“Hər yarpaq dan şəfəqi
kimi...”
ŞAİR TAHİR
TAİSOĞLUNUN 60 YAŞINA
Poeziya aləmində lap cavankən tanınmaq, bir anda ədəbi ictimaiyyətin nəzər və diqqətini özünə cəlb eləmək hər şairə qismət olmur. Belələri xüsusi istedada malik insanlardır. Sovet dövründə ədəbi gəncliyə münasibət heç də pis deyildi, istedadlar bir qədər gec tanınsalar da, müəyyən müqavimətlə üzləşsələr də, hər halda gec-tez çap olunurdular. Yazıçılar İttifaqında M.İbrahimovun rəhbərliyi ilə “Gənclər günü”nün keçirilməsi,burada bəyənilən bədii yazıların “Azərbaycan” jurnalında çap olunması, S.Vurğunun, R.Rzanın qayğı və köməyini, digər təşəbbüsləri unutmaq olmaz. Ancaq cavan yaşında kitab çap elətdirmək çox çətin idi, bunun üçün müəyyən standartlar mövcud idi; ilk növbədə Yazıçılar İttifaqının üzvü olmalıydın, ədəbi aləmdə və mətbuatda kifayət qədər tanınmalıydın, yaşın iyirmini keçməliydi və bundan əlavə, ustad sənətkarlardan biri sənə arxa durmalıydı.
Amma 1969-cu ildə 19 yaşlı cavan bir şairin – Şamaxı Kənd Təsərrüfatı Texnikumunu yenicə bitirmiş Tahir Tais oğlu Məmmədovun “Gənclik” nəşriyyatı tərəfindən ilk şeirlər kitabı – “Tumurcuq” çapdan çıxır. O dövrdə belə erkən kitab çap elətdirmək doğrudan da çoxlarını təəccübləndirmişdi. Söhbət ondan getmir ki, “Tumurcuq” kitabında toplanan şeirlər istedadlı bir cavanın qələmindən çıxmışdı, söhbət standartın, şablonun, “bu cavandır, bunu hələ çap eləmək olmaz!” qadağasının pozulmasından gedir. İllər keçəndən sonra mən bunun səbəbini öyrənməyə çalışdım və günlərin birində həmin dövrdə (1968-1970) Əkrəm Əylislinin “Gənclik” nəşriyyatının baş redaktoru olduğunu öyrəndim. İstər “Gənclik” nəşriyyatının, istərsə də “Azərbaycan” jurnalının baş redaktoru olanda Əkrəm Əylisli həmişə üzünü cavanlara tutub, onların ən istedadlılarını ədəbiyyata gətirib, hətta o zaman bir çoxlarının tənə və qınaqlarına tuş gəlsə də, gənclərdən qayğısını əsirgəməyib. Tahir Taisoğlunun da ilk şeirlər kitabının çapına cani-dildən kömək edib və necə deyərlər, standartı pozub.
Həmin kitabı o zaman mən hansısa mağazadan aldım, oxudum və hətta Şamaxıya, “Yeni Şirvan” qəzeti redaksiyasına – Tahir Taisoğlunun ünvanına səmimi bir məktub da yazdım. Amma onunla tanışlığım çox sonralar oldu.
“Tumurcuq” müəllifi Tahir Taisoğlu – o zamankı on doqquz yaşlı gənc indi 60 yaşındadır. Tahir Qorki adına Dünya Ədəbiyyatı institutunu bitirib, müxtəlif redaksiyalarda, radioda, televiziyada çalışıb, indi özü qəzet redaktorudur.
Bəzən elə olur ki, ədəbi aləmdə tez parlayan tez də sönür. Bir atım barıt qurtarır və istedad da tükənir. Amma Tahir Taisoğlu tükənmədi, poetik istedadını qorudu, dünya ədəbiyyatını, xüsusilə, rus poeziyasını mütaliədən yorulmadı, həmişə də Azərbaycanın ünlü şairləri ilə ünsiyyətdə oldu. Xüsusilə, böyük şairimiz Rəsul Rzanın qayğısını üzərində hiss etdi. Yaxşı yadımdadır, əsası Maksim Qorki tərəfindən qoyulan “Literaturnaya uçeba” jurnalının 1985-ci il may nömrəsində görkəmli yazıçımız Elçin Əfəndiyev iki cavan Azərbaycan şairini – Vaqif Cəbrayılzadə və Tahir Taisoğlunu Ümumittifaq oxucularına təqdim etmişdi (şeirləri ilə birgə). Elçin müəllim bu iki cavan Azərbaycan şairinin timsalında poeziyamızın gələcəyini görürdü, onların yaradıcılığının Azərbaycan klassik şeiri və folkloru ilə bağlılığını nəzərə çarpdırırdı, bu şeirlərdə ağılla hissin, reallıqla romantikanın yanaşı addımladığını qeyd edirdi. Həm də onların şeirlərindəki özünəməxsusluğu, yeni təfəkkür tərzini aydınladırdı.
Yeri gəlmişkən qeyd edim ki, o illərdə (söhbət 80-ci illərdən gedir) Tahir Taisoğlu sayı az cavan şairlərimizdən idi ki, rus ədəbi dərgilərində, toplularda şeirləri çap olunurdu. Qarşımda “Molodaya qvardiya” nəşriyyatının “İstoki” adlı 414 səhifəlik bir almanaxı durur, burada iki Azərbaycan şairinin Tahir Aslanlının və Tahir Taisoğlunun şeirləri təqdim edilir. Daha bir neçə toplunun adını çəkə bilərəm ki, Tahir Taisoğlunun təkcə Azərbaycanda deyil, Ümumittifaq miqyasda da çap olunduğunu nəzərə çarpdırım. Tahirin 1989-cu ildə Moskvada, “Sovetski pisatel” nəşriyyatında işıq üzü görən “V teni moix ruk” şeirlər kitabının da çap olunduğunu xatırlamaya bilmirəm.
Bütün bunlar altmış illik bir şair ömrünün fərəhlə xatırlanası hadisələridir.
Ancaq mən qayıdıram Tahirin ilk şeirlər kitabına – “Tumurcuq”a. Bu kitabda cavan Tahir Taisoğlunun 24 şeiri toplanmışdı. Tahirin o kitabda toplanan şeirləri 60-70-ci illər cavan Azərbaycan poeziyasının novatorluq axtarışlarını ifadə edirdi, Artıq 60-cı illər sona çatırdı. 60-cı illərin əvvəllərində cavan və istedadlı şairlərimizdən – Əli Kərimin, Fikrət Qocanın, Fikrət Sadığın, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif Səmədoğlunun yeni ruhlu şeirləri üzərinə çökən qara duman yavaş-yavaş çəkilib gedirdi. Onları hərarətlə müdafiə edən ustad Rəsul Rzanın necə səbr və dözümlə bu cavanların təəssübünü çəkdiyini də unutmayaq. Çox keçmədi ki, bəzilərinin “eksperimentçi” adlandırdığı şairlər poeziyada etiraf olundular. Xatırlayıram ki, cavanlara və onların qayğıkeşi Rəsul Rzaya qarşı ən sərt mövqedə dayanan Məmməd Rahim bir vaxtlar bəyənmədiyi İsa İsmayılzadənin şeirləri barədə ayrıca məqalə də yazdı.
Tahir Taisoğlu məhz bu ədəbi mübahisələr tədricən sona çatdığı bir dönəmdə ədəbiyyata gəldi və onun ilk kitabındakı şeirlərdə də müəyyən mənada “altmışıncılar”ın təsiri hiss olunurdu. Amma hər təsir təqlid deyil və elə o ilk kitabda Tahir özünəməxsus bədii obrazlar, təsvir vasitələrinin təzəliyilə diqqəti cəlb etdi.Budur, həmin şeirlərdən bəzi misralar:
Tumurcuq ürək kimi
kiçik, dolu...
Günəşi, küləyi, ulduzları, sükutu
əmib, əmib,
açılacaq
dan yeri kimi.
lll
Sənə zəng eləyəcəyəm.
Bir yarpaq həsrətimi-
(Yaşılında ümidim)
Bir titrəyiş gülüşümü-
(Əvvəlində sən soraqlı sevincim)
Bir də həsrətimə bulaşmış
Qəmimi tapşıracağam.
Tahir Taisoğlunun sonrakı şeir kitablarında da onun birinci kitabından gələn belə obrazlı ifadələr, yeni deyimlər diqqəti cəlb etdi. Fikirləşirəm ki, Tahir Taisoğlu əgər ədəbiyyata altmışıncı illərin əvvəllərində gəlsəydi, onun da bir çox şeirləri “eksperiment”, “mücərrəd”, “Azərbaycan şeirinin ənələrinə zidd” şeirlər kimi “qiymətləndiriləcəkdi”. Yazacaqdılar ki, “barmaqlarımın bir dəlisov mələr həsrəti”, “nağıllardan çıxıb gəlmiş əllərimi əkiz oğlanlar kimi öyrətdim işə”, “Sonuncu budaqda tənha bir yarpaq Büzülmüş sərçəyə bənzəyir indi!”, “Gülümsəyən körpəni xatırladar mənə Ölmüş ağacda bitən bu yaşıllıq”, “hönkürdülər üstümə gecələrin sonsuzluğu”, “Mənimçün üzərrik tapın bir az Xoruz səsi eşitməmiş üzərrik” kimi misralarla nə demək istəyirsən? Necə yəni “barmaqlarımın bir dəlisov mələr həsrəti”, barmaqlar da quzu kimi mələyərmi?...
Amma ədəbi mübahisələr bir qədər səngisə də, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Tahir Taisoğlu kimi istedadlı cavanlar da “altmışıncılar”dan sonra tənqid hədəfindən, “eksperimentçi”, “mücərrədçilik” təyinindən qurtula bilmədilər.
Bütün bunlar çox-çox əvvəlki illərin söhbətidir və T.Taisoğlu da həmin “tənqidlərdən” sınmadı, əksinə, yoluna davam elədi.
Onun müxtəlif
illərdə yazdığı bir sıra şeirlərini
xatırlayıram. O şeirlər ki, orada Tahir Taisoğlu
şeiri “qurmur”, sözlə oyunbazlıq eləmir, şeir
doğulur və yaşayır. İlk şeirlərinin birini
xatırlayıram – bu şeir 1969-cu ildə “Ədəbiyyat və
incəsənət” qəzetində çap olunub M.Ə.Sabirin
o zaman təmir olunmamış, bərbad hala
düşmüş ev muzeyilə bağlıdır:
Sabirin ev –muzeyinin damı
qır,
Döşəməsində
yağış izi.
Həyəti Qobustanın bir
parçası,
budaqları dilənçi əli
tək
uzanmış
ağacları istəyirsən
sındır, qır.
Muzeylə yanaşı sürücü
evinin
üstü dəmir, həyəti
geniş.
Məncə, bu şeirdə
o dövrün avanqard poeziyasına xas olan heç nə
yoxdur, deyəcəksiniz. Amma burada bir vətəndaş
yanğısı var, ulu Sabirə etinasız yanaşanlara qəzəb
var və bu yanğı, qəzəb çox-çox
şeirlərdə olduğu kimi, publisistika dili ilə yox, o
dövr üçün orijinal deyimlərlə ifadə
edilib.
Unudulmaz Rəsul Rzanın
Tahir Taisoğluya ünvanlanmış bir məktubunu oxudum. O məktubda
Rəsul müəllim yazır ki, “hələ sənin ən
maraqlı günlərin qarşıda durur. Yazılarında
fikir aydınlığına, obrazların təbiiliyinə
diqqət et. Mürəkkəblikdən qorxma, ancaq fikir, məqsəd
aydınlığı olsun. Müasir şeirimizdə də ən
böyük bəla primitivlikdir. Yaxşıdır ki, sən
bu bəlaya tutulmamısan. Ancaq çalış ki,
yazılarından asanca pozula bilən, artıq, bədii fikir zərurətindən
doğmayan sözlər, misralar, təşbihlər
olmasın”.
Bu məktubun nə vaxt qələmə
alındığını bilmirəm, yəqin ki,
altmışıncı illərin sonları-yetmişinci illərin
əvvəlləri olar. Tahirin bütün şeir
kitablarını vərəqləyirəm və doğrudan
da, onun ustadın poetik dərslərindən (təkcə məktubundan
yox, həm də yaradıcılığından) öyrəndiyinin
şahidi oluram.
Tahir hər hansı fikri
şeirin leytmotivinə çevirmək üçün
heç bir cəhd göstərmir, fikir özü şeirdən
hasil olur. Onun üslubuna xas olan bir cəhəti
açıqlamaq istəyirəm: Tahir Taisoğlu şeirdə
müəyyən bir əşya, hadisə ya mücərrəd
anlayışa məna verməyi çox xoşlayır,
predmeti mənalandırarkən sözlərin, ifadələrin
ekspressiv çalarlarına üz tutur. Məsələn, onun
“Ümid” adlı bir şeiri var. Bu şeirdə ümid
“mayalı xəmir kimi gəlir”, “ağappaqdır”, heç
zaman köhnəlmir. Sevəndə də, yol gedəndə də...
İnsan həmişə öz ümidinə qayıdır.
Vaxt gələcək, kəsiləcək
Dağlıq Qarabağda tank
səsləri,
düşmən nəfəsləri.
Analarımızın
arzuları
çiçəklənəcək
orda.
Əzik-üzük bir dəst
paltar kimi
dartıb çıxardacaqlar
düşmən əsgərini
xurd-xəşil olmuş bir
tankın içindən.
..Yaşayır ürəyimin
dərinliyində
Kəşf olunmamış
uran kimi,
Yetişməmiş bir
ümid,
Xoruz səsi eşitməmiş
bir ümid!
Tahir Taisoğlu o şairlərdəndir
ki (belələrinin sayı çox deyil), dəbdə olan,
hamının müraciət elədiyi mövzulara çox da
meyl göstərmir. Məsələn, onun sonuncu – “Yol
ağardıram” şeirlər kitabında “Azərbaycan gəncliyinə”
şeiri istisna olmaqla, qalan bütün şeirləri
özüylə təbiət arasındakı dialoqları
xatırladır. Onun üz tutduğu, dərdini və sevincini
bölüşdüyü ...bir quş yuvasıdı- “bu yuva
nənəmin üzünə oxşayır”, göydəki
ulduzlardı, səmadı- “gecənin sakit çağında
Yonca ətri qoxuyur səma”, uzaqdan gələn
yağışdı- “elə bil ki, ulduzların göz
yaşıdır”. Şair metroda – yerin yüz metrlərlə
dərinliyində bir bulaq səsi eşidir, bu səs onda kənd
duyğuları oyadır: “Səni “Akademiya” metrosunda qoyub gedirəm.
Bir zamanlar kənddə qoyub gəldiyim qız kimi..” Tahir bir
şeirində yazır ki:
Ay işığı,
durna qaqqıltısı,
çay səsi...
İnnən belə
olacaqdır
Qibləm mənim!
Tahirin “qibləsi” olan bu təbiət
atributlarının sayı çoxdu. Şamaxının
Alpout kəndinin buludlarıdı, adsız bir arxdı,
göllərdə ağ qağayılar kimi çimişən
ulduzlardı, kənddən şəhərə gəlib
çıxan, bir ad gününə göndərilən iki
topa güldür...bir sözlə, Azərbaycan təbiətinin
rəngləridir, səsləridir. Məncə, təbiəti
incəliyinə qədər duyan Tahir Taisoğlunun təbiətlə,
dünya və insanlarla dialoqu hələ bitməyib və istərdim
ki, altmışından sonra da bu dialoq davam etsin.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 20 fevral.- S.30.