“Əslim və nəslim”
ƏDİL ƏLİYEVİN
YENİ KİTABI VƏFATINDAN SONRA İŞIQ ÜZÜ
GÖRDÜ
Bu günlərdə nasir, şair və tərcüməçi Ədil Əliyevin “Əslim və nəslim” kitabı çapdan çıxıb. Kitabın girişində müəllifin özü haqqında yazdığı avtobioqrafiya yer alıb. Ədil Əliyev 1928- ci ildə Səlyan şəhərində qulluqçu ailəsində anadan olub. Yaşadığı dövr onun həyatında silinməz izlər buraxıb. 1934- cü ildə əmisi Sibirə sürgün edilir, atası sosial mənşəyinə görə ömrünün sonuna kimi hökümət tərəfindən təqib olunur, böyük qardaşı müharibənin ilk illərində itgin düşür. Ötən əsrin 30- cu illərində Azərbaycanın siyasi həyatında baş verən hadisələr Ədil Əliyevi əlinə qələm alıb yazmağa sövq edir: “Təbii ki, Sovet dövründə real hadisələrə əsaslanaraq yazdığım hekayələr siyasi nöqteyi- nəzərdən işıq üzü görə bilməzdi. Amma məndəki bu yaradıcılıq yanğısı hər halda özünə bir nəfəslik aça bildi”. Yaradıcılıq aləminə hələ məktəb illərindən- səkkizinci sinifdən yol aldığını bildirən Ədil Əliyev erkən şeirlərinin müharibənin qızğın illərində itərək işıq üzünə çıxa bilmədiyini təəssüflə qeyd edib. Xarici dillər institutunu fransız dili üzrə bitirən nasir, fransız poeziyasının müxtəlif dövrlərini əhatə edən şeir nümunələrini doğma dilimizə tərcüməsiylə məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra tərcüməçi olaraq xarici ölkələrə ezam edilərək, Konqoda, Əlcəzairdə, CARda, Benində mədəniyyət mərkəzlərinin direktoru vəzifəsində çalışıb. “Zahirən həyatım uğurlu və maraqlı alınmışdı. Sevimli işim, tərcümələrim, füsunkar Afrika, 60- cı illərdə mənə ilham verən, Parislə ilk təmaslarımı yaradan ezamiyyətlər... Amma harda olsam belə müharibənin, o dəhşətli aclığın təəssüratları məni bir an belə tərk etmədi”. 82 il ömür sürən Ədil Əliyev özünün də qeyd etdiyi kimi yazdığı bir çox əsərlərini bütünlüklə çap etdirə bilməyib.
“Əslim və nəslim” toplusuna müəllifin “Qardaş qatili” povesti, “Türk şəhidləri” sənədli povesti, “Əslim və Nəslim” xatirə povesti daxil edilib. “Qardaş qatili” povestində iki qardaşın faciəvi taleyindən, vəzifəsini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Əjdər və onun həyat yoldaşı Eleanoranın cəbhədən qaçan Ziyafəti hökumətə təhvil verərək onun güllələnməsinə bais olmalarından bəhs olunur. Ədil Əliyev bu əsəri yaşadığı zaman çərçivəsində görüb, eşitdiyi real hadisələr əsasında qələmə alıb. Bir vaxt vəzifə eşqinə mənliyini, insanlığını satan, qardaşını qurban verən Əjdər bacısının vaxtsız vəfatına səbəb olur Əsərdə bu hadisələri nəql edən Əziz müəllim vaxtında Əjdərin yaxın dostu olub, onun bacısı Zərnişana ürəyində məhəbbət bəsləyib. Ancaq Əjdər bir sinifdə oxuyub, eyni parta arxasında oturduğu neçə illik dostuna da xəyanət edir. Əzizin ona etibar edib dediklərindən sui istifadə edərək atasının həbs edilməsində yaxından iştirak edənlərdən biri olur. Əsərin sonunda yüzlərlə adamın həyatına qəsd etmiş kommunistin özü də canla- başla xidmət etdiyi Sovet hökumətinin qurbanına çevrilir. Əjdər ona verilən dəbdəbəli evdən çıxarılıb vəzifədən azad edilir. Ömrünü yatağa məhkum bir səfil kimi başa vurur.
“Türk Şəhidləri” sənədli povesti 1918- ci ildə Azərbaycan Demokratik Respublikasının çağrışı ilə Azərbaycan xalqının harayına gəlmiş və burda erməni daşnaq qoşunuyla döyüşdə həlak olmuş, Neftçalanın Bankə qəsəbəsində şəhid olan türk əsgərlərinin xatirəsinə həsr edilib. Müəllif povestdə 1919- cu ildə o ərazilərdə yüzbaşı olan babası Hacı Qəhrəman oğlu Ədilin türk şəhidləri ilə bağlı olan hadisələrin iştirakçısı olduğunu, türk taburunun əməliyyatlarında fəallıq göstərdiyini və yeddi türk şəhidinə məzar daşı qoydurduğunu qeyd edib. Ədil Əliyev Türk əsgərlərinin Bankə qəsəbəsində şəhid olmasının Türkiyənin Bakıdakı Böyük Elçiliyinə 84 ildən sonra məlum olduğu, təxminən bir əsrə yaxın müddətdə bu hadisə barədə məlumatın olmadığının səbəbləri haqqında dəyərli faktları da qeyd edir.
“Əslim və nəslim” xatirə povestində nasir adından da məlum olduğu kimi nəslindən, doğulub böyüdüyü evdən və yaşadığı xatirələrindən bəhs edir.
Kitabda həmçinin müəllifin “Dəniz düşüncələri”, “Mən dənizin əksiyəm”, “Tələsmə ürəyim”, “Köhnə piano”, “Muğam”, “Soruşmayın yaşımı”, “Rasim” şeirləri, fransız şairlərindən Antuan Vənsan Amonun “Yarpaq”, Şarl Bodlerin “Albatros”, Viktor Hüqonun “Vaqiə”, “Balaca üsyançı”, Jan –Batist Puconun “İnsan və dəniz” və Pol Verlenin şeirlərinin fransızcadan tərcüməsi öz əksini tapıb.
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 16 fevral.- S.7.