Anar Məmmədxanov: “Məcbur eləsələr, soyadımı dəyişməyəcəyəm, qoy, məni tutsunlar”

 

Milli Məclisin üzvü Anar Məmmədxanov APA-ya müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik

 

– Neçə vaxtdır, mətbuatda görünmürsünüz. Mətbuatdan qaçırsınız, yoxsa vaxtınız olmur?

– Mətbuatdan nəyə görə qaçmalıyam ki? Mən həmişə mətbuatın dostu olmuşam. Baxmayaraq ki, bəzən incimək üçün əsasım olur, ancaq heç vaxt mətbuatdan inciməmişəm. Həmişə hesab etmişəm ki, mətbuat öz işini görür. Mən dərzi olsaydım, bu halda məndən yazsaydılar, haradasa qeyri-adi olardı. İctimai xadiməm, ona görə də vəziyyəti anlayıram. Bu, sırf vaxt məsələsi ilə bağlıdır. Bir neçə aydır, ciddi layihə üzərində çalışıram. Bu layihə böyük kino və TV prodakşın olacaq. Biz həm sənədli filmlər, həm də verilişlər istehsal edəcəyik. Adı “Ultra production”dur. Biz müasir dövrün tələbinə uyğun sənədli filmlər çəkəcəyik. Burada söhbət Azərbaycan tarixindən, mədəniyyətindən gedəcək. Bu yaxınlarda biz Bakının qədim tarixi məkanlarından olan “Kubinka” haqqında sənədli film çəkəcəyik. Bu çox maraqlı layihədir. Məsələn, biz istəyirik ki, Azərbaycanın muğam tarixindən də sənədli film hazırlayaq. Bunlar yarı sənədli, yarı bədii filmlər olacaq. Bundan başqa, maraqlı verilişlər də hazırlayacağıq.

– Bu filmləri yerli telekanallara satacaqsınız?

– Bunlar satıla və ya sponsorlara verilə bilər. Əsas məsələ odur ki, prodakşınların arasında rəqabət yoxdur. Bu məkanda boşluqdur. Hamı ilə normal münasibət saxlamaq niyyətindəyik.

– Bu layihənizi nə zaman təqdim edəcəksiniz?

– Yəqin ki, bu ilin martında olacaq. Biz istəyirik ki, İngiltərədən rejissorlar və ssenaristlər gəlsinlər. Bizim öz rejissorlarımız da burada onlarla işləyəcəklər.

– Deputat kimi unudulmaqdasınız. Son vaxtlar Milli Məclisin iclaslarına belə gəlmirsiniz. Bunun səbəbi nədir?

– Bunun bir səbəbi Milli Məclisin iclaslarının əvvəlkindən fərqli olaraq, indi ayda iki dəfə keçirilməsidir. İndi Milli Məclisdə görüntü çox gözəldir. Ancaq əvvəllər bir baxış kifayət edirdi ki, kimin iclasa gəlib-gəlmədiyini görəsən. İndi isə oturduğun yerdən qabağa iki sıranı görmək mümkün deyil. İndiki stilistika tamamilə ayrıdır. Digər tərəfdən, mən yeni seçilən deputatları yaxşı anlayıram. 1995-ci ildə deputat seçiləndə həddən artıq aktiv idim. O vaxt da fəallığımdan yazırdılar. Yəni mən bu mərhələni keçmişəm. 2009-cu ildə 60 məqalə yazmışam. Bu məqalələri oxuyanların sayı təxminən yarım milyona qədər olub. Bu, bəyəm aktivlik deyil? Milli Məclisdə çıxış etmək hər bir insanın stilinə aid olan məsələdir. Məsələn, Pənah Hüseyn hər iclas çıxış edir. Fikirləşirəm ki, fəaliyyətim daha effektlidir. Yaranmış situasiyalara hər yaşda bir cür qiymət verirsən. Mən Azərbaycan tarixində ən gənc millət vəkiliyəm. 25 yaşımda deputat olmuşam. O vaxtlar müəyyən sadəlövhlüyüm var idi. Hər bir insan zaman keçdikcə, getdikcə yetişir.

– Siz artıq özünüzü yetişmiş siyasətçi hesab edirsiniz?

– Mən heç vaxt özümü siyasətçi hesab etməmişəm. Həmişə ictimai xadim olduğumu düşünmüşəm. İndi bilirəm ki, Azərbaycan ictimaiyyətin problemi nədir və onları necə həll etmək lazımdır.

– Sizin yaxşı tanıdığınız cəmiyyət fikirləşir ki, Anar Məmmədxanov proseslərdən uzaqlaşdırılıb, hətta bu il keçiriləcək parlament seçkilərinə belə getməyəcək...

– 1995-ci ildən məni uzaqlaşdırırlar. Anam məni deputat doğmayıb və deputat olmamaq faciə deyil. İstəyir, beş başlı div gəlsin, seçkiyə qatılsam, qalib özüm olacağam. Mən heç vaxt, heç kimə uduzmamışam və uduzmayacağam. Nə ilə məşğul olmuşamsa, qələbəyə nail olmuşam. Mən praqmatik insanam.

– İndi bu praqmatiklikdən çıxış edib deyə bilməzsiniz ki, bu ilin payızında keçiriləcək seçkilərdə iştirak edəcəksiniz ya, yox?

– Səmimi şəkildə bildirirəm ki, naz eləmirəm. Görürsünüz ki, təzə işə başlamışam. Bu iş Azərbaycan üçün daha çox xeyir verəcəksə, ancaq bununla məşğul olacağam. Bir də ki, əgər mən belə hesab etsəm və məsləhət görsələr ki, yox deputat olmaq lazımdır, o zaman seçkiyə də gedərəm.

– Məsləhəti kim görməlidir?

– Ətrafımdakı insanlar. 15 illik deputatlıq təcrübəm var. Bu çox böyük məsələdir. Ancaq yenə də deyirəm ki, seçkiyə getməsəm, bu mənim üçün faciə olmayacaq. Adam var ki, onu işdən çıxartsan, heç kim olacaq. Mən axı şöhrəti deputatlıqdan sonra tapmamışam. Həmin vaxta qədər mən artıq Anar Məmmədxanov idim. Küçələrdə qalmamışdım ki, məni birdən deputat etsinlər və nüfuzum qalxsın.

– KVN-dəki uşaqları neylədiniz?

– Hərəsi öz iş-gücündədir. Onların bəziləri ilə münasibətlərim o qədər də ilıq olmasa da, hamısının yaradıcılığını yüksək qiymətləndirirəm. Bu uşaqların əksəriyyəti yaxşı fəaliyyət göstərirlər. Vaxtilə KVN fəaliyyət göstərəndə onlarla hər gün saatlarla bir yerdə olub çalışırdıq. Mən bu KVN-i yaşada bilərdim. Heç kim buna mane olmurdu. Fikirləşdim ki, zirvədə getmək lazımdır. Azərbaycanda kim belə bir şey edib?

– Axı o uşaqların bəziləri indi də “KVN-şiklik” edirlər...

– Mən istəmirəm kiminsə fəaliyyətinə qiymət verim. Bilirsiniz, Heydər Əliyev nə Rəşid Behbudov, nə Zeynəb Xanlarova, nə də Müslim Maqomayevin özəl konsertlərinə təkrar-təkrar getməyib. Bizim KVN komandasının konsertinə isə yeddi dəfə ardıcıl olaraq gəlib. Bizim 10 il əvvəl etdiyimiz zarafatlar bu gün də unudulmayıb. İndi adamlar bu gün danışdığını sabah unudur. Yeni layihəmizdə yumor və satira ilə bağlı verilişlərimizə həmin uşaqlardan da dəvət edilən olacaq.

– Rəfaellə Coşqunun yumoristik konsertlərinə baxırsınız?

– Xeyr, baxmıram. Doğrudur, bizim komandanın ssenaristi Müşfiq indi onlarla işləyir. Amma konsertlərinə baxmamışam. Bununla belə, bilirəm ki, onların yumor hissi normaldır. Yumor öz-özünə inkişaf edə bilməz. İnsanları güldürmək üçün həqiqəti danışmaq lazımdır. Çünki həqiqət çox gülməlidir.

– Sizin “Day.az” adlı bir layihəsiniz də var idi...

– Bu, artıq keçmiş mərhələdir. Azərbaycanda ilk dəfə informasiya portalı yaradıb onu regionun ən güclü media qurumlarından birinə çevirmişəm. “Day.az”ı bütün dünyada tanıtmışam. Bu layihəyə bütün vaxtımı və enerjimi sərf etmişəm. Həyat yoldaşım dəvət edildiyimiz tədbirlərə tək getməli olurdu və mənə deyirdi ki, camaat elə biləcək biz boşanmışıq. Konsertdə də oturub sms yazır və informasiya ilə işləyirdim. Sonda yoruldum və başa düşdüm ki, artıq zirvədəyik və getmək lazımdır. Biz bu portalla Ermənistanda ictimai rəy formalaşdırırdıq. Fikirləşdim ki, yeni insanlar gəlməlidir və getdim. KVN-də də bu addımı atmışam.

– Azərbaycanda soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı komissiya yaradılıb. Bu məsələyə necə baxırsınız?

– Mənim Nizami Cəfərova böyük hörmətim var, ancaq onu başa düşə bilmirəm. Bu işi, bu şəkildə ancaq bolşeviklər görə bilərdi. İnsanları soyadını dəyişməyə ancaq bolşeviklər məcbur edə bilərdilər. Bəyəm, bizim işimiz-gücümüz qurtarıb? Soyadların dəyişdirilməsinə rəhbərlikdə təmsil olunan şəxslərdən, tanınmışlardan başlanılmalıdır. Sonra gedib sadə adamlara desinlər ki, gedin, soyad sonluğunuzu dəyişin. Bəs adları niyə dəyişmirlər? Bizim adlarımızın əksəriyyəti ərəb və fars mənşəlidir. Milli mənsubiyyət hərflə ölçülmür, bu adamın içində olmalıdır. Anlamıram ki, niyə belə ajiotaj yaradılıb. Heç kimi bu addımı atmağa məcbur eləmək olmaz.

– Belə başa düşdüm ki, soyad sonluğunu dəyişməyəcəksiniz...

– Könüllü olsa baxarıq. Ancaq məcburi qayda tətbiq edilsə, şəxsən mən dəyişməyəcəyəm. Qoy, məni buna görə tutsunlar.

– Deyirlər məcburilik yeni doğulan uşaqlar üçün olacaq.

– Kimin ixtiyarı var ki, uşağıma ad qoymaq üçün mənə yol göstərsin? Mən istəyərəm uşağıma beş ad verərəm. Dünyanın heç bir yerində belə şey yoxdur. Bu gün daha aktual problem Azərbaycanda küçələrin adının olmamasıdır. Bu ölkədə adam axtardığı ünvanı tapa bilmir. Mən o gün Oğuza gedirdim, yolda dəfələrlə saxlayıb Oğuzun harada olduğunu soruşdum. Nəyə görə heç bir yerdə istiqamətləndirici işarələr qoyulmur? Qoy, bu problemlər həll olunsun. İndi biz Ləmbəranski soyadını dəyişib nə qoyacağıq? Xoyski soyadını dəyişib deyəcəyik ki, ay filankəs, gəl Xoysoy ol? Gülüncdür axı belə şeylər...

 

 

525-ci qəzet.- 2010.- 13 fevral.- S.7.