Ağıla malik İnsan və şüurlu Su

 

TƏMİZ SUYUN XÜSUSİ STRUKTURU, YADDAŞI VƏ HƏTTA ŞÜURU DA VAR. SUYUN TÜKƏNMƏSİ HƏYATIN SONU DEMƏKDİR

 

Qədim dövrlərdən məlumdur ki, bulaqdan çıxan və dağ çayları ilə axan su “canlı sudur”. Belə su bütün canlı məxluqlara, o cümlədən insana da həyat vermək iqtidarındadır.

Tibbi təhlillərə əsasən, biz, demək olar ki, bütövlükdə sudan ibarətik. Başqa sözlə desək, insan su məxluqudur. Bizim hüceyrələrimiz yalnız təmiz, təbii, canlı su ilə qidalanırlar. Kifayət qədər belə su qəbul edən insan orqanizmi möhkəmlənir, onun müqaviməti güclənir, yad və bədən üçün zərərli virus, mikrob və müxtəlif növ xəstəliklərlə uğurla mübarizə apara bilir.

Bütün bunlarla yanaşı, su ruh və bədən arasında əlaqələndirici körpüdür. Suda sevgi və minnətdarlıq “titrəyişləri” əks oluna bilər. Bu, artıq elm tərəfindən sübut edilib. Su həmçinin insanın fiziki vücudu ilə onun psixikası – fikir, niyyət, hətta emosiyaları arasında təbii vasitəçi rolunu oynayır. O, insanların mənəvi enerjisini uzun müddət özündə saxlayır və başqalarına ötürərək, normal həyat fəaliyyətini təmin edə bilir. Bu səbəbdən də alimlər belə bir nəticəyə gəliblər ki, suda toplanmış sağlam, təmiz enerji həm fiziki, həm də ruhi xəstəlikləri sağaltmaq üçün ən ciddi amil rolunu oynaya bilər.

Bəs bu gün su ilə, təmiz, canlı su ilə nə baş verir? Biz nə qəbul edir, nə ilə yemək hazırlayırıq? Su borusu ilə insanlara gələn su insan enerjisinin əsl mənbəyi olaraq qalırmı? Qeyd etmək istərdim ki, bu suallar yalnız bizə, bizim ölkəmizə, şəhərimizə aid deyil. Su problemi qlobal xarakter daşıyır. İlk baxışda asan görünən bu suallara qismən də olsa, sanballı cavablar vermək olduqca çətindir. Əhalinin su təchizatı ilə məşğul olanlar və hər gün bu sudan istifadə edənlər daima bir-biri ilə mübahisə edir, bir-birinə tamamilə zidd fikirlər söyləyirlər.

Dünyanın istənilən ölkəsində, bir qayda olaraq, su müxtəlif mənbələrdən xüsusi iritutumlu çənlərə və ya su hovuzlarına, göllərə doldurulur, orada təmizlənir, mikrob, bakteriya və viruslar əleyhinə müxtəlif kimyəvi antibakterial elementlərlə zənginləşdirilir. Yalnız bundan sonra yığılmış su ehtiyatı yüksək təzyiq altında borular vasitəsilə insanlara çatdırılır.

Mütəxəssislərin fikrincə, su təchizatçıları üçün əsas odur ki, vətəndaşlara verilən su zərərli, zəhərli, müxtəlif növ yoluxucu xəstəliklərin birbaşa mənbəyi olmasın. Onun faydalı olub-olmaması isə artıq onların problemi deyil, onlar, ümumiyyətlə, bununla məşğul olmurlar. Onların zənnincə, bu qərarı digər mütəxəssislər verə bilərlər.

Fizika qanunlarına əsasən, bulaq və ya çay suyu öz təbiətinə görə struktura malik olur, yəni onun öz tərkibi, öz yaddaşı və hətta, ola bilsin ki, öz şüuru var. İstənilən halda, artıq zəmanəmizin bəzi mütəxəssisləri suyun yaddaşının olması barədə fikirləri təsdiqləyirlər.

Suyun formulunu, demək olar ki, hamı bilir: H2O – hidrogenlə oksigenin birləşməsi. Suyun hər bir zərrəciyində məlumat daşıyıcısı, enerjini sudan canlı orqanizmin hüceyrələrinə ötürən bir vacib element – elektron var. Məntiqlə su bizim orqanizmimizə bu tərkibdə daxil olmalıdır. Hüceyrələrimiz onu yaxşı qəbul edir və su ilə qarşılıqlı əlaqə yaradaraq, vücudumuza lazımınca xidmət göstərirlər.

Lakin onu da qeyd etmək vacibdir ki, fizikanın sadə qanunlarına görə, yüksək təzyiq altında borudan çıxan su öz təbii strukturunu və asanlıqla hüceyrələrimizə daxil olan canlı maye xüsusiyyətini, demək olar ki, itirir. Suyun borudan axma sürəti və spiralvari fırlanması nəticəsində əsas daşıyıcı element – elektron onun tərkibindən ayrılır ki, bu da suyun əsas funksiyasının itməsinə gətirib çıxarır. Biz əslində H2O-nun çoxlu sayda digər elementlərlə qarışdırılmış formasını qəbul edirik.

Özümüzdən fərqli olaraq hüceyrələrimiz daha “şıltaq” xarakterə malikdir. O öz qoruyucu örtüyünü hər cür suya, xüsusən də borudan keçərək, öz struktur və yaddaşını itirmiş suya açmır. O, su ilə “ümumi dil” tapa bilmir və belə suyu rədd edir. Deməli, orqanizmimizdə kifayət qədər suyun olmasına baxmayaraq, əslində o, hüceyrələrimizi təmin etmir, onları canlandırmır, təzələmir, onların canlı, strukturlaşdırılmış suya olan tələbatını ödəmir.

Belə çıxır ki, bizim hüceyrələrimiz bizdən daha ağıllıdır, onlara verilən “çirkli su”yu qəbul etməkdənsə, susuz qalmağı, hətta ölməyi belə üstün tuturlar. Beləliklə, orqanizm gücdən düşür, immunitet zəifləyir və xəstəliklər bizə qalib gəlir. Bu cür “çirkli su” mikrob, virus, bakteriyalar və “sərbəst” radikallar üçün ən yaxşı mühitdir. Onlar bizim zəifləmiş orqanizmimizə öz tələblərini diktə etməyə başlayır və bizim üçün əhəmiyyətli olan bütün digər mikroorqanizmləri, obrazlı ifadə etsək, divara dirəyərək, ardıcıl surətdə onları məhv etməyə başlayırlar. Nəticədə, müqavimətimiz zəifləyir, biz “tərk-silah” olunur, xəstələnir və bədənimizdə bizə lazım olan mikroorqanizmlərin tamamilə məhv olması təhlükəsinin qarşısını almaq üçün kimyəvi preparatlara möhtac qalırıq.

Çox vaxt orqanizmimizə antibiotiklər yeridirlər (adından da göründüyü kimi, antibiotik orqanizmdəki xeyli bioloji cəhətdən fəal maddələri məhv edən, “həyat əleyhinə” adı ilə məşhur olan maddədir). Həkimlər digər dərmanların da köməyi ilə çətinliklə orqanizmimizi “həyata” qaytarırlar. Lakin, əfsuslar olsun ki, əvvəlki səviyyəsinə deyil, müvəqqəti tarazlıq vəziyyətinə və əlbəttə ki, yenidən bizi xəstəliklərlə “döyüş meydanına” buraxırlar. Biz yenə çirkli su və onun nəticələri ilə təklikdə qalırıq.

Bu cür vəziyyət dəfələrlə təkrar olunur və biz tamamilə zəifləyərək, “çirkli su”yun yaratdığı virus, bakteriya və mikroblara qeyd-şərtsiz təslim olmaq məcburiyyətində qalırıq. Onlar həqiqi mənada insan orqanizminin təbii müdafiə sistemini məhv edir. Belə ki, İlahidən bizə ayrılan vaxtı həkimlərin yazdığı dərmanlar (əgər onlar düzgün diaqnoz qoysalar) və xəstəliklər arasında ağrılı-acılı şəkildə yaşayırıq. (Bu dünyada nə qədər yaşayacağımızın əvvəlcədən müəyyən edilməsinə dair mənim əsaslı şübhələrim var. Hesab edirəm ki, “alın yazısı” deyilən məfhum yalnız insanın dünyaya gəlməsi və ölməsini, yəni onun əbədi olmamasını müəyyənləşdirir. Qalan nə baş verirsə, onu insan özü təyin edir.)

Beləliklə, biz daimi halsızlıq, baş ağrıları, bədənimizdəki narahatlıqdan əziyyət çəkirik. Onlar, yəni xəstəliklərimiz bizim “yaxın” dostumuza çevrilir. Bu cür “dostlardan” yaxa qurtarmaq asan deyil. Onlar bizi buraxmır, “yataq şəraitinə” və həyatın özünü, təmiz su ilə ünsiyyətdən məhrum olan həyatı davam etdirmək üçün lazım olan dərman preparatlarından daimi asılılıq vəziyyətinə çatdırır.

Nəticədə, biz müxtəlif dava-dərmanlar hesabına yaşayaraq, sözün əsl mənasında, “çirkli su” sayəsində mövcud olub, çiçəklənən əczaçılıq sənayesinə himayədarlıq edir, onların işinə “zəmanət” veririk. Başqa sözlə desək, dərman biznesi uğurla işləyir və canlı, təbii suyun strukturunun 80-85%-nin pozulması, bəşəriyyətin böyük hissəsinin laqeydliyi, təbiətə qarşı pis münasibətlərimiz hesabına böyük pullar qazandırır.

Mən hələ bütün dünyada tanınan, geniş şəkildə reklam olunan içkilərdən, təbii şirə adı ilə satılan məhlullardan danışmıram. Bu, ayrı söhbətin mövzusudur, hərçənd, onların da əsasında “çirkli su” durur.

Suyun, havanın və bütün ətraf mühitin çirklənməsi insanın öz əməyinin məhsuludur. İnsan həmişə olduğu kimi, bu sahədə də öz səhvlərinin əsirinə çevrilir. Biz – su məxluqları suyun yoxluğundan deyil, onun keyfiyyətinin pis olmasından, insanın “çirkli su”da “həll olunmuş” qüsurlarından əziyyət çəkirik.

Bu çətin vəziyyətdən çıxış yolunu yalnız insan özü tapmalıdır. Təbii “su məxluqu” statusunu qoruyub saxlamaq üçün, ağıl, şüur və məntiqin gücü birləşməli və “çirkli su” canlı su ilə əvəz olunmalıdır. İnsan çox şeylərə qadirdir. Güman edirəm ki, su ilə münasibətdə həyata məhəbbətin gücü qalib gələcək.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 19 fevral.- S.2.