Bu da Tofiq Abdin...

 

“KÖHNƏ” VƏ TƏZƏ ŞEİRLƏRİ ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR

 

Bu dünyada çox nəsnələr dəyişib, çoxları da on il, on beş il əvvəl gördüyün adamlara bənzəmir. Ən pisi odur ki, bu adamların təkcə sifəti yox, içi də dəyişib. Amma iyirmi, otuz il əvvəl gördüyüm, tanıdığım və hələ də sevdiyim Tofiq Abdin deyərdim, çox az dəyişib. Dəyişilən, üst-üstə calanan yaşdı, illərdi, Tofiqin “Poeziya” adlı yeni kitabının üz qabığındakı cavan oğlandı. Amma bu adamın çölü dəyişsə də, içi dəyişməyib,sovet dövründə də, indi-kapitalizmdə də bu adam Tofiq Abdindi ki, Tofiq Abdin...Həmişəki qıs-qıvraq, səmimi, ətrafı adamla dolu, kiminin “abi”si, kiminin dostu, kimininsə hər gün gördüyü, dost demədiyi, amma dostdan da irəli qardaşı. Həmişə nikbindir. Nikbin olmaq bir az da içindəki işıqdan gəlir. Hər gün yazı yazmasa, yata bilməz. Azərbaycan mətbuatında köşə yazını populyarlaşdıran o olub desəm, kimsə inciməsin. Amma mən köşə yazarı Tofiq Abdindən deyil, ŞAİR TOFİQ ABDİNdən söz açmaq istəyirəm...

... Ömrün bu çağında T.Abdin “525-ci qəzet”də (16 yanvar sayında) təzə şeirlərini çap etdirib. O silsilədə birinci şeiri oxudum və nikbin Tofiq Abdin kimi tanıdığım bir şair birdən-birə gözlərim qarşısında dərdli bir adama döndü.

 

ömrün bu çağına gəlib çıxdım ki,

məni ağlayanlar ağlamasınlar

uzanan günlərin içindən çıxıb

açıq gözlərimi bağlamasınlar

allah sevgidənmi yaşatdı məni

yoxsa, bu cəzamı,

dostdan, tanışdan

ayırıb

bir ayrı dünyada oyatdı məni

 

Əlbəttə, yaşın elə çağıdır ki... 50 il yazıb-yaradasan, birdən içində bir dərd ağacı bitə və sən də o ağacın dibində oturub gözlərini göylərə dikəsən. Deyəsən ki, “məni sevənlərin sayı azaldı mənə nə oldusa döz, dur dedilər sənin alın yazın bütün olanlar...”

Oxucu sual edə bilər ki, məgər Tofiq Abdin indiyənəcən yazdığı şeirlərdə heç dərddən danışmayıbmı? O necə şairdir ki, həmişə nikbin şeirlər yazıb? Mən Tofiqin özündən danışdım və dedim həmişə nikbindir, amma Tofiq Abdin deyilən bu şairin də şeirlərində dərdin yarpaqladığını görmüşəm. Tofiq Abdin Əli Kərimin ölümünə vaxtilə bir şeir həsr etmişdi və mən o şeiri hıçqıra-hıçqıra oxumuşam:

 

Göyün buludunun yağışı yoxdu,

Dağın yamacının yoxuşu yoxdu,

Ananın oğula qarğışı yoxdu,

Səni kim qarğıdı-

Şair Əli, vaxtmı tapdın ölməyə?!

 

Tofiqin Acıbadəmdə, İstanbulda yazdığı “Qürbət şeirləri”ndə də içindən qorlanan bir şairin kədərini, gözləri Vətənə dikilən bir qəribin ağrısını hiss edirsən. Amma istəmirəm söhbəti bu ahəngdə kökləyəm.

Tofiq Abdin ilk şeirini düz 50 il əvvəl, 1960-cı ildə çap etdirib. Demək 50 il... Amma özünün dediyinə görə, Salyanda, şagird olarkən “Azərbaycan pioneri” qəzetində xırda yazıları, şeirləri çıxırmış.

Onu qeydsiz-şərtsiz “altmışıncılar” ədəbi nəslinə daxil etmək olar. Və mənim üçün ən təəccüblü orasıdır ki, “altmışıncılar”ın əksəriyyəti elə altmışıncı illərdə ədəbi qalmaqallardan, mübahisələrdən keçib bir şair ya nasir kimi təsdiq və etiraf olundular, amma həmin illərdə Tofiq Abdinin şeirlərindən hansı ustad şairsə söz açmadı, tənqidçilərdən kimsə onun barəsində danışmadı. Əslində, Tofiqin şeirləri həmin illərin yeni şeir axtarışları ilə səsləşirdi. Doğrudur, sonrakı onilliklərdə, bir qədər gec də olsa, Tofiq Abdin də yada düşdü, onun şeir kitabları barədə resenziyalar çap edildi, məqalələr yazıldı...indi də yazılır.

60-70-ci illərin Tofiq Abdini ilə 60-70-ci illərin Azərbaycan poeziyası arasında bir həmahənglik görürəm. Poeziyanın yenilikçi ruhu, bədii təfəkkür mədəniyyətinin artımı, bir çox stereotiplərin və şablonların tədricən zəifləməsi və qırılması, yeni bədii təsvir vasitələrinin yaranması, modern ruh o dövrün poeziyasının başlıca xüsusiyyətləri idi. Yenilikçi şairlər hətta dəbdə olan mövzulara da təzə, poetik rəng qata bilirdilər. Məsələn, Tofiq Abdinin “Binalarımız” şeirində olduğu kimi:

 

Binalarımız

küçələr boyunca fəxri qarovulda

dururlar

bir ordunun əsgərlərini xatiırladır

bir küçə boyunca yaşayan

binalarımız

Binalarımızın neçəsi

babama bənzəyir,

neçəsi mənə.

Oğluma bənzəyən binalar da olacaq.

Binalarımız

mahnı notlarıtək

küçə vərəqlər üstündə qalacaq.

 

O dövrdə dəbdə olan bir mövzuda – quruculuq mövzusunda yazılmışdı bu şeir. . Amma əllinci illərin əmək, quruculuq mövzusunda yazılmış şeirlərindən fərqli olaraq burada təzə bənzətmələr, duyum və deyim tərzi var. O illərin Tofiq Abdin imzalı şeirlərində “işıqlar divarla iməkləyərək qalxar üst mərtəbəyə”, “qığılcımlar qızıl yağıştək çiynimizə yağar” , “sərbəst şeirdir şəhərimiz..bir küçəsi uzun, bir küçəsi gödək” (“Şəhərdə gecə”), “ağ qanadlı quş kimi pəncərəmizə qonar səhər”, “yorğunluq öz ömrünü ovcumuzda yaşayar, səsimizdə yaşayar. Alnımızdan süzülüb tökülər ayaqlara yorğunluq gilə-gilə” (“Yorğunluq”), “Bu gecə – qara bir əlcək əlimizdən düşdü... Bu gecə – qapqara düşüncə” (“1969, 17 dekabr gecəsi”) və s. Amma mən daha çox Tofiq Abdinin o illərdə yazdığı “Qızıl payız gələndə” şeirini xatırlayıram. Bu şeiri oxuyanda mərhum İsa İsmayılzadənin “İşıqlı yarpaqlar” şeiri də yadıma düşür, “Yağış gölməçəsi” də..Yox, Tofiqin şeiri ilə İsanın adını çəkdiyim şeirləri arasında bir misra belə təsir-təbdil nişanəsi yoxdur. Amma həmin illərdə Fikrət Qoca, Fikrət Sadıq , İsa İsmayılzadə , Ələkbər Salahzadə, Vaqif Səmədoğlu kimi cavan və novator şairlər kimi Tofiq Abdinin də təbiət şeirlərində çılpaq təsvirlər, məlum bənzətmələr gözə dəymirdi, sözlərin rənglərə və çəslərə qarışaraq yaratdığı, orijinal bənzətmələrin uğurlu “hibriti” ilə hasil olan şeir-tablolar, şeir-musiqilər diqqəti cəlb edirdi:

 

Payız bu yerlərə ayaq basan gün

yarpaqlar

yağıştək yudu saçımı.

Baharı otaqda gizlətmək üçün

Qapı-pəncərəni bağladı hamı.

Külək rəqs eləyib bulaqlar üstə

cumdu ağaclara bir soyğunçutək.

Yuvalar yarpaqsız budaqlar üstə

Baxırsan, düzüldü göz muncuğutək.

Sanki ağacların dondu qanı da,

budaqlar titrədi əsəbiləşərək.

Açıb pencəyimin yaxasını da

Baharı qoynumda gəzdirdi külək.

Bahar paltarını soyundu bağlar,

kim isə,

hardasa od qalayırdı.

Ayaqlar altında sarı yarpaqlar,

yoxsa

payız idi çapalayırdı?!

 

Tofiq Abdin sonrakı illərdə də bu poetik tempi saxlamağa çalışdı. Olsun ki, bir müddət publisistika ilə (o da daha çox sənət məsələləri ilə bağlı idi), ardıcıl məşğul olmağı Şair T.Abdinin vaxtını aldı, amma publisistika heç vaxt onun şeirlərinə ciddi təsir göstərmədi, T.Abdir şeirdə altmışıncı illərdən bəri sanki özü üçün müəyyənləşdirdiyi prinsiplərə sadiq qaldı. Başlıca prinsip odur ki, onun hansı şeirini oxusan, “qızıl misra”, “şah beyt” axtarıb tapa bilməyəcəksən. Tapdığın bütün şeir boyu ayrı-ayrı misralara “paylanan”, səpələnən və əksər hallarda orijinal təsir bağışlayan fikir olacaq. Dəxli yoxdur, o, şeirin hansı formasında ifadə olunur. Xalq şairi Fikrət Qoca yazır ki: “Tofiqin misraları sözə baxmır. İpə-sapa yatmır. Ölçü-biçi bilmir. Bəzən oxuculara elə gəlir ki, sərbəst şeirlərin hamısı eynidir. Ona qalsa, insanların da iki əli, iki ayağı, bir başı, bir ürəyi var”. Fikrət Qoca bunu da yazır ki: “Şairin gücü onun seçdiyi mövzulardadır. Şairin ömrü yazılarında qaldırdığı və həll elədiyi problemlərin ömrü qədər olur. Əgər o, insan ağrıları ifadə eləyən mövzuları yaşayırsa, onun şeirləri bu günlə gələcək arasında uçurum üstündən körpü olacaq. Və körpünün möhkəmliyi də şairin sözləri bir-birinə bağlamaq, hörmək məharətindən asılı olur”.

Tofiq Abdinin bir neçə şeiri var ki, onları “vaxtın şeirləri” kimi yazılan, amma vaxtın çərçivəsinə qısılıb qalmayan şeirlər kimi qiymətləndirmək olar. Yetmiş-səksəninci illərdə cavan şairlərin şəhərdə sıxıntılı günlər keçirdiyinə və kəndə qayıtmaq arzularına dönə-dönə rast gəlirdik. Tofiq yazırdı:

 

Kəndə qayıtmaqdan

az yazın dostlar!

Qayıdan deyilsiz,

gedən deyilsiz!

Yalan danışmayın,

yalan yazmayın,

qoyun kənd dolansın eləcə sizsiz,

qayıdan deyilsiz,

gedən deyilsiz!

 

Maraqlıdır ki, kənddən gələn şair tay-tuşları arasında şəhər ritminə hamıdan tez uyğunlaşan ilk şair Tofiq Abdin oldu. Onun “şəhər ritmləri” silsilə şeirləri var və oxuyub görürsən ki, bu adam üçün şəhər bütün qəribəlikləri ilə heç də təzə deyil, onu yeniləşən dəblər, müasirləşən zövqlər deyil, insanların özləri maraqlandırır.Xüsusilə, ikimininci illərdə qələmə aldığı “Bakı ritmləri”ndə bunu hiss edirik.

O ki qaldı “Qürbət şeirləri”nə, deyərdim ki, bu nümunələr nəinki T.Abdinin yaradıcılığında, poeziyamızda da maraqlı bir hadisədir. Deyərdim ki, son iyirmi ildə heç bir şairimiz qürbət hisslərini, öz fərdi yaşantılarını, Vətən həsrətini bu şeirlərdə olduğu kimi təbii ifadə etməyib.. Yeddi il qürbətdə yaşamaq o deməkdir ki, sən Vətəninin, doğulduğun torpağı daha artıq sevməyə başlayırsan, bu sevgi sənin bütün varlığıüna hopur, sən tez-tez ölüm haqqında fikirləşirsən, həsrətin dadını-duzunu hiss edirsən:

 

bura da məmləkətdir

amma

şairlər hər yerdə qəribdir.

bir çiçək kimidir bu AYRILIQ

göz yaşlarınla sulanacaq

heç təlaş etmə

bu AYRILIQ

ömrünün sonunadək uzanacaq.

bu yağış dünyanı alıb ağzına

canıma sərinlik gətirə bilmir

bu yağış bir kəndi alıb götürür

məni bu torpaqdan götürə bilmir

 

Təbii ki, bu yazıda mən Tofiq Abdinin “Poeziya” kitabındakı bütün şeirlərdən söz aça bilmədim, heç qarşıma da bu məqsədi qoymamışdım. Sadəcə, Tofiq Abdinin şair ömrünə bir anlıq boylanmaq istədim...Və sonda gördüm ki:

 

Döydüm hər qapını, dedim ki mənəm,

Gəlin tanış olaq, Tofiq Abdinəm!

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2010.-  27 fevral.- S. 26.