Mədəniyyətlərin
çarpazlaşması
Bu gün Azərbaycan
musiqisi dünya mədəni məkanına sürətlə
inteqrasiya edir.
Həmin prosesdə önəmli rol oynayan istedadlı
musiqiçilərimizdən biri də tanınmış bəstəkar,
pianoçu, dirijor, respublikanın xalq artisti, “Şöhrət”
ordenli, “Dünyanın artisti” (YUNESKO, 2007) fəxri
adının sahibi, professor Firəngiz Əlizadədir. Onun
musiqisi artıq otuz ilə yaxındır ki, dünyanın
müxtəlif qitələrində Mstislav Rostropoviç,
Yo-Yo Ma, Evelin Qlenni, İvan Monigetti, Yulius Berger kimi dünya şöhrətli
musiqiçilər tərəfindən ifa olunub və olunur. Bu möhtəşəm
musiqi Kronos Quarttet (San-Fransisko), Niew Ensemble (Amsterdam), London
Filarmonik orkestri, Berliner Philarmoniker (Berlin) və digər
tanınmış kollektivlərin repertuarına daxildir. F.Əlizadə bu gün dünyada musiqisi ən
çox ifa olunan müasir bəstəkarlar cərgəsindədir.
Yalnız bircə faktı xatırlatmaq kifayətdir ki, bəstəkarın
“Muğamsayağı” əsərini səkkiz il
ərzində məşhur “Kronos” kvartetinin ifasında bir
milyondan artıq insan dinləmişdir.
Azərbaycan bəstəkarının
musiqisinin beynəlxalq miqyasda tanınması məşhur həmyerlimiz
M.Rostropoviçin sözlərində də öz obyektiv ifadəsini
tapır: “Firəngiz Əlizadə böyük istedada malik
olan, dünya miqyasında tanınan, yüksək reytinqlər
qazanan bəstəkarlardandır”.
Firəngiz Əlizadənin
yaradıcılığı öz milliliyi ilə
seçilir.
O, yaratdığı əsərlərdə daha çox xalq
musiqisinin qədim avazlarından qaynaqlanır. Bəlkə
də bu səbəbdəndir ki, onun
yaradıcılığı bir çox xarici ölkələrdə
böyük maraqla qarşılanır və özünə
geniş auditoriya toplaya bilir. Məşhur
alman naşiri, doktor Hans Sikorski F.Əlizadəni “müsəlman
dünyasının Qərbdə müasir klassik musiqi sahəsində
böyük uğurlar qazanmış yeganə qadın
nümayəndəsi” adlandırmışdır.
F.Əlizadənin
bir bəstəkar kimi şöhrətinin əsas səbəblərindən
birini də, fikrimcə, onun yaradıcılığında
tamamilə yeni sintez səviyyəsində qurulan Şərq və
Qərb təfəkkür tərzlərinin, musiqi ənənələrinin
çarpazlaşdırılmasında axtarmaq lazımdır. Bu baxımdan
təsadüfi deyil ki, 2009-cu ilin sonunda işıq üzü
görmüş və F.Əlizadəyə həsr olunmuş
kitab “Şərq və Qərbin triumfal
çarpazlaşmaları” adlanır. Əslində “F.Əlizadə
fenomeni”nin gerçəkləşməsində
intellektual məkanda nəzərə çarpan bir çox
çarpazlaşmaların önəmli rolu olmuşdur. Bəstəkar yaradıcılığının
özünəməxsusluğu da məhz muğamla
çağdaş bəstəkarlıq texnikasının, ənənə
ilə müasirliyin, milli arxetiplərlə dünya bədii rəmzlərinin
orijinal çarpazlaşmasından irəli gəlir. Bu çarpazlaşmalardan isə dioloq yaranır.
Şərq və Qərbin dialoqu... Ü.Hacıbəyli tərəfindən
təməli qoyulmuş, sonralar dahiyanə şəkildə
Q.Qarayevin davam etdirdiyi bu dialoqu hal-hazırda tamamilə yeni
tarixi şəraitdə o məktəbin təmsilçiləri,
o cümlədən F.Əlizadə inkişaf etdirir.
Musiqişünas
Qreq Dubinskinin qeyd etdiyi kimi, “Yer kürəsinin müxtəlif
guşələrində mədəniyyətlərin,
sivilizasiyaların müxtəlifliyi şəraitində Firəngiz
Əlizadənin əsərləri birlik, sülh rəmzləri
kimi çıxış edir. O, Azərbaycan musiqisinə və
tarixinə xas olan Şərqlə Qərb cinahlarını
sintezləşdirərək nadir musiqi dünyası yarada
bilmişdir”. Firəngiz xanımın bu “nadir
musiqi dünyasının” bütün müasirliyinə, bəstəkarlıq
texnikasının ən son nailiyyətlərinə malik
olmasına baxmayaraq, onun ilkin təkanı, əsas mənbəyi
şifahi ənənəli Azərbaycan musiqisi, daha geniş
desək, Azərbaycan mədəniyyətidir. Səciyyəvi
haldır ki, hətta F.Əlizadənin əsərlərinin
adları belə Azərbaycan milli təfəkkür tərzi
mədəniyyəti ilə bağlı sözlər-rəmzlərdir:
“Yanardağ”, “Ağ atlı haqqında əfsanə”,
“Qarabağnamə” və s. Düşünürəm ki, F.Əlizadənin
əsas yaradıcılıq qayəsi – ona şöhrət gətirən
ilk əsərlərindən biri olan “Habilsayağı”dan
başlamış Alim Qasımovun iştirakını nəzərdə
tutan “Dərviş”ə qədər – Azərbaycan
muğamının dərin qatlarına sirayət etməklə,
onun bədii kodunun açılması ilə
bağlıdır. Bu baxımdan Firəngiz
xanımın ulu muğamlarımızın tamamilə yeni tərzdə
təfsiri, onları yeni kontekstdən səsləndirməsi
maraqlı, gözlənilməz çarpazlaşmalar, orijinal
illüziyalar yaradır. F.Əlizadə
yaradıcılığının məhz bu özəllikləri
dünyanın məşhur musiqiçilərindən biri olan
Yo Yo Manı özünə cəlb etmiş və o, Azərbaycan
bəstəkarına mədəniyyətlərin dialoqunu təmsil
edən “İpək yolu” beynəlxalq layihəsi
üçün əsər yazmağı təklif
etmişdir. F.Əlizadə bu layihə
üçün gözəl əsərlər yazaraq Yo Yo
Manın təbirincə, “bir daha mədəniyyətlərin
qarşılıqlı təsirinə marağını
nümayiş etdirdi”. “İpək yolu” layihəsi çərçivəsində
səslənən hind raqası, özbək şaşmakomu,
İran dəstgahı, Çin və yapon musiqisi ilə
yanaşı, F.Əlizadənin əsərlərində
aktuallaşan Azərbaycan muğamı da növbəti dəfə
özünün potensial imkanlarını nümayiş etdirərək
müasir musiqi ifadə vasitələri ilə
uzlaşmasının mümkünlüyünü sübut
etdi.
“Çarpazlaşmalar”
kitabında Firəngiz xanımın yaradıcılıq
yolunun ayrı-ayrı məqamları, dünya musiqi məkanında
nailiyyətlərini əks etdirən çoxsaylı məqalələr,
müsahibələr, materiallar toplanmışdır. Onlarla
tanışlıq “istedadlı insanların hərtərəfli
vergiyə malik olması” fikrinin doğruluğunu bir daha təsdiq
edir. Bu kitabın oxunuşu zamanı F.Əlizadənin
yaradıcılıq portretinin bütün cizgiləri sanki
gözlərimiz önündə canlanır. Kitabda o,
istedadlı pianoçu, klassik əsərlər dirijoru, Azərbaycan
Bəstəkarlar İttifaqının sədri vəzifəsində
çalışan, dünyanın bir çox
tanınmış universitet və elmi mərkəzlərində
Azərbaycan musiqisini təbliğ edən mühazirəçi
və tədqiqatçı kimi təqdim olunmuşdur.
Kitaba daxil edilən məqalələrlə
tanışlıq bizə belə bir fikir yürütməyə
əsas verir ki, F.Əlizadə musiqiçi olmasaydı, yəqin
ki, məşhur nəzəriyyəçi-alim, publisist ola bilərdi. Onun analitik düşüncə
tərzini, geniş erudisiyasını, bənzərsiz bədii
təfəkkürünü əks etdirən “Muğam sənəti
dünya musiqisi kontekstində” məqaləsini muğamın
mahiyyətinin açılması baxımından müasir
dövrün ən dəyərli, mükəmməl tədqiqat
əsərlərdən biri hesab etmək olar.
“Çarpazlaşmalar”
kitabına daxil olan, müxtəlif illərə məxsus
tarixi sənədlər yalnız F.Əlizadənin
yaradıcılıq yolunu deyil, ümumiyyətlə XX əsrin
sonu – XXI əsrin əvvəllərində Azərbaycanın
musiqi mənzərəsini işıqlandırmaq
üçün dəyərli mənbədir. Buradan bir daha
aydın olur ki, ölməz Üzeyir Hacıbəyli tərəfindən
çox çətin tarixi şəraitdə
başlanğıcı qoyulan
Şərq ilə Qərbin musiqi dialoqu bu gün də
davam edir. Bu çarpazlaşmanın ən
parlaq məqamlarından biri məhz həmyerlimiz Firəngiz Əlizadənin
yaradıcılığı ilə bağlıdır.
Timuçin ƏFƏNDİYEV
professor
525-ci qəzet.- 2010.- 25 fevral.- S.7.