Təhsilimiz bu gün: uğurlarımız və bədxahlarımız

 

Azərbaycan müstəqillik əldə etməsinin iyirmi illiyi ərəfəsindədir. Tarix üçün çox kiçik olan bu zaman müddətində respublikamız böyük sürətlə inkişaf edərək dünyanın qabaqcıl ölkələri arasında ön sıralara yüksəlmişdir. Ölkədə iqtisadi inkişafın yüksək səviyyəyə çatması, xalqın rifahının durmadan yaxşılaşması, bütün sahələrdə aparılmış və aparılmaqda olan islahatlar, islahatların verdiyi müsbət nəticələr Azərbaycanın inkişafının mühüm göstəricilərindəndir. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin qoruyub saxladığı siyasi sabitlik, aparılan ardıcıl siyasət nəticəsində mümkün olmuşdur.

Hər bir xalqın inkişafı onun təhsili ilə, elmi ilə bilavasitə bağlıdır. Elə buna görə də ictimai-siyasi həyatın bütün sahələrinin ən yüksək səviyyədə inkişafının təmin edilməsi üçün bütün səylərini göstərən cənab Prezident dövlət üçün strateji sahələrdən biri olan elm və təhsilə xüsusi diqqət göstərir. Bu diqqətin nəticəsi kimi ölkəmizdə elm və təhsil sahəsində islahatlar davam etdirilir, təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir, ölkəyə dünyada təhsil sistemində sınanmış ən mütərəqqi texnologiyalar gətirilir, müasir avadanlıqla təchiz edilən yeni təhsil müəssisələri tikilir, mövcud təhsil müəssisələri abadlaşdırılır, müasirləşdirilir, gənclər təhsil almaq üçün dünyanın qabaqcıl ali təhsil müəssisələrinə göndərilir, xüsusi istedada malik şagirdlərə, tələbələrə öz istedadlarını inkişaf etdirmək üçün təqaüdlər ayrılır, hər il ölkə üzrə qabaqcıl orta məktəblər, qabaqcıl müəllimlər müəyyənləşdirilir və mükafatlandırılır.

Ölkədə təhsil siyasətini uğurla həyata keçirən Təhsil Nazirliyi öz işini cənab prezidentin təhsilin inkişafı üçün qarşıya qoyduğu tələblərə müvafiq şəkildə aparır. Belə ki, son zamanlar kurikulum islahatı geniş vüsət almış, ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün müasir təhsilin bütün tələblərinə cavab verən, fənlərin məzmun və fəaliyyət xətlərini, məzmun standartlarını, fəndaxili və fənlərarası inteqrasiyanı özündə ehtiva edən və beynəlxalq ekspertlərin müsbət rəylərini almış fənn kurikulumları və bu kurikulumların əsasında dərslik komplektləri hazırlanmışdır. Təhsilin digər pillələri üçün kurikulumların təkmilləşdirilməsi işi davam edir. Hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün yaradılmış xüsusi qurum – Dərslikləri Qiymətləndirmə Şurası hər bir dərslik layihəsini diqqətlə, obyektiv şəkildə araşdırır və onlardan ən yaxşısını seçir. Dövlətin böyük miqdarda maliyyə vəsaiti hesabına çap olunan dərsliklər məktəblərdə şagirdlərə pulsuz paylanır. Bütün bunlar cənab Prezidentin təhsil sahəsində müəyyənləşdirdiyi uğurlu siyasətin, bu siyasəti həyata keçirən Təhsil Nazirliyinin gərgin fəaliyyətinin nəticəsidir. Bütövlükdə, Azərbaycan təhsilinin bügünkü inkişafı göz qabağındadır. Lakin bu inkişaf təhsilimizin keçməli olduğu uzun yolun hələ ilkin mərhələsində əldə edilən nəticələrdir.

Məlumdur ki, təhsil sistemində yeniliklərin həyata keçirilməsi mürəkkəb bir prosesdir. Lakin ölkə başçısının təhsilə xüsusi qayğısı, təhsil sahəsində dünya təcrübəsinin öyrənilməsi, Təhsil Nazirliyinin, təhsil sahəsində çalışan mütərəqqi insanların əzmkarlığı bu prosesin mümkün qədər tez və yüksək nəticələrlə başa vurulacağını deməyə əsas verir və qeyd etdiyim kimi, bir sıra ilkin uğurlu nəticələr artıq əldə edilmişdir. Ali təhsil müəssisələrimiz Boloniya bəyannaməsinə qoşulmuşdur və bu istiqamətlərdə mühüm addımlar atılır. Bununla belə, təhsil sisteminin tam və mükəmməl şəkildə işləməsi üçün görüləcək işlərimiz hələ çoxdur. Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında Cənab Prezident İlham Əliyev təhsilimizin inkişafını yüksək qiymətləndirməklə bərabər, perspektivdə dayanan vəzifələri vurğulayaraq qarşıya mühüm tələblər qoymuşdur: “Son illər ərzində təhsilin səviyyəsinin qaldırılması üçün vacib addımlar atılır, “Təhsil haqqında” qanun uzun müzakirələrdən sonra qəbul edilibdir. Ancaq bu sahədə inkişaf üçün hələ çox iş görülməlidir. Bir daha demək istəyirəm ki, dünyanın ən mütərəqqi təcrübəsi öyrənilməlidir, eyni zamanda Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır”.

Bütün bunları xatırlatmaqda məqsədimiz təhsilimizin vəziyyəti barədə hesabat vermək, oxucuya təhsilimizdə hər şeyin ideal olması fikrini təlqin etmək deyildir. Bir valideyn, təhsil işçisi, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü kimi təhsilimizin əldə etdiyi uğurlar məni sevindirir, çatışmazlıqlar, problemlər, onun həlli yolları isə düşündürür. Əslində strateji sahə olan təhsil hamını düşündürməli, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bəzən təhsilimizə diqqət tamamilə qərəzli mövqedən yönəlir. Məsələn, Azərbaycan təhsilinin inkişafına yalnız qara şüşə arxasından baxan, bu inkişafı görmək istəməyən Əlövsət Osmanlı iki ilə yaxın bir müddətdə mətbuat səhifələrində Təhsil Nazirliyinin rəhbər və məsul əməkdaşlarının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvlərinin, o cümlədən Şuranın üzvü kimi mənim ünvanıma təhqiramiz ifadələr, böhtanlarla dolu silsilə məqalələr yazmaqla hər vəchlə bizi işimizdən yayındırmağa, ictimaiyyəti çaşdırmağa, təhsilimizin inkişafına mane olmağa çalışır. Ölkəmizdə aparılan uğurlu təhsil siyasətinə, onun müsbət nəticələrinə qarşı tam zidd mövqe tutan Ə.Osmanlı bununla da dövlətçiliyimizə, dövlətimizin təhsil siyasətinə qarşı çıxır. I siniflər üçün hazırladığı “Riyaziyyat” və “Həyat bilgisi” komplektləri zəruri keçid balını toplaya bilməyən Ə.Osmanlı ziyalıya yaraşmayan bir yol – təhqir və şantaj yolu tutmuşdur. Əslində təhqir dolu ifadələrinə görə Ə.Osmanlı hüquqi məsuliyyət daşıdığını bilməmiş deyil. Əgər bilmirsə, yeri gəlmişkən, ona xatırlatmağı özümə borc bilirəm. Lakin bizim üçün daha önəmli olan təhsilimizin, deməli, övladlarımızın, xalqımızın gələcəyi, bir sözlə, dövlətimizin gələcəyidir. Ə.Osmanlı isə bütün yazılarında Azərbaycanda təhsilin ümumiyyətlə fiaskoya uğradığını iddia etməklə ictimaiyyətdə təhsilimizdə gedən proseslər haqqında yanlış və mənfi fikirlər aşılamağa cəhd göstərir. Ə.Osmanlının bu fəaliyyətini dövlətə, onun böyük bir strukturunun fəaliyyətinə qarşı açıq-aşkar sui-qəsd hesab edirəm.

Mətbuat səhifələrində, televiziya kanallarında ali məktəblərə qəbul zamanı abituriyentlərin bəzən 30 faizə qədərinin keçid balını toplaya bilmədiyinə dair məlumatlar və bu nəticələr əsasında məktəblərdə verilən təhsilin keyfiyyətinin aşağı olması barədə iddialar da yer alır. Birincisi, şagirdlərin təfəkkürü, qavrama qabiliyyəti müxtəlif olduğu kimi, onların aldıqları qiymətlərin də fərqli olması təəccüblü deyil. İkincisi, imtahan üçün verilən 3 saat vaxt yüz iyirmi beş suala cavab verməli olan abituriyenti psixoloji cəhətdən çətin vəziyyətə salır. Digər tərəfdən, qısa vaxt ərzində abituriyentin fərqli fənn bloklarına aid suallara cavab verməli olması da, zənnimizcə, fikrin cəmləşdirilməsi baxımından müəyyən çətinliklər yaradır. Nəhayət, qəbul planı məhdud olduğundan keçid balını toplayan, lakin ali məktəbə qəbul olmayanlara görə də məktəbləri qınayan, təhsilin keyfiyyətinin aşağı olmasını iddia edənlər də vardır. Hesab edirik ki, bu məsələyə reallıqdan çıxış edərək yanaşmalıyıq.

Orta məktəbi bitirməli olan şagirdlərin 20%-nin, yaxud bundan bir qədər azının və ya çoxunun attestat ala bilməməsini də bəzən təhsilin keyfiyyətinin aşağı olması ilə izah edirlər. Bu yanaşma da, bizcə, kökündən yanlışdır. Artıq iki ildir ki, respublikamızın bütün ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən və çox obyektiv şəkildə keçirilir. Şagirdlərin bir qisminin attestat ala bilməməsinin səbəblərindən biri imtahanların məhz belə obyektiv keçirilməsinin nəticəsidir. Bundan başqa, yuxarıda qeyd etdiyimiz kimi, şagirdlərin heç də hamısının qavrama səviyyəsi eyni olmur, onların heç də hamısı bilikləri eyni dərəcədə qavraya bilmir. Bu və digər səbəblərin nəzərə alınaraq Təhsil Qanununda icbari təhsilin doqquzillik təhsilə keçirilməsini düzgün hesab edirəm. Bu, zəif oxuyan və tam orta təhsilini davam etdirmək iqtidarında və ya arzusunda olmayan yeniyetmələrin öz təhsilini orta ixtisas və ya peşə məktəblərində davam etdirməsinə, qabiliyyətlərinə müvafiq peşə təhsili ala bilməsinə imkan yaradacaq.

Təhsil siyasətinin mühüm istiqamətlərindən biri də müasir tələblərə cavab verən, keyfiyyətli dərsliklərin hazırlanmasıdır. Dərsliklərin hazırlanmasından başlayaraq məktəblərə çatmasına qədər keçdiyi bütün mərhələlərlə yaxından tanış olan bir şəxs kimi deyə bilərəm ki, bu sahədə çox çətin, lakin inadla uğurlu addımlar atılır və hesab edirəm ki, bu fikrimlə razı olanlar çoxdur. Təhsil Nazirliyi hazırlanmalı olan dərsliklər barədə mətbuatda müvafiq elanlar verir və müəyyən edilmiş vaxtda təqdim olunmuş dərslik layihələrinin ekspertizasının keçirilməsini təmin edir. Ekspertizanı müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurasının cəlb etdiyi ekspertlər keçirir. Anonim şəkildə keçirilən bu ekspertizaya ölkənin ən qabaqcıl mütəxəssisləri cəlb edilir. Ekspertlər müəllifi məlum olmayan dərslik layihələrini diqqətlə araşdırır və onları obyektiv şəkildə qiymətləndirirlər. Ən sonda Dərslikləri Qiymətləndirmə Şurasının təqdim etdiyi nəticələrə görə Təhsil Nazirliyi ən yaxşı dərslik layihəsinin çapı üçün tender elan edir.

Əlbəttə, dərslik layihələrinin heç də hamısı ideal olmur, lakin bütün hallarda onlardan ən yaxşısı seçilir. Sonrakı mərhələdə isə dərsliklər haqqında müəllimlərin, mütəxəssislərin, bütövlükdə ictimaiyyətin rəyləri əsasında həmin dərsliklər təkmilləşdirilir. Bu normal haldır və ya normal düşünənlər bunu bilir. Lakin bəzən öz şəxsi mənafeyi naminə Təhsil Nazirliyinin apardığı bu ağır, böyük işin nəticələrini heç cür həzm edə bilməyənlər də tapılır. Məsələn, hazırlanmış dərsliklərin təhsilimiz üçün yararsız olduğunu iddia edən Ə.Osmanlı mövcud dərslik standartlarını qəbul etmir, daha doğrusu, etmək istəmir. Çünki onun öz standartı var – Əlövsət Osmanlı standartı, qazanc standartı. Burada bir mifi xatırlatmaq yerinə düşərdi. Qədim yunan mifologiyasına görə, quldur Prokrust qurbanlarını öz çarpayısına uzadar, bu çarpayıdan uzun olanların ayağının çarpayıdan kənara çıxan hissəsini kəsər, qısa olanların ayağını isə çarpayının boyu ilə bərabərləşənə qədər dartıb uzadarmış. Ə.Osmanlının standartı elə Prokrust standartını xatırladır. Bu standarta görə, özünü əvəzsiz riyazıyyatçı kimi qələmə verən, heç vaxt tədrislə məşğul olmamış Ə.Osmanlı, nəinki “Riyaziyyat” dərsliyinin, hətta “Əlifba”nın da müəllifi ola bilər, lakin ilk baza təhsili ibtidai sinif müəllimi olan, uzun müddət ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş, sonra isə daha yüksək təhsil alaraq xarici dillərin tədrisi ilə məşğul olan, Rusiya, Hollandiya, Malayziya, İndoneziya və dünyanın bir sıra digər ölkələrinin təhsil sistemi ilə yaxından tanış olan, bu ölkələrin universitetlərində çalışmış, həyatını bütövlükdə elm və təhsilə həsr etmiş professor Həbib Zərbəliyev dərsliklərlə bağlı şikayətləri araşdıran Apelyasiya Komissiyasına rəhbərlik edə bilməz.

Lakin Ə.Osmanlı və onun kimilər nə qədər mane olmağa çalışsa da, Azərbaycan təhsili dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun yol ilə irəliləyir, inkişaf edir, Azərbaycan təhsilinə rəhbərlik edən qurum öz fəaliyyətini, təhsil strategiyasının həyata keçirilməsini əzmlə davam etdirir. Dövlətimizi sevən, onun dəyərlərinə hörmət bəsləyən, ulu öndərimizin “Təhsil millətin gələcəyidir” fikrindən güc alan Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri də bu prosesdə fəal iştirak edir, Azərbaycan təhsilinin inkişafı üçün qüvvələrini əsirgəmirlər. Mən, bütün ziyalıları, mütərəqqi insanları da bu nəcib işdə öz köməyini göstərməyə çağırıram.

 

 

Həbib ZƏRBƏLİYEV,

Dərslikləri Qiymətləndirmə 

Şurasının sədr müavini,

Azərbaycan Dillər Universitetinin

professoru, filologiya elmləri  doktoru      

 

525-ci qəzet.- 2010.- 13 fevral.- S.8.