“Yazıçı”nın yeni sayı
Elçin İsgəndərzadədən
bəhs edir
“Oğuz eli” qəzetinin xüsusi buraxılışı olan “Yazıçı”nın növbəti sayı tanınmış alim və şair Elçin İsgəndərzadəyə həsr olunub. Dərginin üz qabığında türk dünyasının böyük şəxsiyyətləri Çingiz Aytmatov və Rauf Denktaşın şairlə bağlı fikirləri verilib. Ç.Aytmatov E.İsgəndərzadə poeziyasının son illərdə onlarla ölkədə yerli dillərə çevrilərək çap olunmasını “Türk poeziyasının artıq dünya poeziya okeanına yelkən açması” kimi qiymətləndirib. R.Denktaş isə yazısında Kipr-türk ədəbiyyatını Azərbaycanda təbliğ edən E.İsgəndərzadəyə minnətdarlığını bildirib.
Dərgidə xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, millət vəkili Nizami Cəfərov, xalq yazıçısı Anar, mərhum alim İhsan Doğramaçı, türk yazarı Yavuz Bülənt Bakilər, tənqidçilər Vaqif Yusifli, Bəsti Əlibəyli, şairlər Şahmar Əkbərzadə, Akif Səməd, Tofiq Abdin, Vaqif Bayatlı Odər, Famil Mehdi, Vaqif Bəhmənli, Çingiz Əlioğlu, Əbülfət Mədətoğlu, Azər Abdulla, İlham Qəhrəman, Vasif Süleyman, Qulu Ağsəs, yazıçı Elçin Hüseynbəyli, qazax ədibi və ictimai xadimi Muxtar Şahanov, akademik T.Viesten, publisist Əkbər Əkbərzadə, Krım-Tatar xalqının lideri Mustafa Krımoğlu və başqalarının E.İsgəndərzadə haqqında fikirləri əks olunub.
Anar milli ədəbiyyatımızın dünyada təbliğində, türkdilli xalqların tanınmış yazıçılarının əsərlərinin və özlərinin Azərbaycan oxucularına tanıdılmasında E.İsgəndərzadənin misilsiz xidmətləri olduğunu qeyd edib.
Mərhum şair Ş.Əkbərzadə E.İsgəndərzadəni “Həqiqət vurğunu” kimi səciyyələndirib.
V.Bəhmənli E.İsgəndərzadəni “öz səsi ilə oxuyan, öz ahəngini təqdim edən şair” adlandırıb.
“Güman edirəm, desəm ki, bu gün mədəni həyatımızda, xüsusən ədəbi aləmdə bir Elçin İsgəndərzadə fenomeni mövcuddur, mübaliğə kimi səslənməz”. Bu fikri isə E. İsgəndərzadə haqqında şair Çingiz Əlioğlu qələmə alıb.
Dərgidə qələm dostlarının E. İsgəndərzadəyə həsr olunan, həmçinin şairin öz şeirlərindən nümunələr, onun tanınmış şəxsiyyətlərlə birgə fotoşəkilləri, müəllif olduğu, tərtib və tərcümə etdiyi kitabların siyahısı da yer alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2010.- 27 fevral.- S. 30.