Musiqili Komediya Teatrında Yaradıcılıq
Studiyası fəaliyyətə
başlayıb
Bu barədə teatrın mətbuat xidmətindən
qəzetimizə verilən
məlumatda deyilir. Yaradıcılıq
Studiyası ölkə
prezidentinin “Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli 1964 nömrəli sərəncamına
və “Azərbaycan teatrı 2009-2019-cu illərdə
Dövlət Proqramı”na
uyğun olaraq yaradılıb. Studiyanın
yaranmasında əsas
məqsəd milli teatr mədəniyyətinin
təbliği, teatra kütləvi marağı
artırmaqla teatr sənətinə maraq göstərən, xoreqrafiya,
vokal, aktyorluq və musiqi ifaçılığı sahəsində
xüsusi bacarığı
olan, 6 yaşından başlayaraq, uşaqları
və istedadlı gəncləri teatra cəlb etməkdir.
Yaradıcılıq Studiyasının
təqdimat mərasimi
bu il
mart ayının 4-də olacaq.
Studiyanın teatr bölməsində
məşğul olan gənclər dramaturq Əmir Pəhləvanın
“İstədiyim yar idi...” komediyası ilə ilk addımlarını
atacaqlar. Rəqs bölməsində
məşğələlərdə iştirak edən azyaşlı uşaqlar və yeniyetmələr milli və klassik
rəqslərlə tamaşaçılar
qarşısına çıxacaqlar.
Studiyanın rəhbəri Əminə
Musayeva bizimlə söhbətində tanınmış
səhnə ustalarının
rəhbərliyi ilə
çalışacaq uşaqların
yaxın vaxtlarda daha böyük işlərlə tamaşaçıları
sevindirəcəklərini bildirdi.
Teatrın direktoru,
əməkdar incəsənət
xadimi Əliqismət Lalayevin sözlərinə
görə, musiqili teatr sənəti başqa səhnə janrlarından onunla fərqlənir ki, burada çalışan aktyorlar həm gözəl rəqs etməyi, həm oxumağı bacarmalı,
həm də yetərincə aktyorluq imkanlarına malik olmalıdır: “Amma çox təəssüf
ki, çox zaman ölkənin peşəkar musiqili teatrlarında buna nail ola bilmirik. Düşünürəm ki, bu uşaqlar
saydığım səhnə
vərdişlərinə lazımınca
yiyələnəcəklər. Səhnə sənətini özlərinə
peşə seçənlər,
ümidvarıq ki, ilk
öncə bizim teatra maraq göstərəcəklər.
Musiqini, rəqs və ifaçılığını xobbi kimi qəbul
edənlər isə səviyyəli tamaşaçı
olacaqlar. Bu gün teatrlarımızın
belə tamaşaçılara
böyük ehtiyacı
var. Qeyd edim ki, Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq
Studiyası həm də Mədəniyyət
və Turizm Nazirliyinin tövsiyəsi ilə yaradılıb.
Bu, 100 yaşlı teatrımıza, onun kollektivinə və daimi tamaşaçılarına
əvəzsiz hədiyyədir.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 23
fevral.-S.7.