Mahirə Abdullanın şeirlərində sufi düşüncələr

 

Mahirə Abdulla yol gedəndə elə bil özünün dediyi kimi, buludla küləyin qarışığıdı, şeirə dolaşa-dolaşa (həm də dalaşa-dalaşa) gedir, elə bil duyğuları göyə nərdivan kimidi.

Mahirə Abdullanın şeirlərini təkcə bugünün adına yazmaq düzgün olmazdı, insan yarandığı gündən, hələ sözlər yaranmamışdan da qabaq səslərlə yaşayan və keçmişdə də, indi də rəsmlərlə danışan insan düşüncəsinin məhsuludur. İnsan sərrafının gəldiyi qənaət belədir:

ömrüm bir aldanış

qapqara yuxular

belə idi gerçəklik.

Bu misralar yaşadığımız dünyadan başqa bir dünyaya verilən dəqiq informasiyadır. Nə az, nə çox, bu üç misra insan yaranışının həqiqətini özündə gizlədib, bir növ kodlaşdırıb. Nədən ibarətdir bu gerçəklik? “Ömrün bir aldanış və qapqara yuxular”dan ibarət olmasından yaranıb bu həyat. Elə bil Mahirə Abdulla min il bundan qabaq doğulub, yanımızdan səs kimi gəlib keçib min il əvvələ – həyatın qurtaracağına-Ulu Haqqa çatıb və sadəcə sakit səslə pıçıldayır: “Belə idi gerçəklik”. Şairin tədqiq etdiyi insanşünaslıq elminin sözüdür bu. Qapqara yuxuların içinə min illərin sivilizasiyası yerləşdirilib. İnsan beyninin ən dərin qatları, ölümün insan fikri çatmayan dərinlikləridi bu qara rəng – bu qara yuxu. Qara rəngin içindədi həyatımız, beynimiz çırpınır onun ətəklərində. Qara rəng burada qara gün deyil, Ulu Tanrının əlinin çatdığı yerdir. Min illərdi dərk edə bilmədiyimiz ölüm-həyat həqiqətlərinin dayandığı məkandır.

Niyə ömrümüz bir aldanışdır? Bəlkə analar aldadıb bizi? Yox, bu, ana işi deyil. Bəlkə də həyat bir dəqiqəlik yuxudan oyanmaqdır, yuxu içində bir fasilədir. Bizi aldadıb oyatdılar, həyat verdilər, indi bizim bütün cəhdlərimiz o qara yuxuya qovuşmaqdır. Elə həyat bizə o qara yuxuya qovuşmaq cəhdi kimi verilib.

Mahirə Abdulla elmi şairdir. Onun şeirlərinin əsası dünyanı, aləmi dərk etmək hissindən yoğrulub. Onun insan və təbiət təsvirləri üzdə deyil, alt qatda öz fəlsəfi mənasını gizlədir, təbii ki oxuya bilənlər üçün. Və dünyanın mahiyyəti də elə bundan ibarətdir. Aşağıdakı misralara diqqət yetirək.

qırışığı açılmır

qırımına bax fələyin

ələyir bizi, ələyir...

Niyə fələyin qırışığı açılmır? Məsələnin mahiyyəti bu “qırışıq” sözündədir. Qırışıq həm də bükülmüş-yumaq halında olmaq deməkdir. İnsanın içinə dərd (dünya qəmi) dolanda bükülür (deyək ki, sancılanır) alın kimi, üz kimi bədən qırışır. Bəzən qəmlə yüklənmiş adamlar deyirlər: “Neçə gündü, qırışığım açılmır.” Bu misrada Fələk dərd içindədi, bükülüb, qırışıb. Həm də onun qırımı da xoşagələn deyil. Şeirin bir gözəlliyi də “qırım” sözündədir. “Qırım” sözü Mahirə xanımın hadisəyə, detala qoyduğu addır. Əslində, ədəbiyyat əşyaya, hadisəyə ad qoymaqdır. Fələyin qırımı deyəndə, yəni onun (fələyin) məqsədi, vəziyyəti, münasibəti nəzərdə tutulur. Bəlkə ələdiyi adamlar fələyin xoşuna gəlmir. Qırımından görünür ələyəcək, amma qırışığından görünür nə ələk, nə də ələnən ürəyincə deyil. Bəlkə də xoşagələn bir şey olsa, fələyin qırışığı açılacaq.

gözüm tutduqca baxacağam

yollar yaltaq-yaltaq dolanır yallara

aşırımlar yaylım-yaylım

açılır gözüm önündə.

Mahirə Abdulla xalq dilini çox gözəl bilir. Dil bilmək bülbül kimi ötmək deyil, dil yaxşı danışmaq da deyil. Mahirənin dili mənanı hərəkətə gətirən elementdir. Təfəkkürü oynadan, titrədən stimuldur. “Aşırımlar yaylım-yaylım açılır gözüm önündə” ifadəsi tərəkəmə həyatı sürən türk dilinin görüntüsüdür. Şairin yaratdığı “qırım”,”qırışıq” sözlərində dilin gözəlliyi sayılan “q” damaq samitinin alliterasiyası, bu şeirdə isə yumşaq “y” samitinin (yaltaq-yaltaq, yaylım-yaylım, yallara) bir-birini izləməsi bu şeirlərin morfologiyasının, sintaksisinin zəngin olması faktına söykənir. Şair insanda təbiəti axtarır, insanı tədqid edir, öyrənir. Ədəbiyyat həm də insanı öyrənən elmdir.

diləyə gəlmiş qonşu

çəpərdən məni səslədi.

Doğanaq kimi burulub

parça-parça olur

insan səsləri.

Bu dünyada yaradılan hər şeyin doğanağı var. Sanki yaradan olanları, baş verənlərı ölçmək üçün, imtahan üçün bu vahidi yaradıb. “Örkən nə qədər uzun olsa, gəlib doğanaqdan keçəcək”. Doğanaq bəzən sürəti və surəti dəyişdirir. Hədisəyə və olacaqlara yeni ritm, təkan verir. Məncə, həyatda hər şeyin daxili enerjisi ritmdir. Bu ritmi də doğanaq təyin edir. Doğanaqsız həyatda heç nə baş vermir.Doğanaq səliqəsiz həyatın əl-ayağını başına yığandır. Bu şeirdə “dilək” və “doğanaq”, “çəpər” sözlərini Mahirə xanım şeirə gətirib. Amma necə? Əslində, dilimizdə bu sözlər var. Amma Mahirə xanım bu sözləri başqa sözlərin, hadisənin (mətləbin) kontekstində göstərib, beləliklə, köhnə sözlərin yeni məna bildirən lüğətini yaradıb.

İnsan səsləri sərbəst və azaddır. Amma həyatda heç kəs, heç nə özbaşına deyil. Səs bu qədər uzana bilməz. Ona görə də dünya, doğanaq onu bölür, dəyişdirir, parça-parça edib başqa bir formaya salır. Bu, həyatın əsas stixiyasıdır. Bəlkə biz də külək idik və səs idik, bizi burub, bölüb insan şəklinə saldılar.

allahın qumu da

bağlı yumruqlardan

süzülüb axır.

Mənim üçün ən maraqlı və öyrənmək istədiyim məsələ o quma qədərki həyatdır. Çətinliklər görmüş insan yüz il yaşadıqdan sonra birdən-birə barmaqlardan süzülən “Allahın qumunu” görür. Burada yazılmayan, lakin fikirdə, yaddaşda qalan bir insan həyatını oxumaq mümkündür. Həyat o qədər rəzil və insan öldürəndir ki, onun qabağında bu qum qədər də dayanmaq mümkün olmamışdır. Barmaqların arasında keçən əslində günlərdir, həyatın fotosudur. Ancaq bu insan qum da olmaq istəməmişdir. Barmaqların arasından süzülən qum qibtə ediləcək bir şey deyil. Süzülən qum vaxtın, zamanın ayaqları kimi hərəkətlidir. İnsan bunu istəmir. Bu insan vaxtı dayandırmaq istəyirdi. Qum olmaq istəmirdi. İnsanın qumdan qabaqkı həyatı da bu Sirli Xuda üzərində qurulmuşdur.

əyrilir dağların

duman çəhlimi.

Mahirə Abdullanın şeiri heca şeirinin içidir. Məsələn, yuxarıda dediyim misra mənim üçün ən gözəl qoşmadır. Qoşma təkçə şeirin dizaynında, deyək ki, quruluşunda deyil, ifadə etdiyi mənanın özündəndir.

“Çəhlim” sözü qədim türk sözüdür. Sürünün otlağa gedib-gəldiyi yola çəhlim deyilir. Amma burada çəhlim sözünə gözəllik verən onun bir cığası da var: “əyrilmək”. Bu misrada “çəhlim”, “duman”, “dağ”, “əyrilmək” sozləri birləşərək gözəl bir mənzərə yaradıb. Oxucu fikirləşir: “Bu hansı zamandır, yəni dağların hansı vaxtıdır?”

Bu cümlə tabeli mürəkkəb cümlədir. Baş cümləsi var, budaq cümləsi fikirdədir, yazıda deyil. İstər-istəməz cümlə təhlilində olduğu kimi, bu baş cümləyə sual verməli olursan ki, budaq cümləni tapasan: “Nə vaxt dağların duman çəhlimi əyrilir? Cavab: “Payızda, el yaylaqdan qayıdanda”.

Bu da bir neçə budaq cümləli zaman budaq cümləsi. Yuxarıda qeyd etdiyim kimi, Mahirə Abdullanın şeir sintaksisi, dili çox zəngindir və bu ayrılıqda bir tədqiqat işinin mövzusudur.

Başqa bir şeirinə diqqət yetirək.

dünya dolub içimə

mən – aləmə açıq qapı.

harda bir yazıq var

gəlib məni tapır.

bütün satqın adamlar

görünüşcə fağırdır.

tərpənməz daşların altında

ilan-çayan yuvaları

mənimlədi davaları.

Bu şeir Mahirə xanımın başqa ovqatda olan şeirlərindəndir. Çox dəqiq və tutarlı müşahidə: bütün satqın adamlar görünüşcə fağırdır. Və adam öldürənlərin də ən çoxu qorxaqlardır. Açıq qapılardan keçənlər fağırlar, yazıqlar, deyək ki, qorxaqlardır. Bu insanın görünən bir tərəfidir. İnsanları bu cür yetişdirən, tərbiyə edən açıq qapının olması və mövcudluğudur. Əslində, bu şairin kimyəvi lakmus kağızıdır ki, su ilə sulfat turşusunu fərqləndirə bilsin. Qapı burada kəşfiyyat rolunu oynayır. Ona görə də müəllif qapı vasitəsi ilə insanın satqın, fağır olduğunu təyin edə bilmişdir. Amma açıq qapının bir bağlı tərəfi də var, o qapını döyənlər kişilik, mərdlik məktəbi keçənlərdir. Onları da bağlı qapı yetişdirib, tərbiyə etmişdir. Və şair haqlı olaraq deyir ki, daşların altından ilan-çayan yuvaları heç vaxt tərpənmir. Fağır yuvasında yatan zəlil insan daş altında yumurlanıb rahat-rahat yatan ilan-cayan kimidir.

Misal gətirdiyim şeirlər şairin beyin, idrak, təfəkkür şeirləridir. Mahirə Abdullanın şeirləri müasir Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcıdır.

 

 

Qəşəm NƏCƏFZADƏ

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.7.