Yazıçılar Birliyində Mahirə Abdulla ilə görüş olub
Ötən gün Yazıçılar Birliyində (AYB) “Turan” ədəbi qurumunun təşkilatçılığı ilə şairə Mahirə Abdullanın gənclərlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin katibi, xalq şairi Fikrət Qoca M.Abdullanı uzun zamandan bəri tanıdığını, yaradıcılığı ilə yaxından tanış olduğunu qeyd edib: “Mahirə Abdulla özünə hörmət eləyən, daim öz üzərində işləyən şairdir. İstedadlı insan həm də zəhmət çəkməlidir ki, sabaha yol açsın. Mahirə Abdulla da belələrindəndir. Tərcümeyi-halı, istedadı, çəkdiyi zəhmət onun simasında öz əksini tapıb”.
“Turan” ın sədri, gənc şair Vüsal Nuru indiyədək ədəbiyyatımızda Qarabağ mövzusunda müxtəlif əsərlərin yazıldığını, M.Abdullanın isə xalqımızın bu ağrılı probleminə psixoloji aspektdən yanaşdığını bildirib.
Şair Qəşəm Nəcəfzadə M.Abdullanın insani və yaradıcılıq məziyyətlərindən söz açıb, onun əsərlərinin idrak və təfəkkürə söykəndiyini vurğulayıb.
Şairlər Dayandur Sevgin və Adil Cəmil M.Abdulla ilə ilk tanışlıqlarından, onun yüksək şəxsi keyfiyyətlərindən söz açıblar: “Mahirə Abdulla həyatın hər üzünü görüb, çətinliklərlə qarşılaşıb. Amma bütün bunlar onu sındırmayıb. O yazıb, yaradıb, gələcəyə inamla baxıb”.
M.Abdulla gənclərlə görüşməkdən çox şad olduğunu çıxışında önə çəkib: “Sevindirici haldır ki, gənclər özləri təşəbbüs göstərib, mənimlə görüş keçirmək istəyiblər. Bu məni çox sevindirir. Çünki gənclərin ədəbiyyat, sənət haqqında fikirləri, düşüncələri özünəməxsus əhəmiyyət kəsb edir, şəxsən mənim üçün onların rəyləri maraqlıdır”. M.Abdulla hər zaman yaradıcılıq prosesinə həssaslıqla, məsuliyyətlə yanaşdığını qeyd edib: “Mən yazanda əsərlərimə ürəyimi, canımı qoyuram. Birnəfəsə bir-iki saat yazıram. Bu zaman kimsə, nəsə mənə mane olanda həmin dünyadan ayrılıram. Mənim yaradıcılıq prosesim çox əzablıdır, bu enerjini realizə edincə az qalır ürəyim partlasın. Kitablarımın əksəriyyətində belə əziyyət çəkmişəm. Ancaq yazandan sonra ruhi sakitlik tapıram. Mənim xarakterim yazdıqlarımda özünü göstərir. Onu da deyim ki, heç də çoxlarının fikirləşdiyi və göründüyüm kimi güclü deyiləm. Mən əslində zəifəm, çünki torpağı, vətəni əlindən alınmış bir insan necə güclü ola bilər?” Söhbətində “ədəbiyyatda qadın” mövzusuna toxunan şairə bununla bağlı fikirlərini də açıqlayıb: “Anam həmişə mənə “qızım kişi kimi qadındır” deyib. Bu sözdən xoşum gəlmir. Mən kişi kimi olmaq istəmirəm. Qadın qadın kimi olar. Ədəbiyyatda bunu nəzərdə tutmuram. Amma həyatda qadın incə, zərif olmalıdır. Qadının öz yeri var. O gedib müharibədə döyüşməli, ağır yük altına girməli deyil ki! Mən əsgər olmaq istəmirəm, əsgər anası olmaq istəyirəm. Dünyadakı bütün qadınlara da əsl qadın xoşbəxtliyi arzulayıram”.
Sonda M.Abdulla gənc yazarlardan Qılman İmanlı, Anar Amin, Sevinc Mürvətqızı, Fərid Hüseyn, Şakir Albalıyev və başqalarının suallarını cavablandırıb.
SARA
525-ci qəzet.-
2010.- 20 fevral.- S.23.