Azərbaycanlı dirijor məşhur “Karnegi holl”un səhnəsində
ƏYYUB QULİYEV NYU-YORKDAKI MÖHTƏŞƏM
KONSERT SALONUNDA “OLİMPİYA” ORKESTRİNƏ
DİRİJORLUQ EDİB
Nyu-Yorkdakı “Karnegi holl” konsert
salonunda (“Carnegie Hall”) çıxış
etmək hər bir musiqiçi üçün böyük
müvəffəqiyyət sayılır. Burada keçirilən
konsertlərin iştirakçıları
yaradıcılıq yolunda
önəmli bir uğura imza atmış olurlar. Belə bir nailiyyət bugünlərdə Azərbaycan
musiqiçisinin də
payına düşüb.
Fevralın 24-də “Karnegi holl” kimi
nüfuzlu bir salonda istedadlı gənc dirijor, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevin konserti keçirilib. Dirijor verdiyi açıqlamada bildirilir ki, həmin axşam o, “Karnegi holl”da Nyu-Yorkun “Olimpiya“ Simfonik Orkestrinə
dirijorluq edib. Konsert məşhur “Kolumbiya” agentliyi və Sankt-Peterburqun “Musiqi Olimpi” Fondu tərəfindən
təşkil olunub.
“6 parlayan ulduz” adlanan qala-konsertdə Əyyub Quliyevlə bərabər beynəlxalq
müsabiqələrin qalibləri
– Şitvan Varday (violonçel – Macarıstan),
Jesiq Li (tenor – Koreya Respublikası), Fenq Ninq (skripka – Çin), Yuliya Novikova (soprano – Rusiya) və Yohannes Fiəer (zərb alətləri – Almaniya) iştirak ediblər. Konsertin
proqramında Motsart,
Verdi, Puççini, Maskanyi,
Delib və Rimski-Korsakovun operalarından
ariyalar, parçalar, həmçinin, Ştraus,
Ravel, Çaykovski və
Massnenin müxtəlif
janrlarda yazılmış
simfonik, instrumental əsərləri
yer alıb.
Qeyd etmək yerinə düşər ki, Əyyub Quliyev “Karnegi holl” salonunda
çıxış edən
ilk azərbaycanlı dirijordur. Həmin məşhur
salon 1891-ci ildə istifadəyə
verilib və onun səhnəsində
ilk çıxışın dahi bəstəkar Pyotr İliç Çaykovskinin adıyla bağlı olması da çox əlamətdar
bir məqamdır.
Solmaz ASLANOVA
525-ci qəzet.- 2010.- 26 fevral.- S. 7.