Azərbaycan televiziyası - mənəviyyatımızın aynası

 

 ...Bu müqəddəs sənət ocağını hamı yaxşı tanıyır.

Adı bir, ünvanı bir – Azərbaycan televiziyası. 54 yaşlı müqəddəs bir sənət ocağı.

O, bizim evimizdədir, yaxın dostumuz, həmdəmimizdir...

Dünyanı evimizə gətirir... üz-üzə, göz-gözə...

O, yaşayır – bizi də yaşadır, sevib-sevdirir...

O, sənin, mənim, bizim hamımızın televiziyasıdır və hamılıqca onu qorumağı bacarmalıyıq!..

Müasir cəmiyyətin həyatında televiziyanın yeri barədə yüzlərlə fərqli fikir var. Zaman keçdikcə, televiziyanın texniki imkanları artdıqca, təzadlı fikirlərin, təzadlı qiymətləndirmənin də sayı-hesabı coxalır. Əvvəllər Qutenberqin ixtirası ilə müqayisə olunan televiziya, indi özünün təsir gücünə görə daha böyük miqyaslı epitetlərlə ölçülür. Bu gün televiziyanın – bütövlükdə audiovizual informasiya vasitələrinin texniki imkanlarını düzgün qiymətləndirmədiyimizə görə üzərimizə düşən böyük məsuliyyəti bəzən dərk edə bilmirik.

XXI əsrin başlanğıcında telekanalların bolluğu, parabolik antenaların bu uzaq-yaxın kanalları hər evə, hər ailəyə gətirməsi bir tərəfdən dünyaya inteqrasiyanı gücləndirirsə, digər tərəfdən, nisbətən kiçik xalqların, millətlərin mili – mənəvi dəyərlərini aşındırır, xalqın milli simasının itməsinə gətirib çıxarır. Bu gün telekanalların sürətli inkişafı qarşısında milli dəyərlərin itirilməsi prosesi, hətta dünyanın iri dövlətlərinin də probleminə çevrilməkdədir.

Ona görə də Azərbaycan özünün dövlət maraqlarını, milli mənafeyini, xalq təəssübünü və xüsusi olaraq qloballaşan dünyada milli dəyərlərini qorumaq, zənginləşdirmək, inkişaf etdirmək üçün loqosunda ölkənin şərəfli adını daşıyan bir televiziyanın fəaliyyətinə xüsusi önəm verir. Bu, Azərbaycan xalqının əlli ildən çox bir müddətdə dərs aldığı, tərbiyələndiyi, dövlətçiliyini, dünya arenasında yerini duyduğu, xalqın taleyinə məsuliyyət daşıyanların iş fəaliyyətini və yüzlərlə digər məsələlərin həllini tapdığı Azərbaycan televiziyasıdır.

Əlbəttə, loqosunda Azərbaycanın adı olan başqa telekanallar da var, amma hər şeyin bir başlanğıcı, bir ilki olduğu kimi, ölkə televiziyalarının bir başlanğıcı, bir ilki var: Azərbaycan televiziyası.

Azərbaycan televiziyasının yaranış tarixi çox da uzaqda deyil. Şəxsən mən və yaşıdlarım-bizdən iki yaş böyük olan Ana Televiziyanın işığında böyüyüb. Azərbaycan televiziyasının inkişaf mərhələləri bütöv bir ölkənin inkişaf tempi ilə eyniləşir. İnkişafımızın bugünkü mərhələsində onun ayrıca yeri var. Bu gün dünya orbitində, dünyanın siyasi, ictimai, iqtisadi xəritəsində öz mövqeyini təsdiqləməkdə olan müstəqil dövlətimizin həqiqətlərini uzaq-yaxın xalqlara, ölkələrə, siyasi, ictimai dairələrə bu televiziya daha gur səslə çatdırır.

Azərbaycan televiziyasının yaradıcılıq konsepsiyasında və informasiya siyasətində dövlətçiliyimiz, xalqımızın milli maraqları, ölkənin beynəlxalq aləmdəki yeri, milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin qorunması və s. keyfiyyətlər önə çəkilir. Bütün bunlara xüsusi diqqət bu telekanalın ayrıca, məxsusi tipologiyasını müəyyənləşdirir. Bu vəzifələri yerinə yetirmək üçün Azərbaycan televiziyasının imkanları da böyükdür.

İndi mənzərə tamam dəyişib, televiziyanın maddi-texniki bazası başdan-ayağa yeniləşib. Efir-aparat sistemi dünya standartlarına uyğun qurulub. Çəkiliş kameralarından, studiya texnikasından tutmuş montaj otaqlarına kimi – hər şeydə yeni informasiya texnologiyasının nəfəsi duyulur. Bütün otaqlarda, studiyalarda bir yenilik əhvalı, yaradıcılıq ruhu, təravət ovqatı dolaşır. Təzəcə yaranan və dünyada yenicə tətbiq olunmağa başlanan rəqəmsal avadanlıq proqramların yüksək texniki təqdiminə maksimum şərait yaradır.

Amma dəyişən tək cansız, ruhsuz texnika deyil. Əsas bu texnikanı yönəldən insanlardır, onların ruhundakı yenilik ab-havasıdır. Televiziyanın mənəvi-intellektual qüvvəsi bu sahənin texniki imkanlarından daha əhəmiyyətli və həlledici olub həmişə.

Nə xoş ki, Azərbaycan televiziyasının bu sahədəki nailiyyətləri də diqqət çəkir. Son illərdə yenidən formalaşdırılan güclü yaradıcılıq potensialı, mənəvi-intellektual baza, gəncləşdirilən, sağlamlaşdırılan, arınıb-durulan mühit televiziyanın uğuruna körpü salır.

Azərbaycan televiziyasında son vaxtlar aparılan ciddi islahat faktları sırasında yaradıcı heyətin yalnız peşəkarlıq xüsusiyyətinə görə formalaşdırılması çox önəmli bir hadisədir. Yaradıcı kollektivin böyük əksəriyyəti peşəkar telejurnalistikanın bütün imkanlarını nəzərə alan gənc qüvvələrdən formalaşıb.

Bu formalaşma sadəcə bir kadrın digəri ilə əvəz edilməsi deyil, Azərbaycan televiziyasının çoxdan bəri tamarzı olduğu əsaslı, köklü kadr islahatlarıdır.

Müsabiqə əsasında cəlb edilmiş gənclərin yaradıcılıq eşqi özünü efirin ruhunda hiss etdirir. Həyata keçirilən kadr dəyişikliyi əsl istedadı, yaradıcılıq əzmini, peşəkarlıq imkanlarını bu sənət məbədində çalışmaq üçün yeganə meyara çevirib.

Burda istedadsız, qabiliyyətsiz adamlara daha yer yoxdur, qoyulan yeni, müasir düşüncə tələbləri onların öz-özünə uzaqlaşmasına əsas yaradır. Və daha səriştəli və peşəkar kadırların etimad cöstərilib irəli, rəhbər vəzifələrə çəkilməsi artıq öz bəhrəsini verməkdədir.

Azərbaycan televiziyasının efiri indi peşəkar, dövlətçiliyə sadiq televiziya mütəxəssislərinin yaradıcılıq meydanıdır. Əgər özünə əminsənsə, efir üzünə açıqdır. Vaxtilə müxtəlif səbəblərdən burdan perik düşüb özəl telekanallara üz tutan peşəkarların yenidən doğma ocağa qayıtdığını görmək də o qədər xoş bir duyğudur ki...

Studiyaların orijinal tərtibi, çeşidli və rəngarəng dekorasiyalar, yeni aparıcılar nəslinin yetişməsi, aparıcıların dil qabiliyyəti və söz ehtiyatına diqqət, onların geyimləri, mədəni səviyyəsi, dünyagörüşü, fikirlərin təhlilində dil səlisliyi və süjetlərin, verilişlərin tərtibatında cəlbedicilik, proqram başlıqlarının orijinal kompüter qrafikası – bütün bunlar televiziyanın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Bu yeniliyi görüb-duymaq üçün günün bir neçə saatını Azərbaycan televiziyasının ekranı qarşısında keçirmək yetər... Ölkə vətəndaşını kamil görmək, onun intellektual, mədəni davranış səviyyəsini yüksəltmək imkanlarını urbanizasiya qaydalarına uyğunlaşdırmaq, onların danışıq tərzini ümumi ədəbi dilin kanonlarına yaxınlaşdırmaq, yeni sosial normaların tətbiqini gerçəkləşdirmək və s. fundamental vəzifələr bu kollektivin yaradıcılıq öhdəliyi kimi qiymətləndirilir.

Pafos xatirinə qələmə alınmış sözlər deyil bunlar, televiziyanın bu sahədəki imkanlarına, görə biləcəyi işlərə sonsuz inamın ifadəsidir və reallıqdır.

Qürur duyuram ki, Azərbaycan televiziyası bu ağır yükü yenə öz çiyninə götürüb və hədəfinə doğru addımlayır. İndi efir məkanını bürümüş toyxana səs-küyünün, şou-biznes hay-harayının içində bu televizyanın gördüyü işlər, cəmiyyətə təqdim etdiyi meyar və ölçülər mənə müqəddəslərin öz zamanlarında yerinə yetirdikləri missiyanı xatırladır. Bizə qan yaddaşına sadiq olmağı öyrədir, əsl dəyərləri nişan verib onları unutmamağa səsləyir.

Azərbaycan televiziyasının efirində layihəsi, ideyası xarici televiziyalardan götürülən və adətən həmin verilişin Azərbaycan variantından daha çox onun orijinalına ironiya təsiri bağışlayan verilişlərə təsadüf edə bilməzsən.

Efirə gedən verilişlər, zəif, yaxud yüksək peşəkarlıqla hazırlanmasından asılı olmayaraq, bu televiziyanın özünündür, öz mətbəxində araya-ərsəyə gəlir.

Ekranda verilişlərin rəngarəngliyinin artdığını, zövqünün yüksəldiyini, rejissor və orepator işlərinin texnoloji cəhətdən mükəmməlləşdiyini, proqramların ideya-bədii səviyyəsinin yüksəldiyini, texniki keyfiyyətinin yaxşılaşdırıldığını hər kəs aydın görməkdədir.

Azərbaycan televiziyasının proqram siyasəti tamaşaçı auditoriyasına böyük hörmət və məhəbbətlə aparılır. Burada hər proqramın öz auditoriyası və bütöv telesetkanın ümumi tamaşaçısı var və buraxılış redaksiyasının növbətçi əməkdaşlarının gündəlik proqrama səliqəli, peşəkar münasibəti bu verilişlərin təsnifatında, təqdimatında və efirə getməsində zövqlü bir dəsti-xəttlə hiss olunur.

Artıq formalaşmış, tamaşaçıların xüsusi inamını qazanmış, zəngin təcrübəyə və ənənəyə malik “Xəbərlər” informasiya proqramı və ondan törənən digər proqram formatları ilə ixtisaslaşmış yaradıcı heyyət dövlət müstəqilliyimizin təməlini, inkişafını, demokratik dəyərlərin formalaşmasını, xalqın bilgiləndirilməsini təmin edir. “Xəbərlər” informasiya proqramı öz xarakterinə görə çığırıb-bağıran, adi bir hadisəni sensasiyaya çevirən və bununla da tamaşaçı auditoriyası üçün süni mübarizədən uzaqdır, hadisələrə qərəzsiz, sensasiyadan uzaq üslubda yanaşması ilə inam qazanır. Lüzumsuz yerə vahimə, panika yaratmaq, milçəkdən fil düzəltmək cəhdlərindən uzaq olan bu informasiya proqramı ölkənin paytaxt həyatından tutmuş əyalətədək hər bir bölgənin xəbər gününü efirə çıxarır, dünyanın hər yerindən, uzaq məkanlarından görüntüləri, baş verən hadisələri, respublikamızın öz inkişafı və öz problemləri ilə birlikdə operativ təqdim edir. Bunun üçün telekanalın mükəmməl texniki bazası, səyyar studiyaları və təşkilatçı reportyor büroları fəaliyyət göstərir.

Azərbaycan televiziyası bu gün özünün informasiya siyasətində yerli mövzuları prioritet hesab edir. Çünki, dövlətin, xalqın, millətin inkişafı yerli həyatdadır, doğma diyardadır.

Tamaşaçı “Xəbərlər”in hər buraxılışında öz ölkəsinin necə inkişaf etdiyinin şahidi olur. Yeni obyektlərin açılış mərasimləri, sənayedə, kənd təsərrüfatında, elm və təhsildə baş verən yeniliklər, mədəni inkişafın vüsəti, ölkəyə səfər edən əcnəbilərin bu inkişaf tempinə qiyməti, xarici siyasətin uğurları və s. kimi məqamların ekran həlli tamaşaçını yeni inkişaf yoluna istiqamətləndirir.

Mətbuatda ara-sıra rast gəldiyimiz bəzi teletənqidlərdə (onlara belə demək mümkünsə) Dövlət televiziyasının yaradıcılıq konsepsiyasında rəsmi informasiyanın üstünlük təşkil etməsinə qısqanclıq hissləri də özünü göstərir. Əlbəttə, sağlam, səriştəli, professional tənqid həmişə sərfəlidir və nəzərə alınmalıdır. Ancaq məsələ burasındadır ki, Azərbaycan televiziyasında rəsmi informasiyanın çoxluğuna irad tutmaq bu televiziyanın tipoloji xarakterinin nəzərə alınmaması kimi qeyri-peşəkar, diletant səciyyə daşıyır.

Yüzlərlə tamaşaçı, bütövlükdə Azərbaycan cəmiyyəti rəsmi dairələrin, xüsusilə ölkə Prezidentinin uğurlu fəaliyyətini məhz bu telekanaldan izləyə bilir. Ölkə ictimaiyyəti yekdilliklə seçdiyi Prezidentin gündəlik işini, xalqa, ölkəyə, siyasi arenaya bağlı fəaliyyətini bilmək hüququna malikdir. Bu hüququ öz xarakterinə və fəaliyyət konsepsiyasına sadiq qalan Azərbaycan televiziyası peşəkarlıqla gerçəkləşdirir.

Azərbaycan televiziyası bilgiləndirmək, maarifləndirmək kimi fundamental funksiyalar bölgüsündə özünün alt sistemlərini də formalaşdırmışdır. Bu altsistem içərisində onun inteqrativlik – yəni xalqda həmrəylik yaratmaq, problemləri birgə həll etmək funksiyası təzəcə müstəqillik əldə etmiş və qarşısında bu müstəqilliyi qoruyub saxlamaq kimi şərəfli, çətin bir xəlqi vəzifə duran Azərbaycanın müasir günləri üçün çox böyük önəm daşıyır. Televiziyanın inteqrativ funksiyası ABŞ kimi nəhəng bir ölkəyə də – məsələn, Nyu-Yorkdakı məlum terror aktı günlərində – gərək olmuşdu. Həmin günlərdə ABŞ telekanalları geniş inteqrativlik – həmrəylik çərçivəsində panikanı söndürmək, cəmiyyəti müsbət inam emosiyasına yönəltmək işində misilsiz xidmət göstərmişdi.

Diqqətli tamaşaçının yadındadırsa, Nyu-Yorkdakı dəhşətli terror aktı zamanı Amerika jurnalistləri görünməmiş bir həmrəylik göstərdilər. Bu həmrəylik şərtinə görə terror aktı zamanı dağıntılar altında qalmış yüzlərlə insan cəsədini, qan gölünü, insanların təlaşını, hətta göz yaşlarını efirə çıxarmadılar. Bu həmrəylik amerikalıların dəhşətdən daha tez qurtulmalarına kömək elədi. Bizcə, yaxşı təcrübədir və Azərbaycan televiziyası da hər hansı adi bir hadisəni panikaya çevirməyin əleyhinə olub, tamaşaçını həmişə müsbət emosiyaya ünvanlamağı üstün tutur. Azərbaycan televiziyası əvvəllər ölkədə baş verən dövlət çevrilişi cəhdlərində xalqın ümummilli liderimiz Heydər Əliyevin ətrafında birləşməsini təmin edən stateji və ideoloji bir qüvvə kimi yaddaşlarda qalıb. O zaman ölkəni təhlükə altına alan dövlət çevrilişi cəhdi ümummilli liderimizin televiziya ilə xalqa müraciətinin sədaları altında yerindəcə boğuldu...

Azərbaycan televiziyası özünün tarixi ənənədən gələn maarifçilik funksiyasını və bu funksiyadan doğan sosial-pedaqoji, təşkilati fəaliyyətini bizim günlərimizdə yeni yaradıcılıq keyfiyyətləri ilə gerçəkləşdirməkdədir.“İdrak”, “Günün nəbzi”, “Səhər”, “Sərbəst söhbət”, “Təmas nöqtəsi”, “Ovqat”, “Haqqın dərgahı”, “Ailə həkimi”, “Zamanın sorağında”, “Azərbaycan tarixi”, “Məclisi üns”, “Təqvimin bir günü”, “Sevindirək sevinək” və s. bu kimi verilişlər diqqətimizi çəkir, həyatımızın inkişafına, insanlarımızın kamilləşməsinə xidmət edir. Həm də indiki müsbət kadr dəyişikliyi şəraitində bu proqramların peşəkar aparıcıları, sözünə inam yarada bilmiş jurnalistləri tamaşaçılarla öz aralarında səmimiyyət körpüsü yarada bilirlər.

“Həftə” analitik proqramının ölkə və dünya hadisələri ətrafında təhlillərindəki peşəkarlıq Azərbaycan cəmiyyətinin qloballaşan dünyada öz yerini görməsini təmin etməkdədir. Bu proqramın tamamilə yeni formatı tamaşaçıların böyük inamını qazanmışdır.

“Günün nəbzi” analitik proqramı, sözün həqiqi mənasında, öz adını doğruldan bir formatda fəaliyyət göstərir. Bu proqramın ekspert seçimi onun uğurunu təmin edən fakt kimi qiymətləndirilə bilər. Ən maraqlısı budur ki, “Günün nəbzi”nin çox peşəkar teleaparıcısı olduğu halda, bəzən problemə daha yaxın ekspertin çıxışına və təhlilinə də heç bir qısqanclıq hiss edilmir.

Televiziya nəzəriyyəsində praym-taym kimi beynəlxalq bir termin var. Bu anlayış televiziyaya ən çox baxılan vaxtı ifadə edir və elə bu vaxt məsələsinə də AzTV-nin proqram studiyası həssaslıqla və diqqətlə yanaşır. Ana xəbərlərdən əvvəl və ya sonra televiziya tamaşaçıları daha ciddi proqramlarla qarşılaşır. Həmin çox baxılan və böyük auditoriyaya hesablanan bu proqramlar arasında televiziya Vətən sevgisini ustalıqla və xüsusi effektlərin köməyi ilə hazırlanmış videoçarxlarla efirə çıxarır. Mütəmadi olaraq efirə gedən bu lakonik videoçarxlarda Bakımızın gözəlləşən guşələrini, axşam ovqatını, inkişafda olan bölgələrimizin yeni infrastrukturunu sözsüz, mətnsiz və montajın tempinə, ruhuna uyğun seçilmiş musiqinin müşayiəti ilə seyr edirik və respublikamızın bu günü və sabahı ilə qürur duyuruq.

Televiziya özünün tarixi yaradıcılıq irsinə də hörmətlə yanaşır. “Azərbaycan televiziyasının qızıl fondundan” rubrikası altında təqdim olunan telemateriallar şərəfli sənət, mədəniyyət, mənəviyyat tariximizin yenidən xalqa qaytarılması kimi vacib bir missiyanı yerinə yetirməkdədir.

Azərbaycan televiziyası klassik və müasir bədii söz sənətimizin, muğamın ən yaxşı nümunələrinin daimi təbliğatçısıdır. Klassik dramaturgiyamızın ölməz nümunələri bir tərəfdən televiziyanın öz gücü ilə, digər tərəfdən ən yaxşı teatr tamaşaları ilə cəmiyyətə təqdim olunur.

Bu telekanalın klassik filmlərimizə doğma münasibəti haqqında ayrıca danışmaq lazım gəlir. Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan milli kino nümunələrinin təqdimində populist mövqedən deyil, onlara sənət nümunəsi baxımından yanaşır, kino tariximizin unudulmaz səhifələrinin yada salınması, təbliği kimi mühüm bir vəzifəni yerinə yetirir.

Azərbaycan televiziyası, bir qayda olaraq, əyləncə funksiyasının gerçəkləşdirilməsi məqamında da – qavrama, dərk etmə prinsiplərini əsas götürür. Burada əyləncəli verilişlərin hazırlanmasında xalq musiqi çalarlarına, nəyisə öyrətmək, dərk etdirmək meyllərinə diqqət çəkilir. Yeni terminologiyada rekreativ anlayışı ilə ifadə olunan – gün ərzində əməkdə xərclənmiş gücün bərpası – istirahət saatlarında da tamaşaçını təkcə əylənməyə yox, həm də nəyisə öyrənməsi məsələsi daim yaradıcı heyətin diqqətində olur.

Bu sənət ocağı öz tipoloji xarakterinə görə dünyagörmüş, ətrafındakılara məsləhət, öyüd-nəsihət vermək statusu qazanmış el ağsaqqalına bənzəyir. Bu ağsaqqal “ağıllı televiziya bir müəllimdir” postulatına uyğun olaraq, öz hərəkətlərində heç bir artıq-əskik hərəkətə yol vermir. Bu ağsaqqal həmişə xalqı, məmləkəti göz önündə saxlayır. Bu mənada Azərbaycan televiziyasının milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə münasibəti hətta dünyada belə ixtisaslaşmış mədəniyyət telekanallarının işi qədər fəal, səmərəli və əhəmiyyətlidir.

Milli-mənəvi dəyərlərimiz sistemində möhtəşəm yer tutan muğamlarımız, xalq sənətimiz, mədəni irsimizin nümunələrinin təqdimi bu sənət ocağının müqəddəs missiyaları sırasındadır. Əlbəttə, bu heç də o demək deyil ki, teleproqramda dünya mədəni dəyərlərinə yer verilmir. Biz müasir dünya ədəbi cərəyanları və kinematoqrafiyasının mükəmməl nümunələrini, məşhur musiqiçilərin əsərlərini bu efirdən yaxşı tanıyırıq. Ana televiziyamız ən müasir sənədli filmlərin tərcüməsi və təqdimi ilə tamaşaçılarımızı iqlim dəyişikliyindən tutmuş, şəhərsalma mədəniyyətinə qədər bütün istiqamətlərdə maarifləndirməyi özünə məqsəd götürmüşdür.

Azərbaycan televiziyası öz yaradıcılıq konsepsiyasında bəziləri üçün “mühafizəkar” görünə bilər. Lakin bu “mühafizəkarlıq” tamaşaçının tarixən alışdığı formatlara sədaqətdə özünü göstərirsə, bu da düşünülmüş addımdır. Stereotipləri birdən-birə qırmaq bu teleproqramlar ətrafında formalaşmış tamaşaçını itirmək təhlükəsi də yarada bilər. Bu formatlar milli mədəniyyətlə, daşlaşmış və yaşamağa min dəfə haqqı olan milli adət-ənənələrimizlə bağlıdırsa, onları dəyişmək – ümumi konsepsiyanı və həm də yararlı konsepsiyanı dəyişmək demək olardı.

Bu gün bəzi mətbuat orqanlarında jurnalist təhqiqatı daha çox jurnalist təqibi təsiri bağışlayır. Cəmiyyətimizə və milli əxlaqımıza yad olan təsadüfi ailə-məişət hadisələrini tipik problemlər kimi qələmə verən və bundan sensasiya quraşdırmaq meyllərindən uzaq olan Azərbaycan televiziyasının peşəkar əməkdaşları öz tamaşaçısını sağlam ənənələrlə tərbiyə edir, jurnalist təhqiqatlarında yalnız həqiqəti üzə çıxarmaq, problemi həll etmək məqsədi güdür və elə həmin mənada da yeni münasibət ortaya qoymuş olur.

İndi istər mətbuatda, istərsə də televiziyalarda hüdudsuz bir söz azadlığı var. Lakin çox təəssüf ki, azadlıq artdıqca, mənəviyyatın, məsuliyyətin azaldığı tendensiyası müşahidə olunur. Peşə etikasının hüdudsuz pozuntuları, məsuliyyətsiz fikirlər, təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması baş alıb getməkdədir. Bəzən reklam dalınca qaçan “teledebatlar”da özünü göstərən təhqir, böhtan, şər sifəti Azərbaycan televiziyasına yaddır. Bura jurnalistin peşə etikasının maksimum şəkildə əməl olunduğu bir məkandır. Onun teleformatlarının aparıcıları etik normaların mütləq daşıyıcıları kimi çıxış edirlər. Burada hər hansı bir problemin ictimai polemika müstəvisində müzakirəsində etik normaların son dərəcə ustalıqla gözlənilməsi jurnalistin həm də ekspert seçimi ilə şərtlənir və AzTV jurnalistləri, yaradıcı heyət bax bu cür peşəkarlıq baxımından rəğbət qazanmış olur. Bu peşəkarlığın başında isə etik normalar, qarşılıqlı anlaşma, sağlam yaradıcılıq ruhu dayanır. Təbi ki, bütün bunlar yeni rəhbərliyin televizya studiyalarına gətirdiyi sağlam münasibətin və işgüzar münasibətin nəticəsində əmələ gəlmişdir.

Azərbaycan televiziyasının xalqın mənəvi sərvətləri sistemində ən çox önəm verdiyi faktlardan biri milli dildir. Firudin bəy Köçərlinin “dil xalqın namusu mənziləsindədir” danılmaz postulatı bu qurumun jurnalistləri üçün ən nəcib keyfiyyətdir. Verilişlərdə dilimizə dövlət tələbləri səviyyəsində yanaşılaraq, onun pozulmasına, yad təsirlərə məruz qalmasına imkan verilmir. Burada dilimizin saflığının qorunması, onun zənginləşməsinə diqqətlə bərabər, müasir dil normalarının, praktik dilçiliyin nəzəri məsələlərini əks etdirən proqram siyasəti də özünə yer alıb. Bu sahədə təcrübəli pedaqoqların və vətəndaş-filoloq alimlərin müntəzəm çıxışları, ekspert kimi söz sahibi olmaları televiziyanın ana dilimizə qayğısının parlaq nümunəsidir.

Heç kəsə sirr deyil ki, bu gün telekanallarımızda reklam xatirinə meydana çıxan şou-biznes tamaşaçını ciddi problemlərdən uzaqlaşdırır, milli-mənəvi dəyərlərimizi deformasiyaya uğradır.

Akademik R.Mehdiyevin bu yaxınlarda ciddi müzakirələrə səbəb olan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində məhz bu sahəylə bağlı daha çox həyəcan təbili çalınırdı. Vaxtında işıq üzü görmüş bu məqalədəki tövsiyələr xeyli məsələni sahmana salsa da, hələ problemlər çoxdur. Azərbaycan televiziyası isə bu tövsiyələrdən nəticə çıxarıb, yaradıcılıq axtarışlarını davam etdirərək, ciddi proqram formatları ilə, ictimai marağa xidmət edən proqram setkası ilə nümunə rolunu oynamaqdadır.

Azərbaycan televiziyası ölkədə aparılan idman siyasətinin media daşıyıcısıdır. Onun nəzdində yenicə yaranan ixtisaslaşmış “İdman Azərbaycan” kanalı dünyanın və ölkənin idman həyatını, maraqlı idman yarışlarını canlı olaraq ən uzaq kəndlərimizə belə çatdırmaqdadır. Artıq bir yaşını qeyd edən kanalın peşəkar aparıcılarını, şərhçilərini hamı yaxşı tanıyır, izləyir və sevir. Operativlik və peşəkarlıq bu kanalı xüsusilə baxımlı edir.

İndi bu televiziya, siqnalları kiçik əhatə dairəsindən o tərəfə aşmayan, məhdud tezliyə sığınmış adi bir əyalət televiziyası deyil. Bu televiziyanın verilişləri indi gündoğandan günbatana qədər dünyanın bütün nöqtələrinə gedib çatır.

Bu gün milli televiziyamız həm də bizi dünyaya göstərir. Səsimizi, ünümüzü aləmə yetirir. Artıq dünya bu səsi eşitməyə, ona diqqət kəsilməyə, bu inkişafı doğma televiziyamızın aynasında görməyə başlayıb.

Yeni rəhbərliyin təşəbbüsü və köməyi ilə yaradılan Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamenti media və yayımla məşğul olmaqdan savayı, həmdə öz tamaşaçısının zövqünü öyrənməyi, efirə verdiyi proqramları necə qarşılanmasını bilməyi vacib sayır, müxtəlif sorğular keçirməklə teleməkanımızın real mənzərəsini yaratmağa çalışır. Bu gün ölkənin ilk və yeganə rəngli “TV plyus” jurnalı da bu qurum tərəfindən nəşr olunur. Həm bu jurnalda, həmdə böyük formatda nəşrini bərpa etmiş “Ekran- efir” qəzetində dövlətimizin müxtəlif sahələrdə etdiyi uğurlar, elm və mədəniyyətimiz təbliğ olunur, müxtəlif tele və kino-reytinqlər dərc edilir, verilişlər təhlil olunur, yerli və xarici telelayihələr, yeni kanallar və texnologiyalar barədə məlumatlar verilir, təzə filmlərin annotasiyası təqdim edilir.

Azərbaycan radiosu da bu yaradıcı təşkilatın çox mühüm bir qoludur. Burda da son vaxtlar kadr dəyişikliyi baş verib, efirimizə maraqlı verilişlər ayaq açmağa başlayıb və bütün bunlar ayrı bir yazının mövzusu olduğundan, güman edirəm ki, dəyərli dinləyicilərimiz bu silsilədən geniş təhlilli bir yazını yaxınlarda oxuya biləcəklər...

Hücumlar ötəri, dəyərlər əbədidir... Hücumlar şəxsi maraqlardan, dəyərlər xalqın təfəkkür enerjisindən və rəğbətindən qaynaqlanır.

Şəxsi maraqlar tükənəndə - hücumlar dayanır. Dəyərlər isə heç zaman tükənmir. Təbiətdə enerji itmədiyi kimi, əsl dəyərlər də, olsa-olsa, bir formadan digərinə keçir və Azərbaycan televiziyasının efirindən yenidən öz daimi və sevimli ünvanına – Azərbaycan tamaşaçısına ünvanlanır...

Azərbaycan televiziyasının isə hər zaman yanında dayandığı müqəddəs bir məqsəd və əzəmətli bir qüvvə var: Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti və bu xalqın, bu cəmiyyətin tərəqqisi, inkişafı üçün bütün varlığı ilə çalışan möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət... Bax budur -- yarım əsrdən çox ömür yolu keçən Azərbaycan televiziyasının müqəddəs amalı!..

...Bu yazı hansı səbəbdən yarandı, nədən ərsəyə gəldi, deyə bilmərəm...

Bəlkə, sadəcə, yazmaq ehtiyacından?!.

Bəlkə Azərbaycan televiziyasına sonuncu ziyarətimin işıqlı təəssüratlarından?!

Ya bəlkə, Azərbaycan televiziyasının fəaliyyəti ilə bağlı ara-sıra mətbuatda nəzərimə çarpan və hikkəsi, qərəzi ilə az qala yeri-göyü yandıran böhtan dolu bu yazılara bir vətəndaş və bir ziyalı kimi cavab vermək istəyindən?!.

Bəlkə, içəridən çölə, çöldən içəriyə məqsədli ötürülən dezinformasiyalarla dolu, “şübhə toxumu” səpən bu “cızma-qaralara” heç fikir verməyəydik?

Yox, görünür, kimlərəsə başa salmalıyıq ki, indiki informasiya texnologiyaları şəraitində nəinki qırx gün, hətta qırx saniyə belə bəsdir ki, kimin qərəzli, təmənnalı hisslərdən, kimin səmimi vətəndaşlıq mövqeyindən çıxış etdiyini görə bilək...

Mən inanıram ki, lap yaxın gələcəkdə Azərbaycan iqtisadi, siyasi, mədəni cəhətdən tam inkişaf etmiş bir ölkəyə çevriləcək. Hər şey arınıb-durulacaq, sakit və firavan bir həyat mövsümü başlayacaq.

Yaxın gələcəyin – sabahın bu gerçəkliyində Azərbaycan televiziyasının öz ideallarında nə qədər haqlı olduğu daha böyük qüvvətlə təsdiq ediləcək!..

 

 

İmamverdi İsmayılov

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2010.- 16 fevral.- S.4.