Akademik Bəkir Nəbiyev haqqında filmin təqdimatı olub
Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbacan Televiziyasında istehsal olunan, görkəmli alim, akademik Bəkir Nəbiyevin həyat və yaradıcılığını əks etdirən “Tərcümeyi-hal: Bəkir Nəbiyev” filminin təqdimatı keçirilib. Filmdə Bəkir Nəbiyevin həyat və yaradıcılığının mühüm məqamları, o cümlədən 1930-cu illərin repressiya dövründə yaşadığı çətinliklər, atasının həbs olunması akademikin öz dilindən tamaşaçıya çatdırılıb. Rejissor elm xadiminin doğulub-böyüdüyü Ağdaş rayonundan görüntüləri də filmə daxil edib. Televiziya filmində arxiv materiallarından istifadə olunub, görkəmli alimlər Feyzulla Qasımzadənin, Cəfər Xəndanın, Mir Cəlal Paşayevin B.Nəbiyev haqqında fikirlərindən sitatlar gətirilib.
Tədbirdə filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissor Miri Rzayev və yaradıcı heyət iştirak ediblər. Təqdimat mərasimində çıxış edən akademik Teymur Bünyadov öz nitqində Bəkir Nəbiyevin 80 illik yubileyi ərəfəsində çəkilən bu filmi akademikə töhfə kimi qiymətləndirib. Milli Elmlər Akademiyasının müxbir üzvü Teymur Kərimli də film haqqında fikirlərini bölüşüb və ekran işinin B.Nəbiyev şəxsiyyətini dolğun şəkildə işıqlandırdığını önə çəkib. Professor Məhərrəm Qasımlı müasir ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi haqqında belə bir film çəkildiyi üçün Azərbaycan Televiziyasının rəhbərliyinə və yaradıcı heyətə minnətdarlığını bildirib, ekran əsərini layiqli iş kimi dəyərləndirib.
Mərasimdə Vaqif Fərzəliyev, Aybəniz Kəngərli, Ayaz Vəfalı, Qəzənfər Paşayev və digər elm, adamları, o cümlədən AzTV-nin nümayəndəsi Faiq Hüsiyev həm akademik B.Nəbiyev, həm də film barədə mülahizələrini söyləyiblər.
Sonda Bəkir Nəbiyev çıxış edərək, Azərbaycan Televiziyasının rəhbərliyinə, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə, həmçinin mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 23
fevral.- S.7.