Türkiyədə Bəxtiyar Vahabzadə Simpoziumu
XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığı, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərib. Böyük istiqlal şairinin adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında ehtiramla anılır, ardıcıl olaraq onun yaradıcılığına həsr edilmiş müxtəlif məzmunlu tədbirlər keçirilir.
Görkəmli Azərbaycan şairinin dünyasını dəyişməsinin ildönümü günündə qardaş Türkiyənin Ərdəhan şəhərində keçirilən “Azadlığın səsi Bəxtiyar Vahabzadə” beynəlxalq simpoziumu da belə tədbirlərdən biri idi. Atatürk Kültür Mərkəzinin, Ərdəhan Valiliyinin, Ərdəhan Universitetinin və Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri beynəlxalq simpoziumda həmçinin Azərbaycanın, Türkiyənin, Gürcüstanın və Şimali Kipr Türk Respublikasının bir sıra nüfuzlu elm ocaqları təmsil olunurdu.
Fevralın 13-də Türkiyənin Ərdəhan şəhərindəki Xalq Maarif Mərkəzinin böyük konfrans salonunda açılış mərasimi ilə öz işinə başlayan simpoziumda böyük Atatürkün xatirəsi sayqı duruşu və İstiqlal marşı ilə yad olundu. Beynəlxalq simpoziuma ev sahibliyi edən Ərdəhan Universitetinin rektoru professor-doktor Ramazan Korkmaz simpoziuma gələn qonaqları və iştirakçıları salamlayandan sonra qürur hissi ilə qeyd etdi ki, Ərdəhan Universitetinin yaranma tarixinin iki ili tamam olmasa da universitetdə keçirilən ikinci böyük tədbirin –beynəlxalq simpoziumun Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunması təbii haldır. Çünki Bəxtiyar Vahabzadə Azərbaycanla yanaşı həm də Qafqazların, Orta Asiyanın, bütün Türk dünyasının, bütün insanlığın şairidir.
Simpoziumun təşkilində və keçirilməsində tərəf kimi iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatı tarixində Bəxtiyar Vahabzadənin rolundan, onun bəşəri mövzulu və milli ruhlu poeziyasının milyonlarla insanın şüuruna nüfuz etməsindən, sərt sovet rejimi dövründə şairin azərbaycançılıq məfkurəsini inkişaf etdirməsindən danışdı. Akademik İsa Həbibbəyli görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş beynəlxalq simpoziumun bir neçə yönümdən faydalı olub mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. İlk növbədə simpoziumun Azərbaycan ədəbiyyatının, onun görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığının qardaş Türkiyədə daha dərindən təbliğ olunmasına və bundan sonra Naxçıvan Dövlət Universiteti ilə Ərdəhan Universitetləri arasında elmi-mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etdi. Simpoziumun açılış mərasimindəki çıxışının sonunda akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi “Bəxtiyar Vahabzadənin portreti”ni Ərdəhan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmaza təqdim etdi. Həmçinin Naxçıvan Dövlət Universiteti adından aparılan yüzdən artıq elmi-pedaqoji və bədii kitab, lüğətlər, Bəxtiyar Vahabzadənin əsərləri Ərdəhan Universitetinin kitabxanasına hədiyyə olaraq verildi.
Simpoziumun açılış mərasimində çıxış edən Ərdəhan valisi Mustafa Tekmen qardaş Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş belə mötəbər tədbirin məhz Ərdəhanda keçirilməsindən məmnun olduğunu bildirdi. Vali öz çıxışında Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsində “Bakı-Tbilisi-Ceyhan” qaz kəmərinin, “Bakı-Tbilisi-Qars” dəmiryolunun rolundan və bu projelərin Ərdəhanın gələcək inkişafına təsirindən danışdı.
Atatürk Kültür Mərkəzi Başkanı, professor-doktor Osman Horata simpoziumun açılış mərasimindəki çıxışında Türkiyə-Azərbaycan qardaşlığından geniş danışaraq bu mövzunun Bəxtiyar Vahabzadə yaradıcılığında geniş əks olunmasına, şair tərəfindən bu qardaşlığın “Bir ananın iki oğlu” kimi dəyərləndirilməsinə aid örnəklər gətirdi.
Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və bir sıra millət vəkillərinin “Azadlığın səsi Bəxtiyar Vahabzadə” Beynəlxalq simpoziumuna təbrik məktubları oxundu.
Ən yaddaqalan məqamlardan biri simpozium iştirakçılarının Ərdəhan şəhərinin ən işlək küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adının verilməsi mərasimində iştirakı oldu. Simpozium iştirakçılarının və yerli əhalinin toplaşdığı keçmiş “Konqres” küçəsindəki binalardan birinin divarına “Bahtiyar Vahapzade caddesi” yazılmış lövhə vuruldu. Bu münasibətlə keçirilən mərasimdə Ərzurum millət vəkili, professor-doktor İbrahim Kavaz, Atatürk Kültür Mərkəzi Başkanı, professor-doktor Osman Horata, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Bartin Universitetinin rektoru, professor-doktor Ramazan Kaplan, Ərdəhan Bələdiyyə Başkanı vəkili Yusuf Dəmirçi, çıldırlı aşıq Şərəf Taşlıova və Ərdəhan Universitetinin rektoru Ramazan Korkmaz çıxış edərək Ərdəhanda bu küçəyə görkəmli Azərbaycan şairinin adının verilməsini Ərdəhan valiliyinin və şəhər bələdiyyəsinin Bəxtiyar Vahabzadə irsinə hörməti, həm də iki qardaş xalq arasındakı mənəvi körpünün daha da genişlənməsinə böyük qayğı kimi dəyərləndirdilər.
Bəxtiyar Vahabzadə küçəsində keçirilən mərasimdən sonra simpozium öz işini davam etdirdi. Simpoziumun millət vəkili, professor-doktor İbrahim Kavazın, Bartin Universitetinin rektoru, professor-doktor Ramazan Kaplanın, azərbaycanlı professor-doktor Kamil Vəli Nərimanoğlunun, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən dörd iclasında Bəxtiyar Vahabzadə irsinin ayrı-ayrı yönlərini təhlil edən 16 məruzə dinlənildi. Türkiyənin müxtəlif şəhərlərindən, qonşu Gürcüstandan, Şimali Kipr Türk Respublikasından gələn elm adamlarının məruzələri ilə yanaşı azərbaycanlı alimlərdən İsa Həbibbəylinin, Kamil Vəli Nərimanoğlunun, Xanəli Kərimlinin, İman Cəfərlinin, Vaqif Məmmədovun, Vüqar Sultanzadənin, Rövşən Əlizadənin Bəxtiyar Vahabzadə yaradıcılığını əks etdirən müxtəlif mövzulu məruzələri də simpozium iştirakçıları tərəfindən maraqla dinlənildi.
Simpoziumun bağlanış iclasında Ərdəhan Universitetinin rektoru, professor-doktor Ramazan Korkmaz və Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bir daha simpoziumun əhəmiyyətini və gələcəkdə də bu kimi müştərək tədbirlərin keçirilməsinə önəm verəcəklərini vurğuladılar.
Simpozium iştirakçılarından bir neçə nəfər, o cümlədən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli simpoziumun təşkilat komitəsi adından xüsusi plaketlə mükafatlandırıldı. Akademik İsa Həbibbəyli çıxış edərək simpoziumun təşkilatçılarına, xüsusilə bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsinə qayğı və diqqət göstərən vilayət rəhbərliyinə minnətdarlıq etdi və qədim Naxçıvanın rəmzinə çevrilmiş bir mənzərə rəsmini – əməkdar rəssam Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi “İlanlı dağ” tablosunu xatirə hədiyyə kimi Ərdəhan valisi Mustafa Tekmene təqdim etdi. Simpoziumun ilk günü gecə saatlarında çıldırlı aşıq Şeref Taşlıovanın saz havaları üstündə oxuduğu mahnılarla sona çatdı.
Simpoziumun ikinci günü Ərdəhan yaxınlığındakı füsunkar gözəlliyi ilə görənləri heyran edən Yalnızçam dağına 3-4 saatlıq gəzinti ilə davam etdi. Azərbaycanın əzəmətli şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına, poeziyasına həsr olunmuş simpozium qarlı dağın ətəyindəki istirahət zonasında çay süfrəsi arxasında şeir məclisi ilə sona çatdı.
Həmin gün Naxçıvan Dövlət Universitetindən gedən nümayəndə heyəti yolüstü Qars şəhərinə dönüb, Heydər Əliyev parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirəndən sonra Qars Qafqaz Universitetində olub rektorluqda qısamüddətli görüş keçirdilər.
Səfər çərçivəsində Ərdəhan və Qars universitetlərində
fəaliyyət göstərən
Azərbaycan dili və ədəbiyyatı
ixtisaslarının dərsliklər
və əlavə ədəbiyyatlarla təmin
edilməsi, Naxçıvan
Dövlət Universitetində
baytarlıq ixtisası
üzrə təhsil alan tələbələrin
Qars Qafqaz Universitetində staj keçmələri, universitetlərarası elmi-mədəni
əlaqələrin daha
da inkişaf etdirilməsi məsələləri
ətrafında müzakirələr
aparıldı, müvafiq
razılıq əldə
olundu.
Vaqif MƏMMƏDOV
525-ci qəzet.-
2010.- 18 fevral.- S.7.