Bədii ensiklopediya
Ədəbiyyatsevərlərin, dramnəfislərin, şairlərin, nasirlərin, rəssam və musiqiçilərin çoxusunun tanıyıb sevdiyi, hörmət bəslədiyi yazıçı-dramaturq Aqşin Babayev son kitabını “İşıqlı bir iz” adlandırıb. Avtoqraf yazıb mənə hədiyyə elədiyi kitabı alan kimi adətim üzrə son səhifələrinə göz gəzdirdim. “Borçalı” Nəşriyyat-poliqrafiya mərkəzi, baş direktor filankəs, sayı 500 və s. Sonra mündəricat gəlir. Səfər xatirələri, məqalə və müsahibələri istisna olmaqla 84 mədəniyyət, incəsənət xadimi haqqında portret-oçerklər. Hər birisi də öz adıyla. Məsələn, Mir Möhsün ağa, Heydər Əliyev, Niyazi, Leyla Bədirbəyli, Fikrət Sadıq, Türkan Şoray, Amaliya Pənahova, Osman Mirzəyev və başqaları. Daha sonra gəldim ilk səhifəsinə. Gördüm yazılıb: “Ömür dostum Müzəyyən xanıma ithaf edirəm”. Həmən öz-özümə sual verdim, görən niyə? Sonra özüm öz cavabımı verdim: ona görə ki, kitabda söz açdığı insanlar haqqında yazdıqlarını bir dam altında uzun illər ömür sürdüyü, acılı-şirinli günlər yaşadığı, bəlkə də yazdıqlarının ilk oxucusu olmuş ömür-gün yoldaşına həsr eləməyib də kimə ad edəcəkdi! Və bir neçə gün ərzində Aqşin müəllimin oxucusu (oxucuları) üçün açdığı “İşıqlı bir iz” ə düşüb istedadlı qələm əhlinin təqdim etdiyi qəhrəmanların daxili aləmləri, mənəvi mənzərəsiylə tanış olduqca bir daha hiss elədim ki, yazıçını bütün məqamlarda müşayiət edən, qəlbinin ritmini pozulmağa qoymayan qadınına həsr etdiyi kitabın əvvəlinə çıxardığı o bir cümlədəki “ithaf” sözünün işığı olub.
İşıqlı izlə gedə-gedə nələrin, kimlərin şahidi oldum? Əlbəttə, ən əvvəl insan mənzərələrinin, özü də adilərin, sıravilərin yox, sevilib-seçilənlərin, sənətkar özəlliyi ilə öndə gedənlərin. İndi bir növ dəbə minib bu sayaq, belə tərtibatda kitablar. Çoxlu adamın adına məqalələr, oçerklər, qondarma intervülər yığıb yerləşdirirlər allı-güllü, nəfis cilidlərin içərisinə, sponsor tapıb ötürürlər küçə-bazarın kitab köşklərinə. Sonra da özlərini verirlər kitabda şəkli getmiş, haqqında tostlar, təriflər yazılmış “yağlı” qəhrəmanların evinə, idarəsinə, ofisinə ki, bəs əliniz cibinizdə olsun, sizi el içində məşhurlaşdırmışam...
Aqşin Babayev peşəkar qələm ustasıdır, sözün yerini, qədərini, ölçüsünü bilir. Başlıcası isə səbatlıdır, ölkə vətəndaşının dövlətçilik duyğusuna, milli heysiyyət dərəcəsinə bələd olmasa onun barəsində qələm çalmaz. Bir də ki, A.Babayev həm də dramaturqdur, o qələmə aldığı qəhrəmanını həm də sırf xarakter, psixologiya baxımından sərf-nəzər edir, onun ən nümunəvi, yadda qalan xüsusiyyətlərini oxucu qənşərinə çıxarır, bunun üçün daha çox qəhrəmanının həyatda şahidi olduğu davranışına, xarakterik cəhətlərinə istinad edir. Məsələn o, ümummilli lider Heydər Əliyevin qeyri-adi yaddaşa malik olması, onun hədsiz diqqətcilliyi barədə belə yazır: “MK-nın bürosunda Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri öz məlumatında dedi ki, xarici verilişlərimizin dinlənilməsi çox zəifdir. Hesabatın sonunda isə qeyd edir ki, biz dünyanın 32 ölkəsindən məktub alırıq. Heydər Əliyev bu uyğunsuzluğu dərhal tutdu və sədrə dedi: “Bir tərəfdən deyirsiz eşidilmə zəifdir, o biri tərəfdən də fəxr eləyirsiz ki, dünyanın 32 ölkəsindən məktub alırsınız. Burda məntiq yoxdur axı. Bəlkə buna xarici verilişlərin başçısı cavab versin”.
Mən ayağa qalxıb izahat verdim ki, eşidilmə həqiqətən zəifdir. Aldığımız məktublar isə yüksək texniki imkanları olan radio həvəskarlarındandır. Heydər Əliyev gülümsündü və: “Onda sizin hesabatınızın redaktəyə ehtiyacı var. Gərək “32 ölkədən” sözlərindən sonra “radio həvəskarları” kəlmələrini yazaydınız ki, fikriniz məntiqli olaydı”.
Qəhrəmanın portret mükəmməlliyi üçün tapılmış uğurlu bir cizgidir, deyilmi. Və yaxud Aqşin müəllim dünyaca məşhur dirijorumuz, çoxlarının sərt, hirsli, amansız şəxs kimi tanıdığı maestro Niyazinin baməzəliyindən söhbət açanda xatırlayır: “Son vaxtlar yaman xəstəydi. Bununla belə radionun beşmərtəbəli binasının hündür pillələrini qalxar, əvvəlcə türk redaksiyasına gedib çay içər, sonra mənim yanıma gələrdi (o vaxt sədr müavini işləyirdim).
– Necəsiz,
maestro? – soruşdum.
– Ataxanın
iti kimi – cavab verdi.
Gülüşdük.
– Allah eləməsin,
maestro, o nə sözdür?
İzah etdi:
– Ataxan adlı bir qəssab
vardı. Səhər durub sallaqxanaya
gedirmiş. Malı
kəsib bazara aparar, qayıdarmış
arabasıyla.... Ataxanın qoca
bir iti də
varmış, hər gün ləhləyə-ləhləyə
Ataxanla bərabər gedib gələrmiş.
İndi mən özüm o gündəyəm. Qocalıq
axmaq şeymiş...
Ölümündən bir həftə əvvəl xəstəxanadan
radioya zəng vurdu. Acığını mənim üstümə tökdü:
– O nə
mahnılardı verirsiniz?
Üzeyirdən verin. Vaxtını da de mənə. Oldu? Sözümdən də incimə.
Bu onun dilindən eşitdiyim sön sözlər oldu”.
Bu da Niyazini acıdillikdə,
sərtlikdə günahlandıranların
cavabı.
Kitabın Arif Məlikova, Ələkbər
Tağıyevə, Eldəniz
Zeynalova, Ənvər Məmmədxanlıya, İsmayıl
Şıxlıya, Həmidə
Ömərova, Bəkir
Nəbiyev, Vasim Məmmədəliyev və
onlarla başqalarına
həsr olunmuş səhifələrində belə
məqamlar çoxdan
çoxdur. Əslində Aqşin müəllim
kitabını elə
bu sayaq məqamlar üzərində
qurub. Və “İşıqlı bir iz” kitabını oxuyanlar bu insanların
təkcə yaradıcılıqları,
sənət dünyamıza
gətirdikləri incilər
barədə yığcam,
aydın, fəxr ediləsi məlumatlarla deyil, həm də onların insani keyfiyyətləri, necə deyərlər, pərdəarxası xüsusiyyətləri
ilə də tanış ola
bilirlər.
Aqşin Babayev bir yaradıcı
kimi öz çiyinlərinə düşən
missiyanı dərindən
duyub dərk edən zəhmətkeş
qələm sahiblərindəndir. Həyatı bir jurnalist, yazıçı, pedaqoq,
ictimai xadim kimi müşahidə edib, şahidi olduqlarını kimsədən
gizlətmir, sənət
diliylə durmadan vəsf edir, yazdıqlarını xeyirxah
insan kimi gələcək nəsillərimizə
bağışlayır. Bağışlayır ki, bizdən
sonra gələnlər
hardan gəlib, hara getdiklərini, qanlarında, genlərində
kimlərin izini daşıdıqlarını unutmasınlar.
“İşıqlı bir iz”in üslubu çox sadədir, təm-təraqdan, bəzək-düzəkdən
uzaqdır. Oxucunu yormur, sözçülüyə
varmır, adlı-sanlı
sənətçi barəsində
təmkinlə, eyni zamanda daşdan keçən detalların
köməkliyi ilə
söhbət açır.
Kitabdakı portret-oçerkləri,
xatirələri oxuyanlar
şair Fikrət Sadığın həm də sərrast atmacalarından, Rəşid
Behbudovun səlis, qüsursuz müsahibə vermək bacarığından,
Ziya Bünyadovun əsəbi çıxışlarıyla
bahəm hədsiz mehribançılığından, Fikrət Əmirovun təkcə “Azərbaycan”
kəlməsindən necə
iftixar duyduğundan, gənc alim Nizaməddin Şəmsizadənin
həm tədqiq etdiyi sahəyə, həm də dostlara sədaqətindən
bəhs edən məqamlara rast gələcəklər.
Ümumiyyətlə təkcə
oxucu kimi deyil, həm də jurnalist kimi “İşıqlı bir iz” kitabı
ilə təmasımdan
bir nəticəyə
gəldim ki, bu miniatür sənədli hekayətlər
bir yazıçının,
sənət adamının
öz gücü, imkanları daxilində qələmə aldığı
bədii ensiklopediyadır.
Çoxları üçün, maraqlananlarınsa elliyi üçün şirincə
bir töhfədir.
Və kitab mədəniyyətimizdə
“İşıqlı bir
iz”in parlaq iz qoyacağına şübhəm yoxdur.
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2010.- 23 fevral.- S.6.