“Ürək deyir, yaşa hələ...”
USTAD XANƏNDƏLƏR ƏLİBABA
MƏMMƏDOV VƏ AĞAXAN ABDULLAYEVİN YUBİLEYLƏRİ
BİRGƏ ÇALIŞDIQLARI MUSİQİ TƏHSİLİ
OCAĞINDA QEYD EDİLİB
Bülbül adına orta ixtisas musiqi məktəbində görkəmli xanəndələr Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin üzvü Ziyad Səmədzadə, ölkənin görkəmli ziyalıları, muğam ustaları, bəstəkarlar iştirak ediblər.
Məktəbin direktoru Nigar Əsgərova bildirib ki, böyük bir dühanın adını daşıyan bu məktəbdə çox mahir musiqiçilər, bəstəkar, xanəndələr yetişib. Onun sözlərinə görə, orta ixtisas musiqi məktəbinin başlıca vəzifələri ölkədə musiqi istedadı olan uşaqları aşkara çıxarmaq, onlara müasir tələblərə cavab verən yüksək peşə bilikləri almaq üçün əlverişli şərait yaratmaqdır. Bununla yanaşı tədris planını və proqramlarını daim təkmilləşdirmək yolu ilə şagirdlərin nəzəri və peşə hazırlığında fundamental elmlərin əhəmiyyətinin yüksəldilməsini, incəsənət və mədəniyyət sahəsində elmi-metodiki nailiyyətlərin daha dolğun şəkildə əks etdirilməsini təmin etməkdir. N.Əsgərova vurğulayıb ki, orta ixtisas musiqi məktəbində muğam ustaları Əlibaba Məmmədov və Ağaxan Abdullayev Azərbaycanın muğam sənətinin inkişafı, xalq musiqisinin zənginləşməsi, muğamın tədrisi sahəsində misilsiz xidmətlər göstəriblər. Hər iki sənətkarın əməyi prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, prezidentin sərəncamları ilə xalq artisti Əlibaba Məmmədov “İstiqlal”, Ağaxan Abdullayev isə “Şöhrət” ordenləri ilə təltif ediliblər. Azərbaycan muğamının artıq beynəlxalq status qazandığını vurğulayan direktor bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olduğunu deyib.
Təhsil naziri Misir Mərdanov bildirib ki, yubileyləri qeyd edilən Əlibaba Məmmədov və Ağaxan Abdullayev müəllim kimi də olduqca uğurla fəaliyyət göstərirlər. Odur ki, onlar həm yaxşı sənətkar, həm də professional müəllim kimi sevilirlər. Əlibaba Məmmədovu 30 ildən çoxdur tanıdığını bildirən nazir qeyd edib ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onun fəaliyyətini daim izləyir. Azərbaycanda insanların əməyinin vaxtında dəyərləndirilməsi və layiqincə qiymətləndirilməsi ənənəsinin formalaşmasının rəğbətlə qarşılandığını deyən təhsil naziri prezident İlham Əliyev tərəfindən hər iki sənətkarın təltif olunmasını bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi qəbul edildiyini vurğulayıb.
M.Mərdanov əlavə edib ki, təməli Üzeyir Hacıbəyov tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi Azərbaycanda unikal tədris sisteminə malik təhsil ocağıdır. 20-ci illərin sonlarında yaranan musiqi məktəbi özünün hazırkı statusunu alana qədər uzun bir yol keçib: “Məktəbdə “Azərbaycan dili və ədəbiyyatı”, “Azərbaycan musiqisinin əsasları” və “Azərbaycan xalq yaradıcılığı” fənləri tədris edilir. Xor dirijorluğu və bəstəkarlıq fakültətiv dərsləri tam ixtisas fənləri kimi tədrisə salınıb. Məktəbdə 1995-ci ildə xor kollektivi, 1996-cı ildə xalq çalğı alətləri orkestri, 1997-ci ildə simfonik orkestr yaradılıb. Şagirdlər ilə “ustalıq dərsləri” keçmək üçün Amerikadan, Rusiyadan tanınmış ifaçılar, sənətkarlar, professorlar, xarici incəsənət nümayəndələri gəlir, tədrisin keyfiyyəti haqda müsbət rəylərini bildirirlər. Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələn dünya şöhrətli Mstislav Rastropoviç və Bela Davidoviçin apardıqları ustad dərsləri xüsusilə səmərəli keçib, müəllim və şagirdlərin yaddaşında silinməz izlər buraxıb”.
Tədbirdə Azər Rzayev, Arif Babayev, Arif Qazıyev kimi tanınmış sənət adamları, millət vəkili Ziyad Səmədzadə, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı və başqaları da çıxış edərək yubilyarlar haqqında ürək sözlərini deyiblər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 26 fevral.- S. 7.