Aydın Ağazadə:
“Ömür hələ qarşıdadır...”
Yazıçı-publisist
Aydın Ağazadənin 55 yaşı tamam olur. O, 1955-ci ildə
İçərişəhərdə anadan olub. M.Əliyev
adına Dövlət İncəsənət İnstitutunun
teatrşünaslıq və Bakı Dövlət Universitetinin
hüquq fakültələrini bitirib. 1976-90-cı illərdə
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
müxtəlif vəzifələrdə
çalışıb. 1990-93-cü illərdə “Ədalət”
qəzetinin şöbə müdiri, baş redaktorun birinci
müavini olub. 1993-2001-ci illərdə Milli Məclisin
orqanı olan “Azərbaycan” qəzetində hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri işləyib.
1995-97-ci illərdə Azərbaycan Hüquqşünaslar
Birliyinin orqanı olan “Hüquqşünas” qəzetinin baş
redaktoru kimi ölkədə aparılan demokratik-hüquqi
islahatlar barədə silsilə yazılarla
çıxış edib. 2001-ci ildən 2007-ci ilədək Ədliyyə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub, indi
sözügedən nazirliyin insan hüquqları və ictimaiyyətlə
əlaqələr idarəsinin informasiya şöbəsinin rəisidir.
“Həsən Əliyev-hakim və insan”, “Cəllad aman istəyir”,
“Əbədi Selcan” və “Sabun köpüyü”
kitablarının, “Sonuncu şahid” ssenarisi əsasında
çəkilmiş eyniadlı dördseriyalı televiziya
filminin müəllifidir. “Qızıl qələm” və
“Araz” ali ədəbi mükafatları laureatıdır.
Özünün dediyi kimi,
sakitcə başını aşağı salıb vəzifəsinin
öhdəsindən qüsursuz gəlməyə
çalışan, gözə girməyi xoşlamayan və ədəbiyyata
ən sevimli məşğuliyyəti kimi yanaşan Aydın
Ağazadə ilə söhbətimizdən onun həyatının
və fəaliyyətilə bağlı ən maraqlı məqamları
oxuculara təqdim edirik.
– Ad gününüzü
qeyd etməyi xoşlayırsınız?
– Hər il yaş
üstünə yaş gəlir, insanın təcrübəsi
artır, dostları bir az da çoxalır. Amma bütün
hallarda bir yaş da qocalırıq. İnsan uşaq olanda tez
böyümək istəyir, indi isə yaşımızı
xəsisliklə xatırladığımız
üçün ad günü keçirməyə də
adamın həvəsi qalmır. Adətən geniş ad
günləri keçirmirəm. Mənim üçün ad
günü dostlarla görüşdür, qohumlarla birgə
olmaqdır. Dostlar, qohumlar, doğmalar toplaşıb
yüngülcə qeyd eləyirik. İndi də belə olacaq.
Belə yubiley yaşlarında abırlı bir qəzetdə,
məsələn, “525”də çap olunan yubiley yazısı
da insanın ovqatına xoş çalar qatır. Qırxdan
sonra yaşın üstünə yaş gəlməsi bir qədər
qorxulu təsir bağışlayır. Çünki qırxa
qədər major, qırxı keçəndən sonra minor
notlara köklənirsən.
– Yazıçı onsuz da
fitrətən ədalət tərəfdarı olur. Bir
yazıçı olaraq sizin üçün ədliyyə
sistemində çalışmaq xüsusi anlam kəsb edirmi?
– O insanlar ədalətli olur
ki, onların ürəyində sevgi var. Söhbət kiməsə
konkret ünvanlanan məhəbbətdən getmir. Ümumilikdə
insanın içərisində bir sevgi olmalıdır. Mənim
fikrimcə, sevgilərin ən əhəmiyyətlisi
Tanrıya olan məhəbbətdir. Hüquqi dillə ifadə
eləsək, bu, elə bil konstitusiyadır. Ondan sonra gəlir
sahə qanunları – ailə, mülki məcəllə... Yəni
ki, Tanrıya məhəbbətdən sonra vətənə,
torpağa, qadına, övlada, doğmalara olan sevgi gəlir. Qəti
əminəm, insanın varlığında Tanrıya sevgi
yoxdursa, onda o biri məhəbbətlər də olmayacaq.
Yaradanı sevməyən onun yaratdıqlarını sevə
bilərmi? İnsan yalnız Yaradanından asılı
olmalıdır. Həyatım boyu heç vaxt heç kimdən
asılı vəziyyətə düşmək istəməmişəm.
Rüşvət, haram kimi şeylər məndən
uzaqdır. Fikrimcə, insana var-dövlət yalnız normal
yaşayışını təmin etmək üçün
lazımdır. Var-dövlət vasitə olmalıdır, məqsəd
yox. Yəqin bunu da nəinki yazıçılar, fitrətində
haqq-ədalət olan bütün insanlar dərk edirlər.
Adamlar tanıyıram ki, güclü varidata malikdirlər, amma
Allah onlardan öz sevgisini əsirgəyib. Belələrinin
ürəyində Tanrı məhəbbəti
olmadığı üçün heç öz
övladını da istəmir. Onlar övladları,
doğmaları və kənar adamları üçün də
yalnız pul lazım olanda yada düşən canlı
büdcədir, vəssalam. Özümü o xoşbəxt
adamlardan hesab edirəm ki, Tanrı mənə öz sevgisini
verib. Buna görə də həyatda hamının yerini bilirəm.
O cümlədən işimə də vicdanla, ədalətlə
yanaşıram. Harada oluramsa olum, bu keyfiyyətlərimi
qorumağa çalışıram.
– Adətən,
yazıçının daimi işlədiyi sahə onun
yaradıcılığında öz əksini tapır. Sizdə
də belədirmi?
– Elədir. Hüquq sahəsi
mənə bir çox şeylər verib. Ədliyyədə
işləyərkən dostların vasitəsilə bir
sıra hökmlərlə tanış olmuşam. Sonralar həmin
hökmlərdən əsərlərimdə bəhrələnmişəm.
İşimlə bilavasitə əlaqəli olduğu
üçün kriminal aləmdə nələr baş
verdiyindən xəbərdaram. Bununla bağlı bir sıra məsələlər
əsərlərimdə öz əksini tapıb. Bizdə
kriminaldan yazan yazıçılar barmaqla sayılacaq qədərdir:
Çingiz Abdullayev, qismən də Natiq Rəsulzadə...
Kriminal əsərlər yazmağa böyük marağım
var. Bildiyimə görə, “Sonuncu şahid” filmi də
tamaşaçılar tərəfindən pis
qarşılanmayıb. Yazıçı dərindən bələd
olduğu sahənin incəliklərindən yazanda bu, oxucuların
da diqqətini çəkir.
– Bəs vəzifəniz
hansısa formada bədii yaradıcılığınıza
mane olurmu?
– Vaxt baxımından mane
olur. Az yazıram. Beynimdə bir neçə hazır əsər
var, yazmağa vaxt tapmıram. Amma işimə də çox
bağlıyam. Gündə mənə azından yüz jurnalist
zəng vurur, vəzifə borcumdur ki, operativ şəkildə
onlara informasiya verim. İşim mənə zövq verir, amma
yaradıcılığıma ayıracağım vaxtı
yeyir. Yəqin çalışıb orta bir yol tapmaq, həm
işi, həm yaradıcılığı uzlaşdırmaq,
hər ikisinə vaxt tapmaq lazımdır.
– Oxucu kimi zövq
aldığınız müəlliflər kimlərdir?
– Bəxtiyar Vahabzadəni
oxumağı xoşlayıram. Mənim fikrimcə, Bəxtiyar
Vahabzadənin ən ağır sözü də bu vətənin
uşaqları üçün bal olmalıdır.
Çünki o, Azərbaycan ədəbiyyatında elə
şeylər deyib ki, bundan sonra da heç kəs deməyəcək.
O cümlədən Anar və digərlərinin
yaradıcılığı bu millətin inkişafına
xidmət edib. Əgər yazıçının əsəri
ədəbiyyatını zənginləşdirirsə, milli təfəkkürün
inkişafına yönəlirsə, o yazıçı
ölməzlik qazanır. Bütövlükdə isə mənim
üçün böyük türk oğlu olaraq Çingiz
Aytmatov təfəkkür, Oljas Süleymenov cəsurluq
simvoludur. Onların əsərləri ruhuma bal kimi
yayılır. Bu yazıçılar ədəbiyyata
işıq gətiriblər. Əsl yazıçı odur ki, ədəbiyyatda
zülmətin təbliğatını aparmasın, ona nurlu
obrazlar, işıq bəxş etməyi bacarsın.
Adını çəkdiyim yazıçılar belələrindəndir.
Yaxşı mənada, onlara qibtəylə yanaşıram.
Yazıçılıq mənim üçün hobbidir. Əslində
özümü yazıçıdan daha çox, jurnalist
hesab edirəm. İstər bədii, istərsə də
publisistik əsər yazanda bu işlə sevə-sevə məşğul
oluram. Ədəbiyyat, jurnalistika ən sevimli məşğuliyyətimdir,
ailəmdən sonra bağlandığım ən önəmli
sahədir. Nə yaxşı ki, bu gün ədəbiyyatımız
da, jurnalistikamız da, bu sahələrdə kifayət qədər
təsadüfi adamların olmasına baxmayaraq, məhz peşəkarların
çiynindədir. Bu gün jurnalistikanı irəli aparan da
belələridir. Misal üçün deyim ki, mənim
neçə illər tanıdığım, vaxtilə birlikdə
işlədiyim İradə Tuncayı, “Ədalət” və
“525-ci qəzet”də köşə yazıları
çıxandan sonra, sanki yenidən kəşf etdim. Onun bu
köşələrində çox maraqlı, aktual problemlər
öz əksini tapıb. Bunlar jurnalistikamıza yalnız bəhrə
gətirən yazılardır. Fikirləşirəm ki,
İradə Tuncay indiyədək yazmamaqla jurnalistikaya zərər
verib, bunları çoxdan yazmalıydı.
– Siz həm də
teatrşünassınız. Teatrların durumundan nə deyə
bilərsiniz?
– İxtisasımın biri
birbaşa teatrla bağlı olduğu üçün bu sahəyə
az-çox bələdəm. Tələbə ikən “Mehdi
Hüseyn və teatr” mövzusunda 125 səhifəlik kurs
işi yazmışdım. Cəmi iyirmi beş səhifə
çatmadı ki, namizədlik işi olsun. Onda Mehdi Məmmədov
və Yaşar Qarayev mənə dedilər ki, bu mövzunu
namizədlik işləyim. Amma ailə qayğıları, bir
sıra problemlər imkan vermədi ki, elm ardınca gedim.
Dramaturgiyanı bilən biri kimi deyim ki,
teatrlarımızın repertuarlarında bir boşluq var.
Düzdür, yaxşı əsərlər səhnələşdirilir,
peşəkar rejissorlarımız əlindən gələni
edirlər. Amma yenə də inkişaf etməkdə olan bir cəmiyyət
üçün bu, azdır. Bəzən dramaturgiyadan bixəbər
yazıçılar pyeslər yazırlar. Əslində isə
dramaturgiya daha mürəkkəb, çətin bir sahədir.
Pyes yazmaq sadəcə dialoq və monoloq qurmaq deyil. Bunun
üçün dramaturgiyanın qanunlarını dərindən
bilmək lazımdır. Ancaq son dövrlərdə dövlət
tərəfindən bu işə ciddi diqqət göstərildiyi
üçün problemin zamanla həllini tapacağına,
yaxşı əsərlərin səhnələşdiriləcəyinə
inanıram. Özümə gəldikdə, indiyədək
teatar üçün əsər yazmamışam, amma bu barədə
düşünürəm. Teatrlarımızda Azər
Paşa Nemət, Mərahim Fərzəlibəyov, Bəhram
Osmanov, Sərdar Fərəcov kimi çox peşəkar
rejissorlarımız var. Yəqin ki, gələcəkdə əsər
yazıb onlara müraciət edəcəyəm.
Tamaşaçılarımızı da teatra cəlb etmək
lazımdır. Bunun üçün maraqlı, peşəkar
əsərlər yazılmalı, sanballı, günün
reallıqlarını əks etdirən pyeslər tamaşaya
qoyulmalıdır. Bunun üçün ilk növbədə
məsuliyyət teatra, dramaturgiyaya bələd olan
yazıçıların üzərinə düşür.
– Siz haqq-ədaləti bərpa
etməli olan bir yerdə çalışırsınız.
Amma bəllidir ki, Femidanın mizan tərəzisinin əyilən
vaxtı da olur...
– Mən düz
danışmağı xoşlayıram. Bunu ətrafımda
olan insanlar da bilir. Yaltaqlıqdan, ikiüzlülükdən
uzağam. Dostum da olsa, sözün düzünü
üzünə deməyə üstünlük verirəm.
Konkret vəzifəmlə bağlı onu deyə bilərəm
ki, qəzetlərdə çıxan ədliyyə məsələləri
ilə bağlı işləri araşdırıram,
lazımi yerlərə zəng edirəm. Bu, axı
insandır, rastlaşdığı qanunsuzluq, haqsızlıq
doğmalarımızın da başına gələ bilər...
Müraciətim bir fayda verməyəndə rəhbərliyə
üz tuturam. Bizdə rəhbərlik səviyyəsində belə
məsələlərə ciddi yanaşılır. Nazirimiz əsl
ziyalıdır, tamahdan uzaq, saf insandır. Buna görə də
ona nəinki mənim, haqqı bərpa olunan bütün şəxslərin
böyük hörməti var. Hərdən sual verirlər ki,
filan hakim niyə qüsura yol verdi? Ancaq görək həmin
hakim sonra da vəzifəsini davam etdirirmi? Baxın, indiyə
kimi işdə yol verdiyi qüsurlara, qanunsuzluqlara görə
neçə-neçə hakim, məhkəmə
icraçısı, notarius işdən
uzaqlaşdırılıb, neçəsinə töhmət
verilib, neçəsi aşağı vəzifəyə
keçirilib. Bizdə işə qəbul da şəffaf
şəkildə, testlə keçirilir. Hakimliyə namizəd
test və çoxmərhələli imtahanlar verib işə
təyin olunur. İnsanların savadı testlə məlum
olur, amma tamah və digər mənfi cəhətləri
görünmür axı? Amma işləyərkən
qanunsuzluğa yol verən hakim və ədliyyə
işçiləri haqqında qəti qərarlar verilir. Əgər
məhkəmə-hüquq şurasında rəhbərlikdən
tutmuş üzvlərə qədər kiminsə
gözükölgəli olsa işdən çıxarmaq kimi
qəti qərarlar verə bilərmi? Bu, belədir və
hazırda ədliyyə sistemində aparılan islahatlar cəmiyyət
tərəfindən də müsbət qarşılanır.
– Yaradıcılıq
planlarınız barəsində bilmək istərdik.
– Məhərrəm Bədirzadə
ilə danışmışıq, bir televiziya pyesi üzərində
çalışırıq. Mən ideyanı
danışıram, o da mənə lazımi peşəkar
rejissor məsləhətləri verir. Bundan başqa istəyirəm
ki, teatr, sənət haqqında yazılarımı arxivdən
toplayıb kitab halında nəşr etdirim. Sonda onu demək
istərdim ki, Allahdan var-dövlət, şöhrət
arzulamıram, bircə cansağlığı olsa, yetərlidir.
İşimlə məşğulam, hərdən yazıram.
Dostlarım, məni sevənlər, qiymətləndirənlər
var. Yeganə kədərləndirən cəhət odur ki,
yaşın üstünə yaş gəlir. Amma dərindən
yanaşdıqda 55 yaş da çox deyil. Alimlər
hesablayıblar ki, son dövrlərdə Yer öz oxu ətrafında
daha sürətlə fırlanmağa başlayıb, buna
görə də insanlar tez yaşlaşır. Fikrimcə,
indinin 55-i əvvəllərin 37-40 yaşı ilə
müqayisə oluna bilər. Bu baxımdan yanaşsaq,
ömür hələ qarşıdadır, görüləsi
çox işlər var. Sağlıq olsun.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 20 fevral.-
S.24.