Gənclərin məşğulluq
problemlərinin həllinə
yardım xüsusi yanaşma tələb edir”
İNTİQAM BABAYEV: “BU SAHƏDƏKİ ÇƏTİNLİYİN
ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ GƏNCLƏRİN
ƏMƏK BAZARININ MÜASİR TƏLƏBLƏRİNƏ
UYĞUNLAŞA BİLMƏMƏSİDİR”
Məşğulluğun təmin edilməsi dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Gənclər və İdman Nazirliyinin əmək bazarında apardığı araşdırmalara əsasən, sahibkarlar namizədlər arasından işçi seçə bilmirlər. Hazırda işədüzəltmə agentliklərində qeydiyyatda olan sahibkarlarla iş axtaranların sayı üst-üstə düşür. Buna görə də ilk növbədə abituriyentlər ixtisas seçərkən müasir əmək bazarının tələblərini nəzərə almalıdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, yüksək təhsilin olması ilə Azərbaycanda həmişə fəxr edilib, lakin ölkənin inkişaf etməsi üçün vətəndaşların böyük əksəriyyətinin ali təhsil müəssisələrinin diplomuna malik olması şərt deyil. Hazırda orta-ixtisas məktəblərinin təbliğini gücləndirmək lazımdır. Bundan əlavə, psixoloji faktor da vacibdir. Gənclər işin həcmi ilə təklif olunan məvacibin uyğun olmadığını hesab edir, sahibkarlar isə bunun əksinə əmindir. Lakin bu problem yalnız bizim ölkə üçün aktual deyil. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi zavod və fabrik açmaq imkanlarına malik deyil. Bu baxımdan, gənclərin məşğulluq problemlərinin həllinə yardım xüsusi yanaşma tələb edir. Nazirlik yalnız gənclərin problemlərinin həlli üçün marifləndirmə işləri apara və treninqlər təşkil edə bilər: “Əmək bazarının analizi nəticəsində məlum olub ki, kompüter texnologiyaları sahəsində mütəxəssislər çatışmır. Biz “İrəli” İctimai Birliyi ilə birgə layihə reallaşdırırıq ki, bu layihə çərçivəsində 50 min gənc iki il ərzində ödənişsiz olaraq kompüter bacarığına yiyələnəcəklər. Bundan əlavə, biz gənclərin vergi siyasətinin əsasları, sahibkarlıq fəaliyyəti üçün vəsaitlərin cəlb olunması, sahibkarlıq əlaqələrinin yaradılması bacarığı əsasında təhsil alması layihəsini dəstəkləyirik. İşsizliyin əsas səbəblərindən biri də vətəndaşların, o cümlədən gənclərin əmək bazarının müasir tələblərinə uyğunlaşmaq bacarığının olmamasıdır. Bu problemin həlli üçün biz gənclər üçün karyera mərkəzi açmışıq və gələcəkdə bunu şəbəkə etməyi planlaşdırırıq. Mərkəzdə treninqlər keçirilir, biz ixtisas seçiminə dair tövsiyələr veririk. Bu mərkəzin vasitəsilə biz hər il ali təhsil müəssisələrinin məzunları üçün keçirilən əmək yarmarkalarında iştirak edirik. Biz əmək düşərgələri təşkil edirik, burada gənclər qabaqcıl şirkətlərin tələbləri və iş prinsiplərinə əsasən təlimlər keçir, komandada işləməyi öyrənir”. İ.Babayev qeyd edib ki, Gənclər və İdman Nazirliyi məşğulluq sahəsində normativ-hüquq bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparır və “Azərbaycan gənclərinin effektiv məşğulluqla təmin edilməsinə dair Milli fəaliyyət planı” layihəsi artıq hazırlanıb: “Həmin layihənin hazırlanması çoxdan başa çatıb, lakin qlobal maliyyə böhranı ilə əlaqədar olaraq biz müasir tələblərə əsasən işləməli olduq. Yaxın zamanlarda onun geniş müzakirəyə qoyulacağına ümid edirik”.
İ.Babayevin dediyinə görə, gənclər siyasəti sahəsinə ayrılan 4 milyon manatdan çox vəsait planlaşdırılan bütün layihələrin həyata keçirilməsinə imkan verir. Ötən il gənclər təşkilatlarının layihələri kifayət qədər maliyyə dəstəyi alıb. Belə ki, 65 qeyri-hökumət gənclər təşkilatının 95 layihəsinin maliyyələşdirilməsinə 1 342 min manat ayrılıb. Bu məbləğə həmçinin müsabiqə əsasında ayrılmış qrantlar, gənclər təşkilatları təşəbbüslərinə dəstək üzrə birgə tədbirlər daxildir. Bu il ayrılacaq vəsaitin həcmini proqnozlaşdırmaq qeyri-mümkündür, belə ki, bu, gənclər təşkilatlarının fəallığından, onların fəaliyyətindən asılıdır. Lakin orta hesabla, bu layihələrə ildə 800 min manat ayrılır və ötən illərdə olduğu kimi bu il də nazirlik tərəfindən iki müsabiqə elan ediləcək. Nazirlik həmçinin gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə də elan edəcək. Müsabiqə çərçivəsində gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi, asudə vaxtının səmərəli təşkilinin təmini, beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətlərini əhatə edən layihələri maliyyələşdiriləcək.
Bundan əlavə “Gənclər siyasəti haqqında” qanuna əsasən, Nazirlik tərəfindən gənclər təşkilatlarına bu və ya digər mövzuya dair xüsusi təkliflərin olması mümkündür. Qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin vətəndaş mövqeyi lazımi səviyyədədir. Belə ki, Avropa Şurası tərəfindən gənclərin milli və beynəlxalq fəaliyyətinə maliyyə dəstəyi üçün yaradılan Avropa Gənclər Fondu son üç il ərzində hər şeydən qabaq Azərbaycan gənclər təşkilatlarının layihələrini maliyyələşdirib. Avropa Gənclər Fondu 1 200 min avro həcmində 95 layihəyə pul ayırıb. Bu göstərici onu bildirir ki, ölkə gəncləri vətəndaş cəmiyyətinin yaradılması prosesində fəal iştirak edir. Nazir müavininin sözlərinə əsasən, bu gün bütün dünyada narkomaniya probleminin gəncləşməsi prossesi gedir. Bir çox dövlət strukturları bu problemin aradan qaldırılması üçün cəzalandırma mexanizmindən istifadə etdiyi halda, Gənclər və İdman Nazirliyi bu prosesin qarşısını marifləndirmə işləri ilə almağa cəhd edir. Nazirlik olaraq biz gənclərin sağlamlığı vəsaitlərin verilməsinin, onların inkişafı üçün şərait yaradılmasının, əsudə vaxtlarının düzgün bölüşdürülməsinin tərəfdarıyıq: “Narkomanların müalicəsi vacibdir, lakin gəncləri narkotik istifadəsindən çəkindirmək narkotik istifadəçilərini normal həyata qaytarmaqdan daha ucuzdur. Biz bu il də bu məqsədlə sosial layihələr həyata keçirəcəyik. Gənclər və İdman Nazirliyi bir neçə ildən bir sosial mövzulara dair müsabiqələr təşkil etməyi qərara alıb”. İ.Babayev bildirib ki, mart-apreldə Azərbaycanda GUAM ölkələrinin gənc liderləri Forumu təşkil olunacaq. Bundan əlavə, il ərzində MDB ölkələri gəncləri ilə iş üzrə Şuranın iclası keçiriləcək. Ümumilikdə, gənclər sahəsində 5-dən artıq beynəlxalq tədbirin keçiriləcəyi gözlənilir. Bu ilə nəzərdə tutulan mühüm tədbir Bakıda Avropa Gənclər Forumu iclasının keçirilməsidir. Əgər nazirlik buna nail ola bilsə, bu, çox əhəmiyyətli hadisə olacaq.
S.QARAYEVA
525-ci qəzet.-
2010.- 19 fevral.- S.2.