“Muğam axşamları”na start verilib
“Şirvanşahlar Sarayı
Kompleksi” Dövlət
Tarix-Memarlıq Qoruq-Muzeyində
“Muğam axşamları”
adlı yeni layihənin açılışı
olub. Layihə “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
təşkilati və
informasiya dəstəyi
ilə həyata keçirilir. İyirmi həftə
ardıcıl təşkil
olunacaq “Muğam axşamları”ndan ibarət
silsilədə gənc
xanəndələr bir-birindən
maraqlı konsert proqramları ilə çıxış edəcəklər.
“Muğam
axşamları”nın açılış
mərasimində çıxış
edən mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
rəisinin müavini Samir Nuriyev və
Açıq Cəmiyyət
İnstitutu-Yardım Fondunun
incəsənət və
mədəniyyət proqramlarının
əlaqələndiricisi Cahangir
Səlimxanov son illər
Azərbaycanda muğam
sənətinin inkişafı
və təbliği ilə bağlı görülmüş işlərdən,
həyata keçirilən
mühüm layihələrdən
söz açıblar:
“Bu layihə 2007-2008-ci illərdə
YUNESKO-nun, respublikamızın Mədəniyyət və
Turizm Nazirliyinin, Yaponiya hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan
Milli Komitəsi tərəfindən icra olunan “Əbədi muğam“ layihəsi çərçivəsində “Şirvanşahlar Sarayı
Kompleksi”ndə keçirilən
həftəlik muğam
konsertləri silsiləsinin
davamıdır”. Çıxış
edənlər Azərbaycan
musiqisinin, eləcə
də muğamlarımızın
dünyada tanıdılması,
tədqiqi və təbliği istiqamətində
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın gördüyü məqsədyönlü
işləri xüsusi
qeyd ediblər: “İçərişəhər və muğam YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmiş dəyərlərdir. Bu mənada keçirilən
muğam axşamları
həm musiqisevərlər,
həm də Azərbaycanın tarixi ilə maraqlananlar üçün dəyərli
töhfədir”.
Açıq Cəmiyyət İnstitutu-Yardım
Fondu və “Mugamradio” internet radiokanalının
təşkilati dəstək
verdikləri konsertlər
silsiləsi xanəndə
Ehtiram Hüseynovun ifasında “Rast” muğamı ilə başlayıb. Onu Elşən və
Malik Mansurovlar müşayiət ediblər.
SARA
525-ci qəzet.- 2010.- 26 fevral.- S. 7.