Xankəndi – Azərbaycanın
mirvari şəhəri
Tanınmış Azərbaycan şəhəri Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. 5 minillik tarixi olan Naxçıvan, 3 minillik tarixi olan Gəncə, 2 minillik tarixləri olan Bakı, Bərdə ilə müqayisədə Xankəndinin 250 illik tarixi əlbəttə çox az hesab edilir.
Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana vədigərilərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı.
İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.
Qeyd edilməlidir ki, Azərbaycanın İsmayıllı rayonunun ərazisində də Xankəndi adlanan yaşayış məntəqəsi var. Araşdırmalar onun da o regionun xanları tərəfindən salındığını sübut edir. Digər tərəfdən ölkəmizin 19 rayon ərazisində Xan adı ilə başlayan 26 yaşayış məntəqəsi vardır. (Xanabaq, Xanbulaq, Xankeçən, Xanagah və s.) Elə Xankəndinin yerləşdiyi Əskəran rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd – Xanadrax və Xansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kəndin 39 min adı isə təmiz Azərbaycan adıdır. Xan adlı iki kənd də – Xanlıqpəyə və Xanalı Qarabağ xanlığının mərkəzi olan Şuşa rayonunun inzibati ərazisində yerləşir.
Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir.
Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir.
Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi.
Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.
Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz süvari diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini “ştab” adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.
Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir.
Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur.
Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər.
1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.
1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi.
Acınacaqlıdır ki, Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə yad olan bolqar, ancaq biri – Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir.
Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyət verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı.
Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyət verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyətini qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi.
7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.
Maraqlı məqamlardan biri də ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adının dəyişdirilməsidir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görı bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur.
Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir.
Avstriyalı tarix professoru Erix Fayql 2006-cı ildə bildirmişdi: “Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar”.
Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi.
Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMB yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər.
Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi.
A.Tamanyan region
üçün yad adam idi. O ancaq 1923-cü ildə 46
yaşında doğulduğu və həmişə
yaşadığı Rusiyadan İrəvana köçərək
Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin
edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində
tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların
olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin
baş planının hazırlanması məhz ona
tapşırılır. O, 1924-cü ildə İrəvanın(sonradan
ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə
Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər
oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə
Üçmüəzzənin (sonradan ermənilər oranı
Eçmiadzin adlandırdılar) baş planını
hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan
şəhərlərinin şərq arxitekturası, əsrlərdən
gələn inkişaf xətti və mədəni siması
itirilir .
A.Tamanyanın təklifi və
Azərbaycanın rəhbəri L.Mirzoyanın
razılığı ilə1926-cı ildə Xankəndinin
baş planı qəbul edilir. Onun planı isə Qarabağ
şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət
təşkil edirdi.
Maraqlıdır ki,
A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan
1988-ci ildən başlayan Qarabağ erməni icmasının
separatizm hərəkatında fəal iştirak etmişdir.
Xankəndi Qarabağ
xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə
o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi
kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə
daima Azərbaycanın ümumi respublika resurslarından
böyük dəstək verilir. Bu səbəbdən də
onun bütün sahələr üzrə inkişafı digər
Azərbaycan şəhərlərindən daha sürətlə
getməyə başlayır.
Bu, böyüməkdə
olan şəhərin əhali artımında da
özünü bariz göstərməyə başlayır.
1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min,
1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali
yaşamağa başlayır.
Bu rəqəmlər
Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri
qalması barədə erməni millətçilərin
1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd
edir. Çünki hər 20 ilə əhalisinin sayının
iki dəfə artması istənilən əyalət şəhəri
üçün böyük inkişaf göstəricisi idi.
Artan əhali
üçün nəinki mənzillər tikilir və
müvafiq sosial və kommunal infrastruktur yaradılırdı,
eyni zamanda onlar üçün iş yerləri olacaq
müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə
Xankəndi üçün deyil, bütün Dağlıq
Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün
olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar
Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki
resursları və iradəsi hesabına yaradılırdı.
Xankəndində tikilmiş
müəssisələr keçmiş muxtar vilayətin sənaye
məhsulunun yarısından çoxunu buraxırdı. Sovet
dövrünün axırına Xankəndində bütün
Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı,
xalça, tikiş fabrikləri, süd kombinatı və
şərab zavodu fəaliyyət göstərirdi. Elektotexniki
zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının,
asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili
bazarında özünə müştəri tapırdı.
Heydər Əliyev dönəmində
dəmiryol xətti Xankəndinə qədər çəkilmiş,
şəhərdə müasir dəmiryol stansiyası inşa
edilmişdi.
Bu müəssisələrin
bir çoxu Heydər Əliyevin birinci hakimiyyəti
dövründə tikilmiş,on minlərlə yerli sakin
yüksək əməkhaqqı, mənzil və digər
sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki
inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi.
Şəhərdə sovxoz-texnikum, tibb və musiqi məktəbləri
fəaliyyət göstərmişdir. 1969-cu ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı
açılmışdır. 1973-cü ildə filial o
dövr Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə müstəqil Pedaqoji İnstituta
çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri
daha geniş çərçivədə fəaliyyət
göstərmişdir.
Şəhərdə
Tarix-Diyarşünaslıq Muzeyi açılmış, Dram
Teatrı fəaliyyət göstərmişdir. Şəhərin
arxitektura siması vilayət mərkəzi statusuna uyğun
gücləndirilmişdir. 1960-cı ildə o dövrün məşhur
arxitektoru Q.Məcidovun layihəsi əsasında mərkəzi
Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası
istifadəyə verilmiş, 1972-ci ildə arxitektor N.Kəngərlinin
layihəsi əsasında vilayət icraiyyə komitəsinin
binası tikilmişdir. Hal-hazırda arxitektor Məcidovun layihələndirdiyi
binada separatçı rejimin administrasiyası yerləşir,
mərkəzi meydanında isə vaxtaşırı erməni
millətçilərinin Azərbaycan əleyhinə mitinqləri
keçirilir.
Xankəndi Azərbaycanın
Milli qəhrəmanları Nizami Məmmədov və Şirin
Mirzəyev, respublikanın Xalq artisti Fəxrəddin Manafovun vətənidir.
Qonşu Ermənistanın keçmiş
başçısı Robert Köçəryan və indiki
prezidenti Serj Sarkisyan və Rusiya Elmlər Akademiyasının
müxbir üzvü, atom energetikası üzrə alim Armen
Abaqyan da bu şəhərdə doğulublar.
Xankəndi adı bu gün
dünya gəmiçiliyində də tanınır. Ötən
ilin dekabrın 24-də Türkiyənin məşhur “Palmali”
şirkətlər qrupunun sifarişi ilə “Xankəndi”
tankeri hazırlanaraq suya buraxılıb. 142, 98 metr uzunluğu,
21,7 metr enli, yük tutumu 14 min ton olan gəmi dünya
sularında kimya sənayesi məhsulları daşımaq
üçün nəzərdə tutulub.
1967-ci ildə Xankəndinin
yaxınlığında Əskəran rayonu ərazisində
heykəltaraş Çərkis Baqdasaryanın “Biz və bizim
dağlar” adlı abidəsi açıldı. Qısa zamanda
heykəl kompleksi məşhurlaşdı və hal-hazırda
Azərbaycan mədəni irsinin ayrılmaz hissəsidir. Əsərin
erməni əsilli müəllif tərəfindən
yaradılması heç də onu Ermənistanın mədəni
sərvəti hesab etməyə imkan vermir. Çünki, əsər
Azərbaycanın büdcəsindən ayrılan vəsait ilə
Azərbaycan vətəndaşı tərəfindən Azərbaycan
ərazisində yaradılıb. Dünyanın hər yerində
bütün sənət əsərləri yerləşdiyi
ölkənin sərvəti sayılır.
Bu gün fəxr yerimiz Xankəndi
şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələrinin
işğalı altındadır. Ermənistan
işğalına qədər orda yaşayan 17 minə qədər
azərbaycanlı sakin şəhərdə erməni separatizmilə
bacardıqları qədər mübarizə aparmışlar.
Bu çətin mübarizə bir çox hallarda çox
saylı itkilərlə müşayiət olunurdu. Erməni
millətçilərinin əvvəldən ciddi
hazırlığı və Moskva tərəfindən hərtərəfli
dəstəyi şəhərin Ermənistanın nəzarəti
altına keçməsinə səbəb oldu.
Axırıncı azərbaycanlılar 1991-ci ilin dekabrında
tərk etməli oldular. Bu gün xankəndililər
respublikamızın bütün bölgələrində
qaçqın həyatı yaşayırlar.
Bununla belə
respublikamızın ərazi bütövlüyü uğrunda
əzmi qırılmazdır. Dağlıq Qarabağın və
digər işğal edilmiş ərazimizin işğaldan azad
olacağı gün isə heç də uzaqda deyildir. Bunu
bizdən xalqımızın dəyərli tarixi və onun
görkəmli oğullarının ruhu tələb edir.
Aydın MİRZƏZADƏ,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
siyasi elmlər namizədi
525-ci qəzet.- 2010.- 16 fevral.- S.6.