İmam kimi adam

 

Akademik İmam Daşdəmir oğlu Mustafayevin 100 illiyinə

 

İş yerində sənədlərə baxarkən bağlı bir zərfə rast gəldim, üzərində rus dilində “Bakı, Maliyyə nazirinin müavini Mirzəyev Tofiq Mürsəl oğluna, Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya institutu – Mustafayev İ.D. 16 may 1990-cı il” yazılmışdı.

Mənə qəribə gəldi, axı İmam müəllimlə tez-tez zəngləşir və görüşürdük, zərfi o üz, bu üzə çevirib axır ki, açdım və üzlükdə Akademikin şəklini və 80 rəqəmini gördükdə rahatlandım. Dəvətnamədə yazılmışdı: “Hörmətli Mirzəyev T.M., Azərbaycan SSR Elmlər Akademiyası, Azərbaycan SSR Genetiklər və Seleksiyaçılar Cəmiyyəti, Azərbaycan SSR Elmlər Akademiyası Veteranlar Şurasının Rəyasət Heyəti, “Qayğı” Cəmiyyəti, Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya institutu Sizi görkəmli alim, genetik və seleksiyaçı Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor İmam Daşdəmir oğlu Mustafayevin anadan olmasının 80 illiyinə, elmi-pedaqoji və ictimai fəaliyyətinin 65 illiyinə həsr olunmuş yubiley yığıncağına dəvət edir”.

Rəsmi yubileyin 1990-cı il may ayının 18-də saat 16:00-da Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Bakı, Kommunist küçəsi 10) keçiriləcəyi bildirilmişdi.

Yubiley yığıncağında çıxış etmək qərarına gəldim və çıxış da etdim.

Borçalıya (indiki Marneuli rayonu) Böyük Bəylər kəndinə toya dəvət olunmuşdum. Kənd rayon mərkəzindən 5 km. cənubda Tbilisi-Yerevan yolundan 1 km. aralı sağ tərəfdə yerləşir. Radio və televiziyadan, mətbuatdan Akademikin 80 illiyinə, elmi pedaqoji və ictimai fəaliyyətinin 65 illiyinə həsr olunmuş yubiley yığıncağından məlumatlıydı kənd əhli, hadisədən ağızdolusu və fəxrlə danışırdılar, Azərbaycan xalqına, Azərbaycan Elmlər Akademiyasına və Azərbaycan hökumətinə razılıqlarını bildirirdilər ki, ləyaqətli olduğunu və ağsaqqalını layiqincə dəyərləndirdilər.

Söhbət əsnasında Vahid müəllim mənə danışdı ki, ona İsmayıl müəllim nəql edibmiş ki, Sov. İKP MK Tbilisidə tədbir keçirirmiş, ora respublikaların rəhbərləri dəvət olunubmuş. Tədbirdə İmam Mustafayev də iştirak edirmiş. Tbilisidən Yerevana gedən yolun kənarlarındakı tarlaları alaq otundan təmizləmişdilər, kəndin əhalisi də bu işə cəlb edilibmiş: “Əhval-ruhiyəli” iməclik imiş. Görünür, baxımsızlığın hiss edilməməsi üçün bu tədbir keçirilirmiş.

Günortadan keçibmiş, isti-günəşli havada onların bərabərliyində qara rəngli bir “Zim” markalı maşın dayanır və içərisindən 2 nəfər düşüb onları yanlarına çağırır. İsmayıl müəllim çatanda görür ki, İmam Mustafayev, bir də sürücüsüdür. Onları heç kim müşayiət etmirmiş. Görüşdükdən sonra Akademik deyib ki, Tbilisidə tədbirdə iştirakdan istifadə edib və belə qərara gəlib ki, Borçalını dairəvi yol uzunu maşınla keçsin və orada yaşayan azərbaycanlılarla görüşüb hal-əhval tutsun.

Bunu eşitdikdə İsmayıl müəllim iməclikdə iştirak edənlərin hamısını görüşə dəvət edir. Akademik çox sadə şəkildə Azərbaycanda görülən işlər barədə yığcam məlumat verir və əhalinin vəziyyəti, gürcülərin onlara münasibəti, problemləri barədə çoxsaylı suallarla yerli əhalinin fikrini demək olar ki, tam öyrənib, onlara uğurlar arzulayır. Yolda İsmayıl müəllimi saxlayır və deyir ki, çox istidir, ayran içək. Sürücü maşının soyuducusundan ayran olan iki kağız paketi gətirir. Onun bu paketi ilk dəfə gördüyünü hiss edən Akademik “Sizdə də belə ayran hazırlayırlarmı” sualını verir. Xeyr cavabını alanda “bu başqa texnologiyadır, susuzluğu kəsir, belə zavodunuz yoxdursa mənə müraciət edin, Sizə kömək edərəm” deyib xudahafizləşir...

Səhəri İsmayıl müəllim rayona gedir və söhbəti rəhbərliyə danışır. Bu məsələyə dərhal reaksiya verirlər və iki nəfəri də ona qoşub Bakıya göndərirlər, onlar mərkəzi Komitədə olurlar. İmam Mustafayev Borçalıda yağ-pendir zavodu qurdurur, ayran sexi işə başlayır...

Bu hadisəni borçalılar unutmurlar, “Akademik İmam Mustafayev millətini çox sevirdi, özü də təmənnasız, o bulaq suyutək saf idi” deyirlər.

1988-ci ilin oktyabrında (ikinci on günlüyündə) məlum hadisələrlə əlaqədar Xankəndinə ezam edilmişdim, azərbaycanlı ailələrin müvəqqəti Füzuli rayonuna köçdüklərini bildikdə ora getdim. İcraiyyə Komitəsində ailə başçıları ilə görüşdük, lazımi məsələləri götür-qoy etdik, gecədən xeyli keçmişdi, yorğun idim. RİK-in sədri mənə yaxınlaşıb, “bir az tənəffüs edək, Bakıdan yenicə gəlmişəm” dedi və ardınca “İmam Mustafayevi “Qayğı” Cəmiyyətinə sədr, sizi isə Tofiq müəllim təftiş komissiyasının sədri seçdik” deyib, məni təbrik etdi. Bu xəbər gəncliyimdə Akademik İmam Mustafayev barədə “Elm və həyat” jurnalında oxuduğum məqaləni yadıma saldı, orada onun geniş elmi fəaliyyəti ilə əlaqədar Qafqazı piyada qət etdiyi deyilirdi və getdiyi yol ekvatorun uzunluğu ilə müqayisə edilirdi. Özümdən asılı olmayaraq diksindim, sonra başa düşdüm ki, bu diksinmə zehnimdən cərəyan kimi keçən məsuliyyət hissi imiş. Bəli, respublikamızın hüdudlarından çox-çox kənarlarda tanınan müdrik ağsaqqalla bir yerdə elin qayğı burulğanına tab gətirmək və ona fayda vermək lazım idi...

Toplantılarda, görüşlərdə, iclaslarda İmam müəllimin həmişə torpağına, xalqına və onun hər bir övladına həssaslığını və ülvi məhəbbətini gördüm.

Yadımdadır, onun tapşırığı ilə rayon icraiyyə komitələrinə və yerlərdə “Qayğı” Cəmiyyətinin şöbələrinə məktub hazırlamalı idim. Bakıda ağır yanvar günləri idi. Zəng edib sənədin hazır olduğunu bildirdim və qəbuluna düşməyə razılığını aldım.

Həyəcanlı idim. İnstitutda birinci mərtəbədə – girəcəkdə hadisələr əks etdirən qanlı-qadalı günlərin foto stendi asılmışdı və aşağı hissəsinə tər gül dəstələri qoyulmuşdu. Şəhidlərin xatirəsini, Akademikin isə qeyrətini sükutla qəlbimdən keçirib onun iş otağına qalxdım və içəri girəndə elə bil məni kitablar aləminə və sakitliyə qərq etdilər.

Məktubu diqqətlə oxuyub imzaladı və məni çaya dəvət etdi. Görünür məktub xoşuna gəlmişdi. Bu müdrik insan olub keçənləri və yaranmış mürəkkəb prosesi mənimlə sadə tərzdə, ata-oğul kimi müzakirə etdi, çox qiymətli məsləhətlər verdi. Elə bil üstümdən yük götürüldü, düşündüm ki, belə oğul və ağsaqqalı yetirən xalq heç vaxt məğlub ola bilməz!

O, məsələlərin kamil araşdırıcısı və hadisələrin bilicisi idi.

Bu bilicilik adi bilicilik deyildi. Hələ 70-ci illərdə “Vokruq sveta” jurnalında belə bir yazıya rast gəlmişdim ki, Leninqrada elmi-tədqiqat institutlarından birində gənc sovet alim Çerenkov dörd divar arasında ilk dəfə olaraq qışı və gecəni qovmağın mümkün olduğunu elmi cəhətdən sübut edib. Bu sübutun elmi formulları göstərilirdi, sonra belə izahat verilirdi ki, ixtiradan 10-12 il sonra elmin inkişafı onu tətbiq etməyə imkan vermiş, lakin bunu etmək mümkün olmamışdı. Ona görə ki, insanlar arasında bu, fizioloji prosesi pozardı və kütləvi xəstəliklər əmələ gələrdi, planetimizdə torpağın hərarəti 2-2,5 dərəcə artardı – bu da şimalda buzlu okeanın əriməsinə səbəb olardı.

Bəs bu ixtiranın onda əzəmiyyəti nədədir? O kimə və nəyə gərəkdir? Sən demə, bu ixtira ilk dəfə olaraq sübut edib ki, insan zəkasının düşünmə qabiliyyəti sonsuzdur və deməli həll edilməyən məsələ də yoxdur. Bax burdaca mən Akademik İmam Mustafayev zəkasının düşünmə qabiliyyətinə qayıdıram və deyirəm ki, bu elmi ixtiranın təsviri məndə əvvəl xülya şəklində idisə, onunla bilavasitə tanışlıqdan sonra həyati gerçəklik oldu. Çünki Akademikin şəxsiyyətində mən həqiqətə inamın, xalqa məhəbbətin və torpağına bağlılığın çulğalaşmış sonsuzluğunu gördüm...

Qarabağ problemi və milli ədavət daha da qızışdırıldı, xalq cəbhəsi hakimiyyətə gəldi. Onlar xalqın yetkin intellektuallarını dövlətin idarə sistemindən uzaqlaşdırdılar, idarəçilik itdi və milli sərvətimiz talandı, respublikamız parçalanma təhlükəsilə üzləşdi, ziyalılar Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etdi, xalq bu tələbi dəstəklədi və onu prezident seçdi. Bütün bu mürəkkəb məsələlərdə Akademik İmam Mustafayevin rolu böyük idi.

...Yağışlı gün idi, Bilgəhdəki bağımdan yenicə evə qayıtmışdım. Telefon zəng çaldı. İmam müəllim idi. Məni iş yerinə dəvət etdi, onun kabineti elə bil təbiəti ağuşuna almışdı. Müxtəlif buğda növlərindən yığılmış xırda dərzlər, dünya miqyaslı tarixi şəxsiyyətlərlə İmam müəllimin bir yerdə çəkdirdiyi şəkillər, nadir kitablar və s. O, gəzişirdi, gördüm çox narahatdır, nə olub sualıma “al, oxu” deyib qəzeti verdi. Orada İmam müəllim barədə mənfi yazı dərc olunmuşdu, yazanın ad və famili də qeyd olunmuşdu. Dedim, siz bilirsiniz ki, mən respublikamızda hər sahəyə bələdəm, kadrları da tanıyıram, ancaq bu adam mənə tanış gəlmir, görünür bunu ya özü yazmaqla məşhurlaşmaq istəyir, ya da sifarişdi. Birinci haldısa ləyaqətli alimlərimiz ona layiqli cavab verəcəklər – narahatlığa dəyməz, ikinci haldısa sifarişçi ilə danışmaq lazımdır ki, bu məsələyə son qoyulsun. Akademik azca fikirləşdi və hökumət telefonunun dəstəyini qaldırıb o zamankı xarici işlər naziri Həsən Həsənova zəng vurub xahiş etdi ki, onu qəbul etsin. Razılaşdılar. Mənə müraciətlə “birlikdə gedək, sənin maşınında” dedi.

Xarici İşlər Nazirliyinə çatanda, birinci mərtəbədə nazirin tapşırığı ilə Akademiki artıq gözləyirdilər. Bizi qəbul otağına apardılar. Nazir özü qapını açıb onu içəri dəvət etdi. Biz əyləşdik, çay gətirdilər. İmam müəllim üzünü nazirə tutub “Tofiqi tanıyırsanmı” dedi. Cavabında isə kim onu tanımır ki, “sözlərini eşitdik. Hər üçümüz güldük. “Lap yaxşı” deyib İman müəllim sözlə başladı. “Həsən mən iki məsələ üçün sənin yanına gəlmişəm”, pauzada “buyurun” cavabını alan Akademik davam edib bildirdi ki, son zamanlar qəzetlərdə ona qarşı iftira xarakterli yazılar kampaniyası başlanıb, qəzeti gətirmişəm və verirəm sənə, xahiş edirəm ki, bu məsələni araşdırıb qarşısını alasız. Nazir “Arxayın olun İman Daşdəmir oğlu” deyib, qəzeti götürdü. Sonra ümumi vəziyyət barədə fikir mübadiləsi etdilər. Söhbəti yekunlaşdırmaq istəyən İmam müəllim nazirə “ikinci məsələnin nədən ibarət olduğunu niyə soruşmursan” dedi. Həsən Həsənov isə təmkinlə və gülümsəyərək “bilirəm ki, özünüz deyəcəksiniz” cavabını verdi”. Həsən respublikanın maliyyəsi, iqtisadiyyatı ağır vəziyyətdədir, onu qaldırmağa kömək etmək üçün professionallar lazımdır. Budur Tofiq Mirzəyev, Maliyyə Nazirliyi nəyə görə ona tapşırılmır? Axı, o, respublikaya gərəkli adamdır, mütəxəssisdir. Bu sözlərimi xahiş edirəm Heydər Əliyevə çatdırasan” deyib bu müdrik insan susdu. Mən çox pis vəziyyətə düşdüm və istədim ki, söhbətə qarışam və deyəm: “Bilsəm ikinci məsələniz mənə aiddir, hörmətli Akademik, heç vaxt sizinlə birlikdə bura gəlməzdim”. O bunu sezib əli ilə mənə sakit dayanmağı işarə etdi. Həsən Həsənov cavabında dedi ki, mən bu xahişinizi yerinə yetirməyəcəyəm, çünki kadr məsələlərini mən həll etmirəım və o işə qarışmaq səlahiyyətində deyildi. “Nə olar, onda Tofiqə öz yanında iş ver” deyən İman müəllimə – nazir “Tofiqə layiq mənim işim yoxdur” dedi.

Mənə elə gəlirdi ki, günlər heç keçmir, vaxt uzanırdı. Dövlət strukturunda xidmət etmək üçün dəvət olunmurdum. Bunu sezən Akademik İmam Mustafayev “Qayğı” Cəmiyyətinin Rəyasət Heyəti iclasından sonra “səni gözləyəcəyəm, mənə dəy” dedi.

İmam müəllimlə iş otağında beynəlxalq vəziyyət, respublikamızın daxili vəziyyəti barədə fikir mübadiləsi etdik, yabanı bitkilərin adbaad müalicəvi keyfiyyətini gözəl bilən Akademik İmam Mustafayev “çiçəklərdən dəmlənmiş çaya səni qonaq edəcəm” dedi və diqqətlə üzümə baxıb “məndən gizlətmə, sirr nədir ki, səni heç yerə dəvət etmirlər” sualını verdi. Gülümsündüm. Özümün və mənə yaxın olanların təqsiri üzündən baş vermiş bir hadisəni ona danışdım. Məni diqqətlə dinlədi, sonra ayağa qalxıb otağında gəzişdi, təmkinlə danışmağa başladı. “Respublikamızın rəhbəri vəzifəsində işlərkən, o zamankı Sovetlər ölkəsinin başçısı N.S.Xruşşov ərzaq qıtlığı ilə əlaqədar respublikaların rəhbərlərini Moskvaya çağırmışdı. İclasda yersiz bir şəkildə məni millətçi kimi qələmə verdi. Söz alıb bildirdim ki, Sizi düzgün başa salmayıblar, səhv deyirsiniz. Xruşşov təcili Siyasi Büronu çağırdı və mənə müraciətlə “necə olur ki, SSRİ aclıq çəkdiyi vaxtda Azərbaycan xalqı yaxşı dolanır?” dedi. Cavab verdim ki, lap çətin şəraitdə də Azərbaycan ac qalmayacaq. Ona görə ki, dünyanın 11 iqlim qurşağının 9-u bu torpaqdan keçir. Sonra Xruşşov məni yenidən qıcıqlandırdı:

“Onu da etiraf edin ki, Sizin xalq at ilə, eşşək ilə alver edir”.

Mən isə öz növbəmdə qeyd etdim:

“Lakin, onu demək lazımdır ki, bizdə olan eşşək arabalarını, at faytonlarını sürənlər ruslardır”.

Xruşşov dözmədi və dedi:

“Bir görün mən kim ilə işləyirəm”.

Ona cavab verməli oldum:

“Mənimlə işləmək istəmirsinizsə, mən dünəndən sizinlə işləmək istəmirəm”. “Sizə vəzifədən getmək necə təsir etdi” sualıma, “heç cürə, sadəcə olaraq baş verənləri unutdum, sevdiyim işlə məşğul olmağı davam etdirdim” deyə cavab verdi və “qoy çayımızı təzələsinlər sənə bir rəvayət də danışacağam” dedi. Rəvayəti belə idi:

“Bir məşhur tarzən varmış, hər səhər bağındakı quyunun başında oturub həzin-həzin tar çalarmış. İfa qurtardıqda quyudan bir gürzə qalxarmış və ağzından tarzənə bir qızıl atarmış. Vaxt keçir tarzən bu minvalla var-dövlət sahibi olur, həccə getmək qərarına gəlir. Hazırlaşır – ailənin də ehtiyacını təmin edir. Getməzdən qabaq oğluna tar çalmağı öyrədir, ona sirrini açır və deyir ki, hər səhər mənim kimi elə, mən qayıdanadək ailə dolanar. Ata həccə yola düşür, oğul isə iki gün atanın dediyinə əməl edir və belə qənaətə gəlir ki, quyudakı sərvətə sahib olmaq üçün ilanı öldürsün. Quyunun yanına bir bel qoyur və səhər başlayır tarı çalmağa, qurtaranda ilan quyudan çıxır və qızılı oğlana tərəf atanda əlindəki bellə ilanı vurur, onun quyruğu kəsilir. İlan isə dönüb oğlanı vurur, onu xilas edə bilmirlər.

Ata qayıdır, əhvalatı ona danışırlar. Bir neçə gündən sonra ata quyunun yanında yenə də tar çalmağa başlayır. Ancaq o tarı ağlaya-ağlaya çalırmış, qurtardıqda ilan da adəti üzrə çıxır, qızılı atır və deyir ki, ey tarzən, görürəm ağlayırsan, bir də gəlib burada tar çalma. Çünki sənin yadına oğlun, mənim yadıma quyruğum düşür.

Oğlum, Tofiq, bu məsələni unut və tarixin hökmünə ver deməklə, mənə hikmətamiz məsləhət verdi Akademik.

Allah ona qəni-qəni rəhmət eləsin.

Keçmişi mən də unutdum, Milli Aviasiya Akademiyasında mühazirələr oxumağa başladım, ixtisasım üzrə fənn proqramlarının, metodiki göstərişlərin və Ali məktəb tələbələri üçün dərsliklərin müəllifi oldum.

Bu gün qeyd etdiyimiz 100 il Akademik İman Mustafayevin yaşının formal ifadəsidir. Xalqımız nə qədər yaşayacaqsa onun yaşı da bir o qədər olacaq...

Bilirəm ki, o, çox zəngin elmi, siyasi, ictimai və fəlsəfi irs yaradıb. Heç şübhəm yoxdur ki, qədirbilən xalqımızın ziyalı oğlu və qızları bu zəngin irsi tədqiq edəcəklər.

 

 

Tofiq MİRZƏYEV

 

525-ci qəzet.- 2010.- 24 fevral.- S. 4.