Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz

 

Keçən ili biz ədəbiyyatımız üçün mənim çox əhəmiyyətli hesab etdiyim bir hadisəni –Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyini qeyd etməklə yola saldıq, qarşıdan isə Birliyin növbəti qurultayı gəlir və mən hər iki münasibətlə bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Yazıçılar Birliyinin 75 illik yubileyi ədəbiyyat tariximizin həmişə yadda qalacaq, xatırlanacaq tarixi bir səhifəsidir və bu səhifənin çevrilməsi ilə ədəbiyyatımızın və ədəbi mühitimizin son 75 illik mühüm, mühüm olduğu qədər mürəkkəb, mürəkkəb olduğu qədər də ziddiyyətli bir dövrü başa çatdı.

Bu gün cəmiyyətdə hərdən belə bir fikirlə rastlaşırıq ki, yaradıcılıq ittifaqlarını və o cümlədən də ilk növbədə Yazıçılar İttifaqını Stalinin ideoloji siyasəti yaradıb, buna görə də həmin ittifaqlar (yenə də ilk növbədə Yazıçılar Birliyi!) ləğv olunmalıdır. Bu tipli fikirləri mən məsələyə açıq-aşkar vulqar-sosioloji yanaşma tərzinin ifadəsi hesab etsəm də, onu eşitməmək, belə bir mövqeyi görməməzliyə vurmaq da düzgün deyil və cəmiyyətin bir qismində yaranmış bu qənaətə cavab vermək lazımdır.

Bəli, Yazıçılar Birliyi (o zaman İttifaqı) bilavasitə İosif Stalinin təşəbbüsü və qərarı ilə yaranmış, adı ictimai, əslində isə dövlət institutu idi və məqsəd də ondan ibarət olmuşdu ki, bu institut ədəbiyyat səhəsində Kommunist Partiyasının (yəni Stalinin! Stalin sisteminin!) yürütdüyü siyasətin həyata keçirilməsində köməkçi olsun.

Sovet İttifaqında o zamankı Yazıçılar Birliyi mahiyyətcə nüfuzlu bir nazirlik idi və təsadüfi deyildi ki, bu Birliyin rəhbərləri SSRİ Ali Sovetinə, müttəfiq sovet respublikalarının, o cümlədən Azərbaycan SSR-in Ali Sovetlərinə deputat təyin olunurdu, Kommunist Partiyası Mərkəzi Komitəsinin tərkibinə salınır, bəziləri İttifaq miqyasında “ədəbiyyat marşalı” rütbəsini alır (Fadeyev, Tixonov, Surkov, Markov və b.), bir sözlə, ölkənin rəhbər dekorasiyasında təmsil edilirdi.

Bütün bunları inkar etmək olmaz və lazım da deyil, ancaq bütün bunlarla bərabər, Azərbaycan Yazıçılar Birliyinin nəinki Azərbaycan ədəbiyyatının tarixində, mübaliğəsiz deyirəm ki, Azərbaycan xalqının taleyində böyük müsbət rolu olub.

Hələ mən o sualı vermirəm ki, məgər Sovet İttifaqında yaranan, qurulan, fəaliyyətə başlayan hər şey ucdantutma pisdirmi, hamısını dağıtmaq lazımdırmı?

Yəqin bu sualı verməyin özü məqbul deyil, çünki söhbət tək Yazıçılar Birliyindən, yaxud Bəstəkarlar İttifaqından getmir, minlərlə tədris ocaqlarından, universitetlərdən, teatrlardan, muzeylərdən, kitabxanalardan və s.- dən gedir. Bütün bunlar da sovet dövründə, Sovet İttifaqında yaranıb və ona görə də belə bir mövqeyin və düşüncə tərzinin neobolşevik mahiyyəti (“daloy Füzuli! daloy tar!” medalının o biri üzü!), güman edirəm ki, aydındır.

Bəli, Yazıçılar Birliyinin 75 illik tarixində qara səhifələr də mövcuddur və ilk növbədə, əlbəttə, müdhiş “1937” rəqəmi gözlərimizin qabağına gəlir.

Bəli, “Böyük terror” deyilən həmin dəhşət zamanı və o dəhşət içində Yazıçılar Birliyində də bu Birliyin üzvü olan yazıçılar bir-birini ifşa edib. Ancaq mən Yazıçılar Birliyinin üzvlərinin bir-birindən danos yazmasına, bir-birinə qara yaxmasına, siyasi damğa vurmasına qətiyyən bəraət qazandırmadan (bu heç mümkün də deyil!) düşünürəm: gəlin görək, həmin vaxtlarda təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında, o nəhəng bolşevik imperiyasında hansı zavodda, fabrikdə, kolxozda, hansı tədris ocağında, elmi müəssisədə və s., və s., və s.-də fəhlə fəhləni, kolxozçu kolxozçunu, müəllim müəllimi, professor professoru, həkim həkimi, hətta tələbə tələbəni ifşa etməyib?

Yazıçılar Birliyinin də tarixindəki bu qara səhifəyə görə bu gün yalnız onu ittiham etmək, həmin ümumxalq tragediyasına, güman edirəm ki, bəsit münasibətin ifadəsidir. Bu tragediyanın daxili mündərəcatı o qədər ağır və mürəkkəbdir ki, o, spekulyasiyalar və intriqalar üçün hədəf yox, dərs olmalıdır – həm müəyyənedici dərəcədə siyasi-ictimai, həm də taleyüklü mənəvi dərs.

Qorxunun, vahimənin ələ aldığı xislətin nələrə qadir olması, nə yazıçıya, nə fəhləyə, nə də alimə baxır, məsələ həmin qorxunu yaradan səbəbləri, o dəhşətli qorxu stimullarını artıq fərdin yox, bəşəri xislətin içindən çəkib çıxarmaqdadır ki, bu özü də böyük ədəbiyyatın predmetidir.

Sənətin, o cümlədən də ədəbiyyatın təbiəti elədir ki, onu heç vəchlə çərçivələrə salıb saxlamaq mümkün deyil və elə bilirəm ki, bəşəri ədəbiyyatın min illərlə tarixi bütün epoxalarda, bütün ictimai formasiyalarda, ayrı-ayrı tiraniyalarda bunu mükəmməl sübut edib.

Tarix qısa bir zaman vahidində Sovet İttifaqının da istisna olmadığını göstərdi.

Bəli, bu 75 ildə Yazıçılar Birliyinin ədəbi orqanlarında “bədii ədəbiyyat” adı ilə az siyasi maklatura çap olunmayıb, bəzən sürrealist, hətta fantosmoqrafik bir mənzərə yaranırdı: Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin, misal üçün, heyvandarlığın, yaxud pambıqçılığın inkişafı ilə bağlı qərarı çıxırdı və ədəbi konyuktura dərhal bu qərarın ədəbiyyatda inikasını tələb edirdi. Mən bütün bunlar barədə çox yazdığım üçün (hələ 60-cı illərdə yazdığım “Tənqid və nəsr” monoqrafiyasından tutmuş, üzü bu tərəfə...), onların üzərində dayanmaq istəmirəm. Yazıçılar Birliyinin yalnız 40-50-ci yox, hətta 60-70-ci illərdə belə işıq üzü görmüş ədəbi orqanlarını vərəqlədikcə, bu cür yazılara rast gəlmək adi bir haldır.

Ancaq bütün bunlarla bərabər, Azərbaycan ədəbiyyatının son 75 ildəki ən yaxşı nümunələri də məhz Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarda dərc edilib, məhz bu ədəbi orqanlar milli mənliyimizin və dilimizin keşiyində dayanıb, yeni ədəbi janrlar məhz həmin ədəbi orqanlarda yaranıb. Bu qəzet və jurnallarda ədəbi maklatura ilə bərabər, yalnız yazıçı fərdini yox, o fərdlə bərabər xalqımızı ifadə edən nə qədər romanlar, povestlər, dram əsərləri, poemalar, şeirlər meydana çıxıb, ədəbi-mənəvi dünyagörüşünü zənginləşdirən nə qədər tərcümələr çap olunub, vulqar-sosioloji məqalələrlə yanaşı, ədəbiyyatımızı tədqiq və təhlil edən, bədii-estetik, elmi-nəzəri problemləri qaldıran və nəticə etibarilə “Azərbaycan ədəbi tənqidi” dediyimiz anlayışı formalaşdıran nə qədər məqalələr dərc edilib.

Ədəbi maklatura bütün dövrlərin ədəbi maklaturası kimi yox olub, Sistem tərəfindən rütbə almış ədəbi marşal və generallar unudulub, vulqar-sosioloji doqmalar Sistemlə birlikdə yox olub, ancaq o dövrdə yaradılmış sənət nümunələri bu gün də, yəni Sovet İttifaqı dağılandan sonra da müstəqil ölkəmizdə yaşayır, gələcəkdə də yaşayacaq, siyasi konyukturaya yox, ədəbi istedada malik olmuş yazıçılarımız bu gün də sevilib-sayılır və gələcəkdə də belə olacaq. Hərgah bu gün biz ədəbi tənqidin problemlərini qaldırmaq, onun məziyyətlərindən, eləcə də kəsirlərindən danışmaq imkanına malikiksə, ilk növbədə keçən əsrin 30-40-50-ci illərində dərc olunmuş ən yaxşı ədəbi-nəzəri məqalələrə görə həmin jurnallara və “Ədəbiyyat qəzeti”nə borcluyuq, tənqidimiz məhz bu ədəbi orqanlarda təşəkkül tapıb və milli ictimai fikrimizin mühüm bir sahəsi kimi formalaşıb.

Bir anlıq təsəvvür edək ki, xalqımızın kəşməkəşli tarixinin son 75 ilində Yazıçılar Birliyi də, onun ədəbi orqanları da olmayıb, o zaman bizim yalnız ədəbi-mədəni yox, ümumiyyətlə, mənəvi simamız xeyli dərəcədə kasıblaşmış olar.

Şəxsən mənim buna heç bir şəkk-şübhəm yoxdur.

Mən Yazıçılar Birliyinin xalqımızın taleyində böyük müsbət rol oynadığını yazdım.

Nələri nəzərdə tuturam?

Bu suala çox qısaca cavab vermək istəyirəm.

Azərbaycan xalqının özünüifadəsində və bu özünüifadənin tariximizin sovet dönəmi kimi mürəkkəb və ziddiyyətli bir dövründə özünütəsdiqə gətirib çıxarmasında Yazıçılar Birliyinin ciddi, bəzi məqamlarda isə həlledici rolu şübhəsizdir.

Baxın, Yazıçılar Birliyinin ədəbi orqanlarında, yəni Yazıçılar Birliyinin rəhbərliyi altında hətta ən qorxunc terror illərində belə, Vətəni, konkret olaraq Azərbaycanı, doğma torpağı, Azərbaycan dilini vəsf eləyən nə qədər əsərlər çap olunub. Bu əsərlərin hamısı, aydın məsələdir, böyük sənət nümunəsi deyil, ancaq onlar bir küll halında mahiyyət etibarilə Sistemin yox etməyə çalışdığı milli ruhun, milli vətənpərvərliyin yaşamasında, güclənməsində çox mühüm rol oynayıblar.

Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycan xalqının iki yerə parçalanması bu ədəbi orqanların mündəricatında daimi yer tutub. Yalnız elə Təbriz haqqında yazılmış və bu ədəbi orqanlarda dərc edilmiş şeirləri bir yerə toplasaq, həmin çoxcildliyin aurası kifayətdir ki, vətənin və xalqın bütövlüyü ilə bağlı arzu, istək, mənəvi vətəndaş ehtiyacı həmişə səninlə bir yerdə olsun və nəsillərdən-nəsillərə adlasın.

Bəli, Yazıçılar Birliyini sovet Sistemi yaradıb, ancaq bu Birlik heç vaxt Sistem üçün doğma olmayıb və Sistemi daima səksəkədə saxlayıb. Yazıçılar Birliyində də Sistemin şəninə, Leninin və Stalinin, Qızıl meydanın və Kreml ulduzunun, partiya biletinin və pioner qalstukunun şərəfinə diferambalar söylənib, ancaq əslində, mahiyyət etibarilə, bir küll halında Yazıçılar Birliyi yalnız Azərbaycanda yox, bütün sovet respublikalarında Sistemə qarşı təhtəlşüur bir müxalifətdə olub və bu da təbiidir, çünki söhbət ədəbiyyatdan gedir, heç bir siyasi-inzibati qəliblərə sığmayan bu bəşəri mənəvi dəyərin təbiətini dəyişmək mümkün deyil.

Ədəbiyyata və ümumiyyətlə, sənətə zərbə vurmaq olar, bəzən onu gülünc bir vəziyyətə də salmaq olar, hətta onu hansı keçici etaplarda isə sındırmaq da olar, ancaq onun təbiətini dəyişmək mümkün deyil.

Azərbaycan dilinin yaşamasında, ədəbi dilin inkişafında, bədii dilimizin zənginləşməsində Yazıçılar Birliyinin müstəsna rolu olmuşdur. Keçən əsrin həmin 30-40-50-ci illərində, o vaxt ki, Bakının demək olar ki, heç bir müəssisəsində, təşkilatında, idarəsində Azərbaycan dilində rəsmi tədbirlər, toplantılar, iclaslar keçirilmirdi, bu dil, yəni Azərbaycan dili bütün vüsəti ilə məhz Yazıçılar Birliyindən, Yazıçılar Birliyinin keçirdiyi tədbirlərdən, qurduğu ədəbi məclislərdən bütün Azərbaycana yayılırdı.

Sovet dönəminin həmin illərində Yazıçılar Birliyi yeganə mərkəzi təşkilat idi ki, orada karküzarlıq rus dilində yox, Azərbaycan dilində aparılırdı. Hətta dilin ruslaşdırılması siyasətini həyata keçirən, bəlkə də həyata keçirməyə məcbur olan partiya və sovet funksionerləri də tutduqları ən yüksək vəzifələrdən asılı olmayaraq Yazıçılar Birliyində və ümumiyyətlə, yazıçı məclislərində Azərbaycan dilində danışmalı olurdular.

O zaman ki, Sistem Azərbaycan dilini Sovet İttifaqının əyalət dillərindən birinə çevirməyə çalışırdı və Bakıda Azərbaycan inteligensiyasının, ziyalıların, xüsusən yaradıcı və elmi ziyalıların övladları rus dilində təhsil alırdı, Azərbaycan məktəblərinə gedən məhz Yazıçılar Birliyinin üzvləri olan Azərbaycan yazıçılarının övladları idi və bu, bir sıra başqa sovet türk respublikalarındakı kimi təhsilimizin, orta məktəblərin kütləvi ruslaşdırılmasına qarşı əyani mücadilənin xalqın gözü qarşısında cəsarətli, əyani və effektli nümunəsi idi.

Sovet İttifaqının dağılması ilə postsovet məkanının bir sıra respublikalarında Yazıçılar Birlikləri də yeni formasiyaların təşəkkülünə tab gətirmədi, dağıldı. Bir neçə il bundan əvvəl mən Moskvada olarkən SSRİ Yazıçılar İttifaqına getdim və oranın yetim görkəmi mənə çox təsir etdi: jurnal redaksiyalarının yerində restoranlar, barlar, həyət tamam baxımsız və bərbad bir vəziyyətdə, İttifaqın qalan hissəsinin qapısında isə yekə və paslı bir qıfıl, pəncərələrin şüşəsi qırıq...

Məlum oldu ki, o eybəcər qıfıl o rəngi getmiş, suvağı qopmuş qapıya SSRİ Yazıçılar İttifaqının əmlakı – köhnə stollar, stullar, dolablar, süzülüb getmiş payandazlar uğrunda müxtəlif yeni ədəbi qurumların məhkəmə çəkişmələrinə görə asılıb.

Mən fikirləşdim ki, hərgah bu misgin və acınacaqlı vəziyyət sovet Sisteminə qarşı mübarizənin nəticəsidirsə, onda belə bir mübarizə heç kimə və heç nəyə lazım deyil.

Azərbaycanda Yazıçılar Birliyi qorunub saxlandı və bu işdə ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu işin içində olan bir adam kimi, mən bilavasitə bunun şahidi olmuşam ki, müstəqilliyimizin çətin vaxtlarında, iqtisadi böhran keçirdiyimiz bir zamanda Heydər Əliyev hansı bir iradə və qətiyyətlə Yazıçılar Birliyinin və onun ədəbi orqanlarının xərclərini dövlət büdcəsinə daxil etdi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları sayəsində bizim onlarla yaşa dolmuş, eləcə də gənc yazıçılarımız fərdi və xüsusi Prezident təqaüdləri alır, Yazıçılar Birliyinin tarixi binası gözəl təmir olunub, Birliyin bütün təchizatı dövlətin hesabınadır. Həmin 75 illik yubileyin özü də Respublika Prezidentinin sərəncamı ilə keçirildi.

Bütün bunlar dünyanın heç bir ölkəsində analoqu olmayan unikal hadisələrdir və elə bilirəm ki, ölkəmizin yeni tarixinin keçid mərhələsi üçün vacib və əhəmiyyətlidir. Epoxaların dəyişməsi nəticəsində yaranan ekstremal şəraitin, siyasi-ictimai kataklizmin maddi və mənəvi sarsıntısı ilk növbədə sənət sahəsində, sənətkarlar arasında özünə münbit zəmin tapır və bu gün mən hansı xarici həmkarımla – türkdilli ədəbiyyatın patriarxı Yaşar Kamaldan tutmuş postsovet məkanının Oljas Süleymenov kimi böyük şairinəcən – görüşürəmsə, həmin əhəmiyyəti, ilk növbədə də ədəbi orqanların dövlət tərəfindən büdcəyə götürülməsini xüsusi qiymətləndirir.

Yazıçılar Birliyinin 75 illiyindəki çıxışımda olduğu kimi, bir cəhəti də qeyd etməyə bilmərəm: Yazıçılar Birliyinin qorunub saxlanması yalnız bir yazıçı kimi deyil, yalnız bir Azərbaycan vətəndaşı kimi yox, bir insan kimi də mənim üçün çox qiymətlidir. Mən həyatımın 10 ildən artıq bir müddətini Yazıçılar Birliyində çalışmışam, orada siyasi-ictimai və ədəbi konyukturaya yox, bir gənclik enerjisi və həvəsi ilə yazıçılara və ədəbiyyata xidmət etmişəm. Buna görə də Yazıçılar Birliyinin 75 illiyini mən öz şəxsi bayramım kimi qəbul etdim.

Elə buna görə də mən istəyirəm ki, Yazıçılar Birliyi və onun ədəbi orqanları ədəbiyyatımızın inkişafında daha aktiv, daha effektli rol oynasın, mən istəyirəm ki, Yazıçılar Birliyi, ədəbi orqanlar daha artıq bir ehtirasla ədəbiyyat mücadiləsi aparsın, ədəbiyyatımızın aktual nəzəri-estetik problemlərini qaldırsın, yaranan ədəbi əsərlərin bədii-estetik baxımdan prinsipial təsnifatında daha fəal iştirak etsin, qələmə alınan mövzunun Böyük Bədii Sözün materialına çevrilməsi naminə daha artıq bir enerji ilə fəaliyyət göstərsin.

Yazıçılar Birliyinin dağılmaq təhlükəsi, çətin günlər arxada qalıb və bu gün yüksək səviyyəli ədəbiyyat mübarizəsi üçün, bəlkə də, heç vaxt olmadığı qədər münbit ədəbi zəmin, əlverişli ədəbi şərait var. Eyni zamanda, bu gün belə bir ədəbiyyat mübarizəsinə böyük də bədii-estetik ehtiyac var və bu ehtiyacı əyani şəkildə görmək üçün Azərbaycan mətbuatını çox yox, bircə həftə izləmək kifayətdir: “hekayə”, “şeir” adı ilə nə qədər qrafoman istehsalı oxucuya təqdim olunur, ədəbiyyata nə qədər primitiv qiymət verilir, nə qədər obıvatel mühakimələri, səviyyəsiz çayxana söhbətləri çap edilir, “epopeya”, “roman”, “dastan”, “poema”, “xatirə”, “fəlsəfi düşüncələr” və s. adı ilə nəşr olunan antiədəbiyyat haqqında nə qədər zövqsüz vəcdəgəlmələrlə rastlaşırıq...

Keçən il mən “Azərbaycan ədəbi prosesində nə baş verir?” başlıqlı silsilə məqalələr yazıb “525-ci qəzet”də çap etdirdim (18, 25 iyul, 1 avqust 2009.) və indi mən bunu ona görə xatırlayıram ki, həmin məqalələrin mətbuatdakı əks-sədası da, təəssüf ki, elə orada haqqında danışdığım naqis vəziyyətin (ədəbi prosesdə, yuxarıda dediyim kimi, məhdud təfəkkür məhsulu olan primitiv qiymətlərin, obıvatel mühakimələrinin, çayxana söhbətlərinin baş alıb getməsi) ilyüstrasiyasına çevrildi.

Ən ciddi problem isə odur ki, bütün bu “roman” və “poema”lar, “məqalə” və “resenziya”lar özünün oxucu zümrəsini yaradır. İosif Brodski deyirdi ki, “insan nə oxuyursa, – odur” və düz deyirdi! Mən əvvəllər də yazmışam ki, istedadlı və istedadsız yazıçılar kimi, istedadlı və istedadsız oxucular da var, ancaq mətbuatda antiədəbiyyat ədəbiyyatı üstələyəndə (bu barədə mən yuxarıda xatırladığım məqalələr silsiləsində ətraflı yazmışam) hətta istedadlı oxucunun da zövqü korşala bilər və korlaşır.

Bu yaxınlarda mən Arif Məmmədovun “Ədəbi irsin dərki və oxucu problemi” adlı maraqlı bir məqaləsini oxudum (“XX əsr Azərbaycan ədəbiyyatı məsələləri”, 2-ci kitab, Bakı, “Elm”, 2008). Arif yazır: “Oxucu faktoru tarixən dəyişkəndir və bu dəyişkənlik onun klassik və ya müasir ədəbi prosesə münasibətinə əsaslı şəkildə təsir göstərir” (səh. 95). Arifin düzgün müəyyən etdiyi bu ədəbi-psixoloji cəhət – “oxucu dəyişkənliyi” gələcəkdə bizi hara aparıb çıxara bilər?

Rus ictimai fikrində “manilovşina” deyilən bir anlayış ( mən ona tipoloji kateqoriya deyərdim) var və biz də eləcə bir “manilovşina”ya qapılıb, marginal münasibətlə kifayətlənib, “hər şey yaxşı olacaq” deyə yerimizdə saya bilmərik, çünki belə getsə qətiyyən hər şey yaxşı olmaycaq.

Yuxarıda yazdığım kimi, bu il Yazıçılar Birliyinin qurultayı keçiriləcək və mən çox istərdim ki, bu Qurultay yalnız təşkilat məsələsini həll etməklə kifayətlənməsin, orada mövcud ədəbi mənzərənin ciddi və əhatəli bədii-estetik təsnifatı verilsin, bütün ədəbi janrların son illərdə ortaya qoyduğu bədii və nəzəri-estetik təsərrüfat özünün prinsipial təhlilini tapsın, bir sözlə, kin-küdurətdən, qərəzdən, intriqalardan, yaltaqlıqdan uzaq, yalnız sənət təəssübkeşliyinin yaratdığı sağlam ədəbi diskussiya (ədəbiyyat mücadiləsi!) aparılsın. Qoy, Qurultay bir gün yox, üç gün, dörd gün davam etsin – güman edirəm ki, buna yer də, vəsait də tapmaq olar, yaradıcı enerji də, həvəs də çatar və tələsmədən, təkrar edirəm, intriqalardan, kin-küdurətdən uzaq sırf ədəbiyyat söhbəti, elə bilirəm ki, ədəbiyyatımızı bədii-estetik dəyərlər üzərində möhkəmlətmək və ədəbi mühiti saflaşdırmaq, tənqidimizin elmi-nəzəri ehtiva dairəsini artırmaq, ədəbi prosesi ədəbiyyatkənarı adamların dedi-qodusundan uzaqlaşdırmaq baxımından effektli rol oynaya bilər.

Mən yuxarıda Yazıçılar Birliyinin ədəbi orqanlarının büdcəyə götürülməsinin əhəmiyyətini qeyd etdim, ancaq bununla bərabər, misal üçün, baxın: “Literaturnıy Azerbaydjan” jurnalının tirajı 400 (dörd yüz!?) ədəddir və jurnalın qorunub saxlanması nə qədər mühüm əhəmiyyətə malik idisə, bu 400 rəqəmi də, əlbəttə, o dərəcədə kədərlidir.

Bu jurnal müasir Azərbaycan ədəbiyyatı üçün sərhədlərimizdən kənara açılan və bu mənada çox da əhəmiyyətə malik olan bir ədəbi pəncərədir. Yeri düşmüşkən deyim ki, bu kontekstdə mən “Literaturnıy mir” aylıq qəzetinin nəşrə başlamasını da ciddi və lazımlı hadisə hesab edirəm və ümumiyyətlə, Yazıçılar Birliyi rəhbərliyinin keçən qurultaydan ötən dövr ərzində yeni ədəbi orqanlar yaratmaq təşəbbüsü, bu baxımdan artıq görülmüş işlər də əhəmiyyətlidir.

Ancaq nə üçün 400 ədəd?

Başa düşürəm, rusdilli oxucu xeyli dərəcədə azalıb və burasına da tamam əminəm ki, “Literaturnıy Azerbaydjan” jurnalı hansısa istedadla yazılmış bir əsəri geri də qaytarmayıb. Bəli, bunlar belədir, obyektiv çətinliklər mövcuddur və deməli, elə bu çətinliklərə görə də daha artıq bir təşəbbüskarlıq, daha artıq bir cəldlik, operativlik, səriştə ilə yalnız ölkəmizlə kifayətlənməyib, görünür, effektli beynəlxalq əlaqələr yaratmaq bacarığı da lazımdır.

Rus dili dünyanın aparıcı dillərindən biridir və elə təkcə bunu deyim ki, dünyada minlərlə kitabxanalar var, o kitabxanaları maraqlandırmaq cəhdi olubmu, “Literaturnıy Azerbaydjan”ın yüksək poliqrafik səviyyədə, zövqlə çap edilmiş hansısa bir bukleti, prospekti o kitabxanalara göndərilibmi? Halbuki, baxın: oxucuları, əlaqədar təşkilatları maraqlandırmaq üçün xarici ölkələrdən Azərbaycana xarici dillərdə nə qədər jurnal və qəzetlərin buklet və prospektlərini göndərirlər...

Mən təsadüfən ağlıma gələn bir sual verdim, həm də olsun ki, bir az patetik sualdır, ancaq sözümün məğzi ondadır ki, bu 400 rəqəmi ilə üzbəüz dayanmış redaksiya işçiləri daha artıq bir enerji ilə fəaliyyət göstərməlidir və növbəti Qurultay yuxarıda dediyim həmin sağlam ədəbiyyat mücadiləsini apara bilsə, güman edirəm ki, yalnız “Literaturnıy Azerbaydjan”ın yox, digər redaksiyaların da ədəbi məsuliyyət hissinin artmasına stimul yaradar. Mən “ədəbi məsuliyyət hissi” yazdım, bəlkə də “ruh yüksəkliyi” yazsaydım daha dəqiq olardı, çünki bu gün ədəbiyyat mücadiləsinə, elə bil ki, məhz həmin ruh yüksəkliyi, şövq çatışmır.

Eyni zamanda, mən istərdim ki, bu Qurultay təşkilat məsələsində də yalnız Yazıçılar Birliyinin rəhbərliyini seçməklə kifayətlənməsin.

Bu gün Yazıçılar Birliyinin 1500 (mətbuatda hətta 1700 rəqəmi də gözümə dəyib, ancaq bu gün mətbuata cani-dildən inanmaq, təəssüf ki, mümkün deyil!) nəfərdən çox üzvü var (Çingiz Abdullayev də bunu tez-tez yada salır) və mən bu rəqəmin qeyri-ciddiliyi barədə deyilənləri təkrar etmək istəmirəm; danılmazı isə odur ki, biz Yazıçılar Birliyinin həqiqi sənət ocağı kimi ədəbi nüfuzunu artırmaq üçün bu çətin və həlli mürəkkəb vəziyyətdən çıxmalıyıq.

Ancaq necə?

Misal üçün, belə bir variant təklif etmək olar: Qurultay Yazıçılar Birliyinin üzvlərinin, yenə də misal üçün, 300 nəfərdən ibarət kvotasını müəyyən edir və qərar qəbul edir ki, gələcəkdə heç bir istisna bu kvotanı poza bilməz. Eyni zamanda, Qurultay ədəbi nüfuzu, obyektivliyi, savadı yaxşı məlum olan, 9 nəfərdən (yaxud da başqa bir rəqəm) ibarət heç bir ədəbi kompromisə getməyən Komissiya yaradır və Komissiyaya müəyyən vaxt (iki-üç ay) verilir ki, Birliyin hazırkı üzvlərini attestasiyadan keçirmək üçün qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən etsin. Bu qaydalar Yazıçılar Birliyinin əvvəldən Qurultayın səlahiyyət verdiyi xüsusi plenumunda müzakirəyə çıxarılaraq nəhayətdə qəbul olunur. Bundan sonra Komissiya fəaliyyətə başlayır və bir il-ilyarım müddətində (güman edirəm ki, kifayət edəcək vaxtdır) attestasiya işini başa vurur. Daha sonra yenə də xüsusi plenum Yazıçılar Birliyinin üzvlərini təsdiq edir və orasını da deyim ki, vacib deyil ki, Komissiyanın təqdim etdiyi üzvlər mütləq maksimum sayda – 300 nəfər olmalıdır. Bəlkə təqdim olunanların sayı 170, ya da ki, 230 olacaq və gələcəkdə vakant yerlər də Komissiyanın müəyyən etdiyi həmin qaydalara uyğun seçiləcək.

Təkrar edirəm, bu bir variantdır, olsun ki, daha mükəmməl, daha da işlək variantlar tapmaq mümkündür, əsas isə, məncə, odur ki, növbəti Qurultay bu məsələdən sərf-nəzər etməsin və ədəbi ictimaiyyətdə qeyri-sağlam bir ajiotaj yaradan bu vəziyyət aradan qaldırılsa, yalnız Yazıçılar Birliyinin, onun nüfuzunun və fəaliyyətinin xeyrinə olar.

Daha bir məsələ ilə bağlı fikirimi bölüşmək istəyirəm: bəli, Yazıçılar Birliyini yaşatmaq üçün, Birlik büdcəyə götürülüb və yuxarıda yazdığım kimi, indiki məqamda bu çox mühüm əhəmiyyətə malikdir, ancaq nə vaxta qədər beləcə davam etməlidir?

Biz bazar iqtisadiyyatında yaşayır, bu iqtisadiyyatı gücləndiririk və gec-tez, haçansa bu sual ortaya çıxa bilər. Həm də Yazıçılar Birliyi öz fəaliyyətini nə üçün yalnız büdcədən ayrılmış vəsaitlə məhdudlaşdırmalıdır?

Mənim təklifim bəlkə bir az naqolay səslənəcək, ancaq, təkrar edirəm, biz bazar iqtisadiyyatında yaşayırıq və bu yerdə Uinston Çörçilin haçansa oxuduğum bir sözü yadıma düşür. Çörçil kapitalizmi söyür və deyir: “Ancaq nə etməli ki, insanlıq hələ bundan yaxşısını icad etməyib!”.

Bacarıq, təşəbbüskarlıq, səriştə bazar iqtisadiyyatının təməlini təşkil edən atributlardandır və mən özümə sual verirəm: nə üçün bu gün Yazıçılar Birliyi öz üzvlərinə daha effektli maddi (mənəviyə təsir edən maddi!) xidmət göstərmək, milli ədəbiyyatımızın nəşrini, təbliğini genişləndirmək, klassik və müasir dünya ədəbiyyatını, özümüzün fars, ərəb dilli klassiklərimizi (Nizamidən, Xaqanidən üzü bu tərəfə) xüsusi sifarişlərlə yenidən və keyfiyyətli şəkildə tərcümə etdirmək, öz ədəbi orqanlarının, həm də xarici dil kimi yalnız rus dilində yox, ingilis və digər dillər də daxil olmaqla sayını artırmaq, məxsusi yaşayış binası tikmək, üzvlərini xarici ölkələrə ezamiyyətə göndərmək, əlaqədar beynəlxalq tədbirlərdə aktiv iştirak etmək və s. naminə vəsait əldə olunması üçün tamam şəffaf bir bizneslə məşğul olmasın, misal üçün, beynəlxalq işbirliyinə söykənən poliqrafik xoldinq yaratmasın, yaxud öz adına, hörmətinə layiq başqa bir münasib biznes sahəsi tapmasın?

Güman edirəm ki, Qurultay bu baxımdan da Birliyin nizamnaməsinə nəzər sala və vəzifələr müəyyənləşdirə, yaxşı təhsil almış, gənc, ancaq artıq öz işinin professionalı olan, sahibkarlıq məktəbi keçmiş, enerjili, təşəbbüskar bir iqtisadçını katiblərdən biri seçə bilər.

Söylədiyim bu fikirlərdən hansısa mübahisəli görünə bilər, hansınısa qəbul etmək və yaxud, etməmək olar, ancaq “zamanın sifarişi” deyilən bir anlayış var və mənim bu mülahizələrim də həmin anlayışla bağlıdır. Bu sifarişi yerinə yetirmək (başqa cürə isə mümkün deyil!), ədəbiyyatımızın maraqlarını qorumaq yalnız Yazıçılar Birliyində çalışan dostların yox, hamımızın təəssübkeşliyi və fəallığından asılıdır.

 

 

ELÇİN

 

525-ci qəzet.- 2010.- 18 fevral.- S.4.