Rəssamlıq Akademiyasında
“Daş, Kağız, Qayçı” sərgilənir
Dünən Azərbaycan Rəssamlıq
Akademiyasında “Daş, Kağız, Qayçı” adlı
incəsənət sərgisinin açılışı
olub. “British Council” ilə Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi sayəsində açılan sərgidə
giriş sözüylə Rəssamlıq Akademiyasının
prorektoru Səlhab Məmmədov çıxış edərək,
fikirlərini bölüşüb: “Rəssamlıq
Akademiyasına yığışmaqda məqsədimiz “British
Council”ın zəngin və mükəmməl incəsənət
kolleksiyasına daxil olan əsərləri sərgi
iştirakçılarına təqdim etməkdir. Dünya səviyyəli
bu sərginin Rəssamlıq Akademiyasında
açılması olduqca sevindirici haldır. “British Council”
Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrdə
sərgilərin təşkilinə öz töhfəsini
verir. Bu ölkələrdə bir sıra simpoziumlar da həyata
keçirilib. Ümidvarıq ki, bizdə də, Akademiyanın
tələbələri ilə bərabər belə
simpoziumlar təşkil edə biləcəyik”.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxışında “British Council”ın ölkəmizin
mədəni həyatında iştirakından məmnunluğunu
dilə gətirib: “British Council” Azərbaycanda fəaliyyətə
başladığı gündən bəri çox
mühüm işlər görüb. Teatr, musiqi və incəsənətin
digər sahələrilə bağlı tədbirlərə
dəstək verib. Hazırda nümayiş olunan sərgidə
sənətsevərlərimiz dünyanın məşhur sənətkarlarının
əsərləri ilə tanışlıq imkanı
qazanıblar”.
Professor Ömər Eldarov tədbirə
böyük məmnuniyyətlə
qatıldığını, təqdim olunan əsərlərin
sənətkarlıq xüsusiyyətlərilə diqqəti
çəkdiyini qeyd edib.
“British Council”ın Cənubi
Qafqaz regionu üzrə direktoru Pol Dabldey sərgidə
nümayiş olunan əsərlərin müəllifləri və
onların yaradıcılığı barədə məlumat
verib: “Sərgidə Demian Hirst, Treysi Emin, Aniş Kapur, Mayk
Nelson, Anya Qalasio, Eduardo Paolozzi və Vilyam Törnbul kimi mahir rəssamların
əsərləri yer alıb. Bu rəssamlar Britaniya incəsənət
tarixində öz imzalarını qoymuş sənətkarlardır”.
P.Dabldey sərginin xidmət
etdiyi məramlardan da söz açıb: “Əsas məqsədimiz
insanlarda, xüsusən də tələbələrdə
müasir incəsənət nümunələrinə
marağı artırmaq və onlardan bəhrələnə
bilmələrinə dəstək verməkdir”.
Sərginin nümayişi
fevralın sonuna qədər davam edəcək.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 23
fevral.- S. 7.