Füzuli irsinin tədqiq tarixi ilə bağlı yeni kitablar nəşr
edilib
Filologiya elmləri namizədi, ədəbiyyatşünas Gülşən Əliyeva-Kəngərlinin “Füzulişünaslıq: tarix və nəzəriyyə” adlı kitabı işıq üzü görüb. Rus dilində, “Çaşıoğlu” nəşriyyatında çap olunan kitabda füzulişünaslığın keçdiyi yol və bu sahənin nəzəri problemləri araşdırılır. “Müəllifdən” başlıqlı bölmədə G.Əliyeva-Kəngərli Azərbaycan füzulişünaslığını dünya füzulişünaslığının əsas tərkib hissəsi kimi götürür və onun əhəmiyyətini xüsusi qeyd edir. Tədqiqatçı bildirir ki, füzulişünaslığın mənbəyinin genişliyi, əsasının möhkəmliyi Füzulinin mükəmməl yaradıcılığından qaynaqlanır. Çünki ən birinci və kamil füzulişünas, mütəxəssis, peşəkar tənqidçi, yaradıcılıq nəzəriyyəçisi elə şairin özü olub. Müəllif füzulişünaslığın Azərbaycan ədəbiyyatşünaslığındakı yerindən söz açarkən yazır: “Azərbaycan füzulişünaslığı müasir Azərbaycan ədəbiyyatşünaslığının əsas istiqamətlərindən biridir”.
“Azərbaycan füzulişünaslığının mənşəyi” başlıqlı hissədən görünür ki, məşhur Azərbaycan ədəbiyyatşünasları Firudin bəy Köçərli, Abdulla Şaiq, Füzulinin poetikası haqqında ilk əhəmiyyətli araşdırmanın müəllifi Mir Cəlal və başqalarının dahi şair haqqında fikirləri müəllif üçün başlıca istinad yeri olub.
“Füzuli poetikası füzulişünaslıq problemi kimi” yazısında G.Əliyeva-Kəngərli akademik M.Cəfərin “Füzuli özünün 500 illiyini gözləyir” məqaləsinin xüsusi əhəmiyyətini vurğulayır. Kitabda Füzuli barədə bir çox başqa alimlərin də əsərləri, tədqiqatları barədə fikir yürüdülür, onların füzulişünaslıqdakı rolu dəyərləndirilir.
G.Əliyeva-Kəngərlinin tərtib etdiyi “Azərbaycan füzulişünaslığının qaynaqları” kitabı da ölməz sənətkarın irsinin araşdırılması baxımından maraq doğurur. Tərtibçi kitabı XIX əsr maarifçilərinin əsərlərindən, XX əsr alimlərinin əlyazma materiallarından, “Füyuzat”, “Kommunist”, “Maarif və mədəniyyət”, kimi mətbu orqanlardan, 1925-ci ildə ədəbi fəaliyyətinin 400 illiyi ilə əlaqədar nəşr olunan Füzuli məcmuəsindən istifadə yolu ilə hazırlayıb. Toplunun girişində yer alan “Füzuli sözünə məhəbbətlə” başlıqlı yazıda tərtibçi bu kitabı kitabı hazırlamaqda əsas məqsədinin ayrı-ayrı arxivlərdə, qəzet və jurnal səhifələrində pərakəndə səpələnmiş, müxtəlif nəşrlərdə yer almış füzulişünaslıq nümunələrini məcmuə halında gələcək araşdırıcıların istifadəsinə vermək olduğunu vurğulayıb. “Təcrübə göstərir ki, belə toplular həm mobil xarakterə malik olur, həm də mövcud qaynağı itib-batmaq təhlükəsindən qoruyur. Ayrı-ayrı qaynaqların bir araya gətirilməsində tədqiqatçıda füzulişünaslıq haqqında sistemli təsəvvür yaranmasına imkan verir, təbii ki, bu zaman onun vaxt itkisini xeyli dərəcədə azaldır”.
Kitabın “Təzkirələr” hissəsində Lətifinin, Sam Mirzənin, Əhdinin, Aşiq Çələbinin, Həsən Çələbinin, Bəyaninin, Əmin Əhməd Razinin, Lütfəli bəy Azər və digərlərinin öz təzkirələrində Füzuli haqqında yazdıqlarından nümunələr verilib. Məcmuəyə M.F.Axundov, S.Ə.Şirvani, Firudin bəy Köçərli, Molla Məhəmməd Bağdadi, Abdulla Sur, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Cəfər Cabbarlı, Bəkir Çobanzadə, Salman Mümtaz, Əmin Abid, Y.V.Çəmənzəminli, M.F.Köprülüzadə, İsmayıl Hikmət kimi görkəmli şəxsiyyətlərin Füzuliylə bağlı dağınıq halda olan fikirləri də toplanaraq daxil edilib.
Hüsniyyə İSMƏTQIZI,
Günel MUSAYEVA
525-ci qəzet.-
2010.- 17 fevral.- S.7.