Üçüncü otuzun mübarək, Əhməd!
Tanınmış aydınımız, alimimiz, şairimiz Əhməd Qəşəmoğlunun da ikinci otuzu tamam oldu. Lap qədimdə, elə indi də, bir çox qardaş xalqların say sistemi otuzacandı. Otuzdan sonra isə daha bir otuz başlayır. Otuz-otuzun yüz-yüzdən bir gözəl fərqi var, bunu tez başa vura bilirsən. Üçüncü otuza baş vurdun, üçüncü otuzun mübarək, Əhməd Qəşəmoğlu. Üçüncü otuzun uzanıb yüzdən də uzun olsun.
Yadındamı, birinci otuzunda vaxtı təyin olunmuş toyunu da təxirə salıb, əziz Ata və Ananı təşviş içində qoyub mənimlə qədim Türk yurdu Tuvaya yollandıq, özü də özümüz seçdiyimiz marşrutla, yolboyu bütün qədim Türk yurdlarından keçməklə, kumıs içmək, şaman görmək, ulu çöllərimizin böyüklüyündən, sonsuzluğundan havalanmaq, dəli olmaq ümidiylə. Əvvəl Bakıdan gəmiylə Krasnovodska (onda Türkmənbaşı hələ heç nəyin başı deyildi), ordan uçaqla Aşkabada – Eşqabada, Eşqabaddan yenə uçaqla Daşkəndə (Dışkənd, Dışoğuz, Tovuz, Taşauz), Daşkənddən qatarla Alma-Ataya (yolda neçə saat qatarımızın yanıyla həyatımızda ilk dəfə gördüyümüz “uçan boşqab” uçacaqdı), ordan da adını unutduğum bir şəhərə, ordan da Abakana, Abakandan da rusların qorxudan qaranlıq düşəndən sonra küçəyə çıxa bilmədikləri canım, gözəlim Tuvanın paytaxtı Kızıla – “Asiyanın tən ortası” abidəsi qoyulmuş qədim Türk yurduna.
Yadındadı da, onda biz də küləklər, buludlar kimi gənc idik, azad olmayan ölkənin, bəlkə də, ən azad adamları idik, hər yerdə də bir gün bir gecə qalırdıq, hər yerdə də əbədiyyətin özü, maraqlı gəzintilər, gülməli əhvalatlar, Tanrı sevgisi ilə qıyılmış yeni-yeni gözəl qıyıq Türk gözləri. Onda sən komsomol yanında Azərbaycanda, həm də SSRİ-də sənin təşəbbüsünlə yaradılmış ilk sosioloji mərkəzin rəhbəri, mən də kənddən şəhərə gələn kimi guya öz kəndçiliyini də komsomol bileti ilə birlikdə qabağına çıxan ilk zibil qutusuna atan, bununla da anti-sovetliyini, disidentliyini öz-özünə təsdiqləyən, ancaq nifrət etdiyi mərhum kommunist partiyası komsomolunun (molodoyların kommunist soyuzunun) verdiyi yol, otel və yemək pulundan öz dədə malı kimi məmnuniyyətlə istifadə edən birisi kimi yol almışdıq.
Yoldakı bütün sovet əzablarından, uzundraz bilet növbələrindən, “ordan net, burdan net” kəlmələrindən mənim dolamalarımla yox, sənin sovet komsomolunun “knijkası”nı ora-bura göstərib, hətta olmayan marşrutlara da növbəsiz bilet tapmağın, sovetin şanlı və rüşvətxor məmurlarını nokauta salıb bizi Tuvaya çatdırmağın olmasaydı, mən yəqin ki, ən azı sovet dövlətinə lazımsız bir əşya kimi hardasa düşüb itəcəkdim.
Tuvada keçirilən o ümumittifaq poeziya festivalında bizim başqa Türk cümhuriyyətlərindən gələn şairlərlə dərhal Türk birliyi yaratmağımızı, sonra ruslara qarşı Baltikyanıların, ukraynalıların da bizə qoşulmaları, SSRİ-nin xəbəri olmadan onu birlikdə dağıtmağımız, bütün bunları nümayişkaranə eləməyimiz, sənin şeirlərinin əksər şairlər tərəfindən, hətta fillər tərəfindən də (mən rusofilləri belə adlandırırdım) bəyənilməsi, təriflənməsi, rusca şeirlər kitabının Moskvada çapı barədə rəsmi qərarın qəbul olunması, sonra gecə macəralarımız, mənim iki qazax dostumuzla bərabər ruslarla davamız, “sovet hökuməti tuvalılara əlifba verdi” deyənlərə “siz tuvalılara əlifba verməmisiniz, onların Orxon-Yenisey əlifbasını əllərindən almısınız, bizim əlifba yarananda sizin xalq heç tarix səhnəsində yox idi” deməyimiz, festivalın reqlamentini pozan son çıxışdan sonra az qala Tuvanın milli qəhrəmanına çevrilməyimiz, qayıdanbaş iki gün gecə Novosibirskdə təyyarə meydanında göy çəmənlikdə göy üzündə gördüyümüz ulduzlarda yatırmıştək ləzzətlə yatmağımız, yenə sənin sayəndə ordan xilas olub Alma-Ataya, ordan da Bakıya dönməyimiz ... Bu, özün də yazdığın kimi “sovet adamı tək yola çıxıb anti-sovet kimi geri qayıtmağın” sadəcə olaraq sovet “təbliğatının” özünü adam sayan adam üçün real “nəticəsi” idi.
Yuxarıda sosioloq dedim, yadıma 1991-ci ildə sənin “Xəzər” dərgisində hakimiyyətə kimlərin gələcəyini dəqiqliklə xəbər verən sosioloji tədqiqatlarının çap olunmasından sonra dərginin çapına yarım ildən artıq o vaxtkı hakimiyyət tərəfindən imkan verilməməsi düşdü. Yəqin sənin həyatında da belə acılar çox olub. İndi bu vəhşətlər bizə şərəf gətirir. Bizə həmişə mane olanlar da sağ olsunlar, ən azı bizə şərəf və şan gətirdikləri, o vaxtlar bizim dediklərimizi, tutuquşu kimi olsa da, indi dedikləriyçün.
İnşallah, daha bir otuzun sonunda ikimiz də təbrikinə gələcəyik.
Görüşənədək,
Odər, Vaqif
525-ci qəzet.-
2010.- 18 fevral.- S.7.