Ailə əsarətində

 

(“Duyğular” silsiləsindən)

 

Bizim nəslin taleyi elə gətirdi ki, bir sıra qadın yazarlarımızla bir səma altında yaşayası olduq, onların udduğu havadan bizlərə də pay düşdü və bu sətirləri yaza-yaza onların surətləri birəm-birəm gözüm önündə canlanır; bəzilərini şeir müsamirələrində gördüm, kimisiylə şəxsən tanış oldum, kimisindən müsahibə, kimisindən Yazıçılar Birliyinə üzv olmaqdan ötrü zəmanət aldım. Mirvarid Dilbazini, Xanımana Əlibəylini, Əzizə Cəfərzadəni, Xalidə Hasilovanı, Nurəngizi, Kamilə Neməti, Südabə Şəfanı, Minayə Ağayevanı, Rəfiqə Hüseynovanı, Narınc Xatunı, Gülarə Munisi, Fəridə Ləmanı deyirəm. Yəni mən onları görmüş, səslərini dinləmiş, vərdişlərini izləmişəm.... Tək bircəsindən savayı. Mən iztirablar, sarsıntılar, mübarizələrlə dolu şair ömrü yaşamış Nigar xanım Rəfibəylini bir dəfə də olsun həyatda görmədim. Nə redaksiyalarda, nə yığıncaqlarda, nə küçədə-bayırda. Sadəcə vaxtaşırı şeirlərini oxuyur, belə bir şairənin mütəmadi olaraq yaradıcılıqla məşğul olduğundan xəbər tuturdum. Əlbəttə bir jurnalist kimi özümə borc bilirdim ki, onunla da görüşəm, arzu-istəklərindən hali olam, keçdiyi ömür yolundan fraqmentləri işıqlandıram. Görünür vaxt darlığından, iş çoxluğundan, müxtəlif üzürlü və üzürsüz səbəblər ucbatından bu incə qəlbli sənətkarla, sədaqətli ömür-gün yoldaşı, əsl mənada cəfakeş anayla görüşmək alnıma yazılmayıbmış. Mən bilirdim, ürəyimə dammışdı ki, Nigar xanımın xatirələr səfində çoxlu əsrarlar vardır və onları ipə-sapa düzüb gün işığına çıxarmaq üçün oğullar gərəkdir... Sonra günlərin birində Nigar xanım da dünyanın köç karvanına qoşulub getdi və qaldım, necə deyərlər, başıma-dizimə döyə-döyə. Nə yaxşı ki, oğlu Anarın batinində şairlikdən, yazıçılıqdan, dramaturqluqdan savayı həm də jurnalistlik, esseçilik, salnaməçilik damarı da varmış. Və ötən əsrin 80-ci illərinin əvvəllərində, üç ayın içərisində əvvəlcə atası Rəsul Rzanı, sonra isə anası Nigar Rəfibəylini itirən Anarın tezliklə “Dünya bir pəncərədir” adlı, mən deyərdim misilsiz bir kitabı çıxdı. O kitabda Azərbaycanın fikir, fəlsəfə, ədəbiyyat, musiqi, publisistika tarixi üçün son dərəcə qiymətli bilgilər verən “Ölməzlik”, “Qəmli yerin şux boyaları”, “Anlamaq dərdi”, “Dədə Qorqud dünyası” və onlarla fundamental yazıları ilə bərabər valideynlərinə həsr elədiyi “Sizsiz” xatirələr toplusu da oxuculara təqdim olunurdu. Bir növ “Sizsiz”i oxuyub toxtadım elə bil. Əgər nə zamansa görüşərdimsə Nigar xanıma verəcəyim suallara o kitabdan cavab aldım. Və Anar müəllimin çox da dərinliyinə varmadığı incə bir məqam da var ki, neçə illərdi bu barədə ürək sözümü demək, yazmaq istəyirəm. Fikirləşirəm ki, o boyda həyat təcrübəsi, keçib gəldiyi uzun, dolanbac yollar, məşhur ailə şəcərəsi, yüksək savadı, intellekti, bütün varlığıyla sənətə bağlı ailəsi imkan verirdi ki, Nigar xanımın daha çox kitabı çıxaydı, yazdıqlarının sayı əlimizdə-ovcumuzda olandan daha artıq olaydı. Amma Nigar xanım soy-kökündən gəlmə abır-ismətin, xanım-xatınlığın, analıq duyğusunun hökmüylə sənət kuluarlarından; şeir-poeziya bayramlarından, ədəbi görüşlərdən, teleradio müsahibələrindən vaz keçdi, könüllü olaraq mətbəx qoxusuna, ev-ocaq həyanlığına, bir az sərt desək, ailə “əsarətinə” üstünlük verdi. Hələ təzə gəlin olduğu vədələrdən anladı ki, haqq aşığı, haqq şairisənsə şeir özü gəlib səni tapacaq. Sadəcə Nigar xanım həyatda çox şeyi qadınlığına, analığına qurban verməyi yetərli saydı. Odur ki, yazırdı:

 

Qadın olmasaydım əgər,

Qazanların, qabların,

Nimçələrin, çömçələrin

Aləmindən qaçardım.

Səhəri dəniz qırağında

Qayaların üstündə açardım...

Ürəyim bu mətbəx aləmində

Yaman darıxır,

Mən bir azca da şairəm axı.

 

Bax, elə o “mətbəx”dəcə yüzlərlə şeirlər yazdı, bir ömür boyu özünü həsr elədiyi ailə qayğılarının əhatəsində qələmini yerə qoymadı Nigar xanım. Bir əlində oxlov, ərsin, bir əlində qələm-kağız. Üzünü gördüyü, görməyib eləcə yazılarından, çəkdiyi məşəqqətlərdən duyğulandığı insanlara şeirlər həsr edirdi. Nazim Hikmətə, Aşıq Hüseyn Cavana, Hüseyn Arifə, İma Sumaka, Dolores İbarruriyə, Sabirə, Nizamiyə, Füzuliyə... Amma deyəcəklərinin, yazacaqlarının çoxusu da mətbəx divarları arasında qaldı. Önları dünya üzünə gətirə bilmədiyinə görə ağrıdımı, sıtqadımı, burasını Allah bilər. Amma məndə möhkəm bir inam var ki, Nigar xanım bu dünyanı əmin-arxayın tərk etdi. O, onu dünyaya gətirən ulularının, mənsub olduğu ailənin hansı missiyanı yerinə yetirdiyini yaxşı bilirdi. Bilirdi ki, dünyanın çətin vaxtlarında, sovetlərin düşmən bilib güllələdiyi bəy atasının, baş götürüb qürbətə üz tutmuş qardaşının ucbatından daim qorxu-hürkü içində gəzib-dolaşdığı, böhtanların, danosalırn baş alıb getdiyi dövrlərdə həyatını risqə qoyub onu sevib-seçən əri Rəsul Rza kimi sənətkar balası Anar da zamanı gələndə onun öz xalqına söyləyə bilmədiklərini yerli-yerində, bittə-bittə nəql edəcək. Buna tam arxayın idi Nigar xanım...

... Amma mən Nigar xanımı həyatda görməsəm də səsini dəfələrlə radiodan eşitmişdim. Şeir oxuyarkən, müsahibə verərkən. Fikrini çaşmadan, dili topuq vurmadan, qısa, aydın cümlələrlə yetirməyi vardı. Onu da bilirdim ki, nakam şairimiz Mikayıl Müşfiqin Rəsul Rzayla da, Nigar Rəfibəyli ilə də möhkəm dostluq əlaqəsi olub. Bu dostluğa sarsılmaz abidə kimi Rəsulun “Qızıl gül olmayaydı” poemasını oxuyandan sonra daim bir ideya beynimdə fırlanırdı. Müşfiqi görüb tanıyanlara yaxınlaşıb onlara yalnız bircə sual verəcəyəm: Müşfiq nə zaman yadınıza düşür? Və zaman-zaman, əlimə fürsət düşən kimi nəzərdə tutduğum insanlara həmin sualı ünvanladım. Qəribədir ki, ayrı-ayrı vaxtlarda rəhmətliklər Rəsul Rzanın da, Ənvər Məmmədxanlının da, Həbibənin də, Əkrəm Cəfərin də, Mirvarid Dilbazinin də, Yunus Dağlının da (Müşfiqin əmisi oğlu), Şəmsəddin Abbasovun da cavabları bir cümlədən ibarət oldu. Təxminən belə: Siz sualı belə qoyun ki, Müşfiq nə zaman yadımızdan çıxır...

Bax, elə bir jurnalist kimi vaxtında Nigar xanımı tapıb ona həmin sualla müraciət etməməyim illərdi mənə rahatlıq vermir. Axı o, Müşfiqi çoxlarından yaxşı tanıyır, sevirdi. Buna mən bir tapıntım vaxtı əmin oldum. 1988-ci il idi. Qarşıdan Müşfiqin anadan olmasının 80-illiyi gəlirdi. O zaman mən Azərbaycan radiosunun İncəsənət və radio teatrı şöbəsinin müdiri idim. Daimi aparıcısı olduğum verilişlərdən biri də vaxtilə elə Anarın əsasını qoyduğu “Səslər muzeyi” idi. Qayda beləydi ki, verilişin efirə çıxacağı ərəfədə özümü radionun fonotekasına verər, əlimə keçən unikal səsləri toplayıb onların əsasında kompozisiya qurar, söz deyərdim. Birdən gözümə bir lent dəydi. Üstündə belə yazılmışdı: Nigar Rəfibəyli Müşfiq haqqında. Haradasa 60-cı illərin sonunda şairənin öz evindəcə lentə alınmışdı. Gözümə işıq gəldi. Götürüb qulaq asdım və növbəti “Səslər muzeyi”ndə verilişin formatına uyğun olaraq Nigar xanımın həmin xatirəsindən kiçik bir hissəni səsləndirdim. Mənə elə gəldi ki, həmin günlərdə efir dalğalarından havalanan o çıxış istər Müşfiqin, istərsə də onu qardaşı qədər sevən və artıq neçə il öncə dünyasını dəyişmiş Nigar xanımın ruhları adına ən böyük sayğı oldu. Və Nigar xanımın adına həsr elədiyim bu yazımı da onun son dərəcə məhrəm, ana nəvazişiylə dolu səsiylə nə zamansa radio dinləyicilərinə açıqladığı xatiratın tam mətnini oxucularımıza yetirməklə tamamlayıram. Qoy həm Müşfiqsevərlərə bir töhfə olsun, həm də Nigar xanımın irsinin bir yadigarı kimi yazılı tariximizə düşsün.

“Müşfiq Vətəni, şeiri, bir də Dilbəri sevirdi. Vətənin təbiətini, insanlarını, sənətini sevirdi. Vətən onun patriotik əsərlərinin əsas mövzusu, tükənməz, əzəmətli ilham mənbəyi idi. Şeir onun mənəvi qidası, dilinin əzbəri, qəlbinin nəğməsi idi. Dilbər Müşfiqin həm ömür-gün yoldaşı, həm lirik qəhrəmanı, coşğun sevincinin, həzin kədərinin canlı şahidi, canlı şərikiydi. Gənclərimizə Müşfiqdən söhbət açarkən Müşfiq kimi şair olun deyə bilmərəm, şairlik fitri istedadlardan biridir. Lakin gənclərimizə demək istərdim ki, şeiri, sənəti Müşfiq kimi sevin, şeirə, sənətə Müşfiq kimi qayğı bəsləyin. Müşfiq yerin alt qatlarından qədim mədəniyyətimizdən xəbər verən qazıntıları çıxarmaq üçün külüngünü yerə böyük ehtiyatla vuran arxeoloqa bənzəyirdi. Keçmiş şairlərimizin yaratdığı söz incilərini, misilsiz lirik nümunələri; şeiri, qəzəli, qoşma və bayatıları maraq və məhəbbətlə axtarıb tapar, vicdanlı bir alim, tədqiqatçı kimi onları unutmağa qoymazdı. Bahar Şirvaninin, Bihudun, Nasehin və başqa bir sıra unudulmaz Azərbaycan şairlərinin şeir və qəzəllərini mən ilk dəfə Müşfiqin dilindən eşitmişdim.

 

Sordum sorağını, dedilər qeyrə

yar olub,

Ey kaş lal olaydı dilim bu sorağıdan.

 

Bahar Şirvaninin bu beytlə başlayan qəzəlini çox şirin bir ləfzlə söylərdi Müşfiq və belə gözəl lirika nümunələri yaratmış şairlərin unudulmasına dözməzdi.

Müşfiq aşıq ədəbiyyatını da çox sevər, çox da yaxşı bilərdi. Aşıq Ələsgər, Valeh, Qurbani, Tufarqanlı Abbas onun sevə-sevə, əzbərdən oxuduğu şairlər idi. Müşfiqin mənəvi aləmi şeir və yalnız şeir idi. O, şeirlə yaşayır, şeirlə nəfəs alırdı. Həyata, insanlara, hər şeyə şeirin gözüylə baxırdı. Ciddi söhbəti də şeir idi, zarafatları da. Bir gün küçədə tanış bir qıza rast gəlir. Qızın əynində qırmızı don olubmuş. Bərabərinə yetişincə Müşfiq salam əvəzi ona şeirlə üz tutur.

 

Alasan, geydirəsən həmişə

yara qırmızı.

 

1935-ci ildə Rəsul Rzayla Moskvada təhsil alırdıq. Qış tətilində mən Bakıya, anamı görməyə gəlmişdim. Rəsul Moskvadaydı. Akademiyanın böyük salonunda ədəbi gecə keçirilirdi. Müşfiqlə yanaşı oturmuşduq. Rəsulu xəbər aldı, onun həyatıyla maraqlandı. Mən bir az gileyli “bizi lap unutmusunuz” dedim. Müşfiq cavab vermədi. Bir azdan “dəftərini mənə ver” dedi. Kiçik dəftərçəmi ona verdim. Müşfiq qaşlarını çatıb dəftərə nə isə yazdı. Sonradan dəftərimdə bu misraları oxudum:

 

Ey şair!

Düşün, öz-özünə sən bir cahansan

Başqadır gərdişin, başqadır yerin

Gözlərdən, doğrudur,

bu gün nihansan

Bunun nə eybi var, könüldür yerin.

 

Müşfiq dostlarını, yoldaşlarını çox sevirdi. O bizim analarımızı çox sevirdi. Hələ körpə çağlarında anasını itirmiş şair ana nəvazişinə daim böyük ehtiyac hiss edirdi. Pirşağıda bağ qonşusuyduq. Axşamları Ay işığında, qumların üstə hamımız yığışar, söhbət edər, şeir oxuyardıq. Müşfiqin şeir çeşməsi bitib-tükənmək bilməzdi. Füzulidən, Tofiq Fikrətdən, Əbdülhəqq Hamiddən, Sabirdən saatlarla şeir deyərdi. Ondakı hafizə Allah vergisiydi, möcüzə idi. Adını belə eşitmədiyimiz şairlərdən söz açardı. Müşfiqdə hər şey poeziya idi. Şeirə bağlılıq, sonsuz sədaqət Müşfiq təbiətinin əsas canı idi. Qəhrəmanlıq da, məhəbbət də, hicran da, sevinc də, adicə bir qız donu da, bir dost gileyi də onu ehtizaza gətirərdi. Elə şairlər var ki, əsərlərini heç kəs sevmir, amma elələri də var ki, yaratdıqları hər hansı bir əsər mübahisə doğurur, kimini ələ ala bilir, kimini çiyrindirir. Müşfiq şeirini hamı sevirdi. Ona olan böyük məhəbbətin sirri sadə, səmimi, qəlb hərarəti, ürək çırpıntısı ilə ərsəyə gətirdiyi şeirlərin ecazkar gözəlliyində idi. Bu gözəllik və səmimiyyətə hamı pərəstiş edirdi.

Müşfiq az yaşadı. Qısa sürən həyatında xalqına sədaqətlə xidmət elədi. Elə yaralar var ki, zaman belə onları sağalda bilmir. 1934-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz eləmiş sevdiyim bir sənətkarın itkisi məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin faciəsi ürəyimizdə yeni bir yara açdı. Bu yaranın ağrısını səssiz keçirmək lazım idi. Ona bərkdən ağlamaq belə olmazdı. Xalqını sevən, ona sədaqətlə xidmət edən sənətkarlar heç zaman unudulmur. Müşfiqin xatirəsini daim əziz tutan xalqımız bu həqiqəti bir daha imzalamış oldu”.

P.S. “Sizsiz” əsərində Anar yazırdı ki, ömrünün son günlərində Nigar xanımın dili batıbmış, heç kimi tanımır, amma tez-tez qollarını havaya qaldırıb sanki uçmaq istəyirdi. Bəli, Anar müəllim, Nigar xanım bu dünyada qoyub getdiklərindən o qədər arxayın idi ki, əbədiyyət səltənətinə quş kimi uça-uça, yalnız özünün gördüyü, bildiyi səmalarda pərvaz eləyə-eləyə gedirmiş; dost-doğmaca insanların – babası Ələkbər bəyin, atası Xudadat bəyin, anası Cəvahir xanımın, qardaşı Kamilin, əziz qohumları Mikayıl Rəfilinin, Ulduz xanımın, İsmayıl Əfəndiyevin, sənət dostları Səməd Vurğunun, Sabit Rəhmanın, Müşfiqin bərqərar olduqları dərgaha. Birdən orada – o bilmədiyimiz, görmədiyimz ulu dərgahda “ala gözlüsünə” – Rəsuluna rast gələndə görən şaşıracaqdımı, üzündə giley cizgiləri peyda olacaqdımı, yaxud Anarını danlayacaqdımı? Bunu kim bilə bilər? Bildiyimiz odur ki, Nigar Rəfibəyli yaşadığımız bu dünyada qoyub getdiklərindən razı, əmin-arxayın getdi.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2010.- 20 fevral.- S.28.