Quba faciəsi
Qubanın şaxtalı qış günlərindən biri idi.Çoxdan yağan qarın üzərində yeni izlər buraxa-buraxa şəhərdən uzaqlaşır,Qudyalçayın sahili ilə üzü yuxarı, kütləvi məzarlığa doğru addımlayırdım.1918-ci ildə erməni daşnaklarının Qubada törətdiyi soyqırım hadisəsinin 89 il sonra aşkarlanan nişanəsi-kütləvi məzarlıq barəsində növbəti reportaj hazırlamaq üçün tələsirdim.Ötən gün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırım məzarlığı üzrə ekspedisiya rəhbəri Qəhrəman Ağayevlə telefonla xeyli söhbətləşmiş, bu gün onun da məzarlığa gələcəyini öyrənmişdim. Quba faciəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivindən də çoxlu sayda qiymətli materiallar toplamışdım.İndi həmin faktlarla kütləvi məzarlıqdan əldə edilən informasiyaları uzlaşdırmaq istəyirdim.
Qarlı qış günündə buralarda piyada gəzmək asan deyildi. Qudyalçaydan əsən şaxtalı külək getdikcə güclənir, ayaz sifətimə çırpıldıqca gözlərim sulanır, irəlini görməkdə çətinlik çəkirdim.Yerdə təzə ayaq izləri gördüm. Düz kütləvi məzarlığa doğru getmişdilər. Başımı qaldırıb irəli baxanda məndən xeyli qabaqda iki nəfərin qara bata-bata kütləvi məzarlığa tərəf getdiyini gördüm. Biri beli bükülmüş qoca qarı, digəri isə cavan oğlan idi. Bir əli ilə oğlanın qolundan tutan, digər əli ilə əsaya dəstəklənən qarı çətinliklə yeriyirdi küləyin soyuq dalğası gələndə qarı bir az da əyilir,örpəyi ilə üzünü şaxtadan qorumağa çalışırdı. Məzarlığa yaxınlaşdıqca qarı bir neçə dəfə dayanıb nəfəsini dərdi, əllərini qaldırıb nəsə dedi,sonra getməkdə davam etdi. Həm təəccüb, həm də maraqdan addımlarımı yeyinlədib onlara yetişməyə tələsdim. Görəsən bu şaxtada, sazaqda güclə yeriyən qoca qarını kütləvi məzarlığa gəlməyə vadar edən səbəb nə idi?
Məzarlığın kənarı boyunca göy plyonka çəkilmişdi. Üzərinə isə yerdən bir neçə metr yüksəklikdə dam örtüyü vurulmuşdu. Qarı, oğlan, daha sonra isə mən giriş qapısından keçib içəri daxil olduq. İçəridə arxeoloq Qəhrəman Ağayev və iki nəfər xüsusi geyimli gənc yarısı torpaqda, yarısı isə açıqda qalan insan sümüklərinin üzərinə kimyəvi məhlul çəkirdi. (Deməli sümüklərdə parçalanmanın qarşısını almaq üçün gərəkli olan kimyəvi maddə nəhayət ki, əldə edilmişdi.) Hamımız salamlaşdıq. Qarını indi daha yaxından gördüm. Arıq, bəstəboylu, səliqə ilə geyinən qadın idi. Solğun gözləri qızarmışdı. Girdə sifəti, xirda əlləri qırış-qırış idi. Ayaz boz çöhrəsinə qırmızılıq gətirmişdi. Qarı insan sümüklərini görüb “can-can” deyərək bir neçə addım irəlilədi. Çox həyəcanlı idi. Gözlərini geniş açıb o tərəf-bu tərəfə baxır, baxışları ilə nəsə axtarırdı. O, skeletlərlə dolu quyunun önünə gəlib titrək dodaqları ilə dua oxumağa başladı. Sinəsi önündə cütlədiyi əlləri əsirdi. Gözlərinin dolmasından, əllərinin isə getdikcə daha çox əsməsindən onun həyəcanlandığını hiss edirdim. Qarının baxdığı mənzərə də dəhşətli idi. Məzarlıq üst-üstə qalaqlanan insan sümükləri ilə dolmuşdu. Arxeoloji qazıntı işləri aparılan torpağın içindən insan bədəninin müxtəlif hissələrinə aid sümüklər aşkarlanmışdı.Yüzlərlə kəllə,əl,ayaq,onurğa sümüklərinin yarısı torpaqda,yarısı isə açıqda idi.Kəllələrdən bir neçəsinə mıx çalınıb,digərlərinin üzərində isə kəsici və küt alətlərlə vurulan zərbə izləri aydın görünür. Skeletlərdən birinin qolları arasına kiçik skletin sığındığını da görməmək mümkün deyil. Qəhrəman Ağayev həmin skeletləri göstərib deyir: “Onlar ana və körpəsinin skeletləridi. Bu insanlar burada sadəcə basdırılmayıb. Onları vəhşicəsinə qətlə yetirdikdən sonra paltarsız halda quyulara və su arxlarına doldurublar. Qazıntı zamanı içərisi insan sümükləri ilə dolu iki quyu və iki arx müəyyən etdik. Birinci quyunun dərinliyi 4m,diametri isə 5m-dir. İkinci quyunun dərinliyi isə 2m, diametri 2,5m-dir. İnsanlar qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə çay kənarındakı yamacda qazılmış quyulara doldurulub. Məzarlıqdan aşkar edilən sümüklər sübut edir ki, buradakı insanlar çox dəhşətli işgəncələrlə qətlə yetiriliblər. Bunun nəticəsidir ki, biz insan cəsədlərinin sayını yalnız kəllə sümükləri ilə təyin etdik. Kütləvi məzarlıqdan 400-dən artıq insan kəlləsi aşkar edilib. Bu insanların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır. Arxeoloji araşdırmalar və tibbi ekspertizalar tarixi faktları təsdiqlədi. Bu sümüklərin hamısı 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımına məruz qalan dinc sakinlərindir”.
Qarı ilə
gələn gənc dillənir: “Bu məzarlığı
televizorda tez-tez göstərirlər. Hər dəfə baxanda
nənəm ağlayır. Nənəm deyir ki, onun
ata-anasını da o vaxt ermənilər Qubada
qırğınlar törədərkən öldürüblər.
Neçə vaxtdı bu məzarlığı ziyarət etmək
istəyirdi. Ancaq xəstə idi, gətirə bilmirdim.
Üç-dörd gündü yaxşılaşıb. Deyir
apar məni məzarlığı görüm. Bu gün lap təkid
elədi. Deyirəm ay nənə, axı şaxtadı,soyuqdu,
təzədən xəstələnərsən. Deyir yox, sonra
imkan olmayacaq. ”Elə bu vaxt qarı ağlaya-ağlaya
danışmağa başlayır: “Can-can, bu yazıqlar
hamısı bizim camaatdı.Yadıma gəlir, o vaxt mənim
6 yaşım vardı.Yaz ayı idi. Birdən hay-küy,
qışqırıq qopdu. Dedilər ermənilər gəlib,
camaatı qırır, evləri yandırır.Çəpərin
arasından küçəyə baxdım. Can, yazıq atam.
Üç nəfər atlı atamı qabağına
qatıb döyə-döyə evimizə tərəf gətirirdi.
Yaxınlaşanda atlılardan birini tanıdım. Bazar
küçəsində yaşayan dəyirmançı
Hartün idi. Neçə dəfə atamla onun dəyirmanına
dən üyütməyə getmişdim. Dəyirmançı
dedi: “Bu kişinin pulu, malı çoxdu, mən onu lap
yaxşı tanıyıram. Ləhçə ilə
danışan o biri atlılar atama qışqırdı: “
Kişi, tez ol qızılları gətir”. Atam “ məndə
qızıl hardandı “ deyəndə atlılardan biri tüfəngin
qundağı ilə atamın başına vurdu. Yazıq atam
qanın içində həyətə girdi . Məni
götürüb tez təndirxanaya apardı. “Gizlən, səsini
çıxartma” deyib öpdü. Bu vaxt ermənilər həyətə
girib evimizin içinə soxuldular. Atam da onların dalınca
evə keçdi. Evdən anamın, balaca bacımın
qışqırtısı gəldi. Gizlincə bayıra
baxdım. Ermənilərdən biri anamı qucağında balaca
bacımla bir yerdə məcburla çəkib evdən
çıxardı. Erməni bacımın sinəsindəki
medalyona baxıb soruşdu: “Qızıldır?”. Sonra
öz-özünə dedi: “Yox, ara, bu misdi ki”. Ermənilər
evdə qiymətli nə var idisə hamısını
anamın yun şalına büküb çıxdılar.
Anamı, bir də balaca bacım Bibixanımı qabaqlarna
qatıb döyə-döyə apardılar. Birdən evimiz
tüstülənməyə başladı. Açıq
qalmış qapıya yaxınlaşanda atamın evin
ortasında sərildiyini gördüm. Tərpənmirdi.
Evimizi tüstü, alov bürümüşdü. Od
vurmuşdular evimizə. Küçədən qışqırtı-bağırtı
səsləri gəlirdi... Bir də ata-anamın, bacımın üzünü
görmədim... Can,can,can. Ay bala, siz o günləri görməyəsiz.
Allah heç kimə o günləri göstərməsin ...”
Qarı göz yaşını saxlaya bilmirdi. Qəhər onu
boğduğundan susdu. Nəvəsi ilə mən onu sakitləşdirməyə
çalışdıq. Qəhrəman müəllim balaca bir
oturacaq verdi, qarını əyləşdirdik. Bu qadın
1918-ci illdə ermənilərin Qubada törədiyi
qırğınların canlı şahidi olan 97 yaşlı
Şirinbikə Nəcəfova idi. Şirinbikə nənənin
söykəndiyi lövhəyə yapışdırılan
yazı diqqətimi cəlb etdi. “Kütləvi məzarlıq
2007-ci il aprelin 1-də ərazidə torpaq işləri
aparılarkən təsadüfən aşkarlanıb.
2007-2008-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya
İnstitutunun əməkdaşları məzarlıqda tədqiqat
aparıb. Ümumi sahəsi 514 kv. metr olan məzarlığın
20 kv.metri gələcəkdə burada araşdırmalar
aparacaq beynəlxalq təşkilatların təmsilçilərinə
soyqırım faktını əyani şəkildə
göstərmək üçün saxlanlıb. Məzarlığın
1918-ci ildə ermənilərin Qubada dinc əhaliyə
qarşı törətdiyi soyqrımın əyani sübutu
olduğu elmi şəkildə təsdiqini tapıb...”
Bəli, tarixi faktları
heç nə ilə gizlətmək və ya silmək olmur. Həqiqət
gec-tez üzə çıxır. Soyqrım hadisəsindən
89 il sonra aşkarlanan kütləvi məzarlıq kimi. O hadisələrin
canlı şahidi olan Şirinbikə nənə kimi . Azərbaycan
Respublikası Dövlət Arxivindən (ARDA) əldə
etdiyim qiymətli məlumatlar kimi.
1918-ci ilin aprel və may
aylarnda Quba qəzasında erməni daşnak cəza dəstələrinin
azərbaycanlılara qarşı törətdiyi
qırğınlar haqqında arxivdən konkret faktlar əldə
etmişdim. Bu faktlar Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin 1918-ci il iyul aynın 15 də
yaratdığı Fövqələdə Təhqiqat
Komissiyası (FTK) tərəfindən hazırlanan 5 cildlik
istintaq materiallarında öz əksini tapır. Komissiya
üzvü A. Novatskinin və digər şəxslərin
hazırladığı sənədlərdən bəlli olur
ki, Bakı Kommunasının rəhbəri S. Şaumyanın
başçılığı altında bölgədə
bolşevik hökuməti qurmaq adı ilə erməni
silahlıları 1918-ci ilin yazından başlayaraq Quba qəzasına
hücum çəkib. Bolşevik bayrağı altında gələn
Muradyan, 800 nəfərlik ordu ilə daşnakların xəbis
niyyətlərini həyata keçirən D. Gelovani bölgədə
çoxlu qırğınlar törədib. Lakin onlar yerli əhalinin
müqaviməti ilə rastlaşaraq geri çəkilməyə
məcbur olublar. Bu zaman top və pulemyot ilə silahlanan iki mindən
artıq daşnak ordusuna rəhbərlik edən Hamazasp Qubaya
hücum çəkib. O vaxt Quba şəhərinin rəisi
olan Əli Abbas bəy Əlibəyov sonralar verdiyi ifadələrində
bildirirdi ki, ermənilər 1918-ci ilin may aynın 1-də
üç istiqamətdən Qubaya daxil olub. Şəhərə
girən daşnak dəstələri çox
amansızlıqla dinc əhalinin öldürülməsinə
və var-dövlətinin talanına başlayıb. Bu işdə
qubalı ermənilər də onlara bələdçilik
edib. Təkcə birinci gün şəhərin
aşağı hissəsində 713 nəfər azərbaycanlı
öldürülür ki, onların əksəriyyəti
qadın və uşaqlar idi.
FTK-nın üzvü
A.Novatskinin rəhbərlik etdiyi qrup tərəfindən
hazırlanan məruzədə deyilirdi ki, erməni silahlı
dəstələrinin Qubaya daxil olması şəhərin
müsəlman əhalisinin kütləvi surətdə qətli
və onların üzərində hər cür
zorakılıq halları ilə müşayiət olunurdu. Kərbəlayı
Məhəmməd Tağı oğlunun on dörd nəfərdən
ibarət ailəsi qılıncla doğranmışdı. Məhəmməd
Rəsul Mahmud oğlunun üç uşaq və arvadından
ibarət ailəsi ağır işkəncələrlə
öldürülmüşdü. Onun özünün
diri-diri qarnını yırtmış, gözü
qabağında üç uşağının başını
kəsmişdilər. Kərbəlayi Abuzər Məstan
oğlunun iki qızını-Hökumə və Butanı
analarının qucağındaca xəncərlə
doğramışdılar. Belə faktlar məruzədə
onlarladır. Məruzədə həmçinin göstərilir
ki, Hamazaspın daşnak dəstələri digər
komissarların xəbəri olmadan şəxsən
S.Şaumyanın təşəbbüsi ilə Quba şəhərinə
həqiqətən də azərbaycanlıları cəzalandırmaq
məqsədilə göndərilib. Hərbi hissəyə
yalnız “Daşnaksütyun”partiyasına mənsub ermənilər
daxil edilib. Onlara bilərəkdən türklərə və
azərbaycanlılara qarşı öz qəddarlığı
ilə ad çıxaran daşnak cəlladı Hamazasp komandir
təyin olunub. Silahlı dəstənin qarşısında “Xəzər
dənizi sahillərindən tutmuş Şah dağına qədər
olan ərazidə yaşayan bütün müsəlmanları
məhv etmək məqsədi qoyulub.(ARDA:F.1061,siy.1,iş 95,vər
7)
Ermənilərin Qubadakı
vəhşilikləri 9 gün davam edir. Bu müddət ərzində
meyitlərin dəfn edilməsinə icazə verilmir. Sonralar
yüzlərlə insanın nə öldüsündən, nə
də qaldısından heç bir xəbər
çıxmır. Umumilikdə Hamazaspın dəstəsi Quba
qəzasında 16 min dinc sakini vəhşicəsinə qətlə
yetirib. 122 kənd, 26 məscid tamamilə yandırılıb
və ya dağıdılıb. Təkcə Quba şəhərində
105 ev viran edilib, 3 min dinc sakin xüsusi zorakılıqla
öldürülüb. Bu vəhşiliklərə dözməyən
Ə.Zizikskinin, İ,Şıxlarskinin, Möhübəli Əfəndinin
başçılıq etdiyi könüllülərdən
ibarət yerli müqavimət dəstələri
daşnakları susdurmağa çalışdı. Lakin
qüvvələr bərəbər deyildi. Erməni
silahlıları Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz
İslam Ordusu Türkiyədən Azərbaycana gələnədək
Qubanı təzyiq altında saxlayır, daşnakların “dənizdən-dənizə”devizini
gerçəkləşdirmək üçün qan tökməkdə
davam edirdilər. Qafqaz İslam Ordusu yetişdikdən sonra
Quba-Qusar yolundakı böyük bir dərədə həlledici
qarşılaşma oldu və erməni silahlıları məğlubiyyətə
uğradılar. İndi həmin ərazi xalq arasında
“Qanlı dərə”adlanır. Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən aparılan istintaq prosesinə
isə xitam verildi. Çünki soyqırımların təşkilatçısı
S.Şaumyan erməni daşnakarının Azərbaycanda
qırğınlar törətməsi, respublikanın müstəqilliyinin
beşikdəcə boğulması barədə imperiya rəhbəri
Lenindən razılıq almışdı.1920-ci ildə Azərbaycanda
hakimiyyəti ələ keçirən sovet imperiyası milli ədavətlərə
son qoymaq adı ilə ermənilərin müsəlmanlara
qarşı törətdiyi soyqırımlarını
ört-basdır etdi. Sonralar sovet imperiyası zamanında isə
ermənilərin Azərbaycanda soyqrımlar törətməsi
barəsində danışmaq belə yasaq olundu. Faciələrin
şahidləri susmaq məcburiyyətində qaldılar.
Qəhrəman müəllimin
sözləri məni düşüncədən
ayırdı: “Jurnalist qardaş, məzarlıqdan aşkarlanan
yeganə etnoqrafik tapıntı bax, bu, mis medalyondur. Bayaq
göstərdiyim ana və uşaq skeletləri vardı ha, bax,
həmin uşaq skeletinin boynundan tapmışıq”. Bu
sözləri eşidən qarı ilan vumuş kimi yerindən
dik atıldı. Tez gəlib medalyona baxdı. Əlinə
götürüb o üz-bu üzünə
çevirdi.Qırıq-qırıq ağlamağa
başladı: “Onunkidir, bacımın, Bibixanımın!..”.
...Artıq tarixin qaranlıq
səhifələrinə işıq düşüb. Kütləvi
məzarlığın timsalında 1918-ci ilin Quba faciəsi
bütün detalları ilə üzə çıxıb.
Dövlət başçısının sərəncamı
ilə Quba məzarlığında muzey və memorial
kompleksin yaradılması işləri başlanıb. Bu muzey
Quba faciəsinin illər boyu gizlədilən təfərrüatlarının
ictimaiyyətə ətraflı çatdırılması
üçün xüsusi rol oynayacaq. Beynəlxalq təşkilatların
ölkəmizə səfər edən nümayəndələri,
xarici turistlər buradakı muzey-məzarlığı ziyarət
edəcək, erməni vandalizminin nişanələri ilə əyani
tanış olacaq. Kütləvi məzarlıqdan isə bir
haray sədalanır. Bu, ruhların harayıdır. Bu səs
bizi onların faciəsini bütün ellərə yaymağa
çağırır. Günahsız ruhlar cəzasız
qalmış erməni qatillərinin əməllərinin
bütün dünyaya bəlli olmasını istəyir ki,
onlar bir daha heç bir ölkədə belə faciələri
təkrar etmək fürsəti qazana bilməsin.
P.S. Şirinbikə nənənin
ömrü boyu qəlbində saxladığı
müdhiş Quba faciəsi haqqında xatirələrini ətraflı
qələmə almaq üzün səhərisi gün onlara
yollandım. Ünvana yetişəndə həyətdə
hüzn mərasimi qurulduğunu gördüm. Əlimdə
tutduğum kağızdakı ünvana bir də baxdım,
düz gəlmişdim. Arxa tərəfdən
danışanların səsini eşitdim: “ Deyirlər arvad
kütləvi məzarlığa gedib. Anası ilə
bacısının skeletlərini tapıb. Bacısını
boynundan tapılan medalyondan tanıyıb”. Şirinbikə nənə
dünyasını dəyişmişdi.
Ramiz Ramazanov
525-ci qəzet.- 2010.- 17 fevral.- S.6.