaya Baxış təşkilatı
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar: mövqelər,
təcrübələr və siyasət” pilot layihəsini həyata
keçirir. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda həyata
keçirilən ilk inkluziv təhsil layihəsi olmuşdur.
Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı
olan uşaqların öz həmyaşıdları ilə eyni
şəraitdə təhsil almaq hüququnu təmin etməkdir.
Layihə çərçivəsində inkluziv təhsilə
cəlb olunmuş təhsil işçiləri
üçün müxtəlif treninq və seminarlar təşkil
edilmiş və dünyada mövcud olan yeni təhsil
texnologiyaları Azərbaycanda sınaqdan keçirilmişdir.
Hazırda Dünyaya Baxış təşkilatının bu
layihəsi çərçivəsində 164 xüsusi
qayğıya ehtiyacı olan uşaq inkluziv təhsilə cəlb
edilmiş və təhsilini müvəffəqiyyətlə
davam etdirir.
Pilot layihə çərçivəsində
2004-2009 illər ərzində 500 nəfər ibtidai sinif
müəllimi, məktəbəqədər təhsil müəssisələrininin
tərbiyəçiləri, 20 nəfər məktəb
direktoru və digər heyət üçün treninq, mini –
seminarlar və digər tədbirlər keçirilmişdir.
Pilot layihənin icrası zamanı, həmçinin, valideynlər,
inzibatçılar, universitet müəllimləri, sosial sahədə
işləyən mütəxəssislər, psixoloqlar, həkimlər,
defektoloq və loqopedlər üçün təlimlər də
təşkil edilmişdir.
Layihənin məqsədlərinə
uyğun olaraq müəllimlər, valideynlər, uşaqlar,
xüsusi təhsil mütəxəssisləri, ali təhsil
müəssisələrinin işçiləri, ictimaiyyət
və layihəni icra edən mütəxəssislər
üçün metodik vəsaitlər hazırlanmış,
bir sıra xarici ədəbiyyatlar tərcümə olunaraq
çap etdirilmişdir.
“Xüsusi qayğıya
ehtiyacı olan uşaqlar və dövlət uşaq müəssisələrində
yaşayan uşaqlar” mövzusunda ictimaiyyəti məlumatlandırmaq
və onların cəmiyyətə daha yaxşı inteqrasiya
olunmasına yardım etmək məqsədilə bir sıra tədbirlər
həyata keçirilmişdir. Belə ki, təşkilatın
maliyyə dəstəyi ilə xüsusi qayğıya
ehtiyacı olan bir qızın həyatından bəhs edən
“Yuxuların çin olduğu yerdə” kitabı nəşr
edilmiş və ibtidai siniflər üçün sinifdənxaric
oxu materialı kimi məktəblərə paylanmış, həmin
kitab haqqında məktəblilər arasında inşa
müsabiqəsi keçirilmiş, müxtəlif mövzularda
tele-debatlar və digər verilişlər
hazırlanmış, qisa sosial reklamlar hazırlanaraq ictimaiyyətə
təqdim edilmişdir. Belə məlumat kampaniyaları həm
ictimaiyyətin, həm də qərar qəbul edənlərin
bu problemlərə diqqətini artırmışdır.
Dünyaya Baxış təşkilatı
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı”nın icrasına dəstək layihəsini də həyata
keçirir. Burada məqsəd dövlət uşaq müəssisələrində
yaşayan xüsusi qayğıya ehtiyacı olan
uşaqların cəmiyyətə inteqrasiyasının təmin
olunması üçün müvafiq hüquqi və sosial
mühitin yaradılmasına kömək etməkdir. Layihə
çərçivəsində aşağıdakı istiqamətlərdə
tədbirlər həyata keçirilir:
–De-institutlaşdırma və
uşaqların müdafiəsi üzrə qanunvericilik
bazasının nəzərdən keçirilməsi və təhlili,
Uşaq Müdafiə Sisteminin inkişafına yardım edilməsi.
–Proqram çərçivəsində
uşaq və ailələrlə işləyəcək
peşəkar sosial işçilərin hazırlanması məqsədilə
onların statusu, məsuliyyəti və vəzifələrinin
müəyyənləşdirilməsi, potensial sosial
işçilərin (müəssisələrin işçi heyəti,
uşaq və ailə məsələləri üzrə
işləmək istəyənlər) təlim alması
üçün kurikulumun işlənməsi.
–Ümumi təhsil müəssisələrində
inkluziv təhsil üzrə metodologiyanın işlənilib
hazırlanması.
–Dövlət Proqramı barədə
məlumatlandırma kampaniyasının aparılması.
Gənclərin
inkişafı və məşğulluq şəbəkəsinin
yaradılması layihəsi. Layihənin məqsədi ölkə
Prezidentinin 3 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı”nın
icrasına yardım göstərməkdir. Dünyaya
Baxış təşkilatı “Gənclərin məşğulluq
şəbəkəsinin yaradılması” vasitəsilə bu
proqramın həyata keçirilməsinə öz dəstəyini
göstərmək əzmindədir.
Layihə çərçivəsində
Bakının Qaradağ rayonunda yerləşən iki
texniki-peşə təhsili müəssisəsinin (14 və 16
nömrəli) maddi-texniki bazasının gücləndirilməsinə
və standartların təkmilləşdirilməsinə dəstək
göstəriləcəkdir. Həmin məktəblərdə
tətbiq olunacaq yeni standartlar Qaradağ rayonu Ələt,
Sahil, Qobustan və Ümid qəsəbələrində gənclərin
məşğulluq imkanlarını nəzərə
çarpacaq dərəcədə artıracaq. Layihə
çərçivəsində qısa müddətli (2-3 ay)
peşə təlimlərinin keçilməsi də nəzərdə
tutulmuşdur.
Bu layihə gənclərin
texniki peşə təhsilinə geniş cəlb olunması
imkanının artırılması, işsizliyin aradan
qaldırılması və əmək bazarının tələblərinin
ödənilməsi məqsədilə texniki-peşə təhsilinin
təkmilləşdirilməsini nəzərdə tutur.
Dünyaya Baxış təşkilatı
Azərbaycanda fəaliyyət göstərdiyi 16 il ərzində
həyata keçirdiyi layihələrə ümumilikdə 80
milyon ABŞ dolları vəsait sərf etmişdir.
ABA/CEELİ təşkilatı.
Amerika Hüquqşünaslar Assosiasiyası (American Bar
Association –
Hazırda Azərbaycanda ABA
hüquq təhsili islahatları, cinayət hüququ, qanunun
aliliyi istiqamətlərində fəaliyyət göstərir.
ABA-nin nəzdində Hüquqi Yardım Mərkəzi də fəaliyyət
göstərir.
Hüquq təhsili
islahatları proqramı çərçivəsində
Canlı Hüquq Proqramı
hüquqi təhsil layihələri arasında həyata
keçirilən unikal proqramdır. Proqram çərçivəsində
hüquqşünas tələbələr qeyri-hüquqşünasları
maarifləndirir. Bu o deməkdir ki, Canlı Hüquq Proqramı
vasitəsilə, bir tərəfdən, hüquq və beynəlxalq
hüquq fakültələri tələbələrinin
professional inkişafına şərait yaradılır, digər
tərəfdən isə qeyri-hüquqşünasların
hüquqi cəhətdən maarifləndirilməsinə istiqamətləndirilmiş
fəal vətəndaş mövqeyi təbliğ edilir.
Canlı Hüquq Proqramı dünyada 1972-ci ildən həyata
keçirilməyə başlanmış və hazırda
Amerika, Afrika, Avropa, Asiyanın qırxdan çox ölkəsini
əhatə etmişdir.
Azərbaycanda Canlı
Hüququ Proqramı Amerika Hüquqşünaslar
Assosiasiyasının Hüquqi Təhsil İslahatları
Proqramı tərəfindən 2004-2005-ci tədris ilindən
başlayaraq həyata keçirilir. Proqramın ilk ilində
hüquq və beynəlxalq hüquq fakültəsinin 18 tələbəsi
Bakı və Sumqayıtın doqquz məktəbində 150 nəfər
səkkizinci sinif şagirdinə Canlı Hüquq dərslərini
tədris etməyə başlamışdır.
Proqramın ikinci ilində
Canlı Hüquq Proqramının əhatə dairəsi
genişlənmişdir. 2005-2006-cı tədris ilində
Proqramda hüquq və beynəlxalq hüquq ixtisası üzrə
təhsil alan 46 tələbə iştirak etmişdir. Onlar
altı və yeddinci sinif şagirdlərinə Canlı
Hüquq dərslərini tədris etmişlər. Qeyd olunan tədris
ilində proqramda ümumilikdə 18 məktəbin 455
şagirdi iştirak etmişdir. Qeyd olunmalıdır ki,
2005-2006-cı tədris ilində Canlı Hüquq Proqramı
onlayn olaraq Gəncə və Mingəçevir məktəblərində
də tədris edilməyə başlanmışdır.
Proqram 2006-2007-ci tədris
ilində də davam etdirilmiş, üçüncü sinif
şagirdləri üçün Canlı Hüquq dərsləri
hazırlanmış və Bakı şəhərinin daha 5 məktəbində
tədris edilməyə başlanmışdır. Bundan əlavə
tələbələr altı, yeddi və səkkizinci sinif
şagirdlərinə Canlı Hüquq dərslərini
auditoriya şəraitində, doqquz və onuncu sinif şagirdlərinə
isə internet vasitəsilə tədris etmişlər. Beləliklə,
həmin ildə proqramda hüquq və beynəlxalq hüquq
fakültəsinin 45 tələbəsi iştirak etmişdir.
Qeyd olunmalıdır ki, həmin tədris ilində Canlı
Hüquq Proqramı Azərbaycan və Qafqaz Universitetlərində
ayrıca bir proqram kimi fəaliyyət göstərmişdir.
Bu tədris ilində proqramda 22 orta məktəb iştirak etmiş
(12-si Bakı, 3-ü Sumqayıt, 3-ü Gəncə, 2-si Mingəçevir
və 2-si Lənkəran məktəbi olmaqla) 654 şagird
Canlı Hüquq dərslərini dinləmiş və məzun
olmuşlar.
2007-2008-ci dərs ilində
Canlı Hüquq Proqramında 33 məktəb iştirak
etmişdir. Onlardan 18-i Bakı, 3-ü Sumqayıt, 5-i Lənkəran,
4-ü Gəncə, 1-i Mingəçevir və 2-si Xaçmaz
məktəbləri olmuşdur. Həmin məktəblərin
1295 şagirdi Canlı Hüquq dərslərində iştirak
etmiş və məzun olmuşlar. Həmin tədris ilində
Proqramın davamlılığının təmin edilməsi
məqsədi ilə Bakı şəhəri 177 və 16
nömrəli məktəblər seçilmiş və burada
altıncı və yeddinci siniflərdə Canlı Hüquq dərsləri
bir məktəb müəllimi və bir tələbə
komandası tərəfindən tədris edilmişdir. 177
nömrəli məktəbdən bu prosesə üç, 16
nömrəli məktəbdən isə bir müəllim cəlb
olunmuşdur. Təlimçilər üçün təlim
başlayandan sonra 63 nömrəli məktəbin bir müəllimi
də təlimlərdə iştirak etmişdir. Beləliklə,
proqramın ikinci fazasında 3 Bakı məktəbində
Canlı Hüquq dərsləri müəllim və tələbə
komandaları şəklində tədris edilmişdir.
Canlı Hüquq Proqramı
beynəlxalq ictimaiyyətin də diqqətini cəlb
etmişdir. Məhz bu marağın nəticəsi olaraq
Proqramın sonunda ABŞ-ın Azərbaycandakı səfiri
Anne Dersi 177 nömrəli məktəbin
üçüncü siniflərinin Canlı Hüquq
Proqramından məzun olma mərasimində iştirak etmişdir.
Layihə çərçivəsində
Canlı Hüquq Onlayn Proqramı da uğurla həyata
keçirilmişdir. Belə ki, layihədə 4 regiondan – Lənkəran,
Gəncə, Mingəçevir və Xaçmazdan 12 məktəb
iştirak etmişdir. Lənkəran şəhər 10
nömrəli məktəbi əlaqələndirici qismində
çıxış edərək uğurlu göstəricilər
əldə etmişdir.
Aparılan işlərin nəticəsində
2007-2008-ci tədris ilində Canlı Hüquq
Proqramının statistik göstəriciləri, ötən
üç ilin göstəricilərinə bərabər
olmuşdur. Belə ki, Proqramda 81 tələbə 6 regionda 33 məktəbin
1295 şagirdinə Canlı Hüquq dərsləri
keçmişlər.
2008-2009-cu tədris ilində Canlı Hüquq Məzunlar Birliyi yaradılmışdır. Həmin dərs ilində Canlı Hüquq Proqramı Bakı şəhərinin 177 və 250 nömrəli məktəblərinin üçüncü, altıncı və yeddinci siniflərlərində davam etdirilmişdir. 177 nömrəli məktəbdən beş, 250 nömrəli məktəbdən bir müəllim layihənin bu hissəsinə cəlb edilmişdir. Eyni zamanda Canlı Hüquq Online Proqramına Zaqatalanın Humanitar Fənlər Gimnaziyası da qoşulmuş və Proqram Gəncə, Mingəçevir şəhərləri, Lənkəran və Zaqatala rayonları olmaqla daha 4 regionu da əhatə etmişdir.
Ümumilikdə 2008-2009-cu tədris ilində 20 hüquq fakültəsi tələbəsi və 6 müəllim Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Zaqatalanın 20 məktəbində 462 şagirdə Canlı hüquq dərslərini tədris etmişlər. Canlı Hüquq Proqramı 2009-2010-cu tədris ilində davam etdirilir.
Layihə çərçivəsində 2008-ci il avqust ayının 3-8-də Qubada Canlı Hüquq Yay Məktəbi təşkil edilmişdir. Yay məktəbində 30 məktəbli iştirak etmişdir. Məktəbin təşkili hüquqşünas tələbələrin hüquqi biliklərini təkmilləşdirir, onlara hüquqi qaydaları uyğun şəkildə bir qrupda müxtəlif yaşda uşaqlara interaktiv üsullarla tədris etmək bacarıqları aşılanmışdır. Eyni zamanda regionda uşaqları yeni hüquqi anlayışlarla tanış etməklə yanaşı, onları gündəlik həyatda necə tətbiq etməyi də öyrədirdi.
Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı vaxtdan Proqram davamlı olaraq inkişaf etmişdir. Ümumilikdə 2004-2009-cu illərdə Canlı Hüquq Proqramı vasitəsilə 8 universitetin hüquq və beynəlxalq hüquq fakültələrindən 235 tələbə Azərbaycanın 8 regionu üzrə 100 məktəbində həm siniflərdə, həm də internet vasitəsilə 3054 şagirdə hüquq dərsləri keçmişlər.
Canlı
Hüquq Proqramını davamlı etmək üçün
onun universitet və məktəblərin fəaliyyətinin tərkib
hissəsinə çevrilməsi Layihə
qarşısında duran vəzifələrdən idi. Məhz
universitetin tərkib hissəsinə çevrilən Canlı
Hüquq Proqramı öz sıralarına hər il daha
çox hüquq və beynəlxalq hüquq fakültəsi tələbələrini
cəlb edərək, Proqramda iştirak edən tələbələrin
sayını artırar və bu kurs universitetin tədris
proqramına daxil olardı. Daha sonra isə bu proqram seçmə fənn kimi
universitetin tədris planına salına bilərdi.
Məktəblərin tərkib
hissəsi olaraq isə bu proqram hər il daha çox
şagirdin hüquqi cəhətdən maarifləndirilməsinə,
müəyyən mərhələdə müəllimlərin
də bu prosesə cəlb edilməsinə səbəb olar, nəticədə
ictimaiyyətin hüquqi maarifləndirilməsi durmadan
inkişaf edər. Məktəblərdə Canlı Hüquq
Proqramı fakültativ fənn olaraq reallaşa bilər. Bu fənni
tədris edən müəllimlə hüquq fakültəsi tələbəsi
birlikdə Canlı Hüquq fənnini tədris edə bilər.
Bu isə öz növbəsində həmin proqramda istifadə
edilən metodların müəllimlər tərəfindən
mənimsənilməsinə şərait yaratmış
olardı. Bundan əlavə, Layihə çərçivəsində
Canlı Hüquq Proqramı üzrə dərs vəsaitləri,
tədris materiallarının çapı mütəşəkkil
hala çevrilərdi.
Gənclərinin nailiyyəti
(Junior Achievement) təşkilati. Gənclərinin nailiyyəti
təşkilatı 1998-ci ildən Azərbaycanda fəaliyyət
göstərir, məktəblərdə iqtisadiyyat və biznes
təhsilinin inkişafı ilə bağlı layihələr
həyata keçirir. 2003-cü ildən etibarən təşkilat
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (UCAİD) maliyyə
dəstəyi ilə məktəblərdə
İqtisadiyyatın tədrisi proqramını həyata
keçirir.
Proqram iqtisadiyyat fənninin
inkişaf etmiş ölkələrdə qəbul edilmiş
metodlarla tədrisi, qlobal biznes etikası, biznesin idarəolunması
və təşkili, iqtisadi problemlərin həlli
yollarının yuxarı sinif şagirdlərinə
aşılanması məqsədini daşıyır. Təşkilatın
əsas məqsədlərindən biri iqtisadiyyatın tədrisi
üçün iş adamlarını təhsil prosesinə cəlb
etməkdir. Hazırda Statoil, Exxon Mobil, Chevron, Pricewaterhouse
Coopers, Baker and McKenzie, McDermott Caspian, Garadagh Cement, KCA Deutag,
Bank Nikoil kimi şirkətlər təşkilatın layihələrini
maliyyələşdirir və könüllü trenerlər
qismində iştirak edirlər.
Azərbaycan Gənclərinin
Nailiyyəti təşkilatının müraciəti əsasında,
2000-2001-ci dərs ilindən etibarən eksperiment qaydasında
Bakı şəhərinin 10 ümumtəhsil məktəbinin
X siniflərində “İqtisadiyyata giriş” fənninin tədrisinə
başlanmışdır. Sonradan bu məktəblərin X və
XI siniflərində “İqtisadiyyata giriş” fənninin tədrisi
davam etdirilməklə yanaşı, eksperimentlə əhatə
olunmuş məktəblərin sayı ilbəil
artırılmışdır. Təşkilat bu məktəblərə
tədris-metodiki və texniki köməklik göstərmiş,
müəllimlər üçün treninqlər
keçirmiş, fənnin tədris olunduğu məktəblərdə
kompüterlər quraşdırmışdır.
2005-ci ildə Azərbaycan məktəblərində
İqtisadiyyatın tədrisi proqramına 14 bölgədən
130 məktəb cəlb olunmuş, 50 məktəbdən 100
müəllim təlimlərdə iştirak etmişdir. Həmçinin
məktəblərə 7000 nüsxə “İqtisadiyyat” dərsliyi
paylanmışdır. 2006-cı ildə proqram 20 bölgədən
180 məktəbi əhatə etmiş, proqrama yeni 45 orta məktəb
və 5 kollec cəlb edilmişdir. Həmin məktəblərdən
100 müəllim üçün təlimlər
keçirilmiş, məktəblərə 6000 nüsxə
“İqtisadiyyat” dərsliyi paylanmışdır.
Təhsil Nazirliyi tərəfindən
aparılan müşahidələr və müzakirələr
və eksperimentin 7 illik müsbət təcrübəsi onun əhatə
dairəsinin genişləndirilməsinə əsas vermiş,
2007-2008-ci dərs ilində həmin fənnin respublikanın
daha 50 təhsil müəssisəsində tədrisinə
başlanması qərarlaşdırılmışdır.
2008-2009-cu dərs ilində “İqtisadiyyata giriş” fənninin
respublikanın daha 15 təhsil müəssisəsində
(Ağdaş rayonu Yuxarı Ləki və Güvə kənd,
Ucar rayonu Qaradağlı kənd, Kürdəmir rayonu Karrar,
Atakişi, Ərşəli və Çöhranlı kənd,
Yevlax rayonu 8 nömrəli, 4 nömrəli şəhər, Səmədabad
və Nərimanabad kənd, Goranboy rayonu Borsunlu kənd 1
nömrəli, Eyvazlılar, Cinli-Boluslu və Nadirkənd kənd
orta məktəblərinin X siniflərində) tədrisinə
başlanılmışdır.
Həmin dərs ilində Gənclərin
Nailiyyəti təşkilatı öz fəaliyyətini
respublikanın 20 bölgəsinin 175 orta məktəbində və
5 kollecində davam etdirmişdir. Həyata keçirilən
proqramlara yeni qoşulmuş 50 orta məktəbin 10-11-ci sinif
şagirdləri təşkilat tərəfindən çap
olunmuş İqtisadiyyat dərslikləri ilə təmin
olunmuş, hər bir məktəbə ən azı 1
kompüter verilmişdir.
Təşkilat 2009-cu ildə
yüzə yaxın müəllim üçün yay tətili
zamanı iqtisadiyyatın tədrisi kursları, 14 müəllim
və 660 şagird üçün qlobal biznes etikası kursları
təşkil etmiş, 170 şagird təşkilatla əməkdaşlıq
edən iş adamlarının təlimatı ilə biznesin
idarəolunmasını öyrənmiş, 200 amerikalı və
azərbaycanlı şagird internet vasitəsilə reklam
strategiyalarına yiyələnmişdir.
Gənclərin Nailiyyəti
ildən ilə proqramın əhatə dairəsini genişləndirmiş,
hazırda İqtisadiyyat fənninin tədrisi ölkə
üzrə 26 rayonun 245 məktəbini, o cümlədən 4
peşə liseyi və 1 kolleci təmsil edən 94500
şagirdi, 360 müəllimi əhatə edir.
Həyata keçirilmiş tədbirlər
nəticəsində Azərbaycan şagirdləri hər il
Hewlett Packard korporasiyasının və Junior Achievement
Ümumdünya təşkilatının keçirdiyi beynəlxalq
iqtisadiyyat və biznes yarışında böyük
uğurlar qazanmışlar. Proqram çərçivəsində
ölkəmizin şagirdlərindən ibarət 30 komanda biznes
və iqtisadiyyat yarışına qoşulmuş, beş ay ərzində
davam edən bu bilik mübarizəsi nəticəsində 21
komandamız yarımfinala, bunlardan biri – Zəngi Liseyinin
komandası finala vəsiqə qazanmışdır. 2008-ci ilin
yayında ABŞ-da keçirilən final mərhələsində
Zəngi Liseyinin komandası 1000-dən artıq komandanı
arxada qoyaraq, III yeri tutmuşdur.
Bundan başqa Azərbaycan Gənclərinin
Nailiyyəti təşkilatı 2008-ci ilin may-avqust aylarında
orta məktəblərdə İqtisadiyyatın tədrisi
proqramı çərçivəsində fərqlənmiş
doqquz fəal şagirdə peşə təcrübəsi
proqramında iştirak etmək imkanı
yaratmışdır. Hər il təşkilatın həyata
keçirdiyi layihələrin 20 qalibi əməkdaşlıq
edilən şirkətlərdə peşə təcrübəsi
keçmək imkanı əldə edirlər. Təcrübə
proqramı hər şagirdi qəbul edildiyi şirkətin əməkdaşı
olan karyera məsləhətçisi ilə təmin edir. Həmin
il Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı
Exxon Mobil, Statoil Azərbaycan, McDermott Caspian Kontraktors, KCA Deutaq
və Bank Nikoil ilə səmərəli əmkdaşlıq
qurmuş, bu şirkətlərin təmsilçiləri iyirmi
şagirddən doqquzunu müsahibə vasitəsilə peşəkar
təcrübə proqramına seçmiş, həmin
şagirdlər bir həftədən iki aya qədər bu
şirkətlərdə çalışmışlar.
Hazırda “İqtisadiyata
giriş” Layihəsi uğurla davam etdirilir. Fənnin tədrisində
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş eksperimental
tədris proqramı və Gənclərinin Nailiyyəti təşkilatı
tərəfindən Azərbaycan və rus dillərində nəşr
edilmiş “Tətbiqi iqtisadiyyat” adlı tədris vəsaitindən
istifadə edilir.
Gənclərin Nailiyyəti
təşkilatı 2008-ci il mart ayının 2-də Məktəbli
Biznes Günü tədbirini keçirmişdir. Eyni vaxtda həyata
keçirilən üç fəaliyyət növündən
– iqtisadiyyata dair milli yarışmanın finalı, məktəblilərin
biznes plan təqdimatları və məktəbli məhsullarının
yarmarkasından ibarət olan tədbir Məktəblərdə
İqtisadiyyatın Tədrisi (SEE) proqramının bir hissəsi
kimi həyata keçirilmişdir. 2007-ci ilin oktyabr ayından
start götürmüş iqtisadiyyata dair milli yarışma
Bakı, Sumqayıt, Bərdə, Gəncə, Yevlax, Mingəçevir
və Lənkərandan 36 məktəbdən 58 məktəbli-komandanı
cəlb etmişdir. Final mərhələsində səkkiz
komanda iştirak etmiş, Bakı şəhərindən olan
komanda qalib elan olunmuşdur. Eyni zamanda Bakı, Sumqayıt, Mingəçevir,
və Göyçaydan olan finalçılar biznes plan və məhsullarını
McDemott, Caspian Contractors, Statoil Azərbaycan, USAİD, Avroasiya
fondu və AİG şirkətinin biznes mütəxəssislərindən
ibarət münsiflər heyətinə təqdim etmişlər.
2005-ci ildən məktəblərdə
İqtisadiyyatın Tədrisi proqramı JA Worldwide-la əməkdaşlıq
şəraitində Qlobal Biznes Etikası (GBE) proqramını
həyata keçirir. Proqram Bakı və digər on rayondan
17702 şagirdi və 60 müəllimi əhatə etmişdir.
Kurs 12 həftə ərzində konkret situasiyalara əsaslanan
proqram əsasında aparılaraq dünyada məktəbliləri
bir-biri ilə əlaqələndirir, onlara etik məsələlərlə
bağlı debat və müzakirələr aparmaq, biznes
etikası məsələlərini araşdırmaq imkanı
verir. Proqram çərçivəsində həm müəllimlər,
həm də məktəblilər bir sıra təlim
sessiyalarında iştirak edirlər. Bu proqramda iştirak edən
məktəblilərdən ikisi 2006-cı ildə keçirilən
Beynəlxalq Esse Yarışmasının qalibi olmuş və
esseləri ilə bağlı təqdimatlar aparmaq
üçün Qırğızıstana səfər
etmişlər. Şahin Qəhrəmanzadə və Ayaz Əfəndiyev
biznesmen olmağı qərara almışdılar, amma özləri
etiraf etdikləri kimi “uğurlu biznes təmsilçisinin
hansı keyfiyyət və bacarığa malik olmasını
bilmirdilər”. Hazırda JAA proqramlarını bitirdikdən
sonra hər iki şagird Almaniya və Rusiyadan olan tərəfdaşları
ilə birlikdə Newstyle adllı web-dizayn biznesi ilə məşğuldurlar.
Hər iki məktəbli JA proqramının onların gələcək
biznesmenlər kimi hazırlanmasında böyük rol
oynadığını qeyd edir, çünki bu proqram onlara
“nəzəri” bilik verməklə yanaşı,
bacarıqları təcrübədə tətbiq etmək
imkanı vermişdir.
“Şagirdlər
üçün biznes təlimləri 2005-ci ilin fevral
ayında (onlar Junior Achievement Azərbaycan proqramları
üçün vəsait toplanması tədbirinin təşkilatçıları
seçildikləri vaxtdan) başlamışdı. JAA-nın
apardığı Şagirdlərin Məktəbli Şirkətlər
yarışmasını və Yay Təcrübəsi
Proqramını uğurla başa çatdırdıqdan sonra
ABŞ Dövlət departamentinin xətti ilə keçirilən
Gələcək Liderlər mübadiləsi (FLEX)
proqramının imtahanını müvəffəqiyyətlə
verdilər. Geri qayıtdıqdan sonra onların hər ikisi
Bakıda biznesləri üçün ofis kirayələrək
tam hüquqlu vergi ödəyiciləri olmağı
planlaşdırırlar.
Hər il İqtisadiyyatın
tədrisi proqramının ən uğurlu
iştirakçıları Gənclərin Nailiyyətinin tərəfdaş
şirkətlərində internatura proqramlarında iştirak
edirlər. 2007-ci ilin iyul-sentyabr aylarında 13 məktəbli
karyera məsləhətçiləri ilə birgə biznes
dünyasında hansı imkanların olduğunu ilk mənbədən
müşahidə etmək üçün Statoil Azərbaycan,
McDemott Caspian Contractors, Exon Azərbaycan, AİG və KCA Deutag
şirkətlərində işləmişlər. Yay təcrübəsi
proqramı bir həftəlik və iki aylıq geniş
internatura proqramlarından ibarət idi. 2005-ci ildən Məktəblərdə
İqtisadiyyatın Tədrisi 23 məktəbliyə yerli və
beynəlxalq biznes strukturlarında peşəkar təcrübə
qazanmaq imkanı vermişdir. Bu təşəbbüs məktəblilərə
karyera məqsədlərini aydınlaşdırmağa və
onlara iqtisadiyyat məktəblisindən biznes peşəkarına
doğru addım atmağa yardım edir.
Gənclərin Nailiyyəti
məzunlarından ibarət Azərbaycan Dövlət Neft
Akademiyasının komandası 12-ci illik Hewlett Packard Qlobal
Yarışında dünya çempionu olmuşdur. Praqa şəhərində
keçirilən yarışma Kanada, Litva, Argentina, Rusiya,
Çin və Azərbaycanı təmsil edən ən
güclü məktəbli və tələbələrdən
ibarət iqtisadiyyat və biznes komandalarını bir araya gətirmişdir.
2003-cü ildən 750 şagirdin bu yarışmada
iştirakını dəstəkləmiş, nəticədə
Azərbaycanı təmsil edən komandalar iki il ardıcıl
olaraq finala çıxmış, 2006-cı ildə Bakı
şəhərindən olan məktəbli komandası 30-cu
yeri tutmuşdur. Junior Archivement Worldwide və Hewlett-Packard
korparasiyası tərəfindən təşkil olunan bu
yarışma minlərlə şagirdə hipotetik şirkətləri
idarə edərək onları uğura aparmaq məqsədilə
biznes liderlər rolunu ifa etmək imkanı verir.
ABŞ Beynəlxalq
İnkişaf Agentliyi (USAID). Amerika Birləşmiş
Ştatları ölkələrdə daha yaxşı həyat
sürməyə, fəlakətlərin nəticələrini
aradan qaldırmağa, azad, demokratik şəraitdə
yaşamağa can atan insanlara yardım məqsədilə
ABŞ-ın federal büdcəsindən maliyyələşən
USAİD təşkilatı yaratmışdır. 1961-ci ildə
ABŞ Prezidenti Con F.Kennedi Xarici Ölkələrə
Yardım Aktını imzalayaraq bu aktı qanuna
çevirmiş və icraçı təşkilat kimi USAID
donor agentliyini yaratmışdır. O vaxtdan USAID fəlakətlərin
nəticələrini aradan qaldıran, yoxsulluqdan qurtulan,
demokratik islahatlara qatılan ölkələrə köməyini
əsirgəməyən donor agentliyi kimi fəaliyyət
göstərmişdir. Sonradan bu təşkilat daha çox
iqtisadi inkişafla bağlı layihələr həyata
keçirməyə başlamışdır. Azərbaycanda
bilavasitə USAİD tərəfindən maliyyələşdirilən
bir sıra layihələr həyata keçirilir.
Dövlət investisiya siyasəti
Layihəsi. USAİD Azərbaycan Hökumətinin
ehtiyaclarını nəzərə alaraq 2005-ci ilin mart
ayından İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu
Layihəni həyata keçirməyə
başlamışdır. Layihə çərçivəsində
2006-cı ildə seminar keçirilmiş, həmin seminarda
“Dövlət investisiya proqramının hazırlanması və
planlaşdırılması” mövzusunda təqdimat
edilmişdir.
Layihə çərçivəsində
“Dövlət investisiyalarında maraqlı tərəflərin
iştirakı”na dair hesabat hazırlanmış və Təhsil
Nazirliyinə təqdim edilmişdir. Hesabatın müzakirəsindən
sonra USAID tərəfindən “Dövlət sektorunda
investisiyaların təhlili və idarə edilməsi” təlim
proqramı hazırlanmış, bu proqramda digər nazirliklərlə
yanaşı, Təhsil Nazirliyi də iştirak etmişdir.
Təlim Proqramının məqsədi
Azərbaycanda makroiqtisadi və sektor səviyyəsində orta
və uzunmüddətli planlaşdırmanın, habelə
dövlət investisiya proqramının tərtibi və
icrasının təkmilləşdirilməsi, dövlət
büdcəsinin proqnozlarla əlaqələndirilməsi,
investisiya layihələrinin qiymətləndirilməsi və
monitorinqi proseslərinin keyfiyyətinin yüksəldilməsi
və son nəticədə dövlət büdcəsindən
bu məqsəd üçün ayrılmış vəsaitlərin
səmərəli istifadəsinə yardım göstərməkdən
ibarətdir.
Təlim proqramının
birinci mərhələsində 6-28 fevral 2006-cı il tarixlərdə
rəhbər işçilər üçün təlim
kursları keçirilmiş və bu təlimlərdə Təhsil
Nazirliyinin 4 nəfər əməkdaşı iştirak
etmişdir. İkinci mərhələ 13 mart – 5 aprel
2006-cı il tarixlərdə keçirilmiş, bu təlimlərdə
də Təhsil Nazirliyinin əməkdaşları iştirak
etmişdir.
Dövlət xərcləri
islahatına dəstək layihəsi. Layihə 2008-ci ildən
həyata keçirilməyə başlanmışdır. Bu
layihə çərçivəsində təhsil sahəsində
büdcələrin tərtibi prosesinin və orta müddətli
xərclər çərçivəsinin təkmilləşdirilməsi
istiqamətində Təhsil Nazirliyində işçi qrupu
yaradılmış, onlarla işləmək üçün
əlaqələndirici şəxs təyin edilmişdir. Həmin
layihə çərçivəsində Azərbaycanda təhsil
sistemi sahəsindəki carı vəziyyət, təklif edilən
prioritetlər, islahat tədbirləri haqqında müzakirələri
stimullaşdırmaq məqsədilə 2009-cu ilin mart
ayında “Azərbaycan təhsil sahəsinin təhlili” üzrə
hesabat hazırlanmış və müzakirə edilmişdir.
Layihə çərçivəsində
2009-cu ilin may ayında Azərbaycanda təhsilin ekspertizası
üçün xərc-gəlir təhlilinin icmalı, xərclərin
səmərəliliyi və faydalılığının təhlilləri,
dövlət sektoru üzrə faktiki təhsil layihələrinə
dair nümunələri və təhsil sektorunda layihələrin
ekspertizasında istifadə edilən metodlardan ibarət “Təhsil
sektoru üzrə layihələrin qiymətləndirilməsinə
dair təlimat” hazırlanmışdır.
İcma Əlaqələri
Proqramı. Proqram 2006-cı ildə həyata
keçirilmişdir. Əsas məqsəd proqramın
iştrakçıları, ABŞ-dakı ailələr və
yerli icmalar arasında əlaqələrin yaradılması və
mədəni dəyərlərin mübadiləsi vasitəsilə
ictimai diplomatiyanın yayılmasından ibarət olmuşdur.
Eyni zamanda Proqram dövlət
və özəl təşkilatların əməkdaşları
üçün fərdi qaydada təcrübə, seminar və
məşğələlər təşkil etmək, peşəkar
təlimlər keçirmək, müasir Amerika biznesi və
peşəkar mühitini nümayiş etdirmək, Amerika və
Azərbaycan arasında əlaqələr yaratmaq kimi məqsədləri
də fəaliyyətində nəzərə
almışdır.
Proqram çərçivəsində
“Psixoloji travmaların qarşısının alınması və
profilaktikası” mövzusunda Amerika Birləşmiş
Ştatlarında üç həftəlik seminar və təlimlərdə
iştirak etmək üçün 2006-cı ilin fevral
ayında Bakı və Gəncə şəhərləri,
Yevlax rayonunda ümumtəhsil məktəb müəllimləri
arasında müsabiqə keçirilmişdir. Müsabiqə
iştirakçıları arasından 3 nəfər
seçilərək 2006-cı il aprelin 19-dan mayın 10-dək
ABŞ-da keçirilən seminarda iştirak etmək
üçün göndərilmişdir.
2002-2007-ci illərdə
USAİD-in maliyyə dəstəyi ilə “World Learning” təşkilatı
tərəfindən Azərbaycanda “Nəticələr naminə
strateji və texniki dəstək” layihəsi həyata
keçirilmişdir. Layihə çərçivəsində
“Biznesin idarə olunması” və “İctimai idarəetmə”
üzrə magistr pilləsində təhsil alan 21 tələbə
ABŞ-a təhsil almağa göndərilmişdir.
USAİD təşkilatı
bir sıra təlim seminarlarını da maliyyələşdirmişdir.
Belə ki, 2006-cı il 4-19 fevral tarixlərində Təhsil
Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının və universitetlərin nümayəndələrindən
ibarət 10 nəfərlik heyət ABŞ-da Təhsil üzrə
Test Xidməti (ETS) təşkilatının təcrübəsini
öyrənmişdir. Öyrənilmiş təcrübə
ümumtəhsil məktəblərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili
prosesində nəzərə alınmışdır.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri
doktoru,
professor
525-ci qəzet.- 2010.- 13
fevral.- S.10-11.