Qobustan bizdən qayğı gözləyir
Azərbaycan prezidenti
İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
ərazisində yerləşən tarixi və mədəni sərvətlərin
qorunması haqqında” 11 iyun 2007-ci il tarixli sərəncamında
Qobustanı, xalqımızın milli sərvəti, dünyada
bu tipli abidələrin ən zəngini adlandırıb, bu
abidələri qorumaq və daha dərindən tədqiq etmək
üçün konkret tapşırıqlar verib.
Mən bir ziyalı və Gəmiqaya-Qobustan rəsmlərinin tədqiqatçısı kimi, bu Sərəncamdan irəli gələn tapşırıqların-vəzifələrin yerinə yetirilməsinin ləngiməsindən narahatlıq hissi keçirirəm. Mən Qobustanda sonuncu dəfə 2009-cu ilin yayında oldum və müşahidələrim əsasında yəqin etdim ki, Prezident Sərəncamının icrasının əsas səbəblərindən biri Gəmiqaya-Qobustan rəsmlərinin oxunması və elmi sirrinin açılması məsələsinin hələ də gündəmə gətirilməməsidir. Hələ də nəzərə alınmır ki, Qobustan məhz rəsmlərinə görə Qobustandır. Bununla əlaqədar təkliflərimi “525-ci qəzet”in oxucularının nəzərinə çatdırıram:
Gəmiqaya-Qobustan abidələrinin tarixi-elmi və milli-bəşəri dəyərlərini üzə çıxarmaq və ulu öndər Heydər Əliyevin dediyi kimi, onu xalqımıza və dünyaya daha yüksək səviyyədə tanıtmaq üçün bu abidələrin öyrənilməsinə və təbliğinə kompleks şəkildə yeni elmi istiqamətdən başlanılsın;
1950-ci illərdə sovet elmi Qobustan qaya təsvirlərinə yanlış qiymət verib, bunları “mağara dövrü-yarımvəhşi insanların cızmaqaraları” hesab edib. Guya “Qobustan rəsmləri ibtidai insanların, ovçuların və çobanların heç bir məna güdmədən, asudə vaxtlarda çəkdikləri əl işləridir”. – Elmlə heç bir əlaqəsi olmayan bu uydurmanın rəsmi surətdə ləğv olunmasına ciddi ehtiyac var;
Nəzərə alınsın ki, Gəmiqaya və Qobustan rəsmləri eyni dövrdə yaradılan və eyni ideologiyanın – Tanrıçılığın Yaradılış fəlsəfəsinin daşıyıcısı olan vahid mədəniyyətdir. Qobustan bu mədəniyyətin yalnız bir qoludur; odur ki, Qobustan ayrılıqda deyil, Gəmiqaya ilə bir yerdə, kompleks şəkildə öyrənilməlidir.
Unudulur ki, iki Qobustan olub: 1-ci: Qobustan qayalarının ətrafında ibtidai insanlar mağara həyatını yaşayıblar və o dövrdə Qobustanda heç bir qayaüstü təsvir olmayıb; 2-ci: Gəmiqaya-Qobustan Mədəniyyəti dövrünün Qobustanıdır ki, qayaüstü təsvirlər də bu dövrdə meydana gəlib və inkişaf etmiş yüksək mədəniyyəti əks etdirib. Odur ki, mağara dövrü Qobustanı ilə inkişaf etmiş mədəniyyət dövrünün Qobustanını eyniləşdirmək olmaz. Nəzərə alınmalıdır ki, Gəmiqaya-Qobustan unikal-bənzəri olmayan abidələrdir. Onların özünəməxsus sistemini tapmaq və oxumaq bu sətirlərin müəllifinə, Şumer və Orxon-Yenisey yazılarının oxuması qədər çətin olub.
Gəmiqaya-Qobustan rəsmlərinin tarixi ardıcıllığı onların kompozisiya – məzmun bütövlüyünə tabe edilməli və 3 bölmədə qruplaşdırılmalıdır:
1. Ən qədim dövr.
2. Qədim dövr.
3. Son dövrlər.
Gəmiqaya-Qobustanda əsas tablolar – ən qədim və qədim eyni rəssamlar qrupu tərəfindən yaradılıb. Bu rəsmlərin yüksək sənətkarlıq səviyyəsi sübut edir ki, onlar heç bir halda “asudə vaxtlarda, heç bir məna güdülmədən” yaradıla bilməzdi.
Böyük səhvdir ki, Qobustandakı az qala hər tabloda – hər yazılı daşda 2, 3, 5, 7, 8... fiqurun hər biri ayrı dövrə, bəzən hətta ayrı “minilliyə” aid edilib. Məsələn, “mənası yoxdur” hökmü-uydurması ilə çox halda eyni tabloda “1-ci keçi – e.ə. VII minilliyə, 2-ci keçi – e.ə- VI minilliyə, 3-cü keçi – e.ə. V minilliyə, 4-cü keçi – e.ə. III minilliyə” və s. aid edilib. Bu cür məntiqsizliyə, uydurmaya elm “yox!” deməlidir.
Gəmiqaya-Qobustan təsvirlərinin estamp surətlərinin çıxarılmasına aydınlıq gəitirilməlidir. Hər estamp surət fotosurətin davamı kimi, foto surətlə yanaşı – ardıcıl təqdim edilməlidir. Bu elmi prinsip unudulduğuna görə böyük, fədakar alim İsaq Cəfərzdənin məşhur “Qobustan” kitabında (Bakı, 1973; 1999) cəmi 28 rəsmin foto surəti, 153 rəsmin isə yalnız estamp surətləri verilib. Eyni səhvlərə Gəmiqaya mövzulu kitablarda da yol verilib. Hər müəllif estamp surəti özü bildiyi kimi çəkir. Fikrimcə, gələcəkdə belə səhvlərin qarşısını almaq üçün qaya rəsmlərinin estamp surətlərinin çəkilməsinə nəzarət edən komissiya yaradılmalıdır;
Qobustanda 5 qayanın hamar səthində qədim yazıların – təsvirlərin üstündən 5 dildə “təzə məlumatlar” yazılıb:
I. 2000 il
əvvəl – Latın
dilində;
II. Orta əsrlərdə – fars dilində;
III-IV. 1950-ci ildə
– Azərbaycan və rus dillərində.
V. 1950-ci ildə
Böyükdaş dağında
29-cu daşın bir hissəsinin üstünə
iri dəmir lövhə vurulub, guya lövhə vurmağa yer tapılmayıb?! Lövhəyə
Azərbaycan, rus və ingilis dillərində “böyük
adam siluetinin e.ə VIII minilliyə, qayıq təsvirinin e.ə. VII minilliyə aid”
olduğu yazılıb.
1991-ci ildə kim isə həmin lövhəni çıxarıb
atıb və təsvirləri balta ilə çapıb tökərək məhv edib. Amma sözügedən
29-cu daşın, ora dəmir lövhə vurulmazdan əvvəl çəkilmiş foto surəti bu faciədən bizə qalan təsəllidir. Qayada çox hissəsi məhv edilmiş həmin təsvirlərdə Tanrının
və sərkərdənin
obrazları və başqa fiqurlar əks olunub. Qobustana vurulmuş yaraların hamısını
sadalamaq mümkün deyil. Qobustanda neçə yüz... yazılı daşın,
oradakı təsvirlərin
üzərində daşdoğrayan
alətlə sıra nömrələri yazılıb.
Bu da adi səhv deyil, əslində cinayətdir.
Gələcəkdə belə
səhvlərə yol
verilməsin deyə, hər yazılı daşın önündə
oradakı rəsmin adı və qısa məzmunu yazılmış lövhə
vurulsun. Yəni, lövhə daşdan kənarda olsun.
Qobustanda surəti
çıxarılmış 6000-dən çox rəsmin heç birinə ad verilməyib. O rəsmlərin
fotosurətləri tədqiqata
cəlb edilsin və yoxlanılsın: bu fotolar necə
çəkilib?
Eyni nigarançılıq
Gəmiqaya rəsmlərinin
də foto surətlərinə aiddir;
Azərbaycan Prezidenti
İlham Əliyevin 11
iyun 2007-ci il tarixli Sərəncamına
uyğun olaraq: Qobustanda “qadağan tablolar” (yazılı daşlar) seçilsin və konservasiya edilsin;
Qobustan Qoruğu
ərazisinə müxtəlif
istiqamətlərdən maşınların
daxil olmasına məhdudiyyət qoyulsun. Qaya təsvirləri ilə daha zəngin
olan Cingirdağ, Böyükdaş və Kiçikdaş dağları
ərazilərində nəqliyyatın
hərəkətini qadağan
edən yol işarələri qoyulmaqla
müəyyən məsafələrdə
dəmir çəpərlər
də çəkilsin;
Gəmiqaya-Qobustan rəsmlərinin
elmi bərpadan sonra böyüdülmüş
rəngli foto surətlərinin nümayişi
üçün Bakıda
və Naxçıvanda
daimi sərgi salonları yaradılsın;
Gəmiqaya-Qobustan Mədəniyyəti
mövzusunda:
– sənədli,
rəngli kinofilmlər
çəkilsin;
– rəngli
albom – kitablar, broşuralar, plakatlar buraxılsın;
– Televiziyada
daimi verilişlər təşkil edilsin;
– Bakıda
beynəlxalq Gəmiqaya-Qobustan
konfransı çağırılsın;
– Ölkədə
hər il Gəmiqaya-Qobustan günləri
keçirilsin;
Qobustan Dövlət
Tarixi-bədii Qoruğu
ərazisində yerləşən
qayaüstü təsvirlərə
müxtəlif səbəblərdən
dəymiş zərər
hesablansın;
qayaüstü təsvirlərin
yeni zərbələrə
məruz qalmasının
qarşısı alınsın;
Qoruğun ərazisindəki
tarixi və mədəni sərvətləri
əks etdirən xəritə hazırlansın;
Qoruğun ərazisində
yaşıllaşdırma və
yol çəkilişi
üçün komissiya
yaradılsın.
Hesab edirəm
ki, Gəmiqaya-Qobustan rəsmlərinin Azərbaycanın
qədim mədəniyyəti,
xalqımızın milli
yaddaşı kimi öyrənilməsi, elmi sirrinin açılması
dövlətçiliyimizə xidmətdir.
Son 200 ildə
Qobustan dəfələrlə
fəlakətlə üz-üzə,
köməksiz qalıb.
Yalnız 1969-cu ildə
ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə Qobustan məhv olmaq təhlükəsindən xilas
edilib.
Bununla yanaşı,
bir daha xatırladaq ki, Qobustan öz yazıları, təsvirləri
ilə Qobustandır.
Bu sətirlərin müəllifi
həmin yazıları
oxumaq, təsvirlərin
elmi sirrini açmaq imkanındadır.
Əjdər FƏRZƏLİ,
Filologiya elmləri namizədi
525-ci qəzet.- 2010.- 23 fevral.- S.7.