“Mənim doğma Vətənim” mövzulu foto müsabiqəsi elan olunub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi “Avropa: ümumi irs” layihəsi çərçivəsində gənclər arasında “Mənim doğma Vətənim” mövzusunda fotomüsabiqə keçirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, müsabiqədə 16-24 yaş həddində olan gənclər iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən gənclər Azərbaycanın mədəni irsini, tarixi abidələrini, milli-mənəvi dəyərlərini, təbii irs yerlərini əks etdirən rəngli və ya ağ-qara rəngdə fotoşəkillərin elektron versiyasını CD ya DVD formatında Təşkilat Komitəsinə təqdim etməlidirlər. Bununla yanaşı komitəyə müəllif haqqında informasiya – adı, soyadı, təvəllüd və şəxsiyyət vəsiqəsinin surəti də təqdim olunmalıdır. Fotolar Nazirliyin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunda qəbul edilir: “Fotomüsabiqədə qalib olan hər bir gənc Gənclər və İdman Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin təsis etdiyi fəxri diplomlar və qiymətli hədiyyələrlə, Avropa Şurası tərəfindən təsis edilən diplomlarla təltif ediləcək. Qalib gələn fotoşəkillər isə Beynəlxalq İrs Fotoqrafiya Təcrübəsi Müsabiqəsinin ümumi kataloqunda nəşr olunacaq”. S.Məmmədova vurğulayıb ki, nazirliyə təqdim olunan bütün fotolar müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq.
S.QARAYEVA
525-ci qəzet.- 2010.- 24 fevral.- S. 7.