İrəvanskilər
Naxçıvanda: 1918-20-ci illər
Naxçıvan və İrəvan xanlıqlarının dostluqlarının bünövrəsi çox qədimdir. Hər ikisi oğuz türklərinin vətənidir. Tarixi mənbələrdə bu iki qədim diyarın həmişə Azərbaycanın ümumi inkişaf aləmi ilə həmahəng olduğu haqda məlumatlar var. 1679-cu il iyunun 4-də İrəvanda olan güclü zəlzələ nəticəsində şəhərdən bir əsər-əlamət qalmamışdı. Əylisli Zəkəriyyənin yazdıqlarından məlum olur ki, Azərbaycanın hər yerindən İrəvana köməyə gəlmişdilər. Köməyə gələnlərin çoxluğundan tərpənməyə yer yox idi. Naxçıvandan Məhəmməd xan böyük bir dəstə gətirmişdi. Məhəmməd xan Kəngərli həmin vaxtlar Naxçıvanın hakimi idi. Sonralar onun oğlu Mürtəzaqulu xan Naxçıvana hakimlik etmişdi. 1747-ci ildə Mürtəzaqulu xanın oğlu Heydərqulu xan müstəqil Naxçıvan xanlığını yaratmışdı. Tarixi qaynaqlara görə, ötüb gedən bu yüzilliklərdə Naxçıvanın və İrəvanın dostluqları yaxın qohumluğa çevrilmişdi. Xanlıqlar dövründə hər iki xanlığın diplomatiyası əsasən üst-üstə düşürdü. Çünki 1787-ci ildən Naxçıvan xanlığında hakimiyyətə gələn I Kalbalı xan İrəvan xanları ilə yaxın qohum olmaqla yanaşı, həm də uzaqgörən və cəsarətli sərkərdə idi. Tarixdən çox faktları sadalamaq olar. Amma biz yalnız birini yada salmaq istərdik. I Kalbalı xan Naxçıvandan sürgün edildikdən sonra İrəvanda qaynı Məhəmməd xan Hüseynəli xan oğlu Qacarın yanında yaşayırdı. Rusiya arxivlərindəki sənədlərə əsaslanıb deyə bilərik ki, əslində o, İrəvan xanlığını idarə edirdi. 1804-cü ildə general-leytenant P.D.Sisianov (Sisiaşvili) yayda İrəvan qalasına hücum edir. İki ay, yəni iyulun 4-dən sentyabrın 4-nə qədər İrəvanı mühasirədə saxlayır. Amma qalanı tuta bilməyib məğlub olur və Tiflisə qayıdır. Tiflisdən rus çarına yazdığı bir məktub I Kalbalı xanın nə qədər güclü bir sərkərdə olmasını önə çəkir. P.D.Sisianov yazır: “Özümə baxanda ürəyim ağrıyır. Mənim 30 illik xidmətim ərzində ilk dəfədir ki, (rus ordusunun tarixində isə ikinci generalam) mühasirəyə alınmış şəhəri fəth etmədən qoşunları geri çəkdim”.
I Kalbalı xan 1808-ci ildə Naxçıvanın hakimi olduğu zaman da İrəvana köməyini əsirgəmədi. Həmin ilin 25 sentyabrında general-feldmarşal İ.Qudoviç 8 minlik qoşunla yenidən İrəvana hücum edir. Qraf İvan Vasilyeviç Qudoviç (1741-1820) 30 illik təcrübəsi olan bir general olsa da, Həsən xan və Hüseynqulu xan qardaşlarına məğlub olur. O, həm də 1806-1809-cu illərdə Qafqazda Rusiya qoşunlarının baş komandanı idi. Amma bütün bunlara baxmayaraq o, bu vuruşda 1000 nəfərdən çox rus əsgərini itirdi və məğlub oldu. Tiflisə qayıdıb istefa ərizəsi yazdı. Bu vuruşda da Kəngərli süvariləri irəvanlı qohumlarının yanında mərdliklə vuruşurdular. 1828-ci ildə hər iki xanlıq Rusiya çarı tərəfindən ləğv edilib, yerində qondarma “Erməni əyaləti” yaradılsa da, Kəngərlilərlə Qacarlar yadelli gəlmələrə və işğalçılara qarşı açıq və gizli şəkildə mübarizə aparmışlar. Və bu mübarizə 1918-1920-ci illərdə daha kəskin şəkil aldı. Artıq özünə Qərb ölkələrində də himayə tapan ermənilər bölgədə ağlagəlməz soyqırımlara başlamışdılar. Belə çətin günlərdə İrəvanın və Naxçıvanın hünərli oğulları Rusiya ordusundan axışıb gələrək düşmənlə vuruşmağa başladılar. Onlar vətənin çətin günündə ata-babalarını da belə görmüşdülər və ulu əcdadlarının da döyüş yolunu seçdiklərini eşitmişdilər.
Erməni daşnaklarının güclü havadarları vardı. Rusiyanın başı öz işlərinə qarışdığından Antanta dövlətləri meydan sulayırdılar. Bir vaxtlar Rusiya imperiyasının ordusunda hərbi xidmətlərdə olan İrəvanskilər və Naxçıvanskilər də vətənə döndülər. Arxiv sənədləri o illərdən maraqlı xəbərlər verir. Ermənilərin İrəvanda etdiyi vəhşiliklər məcbur etdi ki, irəvanlılar Naxçıvana köçsünlər. Şərur mahalına və Naxçıvana axışıb gələn qaçqınların sayı-hesabı yox idi. Əli silah tutanların hamısı ermənilərlə döyüşmək üçün könüllü batalyonlara yazılırdılar. Naxçıvanlılarla çiyin-çiyinə döyüşənlərdən biri də Abbasqulu xan İrəvanskinin oğlu Məmmədqulu xan idi. Atası ona babası Məmmədqulu xanın adını qoyduğundan “Böyük xan” deyə çağırırdılar. Buna görə də elə arxiv sənədlərində də çox vaxt Böyük xan yazılıbdır.
Abbasqulu xan İrəvanski Mehbalı xan oğlu İrəvan Qacarlarından idi. Təxminən 1830-cu ildə İrəvanda doğulmuşdu. Şəhərin ən varlı zadəganlarından sayılırdı. 1865-ci ildəki sənəddəki məlumata görə, İrəvan şəhərinin idarə üzvü, 1886-1899-cu illərdə şəhər dumasının qlasnısı, 1904-1906-cı illərdə İrəvandakı rus-tatar məktəbinin nəzarətçisi vəzifəsində işləmişdi. Onun babası bir vaxtlar Həmədan şəhərinin valisi, yəni qubernatoru da olmuşdu. Abbasqulu xanın 1905-ci ildə İrəvanda ermənilərlə döyüşməsi, onları yerində oturtması haqqında hər yerdə söhbət açırdılar. O, Naxçıvanda da böyük nüfuz sahibi idi. Cəfərqulu xan Naxçıvanskinin həyat yoldaşı Fəxrəntac xanım onun qızı idi.Abbasqulu xan İrəvanski 1906-cı ildə İrəvanda vəfat etsə də, onun oğlanları 1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində iştirak edirdilər desək az olardı. Onlar qətiyyətlə döyüşürdülər. Saralıb-solmuş, ancaq tarixin canlı şahidi olan arxiv sənədləri bu haqda maraqlı faktları ortalığa çıxarır. Böyük xan İrəvanski Naxçıvan xanlarından Bəhman xan Naxçıvanskinin qızı Tovuz xanımla ailə qurmuşdu. Bu nikahdan onların Nazxanım, Yəməntac, Əfşan, Allahyar, Davud, Nəcəf və Mehdiqulu adında övladları dünyaya gəlmişdi.
Nazxanım 1912-ci ildə Maku xanı Midhət xanın ömür-gün yoldaşı olmuşdu. Yəməntac xanım Bakıda H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Ömrünün çoxunu İrəvanda və Naxçıvanda yaşadı. Onun qızı Aləm xanım indi də Naxçıvanda yaşayır. Əfşan xanım da Bakıda H.Z.Tağıyevin qız gimnaziyasında oxumuşdu. Onun qızı Ismət xanım yazıçı Sabit Rəhmanın həyat yoldaşı idi. Allahyar xan 1919-cu ildə Naxçıvanın müdafiəsində iştirak etmişdi. Çar hökuməti zamanında Sankt-Peterburqdakı Tibb İnstitutunu bitirmişdi. Gözəl cərrah və şərqşünas idi. 1937-ci ildə güllələndi. Nəcəf xan da Moskvada təhsil almışdı. Davud xan da ali savadlı idi. Böyük xanın üçüncü övladı Mehdiqulu xan (1898-ci ildə doğulub) qədim dünya tarixi üzrə görkəmli alim olub. Qızları Tamella, Kamilə və Nailə də ali təhsilli mütəxəssislərdir.Abbasqulu xanın oğlu Hüseyn xan (Xanlar xan) 1883-cü ildə İrəvanda doğulub. İrəvan quberniyasında dövlət məmuru idi. 1919-cu ildə Naxçıvanda ermənilərə qarşı amansız döyüşənlərdən biri olmuşdur. 1934-cü ildə İrəvanda yaşaması haqda məlumat var.
Abbasqulu xanın oğlu Kərim xan 1885-ci ildə doğulmuşdu. Hərbçi olub. O, böyük knyaz Mixail Aleksandroviçin ən yaxın dostlarından olub. 1905-ci ildən 1908-ci ilədək saray qvardiyasında xidmət edib. Birinci Dünya müharibəsində Kabardın süvari polkunda adyutant, sonralar həmin polkda komandir vəzifəsində olmuş Kərim xan Naxçıvana gələrək bacısı oğlu III Kalbalı xanla Naxçıvanın erməni daşnaklarından müdafiəsində cəsurluqla döyüşmüşdür. Çar Rusiyasının ordusunda polkovnik hərbi rütbəsini alan Kərim xan Naxçıvanda və Şərur mahalında döyüş taborlarına komandirlik etmişdir. Arxiv sənədlərinə görə Naxçıvanda gənclərə Kərim xanla Kalbalı xan silahla döyüşməyi öyrədirmişlər. Bunların ikisi də bacarıqlı hərbiçilər olmuşlar. Qorxunun nə olduğunu bilməyən Kərim xan və Kalbalı xan Naxçıvanı ancaq və ancaq Azərbaycanın tərkibində görməyi dəfələrlə bəyan etmişlər. Açıq demək lazımdır ki, onlar çox vaxt xarici dövlətlərin Naxçıvanda meydan sulayan başçılarına ultimatumlar vermişlər. Hətta onlar qohumları olan Maku Sərdarını da ultimatumla hədələyiblər. O vaxt Kərim xan Şərur məsələsində bütün taboru müharibəyə də hazırlayıb. Bu igid polkovniklər Naxçıvanı Azərbaycandan savayı, heç kimin tabeliyində görmək istəmirdilər. Kərim xanın 1937-ci ildə repressiya olunduğundan xəbər verən sənəddən sonra qəhrəmanımızın izi itir.
Bəzi tədqiqatçılar
onu qardaşı Həsən xanla dəyişik salırlar.
Yox. Həsən xan da Abbasqulu xanın oğludur və
Naxçıvanın müdafiəsində vuruşub. Sonralar
İrəvanda yaşayıb və deyilənə görə
Türkiyəyə mühacirət edib. Oğlu Hüseyn
Turqutun Türkiyə ordusunda çox məşhur bir sərkərdə
olması haqda məlumat var. Bizə gəlib çatan xəbərlərə
görə onun varisləri İstanbulda yaşayırlar.
Naxçıvanskilərlə İrəvanskilərin təxminən
1906-cı ildə Naxçıvanda birlikdə çəkdirdikləri
tarixi fotoşəklin orijinalı bizdədir. Orada Kərim xan
yoxdur. Həmin vaxtlar o, çar Rusiyasının ordusunda hərbi
xidmətdə idi. Aydınlıq üçün deyək ki,
Ağa xan, Böyük xan, Kərim xan, Hüseyn xan (Xanlar xan)
və Həsən xan igid sərkərdə Cəmşid
Naxçıvanskinin dayılarıdır. Şövkət
xanım, Gövhərtac xanım və Tacı xanım isə
xalalarıdır. Uzaq qürbətdən gətirdiyimiz bu
fotolar vaxtilə Tovuz xanımda olub. NKVD-nin əlinə
keçməsin deyə, xaricdə yaşayan qohumlarına verə
bilib. Tovuz xanım özü 1947-ci ildə Bakıda vəfat
edib. Onun milli geyimdə olan fotoları bu gün Avropanın bir
çox sərgi salonlarında nümayiş etdirilir. İndi
Naxçıvan özünün firavan günlərini
yaşayır. Bu günlərdə vaxtı ilə onu
yağılardan qoruyan igid İrəvanskiləri və
Naxçıvanskilər dərin rəğbətlə
xatırlanır, onların hünərlərindən ürəkdolusu
danışılır.
Musa QULİYEV
525-ci qəzet.- 2010.- 26
fevral.- S. 7.