Nəriman Nərimanov xatırlanıb
Yasamal rayonundakı 53 nömrəli orta məktəbdə görkəmli dövlət xadimi, maarifçi və yazıçı Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.
Orta məktəbin və Nəriman Nərimanovun ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə “N.Nərimanov-140” adlı fotosərgi, ədibin tədqiqat və bədii əsərlərinin nəşrləri nümayiş etdirilib.
Məktəbin direktoru Firəngiz Həsənova N.Nərimanovun həyat və fəaliyyətindən söz açıb: “ Xalqımızın maarifləndirilməsində, ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında Nəriman Nərimanovun əvəzsiz xidmətləri olub. Onun istər dram, istərsə də nəsr əsərləri və publisistikası məhz bu məqsədə xidmət edib”. F.Həsənova N.Nərimanovun milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı sahəsində gördüyü işlərdən, xeyirxah əməllərindən söz açıb. Tədbirdə çıxış edənlər N.Nərimanovun ədəbi yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən geniş söz açaraq, onun gördüyü əvəzsiz işlərin sovet dövründə düzgün araşdırılmadığını vurğulayıblar.
Tədbirdə tarix elmləri namizədi Firdovsiyə Əhmədova “N.Nərimanovun həyatı və siyasi fəaliyyəti”, filologiya elmləri namizədi Mənzər İbrahimova “Nərimanov və rus ədəbiyyatı”, muzeyin direktoru Kamilə Hüseynova “Nərimanov irsinin əhəmiyyəti” mövzularında məruzələrlə çıxış edib.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
SARA
525-ci qəzet.-
2010.- 20 fevral.- S.26.