Kənan Hacının “Çəhrayı qan”ı

 

Bu yaxınlarda “UniPrint” nəşriyyatında yazıçı-publisist Kənan Hacının “Çəhrayı qan” kitabı işıq üzü görüb. Müəllifin sayca ikinci kitabına, önsöz əvəzi kimi, mərhum xalq yazıçısı Sabir Əhmədlinin “Ustad sözü” yazısı daxil edilib.

S.Əhmədli yazısında ədəbiyyatımıza olduqca maraqlı nəslin gəldiyini və bəzi imzaların onda maraq doğurduğunu qeyd edib: “Gənc yazarlar arasında elələri var ki, bircə cümləsindən müəllifinin istedadına şübhə yeri qoymur. Əlbəttə, hər şeyi istedadın ümidinə qoymaq olmaz, bu istedad gecə-gündüz bilmədən zəhmətlə qidalanmaladır ki, onun bətnindən qüsursuz ədəbi mətn ortaya çıxsın”. S. Əhmədli gənc yazarın hekayələrinin ona yaxşı təsir bağışladığını yazıb: “Kənanın dili çox səlis və rəvandır, hiss olunur ki, bu adam sözlə işləməkdə çətinlik çəkmir. Ortada mətn var və bu mətn deməyə əsas verir ki, adını çəkdiyim gəncin nəsr potensialı var, öz üzərində ciddi işləsə, gələcəyin seçilən yazıçılarından biri ola bilər”.

Nəşrə publisist Bilal Alarlının müəllifin yaradıcılığı haqqında fikir və düşüncələrini əks etdirən “Ölümün boz rəngi” məqaləsi də daxildir. Yazıda B.Alarlı Kənan Hacını “Publisist mundirində olan nasir” kimi xarakterizə edib: “Kənan Hacı doğrudan-doğruya nasirdir və onu böyük uğurlar gözləyir. Bir və ya bir neçə hekayə kifayət edir ki, tamına baxdığın sözün hansı qazanda və hansı “aşpazın” mətbəxində bişdiyini biləsən. Onun əsərlərində publisistikadan gəlmə təsirlər var. Publisistika Kənan Hacının gündəlik həyatıdır”.

Kitabda nasirin “Çəhrayı qan” povesti ilə yanaşı, “Quyu”, “Boz ilan” və “Xeyir-dua” hekayələri yer alıb.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.-  23 fevral.- S.7.